Ağsaqqallar, ağbirçəklər qımışdı,
Sağ ol sözü, elə var ol deməkdir,
Həm ceyrandı, həm də qaplan Günay qız,
Sağ ol sözü elə var ol deməkdir.

Tuncər dedi: – Çıxım yurda mən özüm,
Göz ürəyi inandıran güzgüdür.
İnanıram siz deyənə, gözdə var,
Göz ürəyi inandıran güzgüdür.

Mən istəklim Günay qızı anladım,
Acıqana basqı gəlmək qanladır,
Çox gözəldir bu gənc qızın anlağı,
Göz ürəyi inandıran güzgüdür.

Deyin atlar yəhərlənsin, çullansın,
Ora öncə iki atlı yollansın,
Zirvələrdə gur ocaqlar qalansın,
Göz ürəyi inandıran güzgüdür.


Tuncər getdi, Günay qaldı yerində,
Daşqır dedi, yersiz gəldi, yerli, qaç.
Beş günlük yol kəsə yolla bir gündür,
Daşqır dedi, yersiz gəldi, yerli qaç.

İridaşlar altındaca qazmalar,
Qazmalarda işıltıdan asmalar,
Adam başı sümüyündən basmalar,
Daşqır dedi, yersiz gəldi, yerli, qaç.

Nə əkin var, nə ağaclıq, nə daxma,
Nə kimsəli, nə kimsəsiz, nə doğma,
Cığırlarda düyün yollar, dar boğma,
Daşqır dedi, yersiz gəldi, yerli, qaç.

Nə qadın var, nə mal-qara, nə uşaq,
Nə qapı var, nə tüstü var, nə ocaq,
Hər qazmada otdan-koldan bir qalaq,
Daşqır dedi, yersiz gəldi, yerli, qaç.


Daşlıqlarda gizlənmişdi acıqan,
Daş ürəyin qara daşdır yuvası,
Tuncər hələ görməmişdi onları,
Daş ürəyin qara daşdır yuvası.

Birdən çıxdı busqudakı daşqırlar,
Əli yalın, əli dolu, kim ki var,
Tuncər üstə yürüş etdi basqılar,
Daş ürəyin qara daşdır yuvası.

İşə düşdü qılınc, bizuc, ox, toppuz,
Yerdə qaldı ağüzlərdən yüz otuz,
Gələnləri parçaladı hər quduz,
Daş ürəyin qara daşdır yuvası.

Tuncər endi Gümüşatdan aşağı,
O sıyrıldı qından qılınc sayağı,
Ancaq onun burxuldu sol ayağı,
Daş ürəyin qara daşdır yuvası.


Tökülüşüb onu birdən tutdular,
Şəlitləyib bir qazmaya atdılar,
Gələnlərin son sayına çatdılar,
Daş ürəyin qara daşdır yuvası.

Daşlıqlardan çıxıb çapdı Gümüşat,
Sanki yeldən borc almışdı cüt qanad,
Ağüzelə üz tutmuşdu, çathaçat,
Daş ürəyin qara daşdır yuvası.

Yaralılar yem olmuşdu qurd-quşa,
Ley qonmuşdu bu daşlığa, yoxuşa,
Qan iyinə yırtıcılar yığışar,
Daş ürəyin qara daşdır yuvası.

Günay gəldi Gümüşatın belində,
Sıyırmaydı iti qılınc əlində,
"Tuncər, Tuncər" sözləri də dilində,
Daş ürəyin qara daşdır yuvası.


Daşqıranlar söydü, çəkdi döyüşə,
Hamı bilir, çox tələsər gecikən,
Arxasında yüz yaraqlı, dağınıq,
Hamı bilir, çox tələsər gecikən.

Günay Daşqır başçısını soruşdu,
Sonra oxla, bizuc, toppuz vuruşdu,
Atlı, atsız bir-birinə qarışdı,
Hamı bilir, çox tələsər gecikən.

Çalışırdı Daşqır tutsun bu qızı,
Daşqırlara pay versinlər Ağüzü,
Üz-üzəydi dağ başında qurd, quzu,
Hamı bilir, çox tələsər gecikən.

Daşqırbaşı gəldi, baxdı Günaya,
Saçda daraq, ağ üzdə yox bir boya,
Vurumundan titrəyirdi dağ, qaya,
Hamı bilir, çox tələsər gecikən.


Daşqırbaşı yaxın gəldi, baş əydi,
– Şah gələndə hamı gərək baş əyə.
Şah bacısı gözəl Günay sağ olsun,
Şah gələndə hamı gərək baş əyə.

Buyurun ki, əl saxlasın gələnlər,
Yolu tutub yaralılar, ölənlər,
Yaramazdır eli, yurdu bölənlər,
Şah gələndə hamı gərək baş əyə.

Mən Tuncəri saxlayıram qazmada,
Siz qılıncı yerə qoyun qızmadan,
Burda şah mən, bir də qaya, sis, duman,
Şah gələndə hamı gərək baş əyə.

– Şah Manaydır Mindiyara büsbütün,
Siz gözümdən uzaqlaşın, lap itin,
Tanımırıq burda yersiz hər iti,
Şah gələndə hamı gərək baş əyə.


Daşqırbaşı harayladı elini,
Daşdan qorxan daş dalında gizlənər,
Yola, yala daş dalından ox yağdı,
Daşdan qorxan daş dalında gizlənər.

Yırtıcılar daş dalından qalxdılar,
Günay qızın qabağına çıxdılar,
Dörd bir yandan qırov kimi yağdılar,
Daşdan qorxan daş dalında gizlənər.

Gecə düşdü, vuruş, duruş bitmədi,
Çox əlləşdi qız, Tuncərə yetmədi.
Acıqandan qan aclığı getmədi,
Daşdan qorxan daş dalında gizlənər.

Yasaq olub tutuq düşdü Günay qız,
Daşqırbaşı dedi haysız, haraysız,
Təkcə mənim olmalıdır o, yalnız,
Daşdan qorxan daş dalında gizlənər.


Daşqırbaşı qızı gördü vuruldu,
Göydən düşən ulduz dönüb ay olub.
Bu saç, hörük, bu üz-ağız, bu qaş-göz,
Göydən düşən ulduz dönüb ay olub.

– Ay qız, sənə kölə olum, ər olum,
Ağ alnında gül qoxuyan tər olum,
Bu dağ-daşda, el-obada bir olum,
Göydən düşən ulduz dönüb ay olub.

Buyuruq ver, qırım, çatım Daşqırı,
Acıqlanım, yansın bütün yaş-quru,
Adamlıqda eşşək kimi anqırım,
Göydən düşən ulduz dönüb ay olub.

Bu qırhaqır, çal-çap mənim işimdir,
Burda şah ol, gəl atından düş indi,
Mənə əl ver, adamlaşdır, düşündür,
Göydən düşən ulduz dönüb ay olub.


Günay dedi, "Qoy aldadım mən bunu",
Söz kəsərli olur hərdən qılıncdan,
– Daşqırbaşı, aldadırsan məni sən,
Söz kəsərli olur hərdən qılıncdan.

– Yox, sevmişəm səni belə görəndən,
Oynatmısan məni, ay qız yerimdən,
Gedək şah ol qazmaların birində,
Söz kəsərli olur hərdən qılıncdan.

– Elçi göndər, Ağüzelə gəl özün,
Qandan əl çək, yaxşı ər ol, al qızı,
Köç Arana, yurd-yuva et çöl-düzü,
Söz kəsərli olur hərdən qılıncdan.

– Qorxuram ki, aldadasan məni sən,
Belə olsa qurtarmazsan əlimdən,
– İnanırsan, onda gəl, öp əlimdən,
Söz kəsərli olur hərdən qılıncdan.


Daşqır gəldi qorxa-qorxa yaxına,
Ət aldadır tox çaqqalı, iti də.
O göz dikdi ağ əllərin ağına,
Ət aldadır tox çaqqalı, iti də.

Əl uzatdı tutsun qızın əlindən,
Ağır toppuz dəydi onun belindən,
Batdı özü öz qanının selində,
Ət aldadır tox çaqqalı, iti də.

Daşqırbaşı öldü, düşdü torpağa,
Qalanlarsa çəkildilər qırağa,
Baş əydilər igid, gözəl qonağa,
Ət aldadır tox çaqqalı, iti də.

Qorxub qızdan gətirdilər Tuncəri,
Şişmiş idi qatma ipdən əlləri,
Yaraları qorxuluydu, dəpdərin,
Ət aldadır tox çaqqalı, iti də.


Sevgililər qılınc çəkdi, vuruşdu,
Bir gücdədir bacı-qardaş, ər-arvad,
Ölən Daşqır, qalan Daşqır söylədi,
Bir gücdədir bacı-qardaş, ər-arvad.

Yaraqlılar qazmalandı daş ilə,
Önərləri qorudular döş ilə,
Daşqır daşı gəmirtdədi diş ilə,
Bir gücdədir bacı-qardaş, ər-arvad.

Tuncər çıxdı, dağ başından uladı,
Neçə yerdə otdan ocaq qaladı,
Qurdlar gəldi, hər bir yeri taladı,
Bir gücdədir bacı-qardaş, ər-arvad.

Qurd sürüsü ölüm oldu Daşqıra,
Çeynədilər nə var idi, ağ, qara,
Tuncərinsə əli-qolu yapyara,
Bir gücdədir bacı-qardaş, ər-arvad.


Günay dedi: – Qazmaları dolduraq,
Qazma qalsa, yırtıcıya yuvadır.
Yaraqlılar, qazmaları doldurun,
Qazma qalsa, yırtıcıya yuvadır.

Qayaları qarış-qarış dartdılar,
Dığırladıb qazmalara qatdılar,
İri daşlar hellətdilər, atdılar,
Qazma qalsa, yırtıcıya yuvadır.

Ağ zirvələr bürünmüşdü dumana,
Qurd sürüsü yayılmışdı ormana,
Daşqır çətin burda bir də dayana,
Qazma qalsa, yırtıcıya yuvadır.

Gün baxırdı dumanlığın dalından,
Səs gəlmirdi dağın sağı, solundan,
Tuncər, Günay baxır dağın yalından,
Qazma qalsa, yırtıcıya yuvadır.


Tuncər, Günay qucaqlaşıb öpüşdü,
İlk öpüşün dadı baldan dadlıdır,
Gözlərində dağ, daş bütün gül açdı,
İlk öpüşün dadı baldan dadlıdır.

Tuncər dedi: – Bax, dan yeri sökülür,
Qol-qıçımdan ağrılarım çəkilir,
Sevinc içrə gülür iki sevgili,
İlk öpüşün dadı baldan dadlıdır.

Dayanmışdı onlar yaxın, döş-döşə,
Pıçıltılar söyləyirdi "sevmişəm!"
İstəklilər döyüşdə də sevişər,
İlk öpüşün dadı baldan dadlıdır.

Günay dedi:-sənsən mənim istəyim,
Tuncər dedi: – Gözüm, dilim, diləyim,
Birisi dil, birisi dil dilçəyi,
İlk öpüşün dadı baldan dadlıdır.


Tuncər, Günay, yaraqlılar qayıtdı,
Aldı-basdı ucalıqdır döyüşdə,
Qurd sürüsü gözləyirdi Tuncəri,
Aldı-basdı ucalıqdır döyüşdə.

Ormanları silkələdi ulartı,
"Yerindəydi, qurd qardaşım, bu yardım",
Tuncər bunu qurd sayağı buyurdu,
Aldı-basdı ucalıqdır döyüşdə.

Toplum-toplum qayıdırdı qurd geri,
Beş il sonra görürdülər Tuncəri,
Qurd olmuşdu qardaşlığın dəyəri,
Aldı-basdı ucalıqdır döyüşdə.

Tuncər, Günay Gümüşatın belində,
Qurtarmışdı onlar qanlı ölümdən,
Keçirdilər Qobuyerin çölündən,
Aldı-basdı ucalıqdır döyüşdə.


Dınqır, səslən, bəzə belə yoldaşı,
Yoldaş sənə çətin gündə arxadır.
Bir sınaqdır, çətinlikdir yaranış,
Yoldaş sənə çətin gündə dayaqdır.

Bacı, qardaş döş yırtandır, yanandır,
Doğmalar da hərdən səni anandır,
Yoldaş isə acı, ağrı qanandır,
Yoldaş sənə ağır gündə gərəkdir.

Bir də gördün ara dəyib, qarışıb,
Yoldaş sənə əltut olub yanaşır,
Gücün çatsa, get, sən qurtar yoldaşı,
Yoldaş sənə çətin gündə arxadır.

Yoldaşlıqda doğru danış, açıq ol,
Yıxılanda qoru onu, ayıq ol,
Ara vuran pisə qarşı sayıq ol,
Yoldaş sənə çətin gündə arxadır.


– Mən Günayam, yaşım çatıb otuza,
El işində ayrı deyil qız, oğlan,
Tanrı mənə öz qolundan güc verib,
El işində ayrı deyil qız, oğlan.

Ər, ev, sevgi kəsi olsun elbirə,
Qız oğlana dönsün, ağac dəmirə,
Yurd çevrilsin buz qazmaya, təndirə,
El işində ayrı deyil qız, oğlan.

Bacım şahdır, mənsə qorxmaz yaraqlı,
Ağüzeləm, igid köklü, budaqlı,
Yeniyetmə varam, güclü, anlaqlı,
El işində ayrı deyil qız, oğlan.

Mən sevmişəm bir igidi bu yaşda,
Yoldaş oldum onunla mən savaşda.
Mən sevirəm, qoy el bilsin bu başdan,
El işində ayrı deyil qız, oğlan.


Soraq tutdu bu olaydan Manay şah,
Yoxla, tanı, sonra işlət, arxalan.
Tuncər, Günay sevgisindən sevindi,
Yoxla, tanı, sonra işlət, arxalan.

Salmışdılar Daşqırları ayaqdan,
Yaxılmışdı daxma, qazma ocaqda,
Yaranmışdı dinclik, düzlük yaylaqda,
Yoxla, tanı, sonra işlət, arxalan.

Ancaq Günay hələ gəncdi, konazdı,
İşdə, gücdə görümsüzdü, dayazdı,
Gördükləri, bildikləri çox azdı,
Yoxla, tanı, sonra işlət, arxalan.

Şahı hər gün düşündürən bu idi,
Keçmişləri, soy-kökləri uluydu,
Qalıncları taxıl ilə doluydu,
Yoxla, tanı, sonra işlət, arxalan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri