Səhifə 4 / 5 · 60%

O gün Zəhranın anası toy hazırlığı görürdü. Həyətə iri palazlar döşəmiş, iməcilər çağırmışdı. Qadınlardan kimisi yun darayır, ip əyirir, kimisi xana qurub kilim toxuyurdu. Səfər həyətə girərkən bir qadın: – Heyva atdım nar gəldi,

Kətan köynək dar gəldi.
Qapıya kölgə düşdü,
Elə bildim yar gəldi.

– deyə mahnı oxuyur, o biriləri də ona səs verirdilər. Başları işə məşğul və arxaları qapıya olduğundan Səfəri kimsə görmədi. Səfər birinci yan qapıdan otağa girdi. Zəhra otaqda yalqız idi. Səfərin birdən-birə içəri girməsindən qız qorxdu, əlində yalın xəncər, üz-gözündə qan laxtasını görüb, qorxu və heyrət içində:

– Bu nədir? – deyə bağırdı.

Səfər xəncəri əlindən yerə atıb ona yaxınlaşdı. Zəhra əvvəlcə vəhşi bir ceyran kimi hürküb çəkildi, sonra birdən-birə özünü Səfərin qolları arasına ataraq, kəsik, boğunuq bir səslə:

– Səfər, Səfər, sənə nə oldu? – deyə soruşdu.

Səfər əhvalatı qısaca ona danışdı. Zəhra sapsarı saralaraq, durduğu yerdə mıxlandı. Uzun, qara kirpikləri lətif ağ yanaqlarına doğru uzanaraq, həzin bir kölgə buraxdı. Cansız bir cisim kimi donub durduğu halda boğazını qazıyan acı bir hıçqırığı udduqdan sonra:

– Ah, Səfər, Səfər, bədbəxt olduq, – deyə şiddətlə ağlamağa başladı. Səfər Zəhranı sinəsinə sıxaraq, qanlı üzünü onun üzünə bitişdirdikdən sonra:

– Zəhra, məni tutub zindanlara atsalar səndən ayrı, uzaq-uzaq yerlərə sürgün etsələr məni unudacaqsanmı? – dedi.

Zəhra bağrını yaran bu zəhərli sözlərdən acı bir fəryad qopardıqdan sonra:

– Ah, səndən... ayrımı? – deyə boğazını boğan hıçqırıqdan sözlərini bitirmədi. Səfərin qolları arasına yıxılıb qaldı.

Səfər qolları arasına sərilmiş o məsum qızcığaza baxdıqca qəlbində dərin-dərin yaralar açılır, varlığını acı hiss və düşüncələr sarsıdırdı. O, canlı çiçəkdən, bu torpağın yetişdirmiş olduğu həqiqi mələkdən ayrılmaq istəmirdi.

Polis gəlmədən buradan çıxıb qaçaq olmağa qərar verdi, birdən-birə qapı ağzından:

– Bax, buraya, buraya! – deyə qat-qarışıq səsdən özünü topladı. Tükləri biz-biz durdu. Vücudunu başdan aşağı acı bir hiss titrətdi. Artıq Zəhrasından ayrılmaq zamanı yetişmiş olduğunu anladı. Kim bilir nə qədər, bəlkə də həyatının sonuna qədər sevimli Zəhrasını görməyəcək?.. Böyük bir eşqlə onun üçün açılan o isti qollar, hər zaman məhəbbətlə üzünə dikilən o sevdalı gözlər kimə açılacaq? O qızı, o ruhunun təbəssümünü kimlərə qoyub gedəcəkdi?

Bu acı düşüncələrlə qolları arasında ay kimi ağarmış və pərişan saçlı, məsum qızcığazın dodaqlarına qədər əyildi:

– Zəhra, son öpüşlərim! – deyə dodağını dodaqlarına bitişdirib qaldı. Kirpiklərini iki damla yaş islatdı...

– Ah, bu da son göz yaşlarım olsun, – deyə yaxınlaşmaqda olan qarışıq səslərdən doğruldu, qapıdan hücumla içəri girən polislərə təslim oldu.


Dursun əvvəlləri oğlu Səfərin sürgün edilməsindən çox mütəəssir olmuşdu; çünki Səfər onun həyatı, onun qolu və qanadı idi. O çox çalışdı, çox pul sərf etdi, mümkün olmadı. Səfər uzaq yerlərə, Sibirə on il müddətinə sürgün edildi. Səfər kimi oğlun fəlakəti Dursuna ağır zərbə idi. Lakin bir az sonra qazılara, koxalara ətək-ətək sərf etmiş olduğu pul nəticəsində yenə Güllüsünə qovuşmuş, Səfəri və başqalarını tamamilə unudub getmişdi. Yalnız Güllünün qəlbini ələ almaq, vəhşi qızı nə cür olursa-olsun özünə ram etməkdən başqa bir fikri yox idi. Bütün günlərini ancaq onun dizləri dibində keçirmək, onunla əylənmək istəyirdi. Ballı Səfərdən sonra büsbütün köməksiz qalmışdı. Onun acı göz yaşlarını qurudan, gecə-gündüz qəlbini bir qurd kimi çeynəyən dərdlərinə, kədərlərinə şərik olan kimsəsi yox idi. Keçirməkdə olduğu fəlakətli həyatı, qızı Gülsənəmin, kiçik oğlu Əkbərin dumanlı gələcəyi xəyalında canlandıqca düşünür, düşünür, saatlarla heykəl kimi donub qalırdı. May ayı girmiş, hava qızmışdı. Kənddə köç hazırlığı qurtarmışdı. Bir həftə sonra şən və gurultulu bir gündə el yaylağa köçmüş, kənddə əkinçilərdən başqa kimsə qalmamışdı. Dursun da ailəsini, mal-qarasını, hətta bir an gözündən ayırmaq istəmədiyi Güllüsünü yaylağa köçürməyə məcbur olmuş, o sönük və alçaq daxmasında tək qalmışdı. O, Güllüyə çox yalvarıb-yaxarıb onunla bərabər qalmasını xahiş etmiş, Güllü razı olmamışdı.

Son zamanlar, hamıya, hətta on yaşında uşağa belə qısqandığı Güllü, kim bilir, yaylaqda yenə kimə qoşulub gedəcəkdi. Bu qara düşüncələr onu yorur, əzib candan salırdı. Nə etsin? Oğlu Səfər sürgün edilməsəydi, bütün işləri ona buraxıb, yaylağa köçəcək, gözəl Güllüsünün dizləri dibindən ayrılmayacaqdı. Səfərin sürgün edilməsi ona indi çox təsir edirdi.

Güllüdən ayrıldığı iki ay idi. Bu iki ay ona iki il qədər uzun görünürdü. Bu müddətdə Güllü ilə görüşməyə can atdısa da, müvəffəq olmadı: çünki bostan məhsul verməyə başlamış olduğundan şəriki Aslan gəlməyincə onu rəncbərlərə buraxıb gedə bilməzdi. Verdiyi vədəyə görə Aslan bu gün yaylaqdan dönəcək, bostanı ona tapşırıb rəncbərlərlə şəhərə bir neçə araba qovun-qarpız göndərəcək, özü də şəhərə gedəcək, Güllüyə gözəl hədiyyələr alıb, oradan yaylağa aparacaq və köçüncəyə qədər Güllüsünün yanından ayrılmayacaqdı.

Dursun bu şirin xəyallarda idi ki, Aslanın gur səsi onun qulaqlarında səsləndi. Dursun cəld yerindən sıçrayıb, Aslanı qarşıladı. Görüşdülər. Güllüsündən xəbər tutdu. İrəlidə söylədiyimiz kimi, Güllünün ipsiz, sapsız həyat keçirdiyini anlayıb sarsıldı.

Aslan getdi. Dursun daxmasına girdi. Paltarını dəyişdi. Divardan asılmış iri xəncərini belinə bağlayıb, evdən çıxdı. Durmadan sürətlə stansiyaya getdi. Bilet alıb, hərəkət etmək üzrə olan qatara mindi.


1905-ci ilin fırtınalı günləri idi. Bütün Rusiyanı bürümüş olan böyük ümumi tətil və inqilab hərəkatı hökuməti ağır bir təlaş və qorxunc bir həyəcan içində buraxmışdı. Rusiyanın geniş sahillərindən aşıb-daşaraq hər tərəfə yayılmaqda olan inqilab dalğalarına Qafqazın qocaman dağ silsilələri belə sədd ola bilməzdi. Onun ən qüvvətli bir dalğası da qoca Qafqazın ta göbəyində partladı. Böhran keçirməkdə olan hökumət hərbi vəziyyət elan etmişdi. Özü ilə tapança, xəncər, hətta kiçik bıçaq gəzdirənlər belə ağır cəzalara məhkum edilirdilər.

Belə fırtınalı günlərdə Dursun Tiflis şəhərinə gedirdi. O bir an əvvəl şəhərə çatıb qovun-qarpızı vaxtında satmaq və axşama kəndə qayıtmaq istəyirdi. Qatar stansiyaya yaxınlaşdıqca Dursun əsəbiləşir, hər dəqiqə ona bir saat görünürdü. Qatar artıq sürətini azaldaraq, stansiyaya yaxınlaşırdı. Durar-durmaz Dursun vaqondan sıçrayıb yerə atıldı, sürətli yürüşünə mane olan göbəyi üzərindən asılmış iri xəncərini əli ilə tutaraq, pillələrə doğru getməyə başladı. O kimsəni görmədən, kimsəyə baxmadan iri, əsəbi addımlarla yüyürürdü. Onu əli tüfəngli iki kazak durdurdu. O, əvvəlcə əhəmiyyət verməyib, onların əlindən dartınıb çıxmaq istədi. Mümkün olmadı; çünki biri xəncərindən, biri də qolundan tutub, onu harasa aparmaq istəyirdilər. Dursun çox yalvardı, çox yaxardı, acıqlandı, bağırdı, əllərindən çıxıb qaçmaq istədi. Kazaklar aman vermədilər. Onlar tüfəngin qundağı ilə Dursunun çiyninə bir-iki ağır zərbə endirdikdə, qoca dəli kimi heyrətlə kazakların üzünə baxa-baxa qaldı. Bu aralıqda nələr olduğunu, onu haraya apardıqlarını əsla bilmədi. Ağlını başına topladıqda özünü məzar qoxusu verən dar, qaranlıq bir yerdə gördü. Gözlərinə inanmadı. Ətrafı çaşqın-çaşqın süzdü. Biixtiyar:

– Bura haradır? – deyə bağırdı.

Səsinə səs verən olmadı. Açıq saf havada, yaşıl dağlarda, yamaclarda, ucsuz-bucaqsız geniş obalarda sərbəst həyat keçirmiş olan qoca bu qaranlıq məzara sığmırdı. Gözləri dumanlandı, vücudu bir məngənə içində sıxılıb, üzərinə ildırımlar tökülən kimi oldu. Üzünə bağlanan kiçik dəmir qapını bütün qüvvəti ilə döydü. Kömək olmadı. Qızmış aslan kimi gurlayan səslə:

– Ay, qapını açın, açın! – deyə çığırmağa başladı. Çox bağırdı, nə səsinə səs verən oldu, nə də imdadına gələn. Ümidi büsbütün kəsildikdən sonra bir guşəyə sıxılıb, qalın dəri papağı üstündə oturdu.

O indi bu məzarcığa nə üçün düşdüyünü, arabaların karvansarada başsız qaldığını düşünür, xüsusən Güllüsünün ayrılığı onun ciyərlərini qılınc kimi doğrayırdı. Gecəsi gündüzündən seçilməyən o məzarcıqda gecəni səhər etdi. O gah sağ, gah sol böyrü üstə çevrilərək düşünürdü. Dəmir qapı birdən-birə açıldı. Günəşin al şəfəqləri zindanı aydınlatdı. Qapı açılar-açılmaz Dursun özünü vəhşi kimi bayıra ataraq heyrətlə ətrafındakılara baxdı. Qapıda gözləməkdə olan iki jandarm onun bu hərəkətinə güldü.

Dursun günəşin al şəfəqlərindən qamaşan gözlərini əli ilə örtərək, dərin bir nəfəs aldıqdan sonra:

– Ax, canım qurtardı, – dedi.

Lakin ayaqlarına qandal vurulduğu zaman:

– Məni hara aparırsınız? – deyə soruşdu.

Jandarmlardan biri kəskin və qəti bir səslə:

– Arş, yeri! – deyə əmr verdi. Dursun yeriməyə başladı. Ayaqlarındakı ağır zəncirlərin müdhiş səsi qulaqlarında səsləndikcə, varlığı sarsılır, həyəcan içində çarpan qəlbinə köksü dar gəlirdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri