Səhifə 3 / 5 · 40%

Üçüncü şəkil

Yenə həmin yer. Mürşüdlə Sadıq skamyanın üstündə yatmışlar. Səhərin gözəl mənzərəsi. Usta Segah ilə şagirdi Gülər içəri girirlər.

Usta Segah (mənzərəyə tamaşa etdikdən sonra)

Ora bax, gecənin qatı qaranlığı səhərin müxtəlif rənglərinin içində necə əriyib gedir.

Kağıza fırça ilə bir neçə rəng çəkir.

İkinci Gülər

Sən neyləyirsən, usta? Məni də başa sal!

Usta Segah

Mən səhərdən rəng borc alıram. Başa düşürsən?

İkinci Gülər

Düşürəm.

Usta Segah

Əcəb eləyirsən, qulaq as. Mən elə boyalar işlədəcəyəm ki, bu istirahət evi hər zaman səhər rəngində olsun. İstirahət üçün gələn insanlara bu mənim rənglədiyim otaqlar desin ki: “Sabahınız xeyir”. Bu rənglərin, bu ahəngin sirrini bilirsənmi?

İkinci Gülər

Bilmirəm, usta.

Usta Segah

Bilmirsən, öyrənməlisən.

İkinci Gülər

Mən rəssamlıq məktəbinə girəcəyəm.

Usta Segah

Yaxşı eləyəcəksən, əcəb eləyəcəksən. Dayan, dayan! Odur yarpaqların rəngi dəyişdi. Demək, günəş indicə çıxacaq. Hanı Bərbərzadə? Rəng verin, mən işləmək istəyirəm. (Oxuyur)

Saqi nə yaman dəyişdi halım,
Söyləşməyə qalmadı macalım.

İkinci Gülər

Usta, mən gedim Bərbərzadəni çağırım.

Usta Segah

Get, mənə mane olma.

Gülər çıxır, usta diqqətlə təbiəti seyr etməyə başlayır. Bərbərzadə içəri girir.

Bərbərzadə

Usta Segah, yenə xoruz banlamamışdan niyə buranı kəsdirmisən?

Usta Segah

Mane olma, Bərbərzadə! Bir ora bax, bir o rəngə, o gözəlliyə bax!

Bərbərzadə

Usta Segah! Elə boş-boş şeylərə sərf eləmək üçün mənim vaxtım yoxdur. De görüm, mənə dair qulluğun nədir?

Usta Segah

Qulluğun böyük olsun.

Zadə – Bərbər mənə çox cövri-cəfa eyləsə də,
Mən ona eyləmərəm xeyir-duadan qeyri.

Bərbərzadə

Usta Segah, gəl mənim vaxtımı alma, onsuz da iş başımdan aşıb, sözün nədir?

Usta Segah

Siz mənə verdiyiniz cümlə boyaqlar qurtarıb,
Lazımdır hamı rəng, rəngi-qaradan qeyri.

Bərbərzadə

Deyəsən, usta, vurub gəlmisən?

Usta Segah

Guşi qıl, mən yarəmə məlhəm qoyub, məlhəmliyəm.
Xeyli səhvin var sənin, mən içməmişdən dəmliyəm.

Bərbərzadə

Usta, araya söz qatma. İçmisənsə, səni işə buraxmaram. (Birdən Mürşüd ilə Sadığı görür) Aha, dinməyin, məsələ ayrı cürədir. Mühəndislər qucaq-qucağa yatıblar, özləri də lül-qənbər. Usta Segah! Heç yerə getmə, şahid olacaqsan.

Usta Segah

İndi də sən mənim vaxtımı alırsan, Bərbərzadə! Mənə rəng ver!

Bərbərzadə

Rəng sənin üçün tədarük eləmişəm, bu saat gedib təhvil ala bilərsən. Naryadın da var. Qaldı ki, bunlar... (Mürşüdlə Sadığı göstərir) Mən gedib yoldaş Nəsirovun özünü buraya dəvət eləyəcəyəm. (Skamyanın altına qoyulmuş boş rəng şüşəsini götürüb baxır) Xalis araqdır. Bu da ki, əyani sübut.

Bərbərzadə şüşəni yerinə qoyur. İki işçi səhnəyə çıxır. Bərbərzadəni görüb ona yaxınlaşırlar.

Birinci işçi

Yoldaş Bərbərzadə, mənə bir dənə bilet.

Bərbərzadə

Yoxdur.

İkinci işçi

Yoldaş Bərbərzadə, mənə heç düşməyib.

Bərbərzadə

Yoxdur.

Birinci işçi

Axı niyə yoxdur?

Bərbərzadə

Yoxdur, ay atam balası, yoxdur. Başa düşürsən? Qurtarıb, yoxdur.

Birinci işçi

Bəs biz açılışa gəlməyək?

Bərbərzadə

Sizə yerli komitə bilet verib, ya yox?

Birinci işçi

Yox, bizə dedilər ki, sən verməlisən, bu da işdir?

Bərbərzadə

Yoxdur. Səhərdən ağzıma bir tikə çörək almamışam. Qoysanız bir yaşayaq. (Yemək çıxarır) Mən də adamam, ya yox? İki gündür bu bilet üstündə iki kilo arıqlamışam. Belə olmaz axı.

Nəsirov içəri girir.

Nəsirov

Bu nə haraydır? Bərbərzadə, sən niyə işləri qoyub, burada qurdalanırsan?

Bərbərzadə

Yoldaş Nəsirov!

Nəsirov

Yoldaşsız və Nəsirovsuz. Sənə bir dəqiqə vaxt verirəm. De görüm, nə olub?

Bərbərzadə

Mən iş üçün gedirdim, bunlar çıxdı qabağıma, ha deyirəm başa düşmürlər ki, düşmürlər.

Nəsirov

Bir dəqiqən qurtardı, amma sən heç bir söz başa sala bilmədin. (İşçilərdən birinə) Bəs sən kimsən?

Birinci işçi

Mənim adım Cəlildir.

Nəsirov

Cəlil olanda nə olar? Gərək buralarda boş-boşuna hərlənəsən? De görüm nə olub?

Birinci işçi

Bu yoldaş...

Nəsirov

Yoldaşsız.

Cəlil

Mən yoldaşsız gəlmək istəyirəm, bircə bilet lazımdır.

Nəsirov

Bərbərzadə, bu nə deyir, nə bilet?

Bərbərzadə

Açılış gecəsinə bilet istəyirlər, məndə olanları çoxdan...

Nəsirov

Müxtəsər.

Bərbərzadə

Müxtəsər bunlar... bilet...

Nəsirov

Yaxşı, başa düşdüm. (İşçilərə) Yoldaşsız niyə gəlirsiniz? Yoldaşınızı da gətirin. Yaxşı, Bərbərzadə, işçilər hələ bilet ala bilməyiblərsə, bəs sən bu qədər bileti kimə paylamısan? (İşçilərə) Siz gedin, yoldaşlar, biletlərinizi gəlib məndən alarsınız.

İşçilər gedirlər.

Bərbərzadə

Bəs bunlar, yoldaş Nəsirov?

Nəsirov

Bunlar kimdir?

Bərbərzadə

Mühəndislərdir. Evlərini qoyub burada yatıblar. Yəqin keflidirlər.

Nəsirov

Neçə dəqiqədir yatırlar?

Bərbərzadə

Dəqiqə nədir, saat nədir, yəqin axşamdan yatırlar.

Nəsirov

Onları oyat görək.

Bərbərzadə (oyadır)

Ada ey, Mürşüd, Sadıq!

Mürşüd ilə Sadıq durub otururlar.

Nəsirov

Cavab verin görək, nə üçün evinizə getməyib burda yatmısınız?

Mürşüd

Nə? Şeydir... Biz heç yatmışıq ki?

Sadıq

Biz sizi axtarırıq, yoldaş Nəsirov! Bizə səhərə kimi qalmağa yer verin.

Nəsirov

Necə səhərə kimi? Elə indi səhərdir də.

Sadıq

Nə? Səhərdir? Yəqin bu gün səhər vaxtından qabaq açılıb.

Bərbərzadə

Kefli olduqlarını danmaq istəyirlər.

Sadıq

Bərbərzadə, təhqirinə sərhəd təyin elə. Biz kefli deyilik.

Bərbərzadə

Kefli olmasanız araq şüşəsini yanınıza qoyub yatmazsınız. İçib məsuliyyəti-zadı yaddan çıxardıblar, başlarını qoyublar istirahət evinin skamyasının üstünə.

Boyaq şüşəsini götürüb Nəsirova göstərir.

Mürşüd

Bu şüşədən bizim xəbərimiz yoxdur.

Sadıq (şüşəyə baxır)

Bu heç araq şüşəsi deyil.

Bərbərzadə

Yoldaş Nəsirov, özünüz baxın.

Nəsirov

Bu ki, sudur. Bərbərzadə, harada görmüsən ki, su içib keflənsinlər? Bu nə böhtandır?

Bərbərzadə

Yoldaş Nəsirov, bəlkə ayrı yerdə içib gəliblər. Üstündən sərin-buzlu su içirlərmiş.

Nəsirov

Sadıq, sən de görüm. Ancaq müxtəsər! Kefli idiniz?

Sadıq

Daha pis, yoldaş Nəsirov!

Nəsirov

Yoldaşsız.

Sadıq

Daha pis, Nəsirov!

Nəsirov

Nəsirovsuz!

Sadıq

Daha pis, yoldaşsız və Nəsirovsuz.

Nəsirov

Sən sus, uzunçusan. Mürşüd, sən cavab ver, nə üçün burada yatmısınız, evinizə getməmisiniz?

Mürşüd

Bizim evimiz yoxdur.

Sadıq

Ayrıldıq, evsiz qaldıq. Müxtəsəri budur.

Nəsirov

Bir gör də. Bu da bizim mühəndislərimiz. Əlbir olub böyük işlər görməkdənsə, yeni memarlıq abidələri yaratmaqdansa, arvad boşayırlar. Bu cür ev-eşiyinizi atıb, səfil adamlar kimi skamyaların üstündə gecələmək sizin adınıza da layiq deyil, vəzifənizə də. Bərbərzadə, elə etmək lazımdır ki, bu biabırçılıq kütlənin içərisinə yayılmasın. Tez bunlara gecələmək üçün bir yer tap. (Mürşüdlə Sadığa) Siz də əqlinizi başınıza toplayın, arvadlarınızla barışın. Özünüz cavansınız, amma başınız köhnə fikirlərlə doludur. (Getmək istəyir, birdən geri qayıdır) Evin texniki proyektində bəzi məsələlər düz çıxmır, bir də yoxlamaq lazımdır. (Çıxır)

Radio vasitəsilə səhər idmanı verilir: “Sabahımız xeyir olsun! Diqqət! Səhər idmanına başlayırıq”. Mürşüd və Sadıq idmanla məşğul olurlar. Bərbərzadə oturur, portfelindən çörək çıxarıb yeməyə başlayır.

Bərbərzadə

Of... Bu Nəsirov ilə işləmək mənə heç sərf eləmir. Hər onunla danışandan sonra elə acıram ki, elə bil üç gündür yemək yeməmişəm. (Mürşüdlə Sadığa) Axı, ay rəhmətlik uşağı, sizdən kim təvəqqe eləmişdi ki, arvadlarınızı boşayasınız?

Mürşüd

Ay Bərbərzadə, arvad boşamaq üçün bir təvəqqe eləmək də lazımdır? Sən heç arvad boşamamısan?

Bərbərzadə

Mən heç evlənmişəm ki?

Sadıq

Xoşbəxtsən, Bərbərzadə! Evlənmək yaman cəncəl işdir.

Bərbərzadə

Əsl cəncəl iş subaylıqdır. Yaxşı, sizə otaq haradan tapım? Mən şəhər soveti deyiləm ki, mən otaq paylayan deyiləm ki? Qələt elədim zavxoz oldum?

Mürşüd

Qəm yemə, Bərbərzadə, bizə otaq lazım deyil.

Bərbərzadə

Ay sağ ol. Bəs, Nəsirova kim cavab versin?

Sadıq

Biz deyərik ki, özümüz istəmədik.

Bərbərzadə

Yox, atam, görünür, Nəsirovu siz yaxşı tanımırsınız. Sözünün üstündə möhkəm duran adamdır. Bir tapşırıq verdi, qurtardı. Yerinə yetirməmiş əl çəkməz.

Sadıq

İndi ki, elədir, onda bizim üçün otaq tap. Kim istəməz ki? Bərbərzadə, sizin cibinizdə yekə yeməkxana varmış.

Bərbərzadə

Yaxşı, mən bir az yeyib qərara gəldim. Hələlik, arvadlarınızla barışıncaya qədər gedək bizə, mənim evimdə qonaq olun.

Mürşüd

Çox yaxşı, gecə gəlib sizdə qalarıq.

Bərbərzadə

Yox, indi gedin ayağınız evə dəysin. Bir az da əlüzünüzü yuyub sərinləyin, sonra gəlib Nəsirova deyin ki, düzəldi. Yoxsa o məni dinc qoymaz.

Sadıq

Hələlik bizim burda işimiz yoxdur, gedək, Mürşüd.

Bərbərzadə

Bu da mənim evimin açarı. Buyurun, gözüm üstə yeriniz var.

Üçü də çıxır. Mirzə Qərənfil ilə Maral içəri girirlər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri