Məzmun
  1. Məclisəhli
  2. Əvvəlinci pərdə
  3. Birinci gəliş
  4. İkinci gəliş
  5. Üçüncü gəliş
  6. Dördüncü gəliş
  7. Beşinci gəliş
  8. Altıncı gəliş
  9. Yeddinci gəliş
  10. Səkkizinci gəliş
  11. Doqquzuncu gəliş
  12. Onuncu gəliş
  13. On birinci gəliş
  14. On ikinci gəliş
  15. On üçüncü gəliş

Səhifə 2 / 4 · 25%

Bəybala. Ay çox sağ ol! Həmişə mənim tərəfimi saxla. Mən deyənə əməl eləsən, axırda adam olarsan. İndi mən gedim, bir az dincəlim. Əgər gəlib soruşan olsa, deyərsən iş üstünə getdi.

Bəybala gedir

Beşinci gəliş

Əli Şəfi (yalnız). Hə, dərə xəlvət, tülkü bəy. O bəy də mənəm (Oturur upravlyayuşşinin yerində. Bir qələm də götürür, elə göstərir ki, yazır.) Amma bu upravlyayuşşi kimi adam yoxdur. Doğrudur, dili bir az ziyadə acıdır, amma ürəyi safdır. Ax, bir o dördüncü nömrə fontan eləsin, donluğum qırx manat olsun, day heç dərdim olmaz. Ay köpək oğlunun qələmi (cızır). Biz də upravlyayuşşi olaq, burda oturaq. Amma necə upravlyayuşşi olaram. Buyuraram, basaram, kəsərəm, qışqıraram, çığıraram, onu-bunu söyərəm, uşaqların hamısını qamçının altına salaram, biyara apararam (qorxaraq). A, birdən sonra məni atarlar ha!.. (o vaxt telefon zəngi çalınır). Nə olaydı bu zəngi vuran xozeyin olaydı. Ona bir para sözlər xəbər verərdim, olardım gözünün işığı. Sonra bu upravlyayuşini alardım ovcumun içinə, mum kimi yumşaldardım (təməllüqanə bir halət ilə danışır). Ağa, sənsən? İxto aparat, ixto? Hi, ağa! Ağa, sizsiniz? Odur yatıb, nə blim? Bir-iki saat olar ki, yatıb. Elədir, doğrudur, həmişə oturur, telefon ilə danışır, yenə də yıxılır yatır. Sənin heç xəbərin yoxdur, əgər biz olmayaq, buranı o Allah haqqı lap talan elər. Nə? Kim? Kimsən? Eşşək sənin ağandır (öz-özünə). Mən də elə bildim ki, ağadır... İtil, cəhənnəm ol, qırışmal!.. Ada, bəlkə xozeyin imiş? Hər nə isə, keçər gedər. Yalan-palan birtəhər düzəldərik (oturur Bəybalanın yerində).

Altıncı gəliş

Şafaqat gəlir, qapını bərk açır və papaqla daxil olur

Şafaqat. Ağa, sabahın xeyir.

Əli Şəfi. Pəhə, qorxdum ki, evi dağılmışın oğlu! Çort iznayet (əlini şalvar cibinə qoyur və təkəbbürlə danışır). Papağını götür, qapını ört (özünə gülür).

Şafaqat. Bağışlayasınız, mən upravlayuşşini istəyirəm.

Əli Şəfi. Sənin ilə danışandır. Yəni ki, biz oluruq. Nə ərzin var? De!

Şafaqat (iki əlini döşünə qoyub baş vurur). Salam əleyküm (bir də baş vurur). Salam əleyküm.

Əli Şəfi. Ay əleykəssəlam. Maşallah, mərifətli oğlan, görünür ki, girib-çıxan adama oxşayırsan.

Şafaqat. Ağa, eşitmişəm fontanınız var, mənə bir yer verin.

Əli Şəfi. Görüm əlindən nə gəlir, ha, de görüm?

Şafaqat. Sükançı.

Əli Şəfi. İznaçit tartançik. Odur ki, yəni müsürman dili ilə neft çıxardançı (durur gəzir). Xərcin səndən jalovnanı nə qədər pazdravit eyləyək?

Şafaqat. Bir ay işləyim, görərsiniz də...

Əli Şəfi. Elə isə, mərifətli danışırsan.

Şafaqat. Mən də qədirbilən adamın yanında qulluq etmək istəyirəm.

Əli Şəfi. O halda yaxşı nəqşin gətirdi. Hə, söylə görüm, yeddi eşşəyin arpasın bölə bilərsənmi?

Şafaqat. Niyə bilmirəm (Əli Şəfi qələm götürür, bir şey yazır).

Əli Şəfi. Adın nədir?

Şafaqat. Nökərin Şafaqat.

Əli Şəfi. Familyan nədir?

Şafaqat. Qanpanof.

Əli Şəfi. Hə, indi bildim. Atana rəhmət, düzəldi. Sizin kəndinizdə molla var? (yenə yazır).

Şafaqat. Hə, əlbət ki...

Əli Şəfi. Axı, milıy moy, mən bir yazan, pozan adamam. Amma

Şafaqat Qanpanof musurman adı heç tatın kitabında da görməmişəm. Musurmanın adı olar: Böyükağa, Əlibaba, Məşhədi Tarqulu, Kərbəlayı Sijimqulu, yoxsa Şafaqat?

Şafaqat (onun sözünü kəsir). Ada, novxanılı Xancanın oğlu Əli Şəfi, nə uzun danışırsan? Elə bilirsən səni tanımıram? Dabbaxanada gönünü də tanıyıram. Daha uzun müşərrəf eləmə. Al bu iki manatı, upravlyayuşşiyə de, mənə bir yer versin.

Əli Şəfi (tərəfə). Oldu, qurtardı.

Şafaqat (verir). Al, sox gözünə (Şafaqat gedir).

Yeddinci gəliş

Əli Şəfi. Gördünüz, nə cüvəllağı adam idi? Amma fontan ki, yavuqlaşıb, gəlirim artır ha... (akoşkadan qalxıb bağırır). Mirzə, Mirzə,

Mirzə...

Mirzə (xaricdən). Nə deyirsən?

Əli Şəfi. Ada, mənim o qoltuq bayazımı gətir bura, Mirzəcanın nimdərinin altındadır.

Mirzə (yenə xaricdən). Nə üçün? Nökərinəm? İt hambalı deyiləm ki...

Əli Şəfi. Ada, gözümə yaxşı bax, məni tanıyırsanmı? Bunun ağzına-burnuna bax...

Mirzə (yenə xaricdən). Nə üçün? Nökərinəm? İt hambalı deyiləm ki...

Əli Şəfi. Ada. Gözümə yaxşı bax, məni tanıyırsanmı? Bunun ağzına-burnuna bax...

Mirzə (yenə xaricdən). Hə, daha bəsdir, az danış.

Əli Şəfi (öz-özünə). Canım, bizim bu müsürmanın işi lap təəccüblüdür. Bunlar bir-birinin ayağını çəkməyə, pisliyini istəməyə lap həvəs edirlər. Acından ölürdü, gətirdim vedrəçiliyə qoydum, indi məni də bəyənmir. Az qalır ki, lovğalığından partlasın. Soruşsanız ki, nə qədər rüşvət aldın? Heç nə, vur-tut (barmağı ilə göstərir) iki abbası.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri