Məzmun
  1. Məclisəhli
  2. Əvvəlinci pərdə
  3. Birinci gəliş
  4. İkinci gəliş
  5. Üçüncü gəliş
  6. Dördüncü gəliş
  7. Beşinci gəliş
  8. Altıncı gəliş
  9. Yeddinci gəliş
  10. Səkkizinci gəliş
  11. Doqquzuncu gəliş
  12. Onuncu gəliş
  13. On birinci gəliş
  14. On ikinci gəliş
  15. On üçüncü gəliş

Səhifə 1 / 4

Məclisəhli

Bəybala – qarasaqqal, Avropa səbkində geyinmiş upravlyayuşşi, 30 yaşında
ƏhmədMəmməd – vışka sahibi. 50 yaşında
Mirzə
fəhlələr

Şafaqat }

ƏliŞəfi – prikazçik, 25 yaşında
Xansənəm – Mirzənin anası. 40 yaşında

Əvvəlinci pərdə

Məclis vaqe olur Balaxanı kəndində. Sol tərəfdə qapılar. Yazı stolu, altında zənbil,
üstündə kağız, qələm, mürəkkəbqabı, şotka, bir telefon aparatı, bir də Balaxanı
nəqşəsi və bir neçə stul

Birinci gəliş

Bəybala (yalqız gəzir). Parijin vıstavkasında bizim bu dağılmış Balaxanı elə yaxşı görünür ki, daha nə deyəsən! O vaxtda ürəyimdə qoydum ki, haçan Bakıya getsəm, hər növ ilə olsa Balaxanıda özümə bir qulluq tapım. Elə də oldu, iş rast gətirdi, qulluq da tapdım. İndi bu Balaxanı... Qara neftin, palçığın, tüstünün, hisin-pasın içində adam necə yaşasın? Çox da adam upravlyayuşşidir. Özüm də mat qalmışam ki, nə üçün bu adı mənə quyruq bağlayırlar (Təəccüblə). Upravlyayuşşi! Doğrusu, şəhər kontorlarının lap alçaq nökəri bizdən yaxşı dolanır. Bunlar keçər gedər, hamısından bədtər odur ki, gündə bir dəfə kontorçu gəlib deyir: “Bu nədir? Bu qədər də piy işlənər? Piy yeyirsiniz nədir?”. Çarə nədir, nə etməli? Haqq-nahaq hirsini saxlayırsan, işi salırsan zarafata, deyirsən: “A canım, a gözüm, biz siçan deyilik piy yeyək”. Bir dəqiqə də rahatlığımız, dincliyimiz yoxdur. İstəyirsən bir kitab oxumağa, bir də görürsən mirzələr, fəhlələr: Ağa, jalonka düşdü quyunun içinə. Ağa, paravoyun topqası şişib. Ağa, ocaq karastıları sındırdı, saldı quyunun içinə.

Bu vaxt bir səs.

İkinci gəliş

Əli Şəfi gəlir

Əli Şəfi (təəccüblə). Bu nə səsdir?

Bəybala. Ay oğlan, bayırdan sən gəlirsən, məndən niyə soruşursan?

Əli Şəfi. Mən elə bilirəm buradan gəlir (Əli Şəfi gedir).

Bəybala (yalqız), Hə, bu da mənim prikazçikim (başını silkələyir).

Üçüncü gəliş

Mirzə ara qapıdan gəlir və dayanır

Mirzə. Cənab upravlyayuşşi, qorxma, bu gurultu fontanın piltəsinin səsidir. Arabanın içindən yerə salanda səs elədi.

Bəybala. Ay sağ olasan, ay olasan sağ.

Mirzə. Ağa, mən Saqi deyiləm, mən Mirzəyəm. Saqi mənim atamın qardaşının bibisi nəvəsinin oğludur. İndi burada deyil, kəndə gedib.

Bəybala. Yaxşı, çox yaxşı, daha bəsdir, uzun müşərrəf eləmə, get Əli Şəfiyə de arabaçının pulunu versin, yola salsın.

Mirzə. Baş üstə (bu vaxt telefon zəng vurur). Telefon izvon eləyir, ağa!

Bəybala. Yaxşı, görürsən ki, telefonun səsin mən eşidirəm (özözünə). Burada gərək mən türkcə danışmağı da yaddan çıxardım. Gərək rusca danışaq, yavaş-yavaş gərək tat dilini də öyrənəm. Bir də bu yazıqlar türk dili bilmirlər ki. Nə etməli? (Mirzəyə) Hə, niyə dayanmısan, Mirzə? Yenə bir dərdin var yoxsa?

Mirzə. Ağa upravlyayuşşi! Əgər o çetvorti nomer fontan eləsə, mənim donluğumu artırarsanmı, ya yox?

Bəybala. Necə yox, əlbəttə artıracağam. Hə, sonra daha nə qulluğun var? Axır sənə söz dedim, getsənə işinə (Yenə telefon zəng vurur).

Mirzə. Heç nə, telefon izvonit eləyir.

Bəybala. Eşidirəm, canım, get daha.

Mirzə çıxır

Dördüncü gəliş

Əli Şəfi gəlir

Bəybala (gəlir telefonu götürür, qulağına tutub danışır). Promısla qospodina Mamedova. Hə, mənəm Bəybala. Salam əleyküm, sabahınız xeyir, cənab Əhməd ağa. Dördüncü nömrə böyük ümid verir. Fontan gözləyirik. Beşinci nömrədə də işimiz çox yaxşıdır. Dünəndən bəri orada balta sınıb qalıbdır. Bəli, çoxdan tutmuşuq, çəkirik, iki düyüm gəlib. İkincidən jalonkanı çıxarmışıq. Gecəni səhər olunca çalışmışıq, amma o şoğərib balta çıxmadı, qaldı quyunun içində. Amma zərər yoxdur, yenə çıxardarıq (bir az daha diqqətlə dinləyir).

Necə? Qonşunun paxıllıqdan lap bağrı çatlayır (burnunun altında mırıldayır). Onlar da yüz əlli səkkiz sajındadırlar. Mənim qorxum ondadır ki, olmaya bizimki ilə onlarınkı da eyni mənbədən, bir gözdən olmuş ola. Sonra bizim neft də oradan gedə Arxayın olun. Necə ki, bir parça qəndin üstünə milçək qonar, o cür də fəhlələr dördüncü nömrənin üstündə işləyirlər. Daha necə ola bilər ki, adamı da çox eləyək, xərc də az olsun (otboy verir). Başınıza nə gəlsin, sizin... nə deyim?! Sözümü ağzımda yarımçıq qoydu getdi (saata baxır). Saat üçdür, hələ mən dincəlməmişəm. Hə, nə var, Əli Şəfi?

Əli Şəfi. Fontanın qapağını götürdüm.

Bəybala. Sonra?

Əli Şəfi. Mən istəyirəm bir söz demək.

Bəybala. Oho! Demək? (tərəfə). Yaxşı danışır. Buyur, de görüm, mən də istəyirəm qulaq asmaq (tərəfə). Dinləmək yerinə qulaq asmaq (qulağını tutur).

Əli Şəfi. Deyirəm ki, axır biz də adamıq, adam balasıyıq, bir yemək-içməyə də macalımız yoxdur. Arvad yox, uşaq yox, ana yox, bacı yox... təvəqqe eləyirəm ki, bizim üçün də bir vaxt qoyasınız ki, haçaq yeyək, haçaq içək.

Bəybala. Pəki, çox gözəl sözdür. Get, əzizim, nə vaxt yemək istəyirsən ye, nə vaxt içmək istəyirsən iç.

Əli Şəfi. Necə buyurdun, anlamadım?

Bəybala. Bilirəm o sənin az ağlın ilə bu müşkül fəlsəfəni anlamazsan.

Əli Şəfi. Elədir.

Bəybala (özü-özü ilə tərəfə). Yəni ki, anladı. Başqa qulluq.

Əli Şəfi. Başqa şey yoxdur. Mən istəyirəm çıxım.

Bəybala. Nə üçün?

Əli Şəfi. Donluğum azdır. Odur indi fantal olacaq, sən mənim donluğumu artırmırsan. Doğrusu, mən bu donluq ilə dayanmaram.

Bəybala. Qardaş, hələ heç-zad yoxdur, indidən ayaqlarınızı yuxarı nərdibana qoymusunuz. A yazıq, hara gedəcəksiniz? Kim sənə artıq verəcək?

Əli Şəfi. Mobilə.

Bəybala. Kim?

Əli Səfi. Mobil! Mobil! Üç il onun yanında da dayanmışam.

Bəybala. Ay üzün ağ olsun. Hələ üç il yanında olmusan, adını bilmirsən.

Əli Şəfi. Elədir də...

Bəybala. Budur, sözün cavabında da belə deyirsən. Amma onu unutmusan ki, onların yanında gərək rusca yazı-pozu biləsən.

Əli Şəfi. Necə ki, bilmirəm. Əlbəttə bilirəm. Hələ ondan başqa yenə qeyri yerlərdə də xidmət etmişəm.

Bəybala. Söylə görüm daha harda qulluq etmisən?

Əli Şəfi. Çorni Qorodun pristavının yanında. Onun lap gözünün işığı idim.

Bəybala. De görüm, bu yalanları özündən qayırırsan, yoxsa öyrənmişsən?

Əli Şəfi. İncimalın yanında, Pantalyon həkiminin yanında, vallah, billah.

Bəybala. Pantalyon kimdir?

Əli Şəfi. Nə bilim, bir böyükdür (bir az dayanır). İndi nə deyirsən? Odur, şükür Allaha ki, indi fontandır. Mənsiz nə qayıracaqsınız?

Bəybala. Əlbəttə, sənsiz böyük iş olmaz.

Əli Şəfi. Bəs!..

Bəybala.

De görüm, rusca bilirsənmi?

Əli Şəfi. Necə bilmirəm (cibindən kağız çıxardır). Budur proşinə yazmışam.

Bəybala. Görüm (alır, baxır). Oho! Ərizədir!

Əli Şəfi. Yox, proşinadır.

Bəybala. Təfavütü yoxdur, birdir (oxuyur). Eyo Beloqorodu qaspada Mobil, Əli Şəfi Qurbanovdan proşinyadır. Vot moy xətt (Bəybala gülür). Pojalyusta mine piranmit izdelay, mən jalovanı petsat rubli mesyasti, maya imeet prikaşçik, izdanşik pserona.

Bəybala. Ay oğul, sən bu dili harada öyrənmisən?

Əli Şəfi. Bizim məktəbdə.

Bəybala. Çox yaxşı, mən bunu göndərərəm bizim qəzetlərə.

Əli Şəfi. Hələ bu çornavoydur. Bəlkə bunun billavarın da görəsən.

Bəybala. Bu da yaxşıdır. Bircə get bizim nəccar İrəfi çağır bura.

Əli Şəfi. Ağa, mən İrəfi necə çağırım? İrəfin ki, canı yoxdur.

Bəybala. Sən hansı İrəfi deyirsən? Ada, mən dülgər İrəfi deyirəm ey...

Əli Şəfi. Elə mən də dülgər qayıran irəfi deyirəm də.

Bəybala. Ada, mən deyən müsəlmandır ey...

Əli Şəfi. Ay ağa, irəfə evlərdə kasa, boşqab düzərlər.

Bəybala. A canım, sən məni lap darıxdırdın, get bizim qonşu bazardakı dülgəri çağır.

Əli Şəfi. O tiryəki dülgəri deyirsən? O ki arağının vaxtı gələndə səkran it kimi əsir, onu deyirsən?

Bəybala. Hə, onu deyirəm. Adı İrəf deyil, bəs nədir? Amma bizlərdə də qəribə-qəribə adlar var ha... İrəf, Taxta-boxça, Ağabala, Ağababa, Durduqulu, Balaqulu...

Əli Şəfi. Nə qayıraq, biz qoymamışıq ki, mama qoyan addır. Biz oxuyanda qoyuruq Ayı Xəlil, Eşşək Qəni, Qoyun Həsən, nə bilim. Hə, İrəf, odur vışqanın üstündə kəlləçarx qoyur. Sənin başın üçün, Mobilin prikaşçiki gördü, lap məətəl qaldı, düz getdi. Mən iki manat da söz vermişəm ki, artıq verim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri