Səhifə 3 / 5 · 40%

– Yaxşı tanıyıram, ancaq səndən söz almaq istəyirəm.

– Məncə artıqdır.

– Yox, səndən kişi sözü almamış demərəm.

– Bu söz nədir, dayı?

– İsgəndərin qəbrinə, bir də öz namusuna and iç ki, hər dərdin olsa, çarə edəcəyəm, ondan sonra sənə deyim.

Nəbi maraq içində öz-özünə düşündü: bu nə işdir ki, mənə bu qədər ağır and verir. Sonra üzünü Dursuna çevirərək:

– And olsun atamın qəbrinə, and olsun namusuma nə dərdin olsa, çarə edərəm, – dedi.

Dursun gülümsəyərək mənalı-mənalı onun üzünə baxdıqdan sonra:

– Nəbi, bilirsən nə var? Dursun dayın bir qıza aşiq olub, onu ya xoş, ya zorla mənə almalısan! – dedi.

Nəbi qulaqlarına inanmadı. Bu sözü ondan bir də eşitmək istədi:

– Dursun dayı, necə, necə?

Dursun təkrar söylədi. Nəbi heyrətlə gözlərini ona dikib qaldı. Dursun o heyrətli baxışlara qarşı qızarıb:

– Niyə baxırsan, nə olub? – deyə soruşdu.

Nəbi:

– Dursun dayı, bu heç olan işdir? Səfər kimi evlənməli oğlun var, – dedi.

– Səfər kimi oğlu olanlar evlənmir?

– Evlənir, faydası nədir? Hər fəslin bir vaxtı, hər vaxtın bir meyvəsi, hər meyvənin bir dadı var.

– Bu fəslin də bir meyvəsi, bir dadı var; sən bilmirsən!

– Sənin üçün dadlı olsa da, ailən üçün çox dadsızdır. Bilsəydim ki, siz bu iş üçün məndən kömək istəyirsiniz, onda mən nə söz verərdim, nə də and içərdim.

– Heç eybi yoxdur, söz verməmiş ol, bu günün cavanları tüpürdüyünü tez yalayır.

– Mən tüpürdüyünü yalayan cavanlardan deyiləm. Səfər bilsə, məndən inciyər. Onu qardaş kimi sevirəm.

– Nə deyib inciyəcək. O öz işində, mən öz işimdə.

– Qız kimlərdəndir?

– Qaracalarlı Kəblə Rəsulun qızı.

– Güllümü?

– Özüdür.

Nəbi istehzalı bir qəhqəhə qopardıqdan sonra:

– Dursun dayı, o sənə tay deyil! – dedi.

– Nə üçün tay deyil?

– Tay deyil. O qızı yaxşı tanıyıram. Səndə oturmaz.

– Qoy Dursun dayının əlinə düşsün, oturmasın.

Nəbi nə qədər nəsihət etdisə, Dursun qəbul etmədi. O, söz vermiş, namusuna and içmiş olduğuna çox peşman idi. Sözündən dönməyi isə mənliyinə sığışdıra bilmirdi. Nəhayət, Səfərdən gizlin saxlamaq şərti ilə qızı bərabər götürüb qaçmağa razı oldu. Üç gün sonra Dursun Güllünü qaçırıb, kənd mollasının evinə gətirmiş, zorla özünə arvad etmişdi.


Gözlənilməyən qonağın gəlməsi ailədə böyük bir qarışıqlıq doğurmuş, onun şən və bəxtiyar həyatını büsbütün pozub dağıtmışdı.

Dursun birinci gündən Güllüsünü özünə isindirmək, onu özünə ram etməkdən başqa bir şey düşünmürdü. Gecə-gündüz kölgə kimi onun yanından ayrılmırdı. Onun bir çox soyuq və uşaq hərəkətləri ailə üzvlərinin nifrətinə səbəb olur, aralarında olan əlaqə get-gedə gərginləşməyə başlayırdı. Xüsusən, Səfərin toyunun bu qədər təxirə düşüb qalması oğulun və Ballının qəlbində sağalmaz yaralar açmışdı.

Güllü də babası yaşında qocaya getməsindən şad deyildi. Dursunun hər bir hərəkət və rəftarı ona iyrənc görünürdü. Hər gün “of, bu qıllı meymundan yaxamı nə zaman qurtaracağam” – deyirdi. Bu düşüncə, bu arzu birinci gündən onda doğmuş, get-gedə böyüyüb şiddətlənməyə başlamışdı. Onu bir tərəfdən də Səfərin və Ballının dalğın nəzərləri sıxırdı. Evdə hər gün baş verən dedi-qodu və çarpışmalar onu yormuşdu. Dursun hər zaman Güllüsünü himayə edərək, onun xoşuna getsin deyə Ballıya və onun övladlarına xor baxmağa başlamışdı. Tez-tez onları səbəbsiz sancır, cəzalandırır və əsla xoş üz göstərmirdi. Hətta Güllü ilə dava edərkən Ballını bir neçə dəfə vurmuş, evdən çıxarıb qovmaq belə istəmişdi. Bu hərəkətlər Səfəri qılınc kimi doğrayırdı. Anasının yaşlı gözləri, hər gün haqsız cəzalanması ona hər şeyi, hətta nişanlısı Zəhranı belə unutdurmuşdu. Ailə həyatında baş vermiş bu pozuqluğa qarşı onun sərbəst ruhunda etiraz qığılcımları gündən-günə çoxalıb, yanğın şəklini almış, hər necə olursa olsun, bu rəzalətə birdəfəlik son qoymağı qət etmişdi.

Bir gün Güllü ilə Ballı arasında baş verən davaya Dursun da qarışdı. Hər zaman etdiyi kimi Güllünü bu dəfə də himayə edərək, Ballının üzərinə atılıb qırmaclarkən, Səfər artıq dayana bilmədi. Anasının göz yaşından, Güllünün məğrur duruşundan Səfərin başı dumanlandı. Birdən-birə Güllünün üzərinə atılıb onu döyməyə başladı. Sonra Güllünün harayına gələn atasının əllərini əlləri içində sıxaraq:

– Ata, hörmətini saxla deyirəm. Daha cana doymuşam. Bir gün bu yaramazı doğrayıb, qaçaqlığı boynuma alaram, – dedi.

Səfərin bu hərəkətindən sonra həm Dursun, həm də Güllü Ballını sancmaqdan çəkinirdi. Ballı yalnız hərdən oğlu Səfərə sarılıb: “O boybuxununa anan qurban, nə yaxşı sən varmışsan, yoxsa mənim halım nə olardı?” – deyərdi.

Bu hadisə Güllüyə çox pis təsir etmişdi. Nifrət etdiyi Dursundan, ona dərd, kədər verən, gənc qəlbini gəmirib çeynəyən o əzici zindandan qurtulmağa qərar vermişdi. Dursun Güllüsünü kədərli gördükcə dünya başına fırlanır, səbir və taqəti kəsilirdi. Arabir Güllünü oxşayaraq:

– Nə fikirdəsən, quzum? Bu evin sahibi sənsən, nə desən, o olacaq. Sən qəmlənmə! – deyirdi.

Güllü bu sözlərə əhəmiyyət verməyib, əli ilə Dursunu itələyərək:

– Çəkil, çəkil get! – deyə qəlbən ondan uzaq olduğu kimi cismən də uzaqlaşmağa çalışırdı. Onun evdə olması və hər cür hərəkəti Güllüyə cəhənnəm əzabından daha ağır görünürdü.

Dursun kənddə bəzi tanışlarla ara-sıra görüşməyi bir vəzifə sayırdı. Tanışlar ona:

– Ay Dursun, Güllü ilə necə keçinirsən? Deyirlər uşaqlarını yola vermir, rəftarı pisdir. Ehtiyatlı ol, bir gün qoşulub qaçar, papağını yerə soxar, – deyərdilər.

Dursun qürurla gülümsəyərək cavab verərdi:

– Nə qədər bu Dursun ölməyib, elə iş olmaz. Onu qaçırsa Səfərlə Ballı qaçıracaq. Yoxsa Allahın məzlumudur. Nə dili var, nə ağzı, heç kəsə dolaşmaz. Xasiyyəti ipəkdir, ipək; ancaq bu nainsaflar, allahsızlar yazığı it kimi qapırlar, söyürlər, döyürlər. Balacalar da onu ayaqlayır. Yazıq heç dinmir. Gizli-gizli ağlayır. Hər şeyi məndən gizləyir. A başına dönüm, bir şeytan şəridir düşmüşəm. İşdir, olub keçib, axı Allah da var, insaf da var.

Dursun bu sözlərlə öz günahını gizləmək, həm də elin ağzını yummaq istəyirdisə də, ancaq xoruzun quyruğu görünürdü.


Günlərin bir günündə Güllü yox oldu. Dursun təlaş və həyəcan içində ora-bura qaçır. “Güllü, Güllü!” – deyə onu axtarırdı. Çox axtardı, çox bağırdı, Güllüdən əsər tapmadı. O gün axşama qədər dəli kimi dolaşdı. Tanışdan, dostdan soruşdu, hara getdiyini xəbər verən olmadı. Qara fikirlər, acı düşüncələr onun varlığını bir yumaq kimi bükmüş, ümidsiz və dərmansız bir hala salmışdı.

Güllünün Qaracalar kəndindən Vəli adlı bir gənclə qaçmış olduğu xəbəri kəndə yayıldı. Bunu Dursun da eşitdi. Artıq durmaq olardımı? Başı odlu halda qazının, kəndxudanın qapısına qaçdı.

– Aman, Güllümü Vəli qaçırıb, onu sizdən istəyirəm, – deyə yalvarır, yaxarır, ayaqlarına düşür, ağır hədiyyələr, rüşvətlər vəd edir, kənd içində dosta, tanışa yaxınlaşıb, onlardan kömək istəyirdi.

Səhərə qədər gözünə yuxu getmədi. Yatağında ilan vurmuş xəstə kimi gah sağ, gah sol böyrü üstə çönərək:

– Ah, Güllü, Güllü, məni yetim buraxıb getdin, – deyə onun arxasınca söylənirdi.

Bu hadisə Dursunun ailəsinə xoş bir təsir buraxmışdı. Ballı, qızı Günəş, Gülsənəm, kiçik oğlu Əkbər zahirdə qəmli görünürdülərsə də, ürəkdən sevinirdilər.

Səfər atasının tutmuş olduğu çirkin işə əvvəldən razı deyildi. Çünki Dursunun evlənməsi hamıdan çox onun həyatına ağır zərbə endirmişdi.

Bununla bərabər Səfər bu məsələyə başqa cür yanaşdı. Vəlinin Güllünü qaçırması onda intiqam hissi oyatdı. Atasının namusuna endirilən bu zərbəyə qarşı laqeyd qalmadı. Kənddə böyük, kiçik hamının ağzında söylənilən bu hadisə onu təbii halından çıxartdı, o kimsənin gözünə görünmək istəmədi. Qan beyninə vurdu. Güllünü qaytarmaq və Vəliyə cəza vermək qəsdi ilə Qaracalara getdi. Səfər kəndə yetişər-yetişməz təsadüfən Vəlini dükan qarşısında gördü. Ona yaxınlaşaraq: “Alçaq, namussuz” – deyə bir qırmanc endirdi. Vəli Səfərin zərbələrinə qarşı dura bilməyəcəyini hiss etmiş olduğundan xəncərini çıxartdı. Səfər də ondan əvvəl xəncərini çıxarıb, Vəliyə hücum etdi. Səfər başından, Vəli isə köksündən, tam ürəyinin başından yaralandı. Haman saat canını təslim etdi. Səfər kimsəni öldürmək qəsdi ilə gəlməmişdi. İşin böyüyüb ölümlə bitməsinə çox peşman oldu. Bu hadisəni görənlər:

– Vay, Vəlini öldürdülər, – deyə qopardıqları fəryaddan Səfər özünü ələ almaq istədi, nə edəcəyini bilmədi. Dərhal xəyalında nişanlısı Zəhra və onun qara taleyi canlandı. Əlində yalın xəncəri olduğu halda özünü Zəhragilin evinə atdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri