Yeddinci fəsil
Səhifə 2 / 5 · 20%
Iı
Varis atasının tapşırığı ilə ayrı-ayrı buruqları yoxlamaq, neft istehsalı işlərini qaydaya salmaq məqsədi ilə kəndə, mədənlərə gəlmişdi. Vəziyyəti öyrəndikdən sonra şəhərə dönmək istədi. Yolda gedərkən bibisi Humayın bir ay əvvəl ona: “Daha bizi yaddan çıxarmısınız” – deyə etdiyi şikayəti xatırlayaraq, onu görmək üçün yolunu dəyişdi. Bu vaxt qonşu qapıdan çarşaba bürünmüş bir qız çıxdı. Qız Varisi görən kimi üzünü gizlədib, iti addımlarla yeyin-yeyin getdi. Varis qızın təmiz al yanağını, iri qara gözlərini, qara, sıx kirpiklərini görə bilmiş və o saat ona məftun olmuşdu. Heyrətlə: “Bu kimdir? Kənddə belə gözəl qız!” – deyə ayağını saxladı. Qız gözdən itincəyə qədər onun arxasınca baxdıqdan sonra bibisinin yanına gəldi. Humayla görüşdülər. Bibisinin uzun-uzadı şikayətindən Varis qızı tamam unutmuşdu. Birdən onu xatırlayaraq, əhvalatı bibisinə danışdı. Humay gülüb:
– Bilirəm, – dedi, – o, Əlisəfanın qızı Almasdır. Gözəl qızdır. Kiçiklikdən Arazın oğlu Polada deyiklidir. Polad onun dərdindən dəlidivanədir.
Varis Polad adı eşidincə hiddət və qəzəblə bağırdı:
– Kim? Polad? Arazın oğlu Polad? Bu lap yerində oldu. Elə onda mən bu qızı özüm alacağam.
Humay bir az düşündükdən sonra:
– Sənə o qızı yalvarıb verərlər, – dedi, – ancaq atan bu işə razı olmaz.
– Atamlıq nə var? Mən bu ceyran kimi qızı lüt Arazın oğluna verməyəcəyəm.
– Yaxşı, sabah şəhərə gedib atanla danışaram.
– Mən atama, anama baxmayacağam. Bilirəm onlar pullu qız istəyir. Qalx, qalx, bərabər gedək, – deyə Varis bibisinin qolundan tutub çəkdi.
Humay Varislə bərabər şəhərə getdi. Aslan bəy evdə yox idi. Humay söz açıb əhvalatı Qəmərə danışdı. Qəmər əli ilə ağzını tutub:
– Ağzını yum, bir daş altdan, bir daş üstdən. Onlar hara, biz hara? – dedi.
Varis ayağını yerə çırparaq:
– Dediyimdən dönən deyiləm, – deyə qışqırdı. – Mən o qızı Poladın əlindən çıxarmalıyam.
– Demək sən acığa düşüb alırsan?
– Həm acığa düşüb alıram, həm də o qızı gözüm tutub. O Arazla oğlunun ürəyinə elə dağ çəkəcəm ki, ölüncə sağalmasın.
Axşam əhvalatı Aslan bəyə xəbər verdilər. Aslan bəy özündən çıxdı:
– Bu heç ola bilməz! Mən it-qurd tayıyam, nəyəm? Ona özümüzə yaraşan qız alacağam.
Lakin Varis atasını çox asanlıqla razı saldı. Qəmərin ah-vayına qarşı Aslan bəy dedi:
– Mən bu işə o lüt Arazdan, oğlu Poladdan intiqam almaq üçün hələlik razı oluram. Yoxsa atam Rəhim bəyin ocağında qotur Əlisəfanın qızını gəlin olmağa qoymazdım. İndi ki, qızı Varisin gözü tutub, qoy beş gün kefini çəksin. Gözü doyandan sonra kəbin pulunu qabağına sayıb yola salarıq, gedər. Vəssalam.
Qəmər yumşalıb:
– Varis də elə deyir, – dedi. – Mən bu qızı üç aydan artıq saxlamaram.
Bu şərtə hər üçü razı oldu.
Bir neçə gün sonra Qəmər baldızı Humayla qonşusu Püstəni Almasa elçi göndərdi.
Əlisəfa evdə idi. Pakizə onları hörmətlə qəbul etdi. Bir-biri ilə umu-küsüdən sonra əhvalatı açıb dedilər.
Pakizə nəzakətlə Humaya:
– Əlisəfa ilə məsləhətləşib, sabah sənə cavab göndərərəm, – dedi.
Elçilər getdikdən sonra Pakizə əhvalatı Əlisəfaya danışdı. Əlisəfa bu işdən çox razı qaldı. Başını oynadaraq:
– Pakizə, mən razıyam, kişilər bizimlə ata-baba qonşu olub, həm də adlı-sanlı adamlardır, – dedi.
Pakizə:
– Bəs Polad? Günəş bizi buradan köçürər! Kiçiklikdən qız ona ad olub, – deyə narazılığını bildirəndə Əlisəfanın qaşları çatıldı, kirpiklərini tez-tez qırparaq:
– Nə? Mən lüt Arazın, dəli Günəşin oğluna qız verim? Bu sözü bir də ağzına almazsan, eşitdinmi? – deyə bağırdı.
Sabahı gün Pakizə Humaya belə bir xəbər göndərdi: “Qudalarıma de ki, kişi razıdır”.
III
Son zamanlar Günəş qonşusu Pakizə ilə çox az-az görüşürdü. Bir gün Pakizə onu həyətə çağırdı. Günəş getdi, görüşdülər. Pakizə bir qədər nəşəsiz görünürdü. Günəş əhəmiyyət vermədi, çünki Əlisəfa ilə sözü düşdüyü gündən o həmişə belə görünürdü. Günəş ətrafa göz gəzdirərək:
– Almas hanı? Heç görünmür? – deyə soruşdu.
Pakizənin siması daha da dumanlandı. O, həzin bir səslə:
– Evdədir! – dedi. Sonra başını aşağı salıb, gözlərini qapaqları içində gizləyərək: – Xəbərin var? Dünən Almasa elçi gəlmişdi, – dedi.
– Kimdən?
– Aslan bəyin oğlu Varisdən.
Günəş soyuqqanlılıqla:
– Nə cavab verdiniz?
– Əlisəfa razıdır.
Bu sözdən Günəşin bütün vücudu titrədi. O, iri pəhləvan əlləri ilə Pakizənin yaxasından tutub:
– Varisə mən qız verərəm? Əvvəlindən Almas Poladındır demişəm! – deyə acıqla qışqırdı.
Günəşin qüvvətli qolları arasında Pakizə yarpaq kimi titrədi. Cavab verəcək bir söz tapmadı. Bu uzun müddət qonşuluğu zamanında Pakizə ondan bu hal və hərəkəti əsla görməmişdi. Qızlıq zamanlarında gördüyü, eşitdiyi hərəkətlər isə indi bir dastan kimi yalnız dillərdə söylənirdi. Odur ki, Pakizə onu heyrətlə süzərək:
– Ay qız, məndən nə istəyirsən? – dedi. – Sən istədiyin vaxt quzuya, istədiyin zaman qızmış aslana dönürsən. Bir də axı, məndə günah yoxdur.
– Bunlar kiçiklikdən bir-birini istəyirlər. Bəs sizin insafınız nə deyir? O şorgöz ata ilə oğlu da ki, yaxşı tanıyırsan: “Yava itin yava da küçüyü olar!” – deyərlər. Bilirəm, ərin onun puluna bənd olub. Donuzun da yağı çoxdur, neyləyim?.. Yüz il əlində çıraq axtarsa, Polad kimi oğul tapmaz. Almas ondan qaçıb gizləndiyi gündən uşağım bilsən nə qədər dəyişmişdir. Ürəklə oynamaq olmaz! Bunun axırı pis olar.
Arazın ailəsi Pakizənin çox xoşuna gəlirdi. Polad kimi kürəkəni olması onun ən böyük arzusu idi; yoxsul olsalar da sürdükləri dinc həyata hamı qibtə edirdi. Almasın da Poladı sevdiyini çoxdan bilirdi. Poladdan qaçmağa əmr aldığı gündən, xüsusən elçi gəldikdən sonra Almasın daxilində get-gedə şiddətlənməkdə olan müdhiş bir fırtınanın gizli izlərini onun üzündə, gözündə sezirdi. Almas büsbütün dəyişilmişdi. O yemir, içmir, gecə-gündüz düşünürdü. İri qara gözlərinə bir duman, gülər, saf çöhrəsinə bir dalğınlıq çökmüşdü. Bunu Pakizə görür, duyur, ürəyini sıxmaqda olan bu hissin ağırlığı altında əzilirdi. Onu rahatsız edən bu sirri nə ərinə, nə də Günəşə açmağa cəsarət edirdi. O indi Günəşdən daha pis vəziyyətdə idi. Günəşin iri-iri açılan qığılcımlı gözləri ondan qəti bir cavab istəyirdi. O, çıxılmaz bir vəziyyətdə idi. Nə edəcəyini, nə söyləyəcəyini bilməyərək, dərindən içini çəkdikdən sonra Günəşin ağzından aldığı sözü biixtiyar təkrar etdi:
– Doğru deyirsən, bu işin axırı pis olacaq.
Hər ikisi susub, bir-birlərinin dik gözləri içinə baxa-baxa qaldılar.
Bu zaman əhvalatdan xəbəri olmayan Almasın otaqdan həzin bir səslə oxuduğu bayatı bu sükutu bir az da uzatdı:
Qərənfilsən putasan,
Saldın yanar oda sən.
Mən o güldən deyiləm,
İyləyəsən, atasan...
Sükutu yenə Günəş pozdu:
– Pakizə, Polada bir çarə elə, yoxsa uşaq bu dərdə dözə bilməz, – dedi. Pakizə də:
– Durma, Almasa bir çarə! – deyə bağırmaq istədi. Lakin boğazı elə qəhərləndi ki, bir kəlmə söz deməyə belə iqtidarı olmadı. Nəfəs borusu qapanmış adamlar kimi çırpınmağa, hıçqıra-hıçqıra ağlamağa başladı. Günəş əvvəlcə bərk qorxdu. Onu qolları arasına alıb, yerə oturtdu, köynəyinin yaxasını açdı. Üzünə çiləmək üçün “su, su!” – deyə çığırdı. Bu səsə hər iki qonşu ailənin üzvləri həyətə atıldılar. Bir az sonra Almas boynunu bükərək əlində bir kasa su anasının başı üstündə durub ağlayır, Günəş isə xəstənin üstünə su çiləyərək:
– Pakizə, Pakizə! – deyə səsləyirdi.
Səsə Polad gəlib çıxdı. O, kasanı Almasın əlindən alıb, Pakizənin dodaqlarına gətirdi. İki-üç qurtum su içirtdikdən sonra:
– Qorxmayın, qorxmayın, indi ayılar, – dedi.
Poladın qətiyyətlə dediyi bu söz Almasın qəlbinə böyük bir qüvvət verdi. Polad əlindəki kasanı Almasa uzadarkən hər ikisi həsrətli baxışlarla bir-birlərini süzdülər. Bu baxışlar üç aydan bəri gündən-günə böyüyərək, gündən-günə artaraq ürəklərində bərkimiş olan sıxıntı və kədərin əzici ağırlığını, təcrübəli bir doktorun verdiyi əlac kimi, bir anda hər ikisinin üzərindən götürdü. Hər ikisi özlərini yüngül hiss etdilər. Lakin Almas yenə çox qəmli və pərişan idi. Düşüncəli gözlərini yerə dikərək durmuş, sanki bununla: “Almasını səndən ayırmaq istəyirlər, tez bir çarə elə!” – demək istəyirdi. Təəssüf ki, bu xoş görüş uzun sürmədi. Əlisəfa qapıdan içəri girər-girməz Poladı görüb, sərt və qəti bir səslə:
Kitabxana.az · https://kitabxana.az/works/saiq-araz-yeddinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Axşam olmuş, işıqlar yanmışdı. Əlaçı tələbələrin ata-anaları və çağırılmış başqa qonaqlar məktəbin şüşəbəndində qaynaşırdı. Bu əmək və təhsil bayramında hamı şən və bəxtiyar görünürdü. Sinif rəhbəri Kamil müəllim keçərkən Xasayı görüncə ona yaxınlaşdı. Balakişi və Badamla görüşdü, Xasayın başını əli ilə oxşayaraq:– Sinfin nəhəngləri içində birincidir – dedi.
IIIBu gün Xasay evə yenə çox şən dönmüşdü. Üzü gülür, qəlbi gülürdü. İçəri girincə zalım bir təsadüf onun sevincini bir anda söndürdü. Balakişi və Badam evdə yox idi. Bacısı Zinyət qapı ağzında durub ağlayırdı. Xasay Zinyətə yaxınlaşıb soruşdu:– Nə var, niyə ağlayırsan?
IVAtasının faciəli vəfatı Xasaya yaman təsir etmişdi. Anası Badam isə ona bu ağır günlərdə təsəlli verəcək bir halda deyildi. Onun geriliyi, savadsızlığı yavaş-yavaş öz mənfi nəticələrini göstərməyə başladı. Badam Xasayı nə həqiqi bir ana kimi öz qanadları altına alıb dərdlərini ona unutdura bildi, nə də doğru yol göstərib sağlam tərbiyə verə bildi. Xasay gündən-günə əsəbi, şıltaq və yaramaz bir uşaq olurdu. Badam bunu görə-görə bir çarə düşünmürdü.Balakişidən sonra Badamın özü də çox dəyişmişdi. Həyat və təbiətlə çarpışmaqdan aciz olan bu qadına hər şey çətin görünürdü. Balakişinin yerinə qapıçılıq vəzifəsini əvvəlcə ona təklif etdilər, “Mən bacarmaram” – deyə qəbul etmədi.
VRəcəb Badamın evində yaşamağa başlamış və bütün ailəni ovcunun içinə almışdı. O, Badamı öz təsiri altına elə salmışdı ki, onun hər sözü Badama bir qanun sayılırdı. Rəcəb özü də bunu hiss edir, Badamın zəifliyindən istifadə etməyə çalışırdı. O, Xasayın və Zinyətin dərsdən sonra vəzifədə çalışmalarına razı deyildi. “Onlar evdə daha çox qazana bilər” – deyirdi.Rəcəb arzularını istədiyi kimi həyata keçirdi. Hər iki uşağı vəzifəsindən ayırdı. Günortadan sonra Xasayı papiros satmağa göndərdi. Bütün bunlar kiçik Xasaya təsirsiz qala bilməzdi. O, gündən-günə dəyişirdi. Özünü evdə, həyətdə, küçədə və məktəbdə olduqca sərbəst hiss edirdi. Hər gün anasından aldığı papirosları ciblərinə doldurub fit çala-çala böyük küçələrə gedirdi. Əvvəlləri çəkinə-çəkinə, utana-utana satardı, əlindəki papirosu satmaq üçün divara söykənib yoldan keçənlərə yalnız təklif edərdi. Son zamanlar o qədər sırtıqlaşmışdı ki, başqa satıcı yoldaşlarına da aman vermirdi! Yoldan keçən adamın qarşısına qaçırdı. Papiros satmaq üstündə yoldaşları ilə boğuşurdu. Alıcı az olduğu zamanlar divar dibində toplanıb yoldan keçən adamların qarşısında hər bir qaba hərəkətlər etmək və tərbiyəsiz sözlər söyləməkdən çəkinməzdi.