Səhifə 1 / 2

İ Ş T İ R A K E D Ə N L Ə R:

Aydoğdu – 30 yaşında gənc
Zəqqumə – Aydoğdunun qadını
Uğurlu – yoldan keçən ixtiyar bir kişi
Əjdaha
Muğanxan – padşah, 45 yaşında
Ülkərxanım – xanın qadını, 35 yaşında
Günəşxanım – xanın qızı, 18 yaşında
Tərlan – Günəş xanımın dayəsi, 40 yaşında
Batıxan – Türkmən xanın qardaşı, elçi, 40 yaşında
Gültəkinxanım – Türkmən xanın qızı, 18 yaşında
Əfsunçubaşı
Xidmətçilər, əfsunçular

Birinci səhnə

Orman. Quyu. Aydoğdu bir daş üstündə oturub həzin-həzin düşünür. Qəmli mu-
siqi çalınır. Sonra çalıb-oxuyur. Uğurlu yoldan keçərkən oturub qulaq asır.

Aydoğdu
Bir dərdim var ki, söyləsəm el yanar,
Söyləməsəm ürək yanar, dil yanar,
Bu çöllərdə ah çəkməyə qorxaram,
Çəmən yanar, çiçək yanar, gül yanar.

Göy üzündə ötən durna, uçan qaz,
Getmə, getmə, qanad saxla, dur bir az.
Yaz girincə hər yan gülər, şənlənər,
Mənim könlüm nədən gülməz qış və yaz?

Uca dağlar, duman çökmüş başına,
Qəm ələnir torpağına, daşına,
Öz yurdunda qərib olan mənim tək,
Sənin kimi güc verər göz yaşına.

Uğurlu. Oğlum, qəribmisən? Bir dərdinmi var? Bu sazın incə tellərini nə qədər yanıq və acı-acı söylədirsən! Dərdin nədir? Söylə!

Aydoğdu. Uf! Dərdimi sorma, baba! Bilsən nə qədər dərdlərim var! Dağlar qədər, dunyalar qədər.

Uğurlu. Söylə, dərdini söylə. Yer üzündə çarəsi olmayan bir dərd yoxdur.

Aydoğdu. Dərdim söylənilməli dərd deyil. Öylə bir dərddir ki, söyləsəm özgəni, söyləməsəm özümü yandırar.

Uğurlu. Oğlum, dərd saxlanılmaz, söylə ki...

Aydoğdu. Baba, mənim dərdim xatun dərdidir.

Uğur lu. Qızmı sevdin? Sazı acı-acı söylətməndən bir şey duymuşdum.

Aydoğdu. Yox, baba, qız, filan sevmədim. Kaş ki, dərdim o olaydı...

Uğurlu. Xatun dərdi daha nə ola bilər?

Aydoğdu. Görünür ki, baba, çox bəxtəvər adamsan. Ya evlənməmişsən, ya pis xatuna rast gəlməmişsən. Sağ əlin başıma.

Uğurlu. Oğlum, mən dünya görmüş, isti-soyuq dadmış, bir çox dərdlilərin işinə yaramış bir adamam. Uzatma, söylə dərdini.

Aydoğdu. Baba, indi ki mənim dərdimi bilməyə bu qədər can atırsan, söyləyim: mənim bir xatunum var, ilan qılıqlı, köpək xoylu... Onun əlində yanır-yaxılıram, baba! Evimdən, eşiyimdən avara düşüb bu çöllərdə sərsəri dolaşıram.

Uğurlu. Adam, bir xatun əlindəmi aciz qaldın? Xatun nədir ki!..

Aydoğdu. Bu sözləri çox eşitmişəm. O xatunu görməyincə mənim dərdimdən baş aça bilməzsən. Xatun deyil, yandırıcı, yaxıcı cəhənnəm odudur.

Zəqqumə xanım, əlində odlu kösöy, uzaqda bağıra-bağıra gəlir.

Aydoğdu (xatunu əlilə göstərib). Ay! Evim yıxıldı. Xatun odur gəlir, baba, tanrı eşqinə, məni qoru. (Uğurlunun arxasınca keçər)

Uğurlu. Qorxma, adam, burax gəlsin. Mən çarəsini edərəm.

Zəqqumə (yaxınlaşıb). Ay həyasız oğlu, dinsiz oğlu, murdar oğlu, heyvan oğlu, sənin başını bu yarmaça ilə it başı kimi yaracağam. Ev-eşiyini atıb subay oğlanlar kimi qoltuğunda saz aşiqlik edir. (Aydoğdunu vurmaq istər. Aydoğdu Uğurlunun arxasına keçər)

Uğurlu. Xatun, bu yazıq kişidən nə istəyirsən? Əl çək!..

Zəqqumə. (Uğurluya). Sən mırtıldama. Sənə nə, bizim işimizə qarışırsan? Ver mənə o qansız oğlunu öldürüm. (Aydoğduya hücum edər)

Uğurlu (onu tutub). Dur!

Zəqqumə. Dura bilmərəm, çəkil bir yana. Axmaq oğlu axmaq, sən nə qarışırsan?

Uğurlu. Sus, tərbiyəsiz, alçaq! Xatun ağzından söyüş çıxmaz!

Zəqqumə. Buna bax, saqqalını çox yırğalama, sənin kimi kişiləri çox barmağımda oynatdım. Çəkil bu yana deyirəm, yoxsa bu yarmaçanı başından elə endirrəm ki, gözlərinə qaranlıq çökər. (Aydoğduya hücum edir)

Aydoğdu. Aman, baba qoyma!

Uğurlu (xatunun əllərini tutub). Oğlan, götür, gedək. Bunun cəzasını mən özüm verəcəyəm. Çünki bu kimi qadınlar insanlığı zəhərləməkdən başqa bir işə yaramaz. (İki tərəfdən xatunu tutub quyunun ağzına gətirirlər. Quyunun ağzını açıb xatunu ora saldıqdan sonra ağzını daşla qapayırlar) Get yarmaçanla əjdahaların başını yar!..

Aydoğdu (geniş nəfəs alıb). Uf, qurtuldum. Başına dönüm, baba, bu quyudan bir daha çıxmaz ki?

Uğurlu. Qorxma, çıxmaz, burası əjdaha yuvasıdır. Əjdahanın əlindən qurtulmaz... haydı, get evinə, rahat-rahat yaşa!

Aydoğdu. Çox sağ ol, baba, bu yaxşılığı ölüncəyə qədər unutmaram. Tanrı sənə yar olsun! Səni mənə yardım üçün göy tanrıları göndərmiş.

Uğurlu. Sağ ol, oğlum, Allaha ismarladım. (Uğurlu gedər)

Aydoğdu. Sağ ol, baba! (Yalnız, əllərini göylərə qaldırıb) Ey yaradanların yaradanı, Qaraxan tanrı! Ey Altun dağda, altun urun üzərində oturub buyruq verən bay, ölkən tanrı!.. Ey ağ ölkədə yaşayan ulu babalarımızın ruhları!.. Bu uğursuz xatundan siz məni qurtardınız. Mən də bundan sonra heç bir suç və günah tutmayacağam, yalnız sizi tanıyacağam, sizin üçün ağ qoyunlar kəsib, yaratdığınız hər canlı məxluqə köməklər edəcəyəm... Sizlərə uğurluqlar və aydınlıqlar... (Quyudan səs gəlir. Yazıq döyüküb) Bu nə səsdir? Yoxsa xatun quyudan çıxmaq istəyir? (Quyunun ağzına gəlib qulağını quyunun ağzına qoyub dinləyir. Quyudan səslər gəlir) Bu şeytan qızı burada da rahat oturmayır. Kimi isə tapıb yazığa cəhənnəm odu qusdurur. (Yenə qulağını quyunun ağzına qoyur) Bu kim ilə vuruşur? Daşı qaldırıb bir baxım. (Daşı qaldırmaq istərkən birdən qorxub çəkilir) Mən nə yapıram? Yenicə bu bəladan qurtuldum. Öz əlimlə özümə quyu qazıram. (Düşünür) Bu xatun kim ilə vuruşduğunu bircə bilsəydim... (Düşünür və cürətlə) Hər nə olsa açıb baxacayam. O, quyudan bir daha çıxamı bilər? (Quyunun daşını bir az qaldıran kimi əjdaha başını çıxarır)

Əjdaha. Ey bəni -adəm, aman günüdür, məni qurtar.

Aydoğdu (əvvəlcə diksinib). Sən kimsən bu quyuda?

Əjdaha. Mən əjdahayam... Bu quyu mənim yuvamdır. Bura bir xatun gəlmiş, onun əlindən yandım, yandım, yandım! Aman günüdür, məni qurtar!

Aydoğdu. Yox, mən səni qurtara bilmərəm, qorxuram...

Əjdaha. Qorxma, imanım, vicdanım haqqı qorxma, məndən sənə zərər dəyməz.

Aydoğdu. Yox, canım, sən əjdaha, mən insan, necə qorxmayım?

Əjdaha. Ey insan, hər kəsə qorxunc olsam da, sənə qul olacağam. Nə istərsən sənə yapacağam, göy tanrı eşqinə, qurtar məni...

Aydoğdu. İndi ki and verirsən, çarə nədir. (Daşı qaldırıb) Çıx, tez ol, aman günüdür, xatun çıxmasın. (Əjdaha çıxar, oğlan quyunun ağzını qapar)

Əjdaha (dərin bir nəfəs alıb). Ox, qurtuldum. Oğlan, sən ki bu cəhənnəm odundan məni qurtardın, mən də sənə bir yaxşılıq edəcəyəm. Bax, Muğan xanı bu yaxında olur. Onun Günəş xanım adlı gözəl bir qızı var. Mən gedib onun boğazına yapışacağam. Hər kəs gəlsə açılmaram. Sonra qızını sənə verməyə razı olarsa, sən gələrsən, mən açılıb gedərəm. Sən də qıza və padşahlığa sahib olarsan... Sonra artıq mənim işimə qarışma! Hər kəsin boğazından yapışdımmı, göndərsələr, gəlməzsən, gəlsən, səni öldürərəm... Allaha ismarladıq.

Aydoğdu. Allaha ismarladıq. (Hər ikisi gedir)

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri