Məzmun
  1. Birinci şəkil
  2. İkinci şəkil
  3. Üçüncü şəkil
  4. Dördüncü şəkil
  5. Beşinci şəkil
  6. Altıncı şəkil
  7. Yeddinci şəkil
  8. Səkkizinci şəkil

Səhifə 6 / 8 · 63%

Beşinci şəkil

Bir küçənin tini. Aslan və Fərman qaçaraq səhnəyə gəlirlər.

Aslan

Dayan, ada, dayan, daha... tormuzlarım tutmur.

Fərman

Çoxdandır bu cür qaçmamışdım.

Aslan

Az qala ilişəcəkdik. Mən bura, bu şəhərə təmiz bir məqsədlə gəlmişdim: intiqam. Sən bu intiqamın içinə həm yalan qarışdırdın, həm də eşq.

Fərman

Eşqin belə tikanlı yolları var da...

Aslan

O quyruq kim idi? Qız səsləyən kimi gəldi?

Fərman

Mənim həmkarımdır.

Aslan

Sürücüdür?

Fərman

Yox, demək istəyirəm ki, o da mənim kökümdədir. Xumarın rəfiqəsinə aşiqdir.

Aslan

Düşmüşəm bu aşiqlərin içinə, ha çabalayıram, çıxa bilmirəm.

Fərman

Zəmanənin qızları elə tərs olublar ki, oğlanlar bilmirlər başlarına haranın külünü töksünlər. Mənim işim bir az da xarablaşdı. Getmişdim saqqal dalınca, bığı da qoyub gəldim.

Aslan

Ağlama, sevin.

Fərman

Sevinim ki, işim düzəlmədi?

Aslan

Sevin ki, istədiyin qız bu qədər möhkəmdir. Qız ki, çətinliklə ələ gəldi, çətinliklə də əldən çıxar. Su kimi hər tərəfə axan qız boynuna oradan-buradan o qədər günah yığır ki, axırda şəlaləyə çevrilir. Şəlalə bilirsən nədir?

Fərman

Bu pyesada var. Oxumuşam.

Aslan

Pyesa... Mənim arvadımın da adı Şəlalə idi, özü də şəlalə kimi idi...

Fərman

Şəlalə?

Aslan

Yavaş, çığırma, gəlir, gizlənək.

Fərman

Kim?

Aslan

Mənim keçmiş arvadım Şəlalə. (Gizlənir)

Şəlalə səhnəyə gəlir.

Şəlalə (öz-özünə)

Kim isə məni çağırdı. (Ətrafa baxır) Heç kəs yoxdur. Bəlkə qulağıma səs düşüb. Niyə bu qədər həyəcanlıyam? Şamil hələ gəlməyib. Onu çox istəyirəm. Umudun ulduzu artıq həm idarədə sönür, həm evdə. Bu isə gəncdir, qüvvətlidir, təzə-təzə parlamağa başlayıb. (Şamil gəlir) Şamil!

Şamil

Mən özümü çatdırdım.

Şəlalə

Adam da qadını küçədə saxlayar? Qorxudan tir-tir əsirəm. Birdən görən olar.

Şamil

Görüşü burada siz özünüz təyin elədiniz.

Şəlalə

Mən yox, ürəyim... ürəyim əmr elədi. Təcrübəsizəm, harda görüşərlər, bilmirəm. Həyatımda birinci dəfədir Umuddan başqa bir kişi ilə görüşürəm. Dünən gecə səhərə kimi ağlamışam. Şəlalə – xəyanət?..

Şamil

Şəlalə xanım, hələ ki, ortada bir xəyanət olmayıb. Siz ərinizin yanında ayna kimi təmizsiniz.

Şəlalə

Bəs bu görüş? Bu görüş mənəvi xəyanət deməkdir. Mənim kimi qadınları yoldan çıxardan yalnız sevgi ola bilər. Əlini ürəyimə qoy, gör necə döyünür.

Şamil

Rənginiz də ağarıb, yəqin çox həyəcanlısınız.

Şəlalə

Rəngim ağarıb? (Tez güzgüyə baxır) Onsuz da ağam da... (Şamilin qoluna girir, qulağına nə isə pıçıldamağa başlayır)

Aslan (yavaşdan)

Onun hər sözü, hər kəlməsi yalandır.

Fərman

Əntiqə arvaddır. Qoy gedim üzünə yaxından baxım.

Aslan

Ehtiyatlı ol, ilişərsən.

Fərman (onlara yaxınlaşır)

Yoldaş, kibritin varmı? Papirosumu yandır.

Şəlalə

Oy, qorxdum... kimsən?

Fərman

Tələbəyəm.

Şəlalə

Tələbə papiros çəkməz.

Fərman

İki almışam, acığımdan çəkirəm. (Papirosunu yandırır) Bağışla əmioğlu, səni mühüm işdən qoydum... (Çəkilir)

Şəlalə

Burdan gedək. Nədənsə ürəyim narahatdır. (Gedirlər)

Aslan

Salehdən bir intiqamımı aldım. Şəlalə onun da başına qazan keçirdir.

Fərman

Mən mat qalmışam, sənin bu cür gözəl arvadın olub, sükanı əlindən vermisən başqasına?

Aslan

O ilandır, qəşəng, bəzəkli ilan. Zəhərinə də bal qarışıb.

Fərman

Bu pyesada eyni ilə bu cür əhvalat yazılıb.

Aslan

Heç bir əsərdə bu cür şey yazıla bilməz, ver baxım! Mən bu gün həm sevgi gördüm, həm də xəyanət. Öz həyatım-sevgi ilə başlayıb xəyanətlə qurtaran keçmiş həyatım gəldi dayandı gözümün qabağında.

Altıncı şəkil

Səhnə dəyişir, tamaşaçıların gözləri qarşısında Aslanın keçmiş həyatı canlanır: kasıb bir otaq. Sadə geyinmiş Şəlalə köhnə divanın, stulların tozunu silir. Gənc Aslan yavaşdan içəri girir, arxadan Şəlaləyə yaxınlaşır, onu qucaqlayır. Şəlalə nazlanır, birdən onun əlindən qurtulub qaçır. Stolun ətrafında fırlanırlar. Nəhayət Aslan onu tutur. İkisi də qəhqəhə ilə gülürlər. Bu zaman köhnə dəb ilə geyinmiş bərli-bəzəkli Tərlan xanım içəri girir.

Tərlan xanım

Sevişirsiniz?

Şəlalə

Xala, buyur, buyur, xoş gəlmisən.

Aslan

Xoş gəlmisiniz, Tərlan xanım!

Tərlan xanım (Aslanı diqqətlə süzür)

Hə, məndən razısan? Gör, necə qızın pambıq kimi əllərini tapşırmışam sənə!? Bir öp, mənə min dua elə. Bu cür gözəl hər adama qismət olmur. Onu özüm tərbiyə eləyib böyütmüşəm. Bilirsən mən kiməm? Muxtar bəyin qızı Tərlan xanım. Vaxtilə bütün Bakı məni tanıyırdı. Milyoner qızları ilə bir yerdə gimnaziyada oxumuşam. Musa Nağıyevin oğlu məni alacaqdı, heyf ki, rəhmətə getdi. Bir dəfə, Mantaşovun qonaqlığında general-qubernator məni valsa dəvət elədi. Bax, beləcə durub ayağa, bir reverans elədim...

Şəlalə (Tərlan xanımın danışığından xəcalət çəkir)

Xala, indi yeri deyil.

Tərlan xanım

Qoy kiminlə qohum olduğunu yaxşı bilsin.

Aslan

Şəlalə mənim urufumdur, ay xala, on iki imam haqqı, ona gözucu baxanın başını qoparıb verərəm qoltuğuna.

Tərlan xanım

Vay, vay, vay. Gəl suvajeri, no¹!

Aslan

Nə deyir, az?

Şəlalə

Fransızca təmiz danışır...

Tərlan xanım (Aslana tərs-tərs baxır)

Gözucu baxanın başını qopardaram nədir? Mənim bacım qızı sənin evində Nənəxanım xala olacaq? O bir güldür, gülə gərək hamı tamaşa eləsin. Elə ki, mən girirdim məclisə, kavalerlər başlayırdılar qoşun atı kimi ayaqlarını yerə döyməyə. İsrail bəy hamıdan diribaş idi, pələng kimi atılardı üstümə.

Şəlalə

Xala, dedim ki, yeri deyil...

Tərlan xanım

Qoy, indi də sənin cehizindən danışım.

Aslan

Mənə cehiz-mehiz lazım deyil.

Tərlan xanım

Sənə lazım deyil, Şəlaləyə lazımdır. (Əynindəki paltarı göstərir) Bax, bu paltarı görürsən? Nimdaş olmağına baxma, on üçüncü ildə dayım Parisdən gətirmişdi. Verəcəyəm Şəlaləyə. Bu da dəvəquşu lələyidir. Bakıda bir məndə var idi, bir də Nobelin arvadında. Bacım qızı üçün keçərəm, təzəgəlindir, taxsın, gəzsin. Bu başımdakı şlyapanı on altıncı ildə madam Lorje özü mənimçün düzəldib. Bir az köhnəlsin, verəcəyəm Şəlaləyə. Canımı da ondan əsirgəmərəm.

¹ Tərlan xanım bütün pyes boyu oradan-buradan eşitdiyi yanlış fransız sözləri danışır.

Aslan

İltifatın artıq olsun.

Şəlalə

Xala, daha bəsdir, danışma.

Aslan

Mənim Parisdə-marisdə işim yoxdur. Bir su köşküm var, o qurbandır Şəlaləyə...

Tərlan xanım (Aslanın su köşkündə işlədiyini eşitdikdə diksinir)

Su köşkü? Vay, vay, vay... Gəl Stupidite, no!

Aslan

Nə dedi?

Şəlalə (gülərək yalandan tərcümə eləyir)

Deyir, hər gün gəlib pulsuz su içəcəyəm.

Aslan

Nə vaxt istəsəniz, buyura bilərsiniz. Şərbətli, şərbətsiz, qazlı, qazsız.

Tərlan xanım

Şəlalə, Allah sənə səbir versin, bala! Hələlik yapış bu qazlı su budkasından, görək axırı nə olur? Mən gedirəm, salamat qalın. Adyu! (Çıxır)

Şəlalə onu yola salıb qayıdır. Aslan divanda oturub Şəlaləni işarə ilə yanına çağırır. Şəlalə getmir.

Aslan (darıxmış halda)

Şəlalə!.. Bura gəl!

Şəlalə

Utandırma məni.

Aslan

Az, gəl yanıma da... Səni o qədər istəyirəm ki, bu saat əmr eləsən, başımla divarı deşərəm.

Şəlalə

Çox matah evin var, hələ divarını da deş...

Aslan

Deşəcəyəm, kirayə ev axtarıram.

Şəlalə

Elə ev tap ki, içində telefonu da olsun.

Aslan (şübhəylə)

Telefonu neyləyirsən?

Şəlalə

İşdən tez-tez zəng eləyərsən, darıxmaram. Yaxşımı, mənim qəşəng Aslanım!

Aslan

O şirin dilinə qurban olum. Bilirsən mənə nə deyib, çağır?

Şəlalə

Nə deyim? Adın Aslandır da...

Aslan

Bu gün yanıma bir kişiylə bir arvad su içməyə gəlmişdi. Arvad kişiyə dedi: “Pişik, hansı sudan istəyirsən, şərbətli, ya qazlı?” Elə xoşuma gəldi ki. Sən də mənə pişik de!

Şəlalə

A... Arvad da kişiyə pişik deyər?

Aslan

Öz aramızda nə desən olar. Gəl otur yanımda, ürəyindən nə keçir, de, səninçün alım.

Şəlalə

Ürəyimdən o qədər şey keçir. Hamısını ala bilməzsən, axı.

Aslan

Alaram. Sənin yolunda iki gözümdən də keçərəm.

Şəlalə

Allah eləməsin. Gözsüz nəyimə lazımsan? Deyim?

Aslan

De!

Şəlalə

Neylon, arlon, didron.

Aslan

Necə şeylərdir?

Şəlalə

Əntiqə. Qonşumuzun qızına əri üçündən də almışdı. Tikdirib geydi. Ürəyim getdi.

Aslan

Ürəyin niyə gedir, az? Ərin ölməyib ki. Cibimdə invalid kitabçam, doqquz b – psixiçeski, hara getsəm, çörəyim var. Nə istəsəm, verərlər. Sənin dediklərini dünyanın o başında da olsa, sabah taparam, tikdirib geyərsən, hərlənərsən qabağımda. Yaxşı, gedirəm, köşkü açmağın vaxtıdır.

Şəlalə (gülə-gülə)

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri