Məzmun
  1. Məclisəhli
  2. Əvvəlinci pərdə
  3. Birinci gəliş
  4. İkinci gəliş
  5. Üçüncü gəliş
  6. Dördüncü gəliş
  7. Beşinci gəliş
  8. Altıncı gəliş
  9. Yeddinci gəliş
  10. Səkkizinci gəliş
  11. Doqquzuncu gəliş
  12. Onuncu gəliş
  13. On birinci gəliş
  14. On ikinci gəliş
  15. On üçüncü gəliş

Səhifə 4 / 4 · 75%

On birinci gəliş

Əli Şəfi, Xansənəm. Məmmədov orta qapıdan gəlir

Məmmədov. Bu kimdir? (Əli Şəfi qorxur).

Əli Şəfi. Anamdır, bibimdir (sonra). Mirzənin bacısıdır, İbadın xalasıdır...

Məmmədov. Hə, dörd adamsınızmış. Bəs o biriləri hanı?

Əli Şəfi (yavaşca Xansənəmə). İşin varsa de (Əli Şəfi gedir).

Məmmədov (Xansənəmdən soruşur). Ay arvad, ərin burda işləyir?

Xansənəm (Başını silkələyir).

Məmmədov. Oğlun burda işləyir?

Xansənəm (Başı ilə “hə” deyir).

Məmmədov. Neçə oğlun var?

Xansənəm (Barmağı ilə göstərir 5 və gedir. Telefonun zəngi vurulur. Məmmədov yaxın gəlir və danışır).

Məmmədov. Kimsən? Əli Şəfi? Nə deyirsən? Nə madam? İtil telefondan, haramzada! Bir də bizim promısla ilə danışma. Sən də axmaqsan, Əli Şəfi də (yenə dinləyir). Sənə deyirəm kəs səsini! (telefonu qoyur yerə). Siz allah, heç mürvətdir, insafdır, bunu Allah götürərmi? İşi qoyublar, gör telefon ilə nə biclik, haramzadalıq çıxardırlar. Mənə də deyirlər ki, fontan var, fontan var. Mən də şəhərdən faytona minib yorta-yorta gəlmişəm, görüm nə var? Heç zad! Bir ətək pul tökmüşəm. Bunlara bax, burada kart oynayırlar. Gecə yatdıqları bəs deyil, gündüz də yatırlar. Nə böyük, nə kiçik. Mən də deyirəm özlüyümdə fontanım var, fontanım.

On ikinci gəliş

Bəybala, Əli Şəfi, Məmmədov

Bəybala. Ada, Əli Şəfi, Əhməd ağaya kim deyibdir, fontan var?

Əli Şəfi. Vallah, heç mənim xəbərim yoxdur. Mən deməmişəm.

Məmmədov. Yalan demə, eşşək! Sən deyil idin telefonda məgər? Sonra da dedin ki, eşşək qardaşındır?

Əli Şəfi. O telefon yaxşı danışmayıbdır, xarabdır. Mən elə bildim ki, danışan Mirzənin qardaşıdır. Dedim ki, qardaşın iştəkdir, yəni çox işləyən adamdır, işləməkdən yorulmur. Telefonda çıxıb eşşək qardaşındır.

Məmmədov. Sən dedin axır fontan vurur.

Əli Şəfi. Mən demişəm ki, Mantaşovun fantalı vurur.

Məmmədov (onun sözünü kəsir). Kəs səsini, axmağın birisi! Nə böyük var, nə kiçik. Evimi yıxdınız. Uzun elə pul ver, pul. Bu nədir? Kəndir. Bu nədir? Dəmir. Bu nədir? Torba. Bu nədir? Şalman. Bu nədir? Taxta. Bu nədir? Maşın. A kişi, belə də müsəlmançılıq olar? Evim yıxıldı. Heç məgər allahınız yoxdur? Birisi baltanı quyuda sındırır, o birisi jalonkanı çıxarda bilmir.

Bəybala. Əhməd ağa, bir az hövsələ ediniz, darıxmayınız, şükür Allaha, işimiz yaxşı gedir.

Məmmədov. A kişi, on iki ildir mən hövsələ edirəm. Ay evi yıxılmışın oğlu, daha bəs deyil?

Əli Şəfi (Bəybalaya xitabən). İndi nə buyurursan, o Şafaqat bir yaxşı sükançıdır. Məndən olsa elə eləyək ki, o əlimizdən çıxmasın. Odur qoymuşam jalonkanı çıxarsın.

Bəybala. Quyudan heç əsər-əlamət varmı, neft görünürmü?

Əli Şəfi. Çox...

Məmmədov (Bəybalaya xitabən). Siz bunun sözünü adam sözü hesab edirsiniz? Bu ki, heyvandır...

Bəybala. Nə eləyim, o biriləri də onun tayıdır. Nə təfavütü var.

Məmmədov (ibarə ilə). Şu qotur hərif zati-alilərinin əleyhində bana bir çox ixtaratda bulunub da deyir idi ki, əksər gecələr qumarbazlıqla imrari-vəqt edir.

Bəybala (soruşur). Yəni bu eşşək demişmi?

Məmmədov. Əvət, şu eşşək hərif deyir ki, bütün gündüzlər yuxudan qalxmayır.

Bəybala. Əcaib! Yəni bu heyvan hərif demişdir?

Əli Şəfi. Hələ elə bilirsiniz ki, biz eşşəyik, heç başa düşmürük nə danışırsınız. Doğrudur, Şafaqat elə bir az da kart oynayandır. Gündüz də bir qədər yatır, amma onu mən əlimdə mum kimi yumşaldaram.

Məmmədov (Əli Şəfiyə). İtil burdan, axmaq!

Əli Şəfi gedir

Bəybala. Zənnimcə, o mənim əleyhimə danışmaz.

On üçüncü gəliş

Bəybala və Məmmədov

Mirzə (daxil olur, Məmmədova xitabən). Ağa, gözün aydın, vtoroy nömrənin baltasını çıxartdım.

Məmmədov. Oy... şükür Allaha, şükür Allaha.

Şafaqat. Ağa, gözün aydın, pervi nömrənin jalonkasını çıxartdım.

Məmmədov. Çox yaxşı, çox yaxşı.

Əli Şəfi bir çox fəhlələr ilə gəlir.

Əli Şəfi. Ağa, gözün aydın, muştuluğumu ver, fontan vurdu.

Bəybala. Dedim ki. Əhməd ağa, bu Balaxanıda gərək hövsələ edəsən (Əli Şəfi oynayır, fındıqça çalır). Muştuluğumu ver, ağa! Muştuluğumu ver!

Məmmədov. Şükür Allaha, şükür Allaha! (xaricdə səs-küy eşidilir, Bəybala durur gedir, fəhlələrə deyir). Kürəkləri götürün, dalımca gəlin!

Əli Şəfi. Elə gördüm daş deşildi, sonra bombom, fontan pır-pır elədi.

Məmmədov (fəhlələrə çıxarıb pul verir).

Əli Şəfi (fındıqça çalıb oynayır). Hay, hay, hay. Fontandır, ay fontandır...

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri