Götürüldü yaraqlısı Minelin,
Yaraqlının dədəsidir yarağı.
Həbəş, Darvid, Pars, Asur da içində,
Yaraqlının dədəsidir yarağı.

Çatan tutdu ürəyini, bayıldı,
Azca sonra keçinmədən ayıldı,
Bu səs, küyü Misirelə yayıldı,
Firon Turqun acıqanı sayıldı,
Yaraqlının dədəsidir yarağı.

Minellilər qıy vurdular ley kimi,
Uğurelə uçdu oxla yay kimi,
Xarıldadı dağdan axan çay kimi,
Şimşəklərə, küləklərə tay kimi,
Yaraqlının dədəsidir yarağı.

Kimsə dedi, balam qurban, Mindiyar,
Qan-qırğından başqa səndə hər nə var,
Səndən ayrı mənim üzüm saralar,
Ürəyimdə qalıb səndən yaralar,
Yaraqlının dədəsidir yarağı.

Tunq eşitdi bunu, gizli ağladı,
Hönkürtüdən güclə özün saxladı,
Öz-özüylə dəmir andiç bağladı,
İçi sanki tir-tir əsdi, laxladı,
Yaraqlının dədəsidir yarağı.

Dedi, “Tunqər, Minellilər basılmaz,
Pis gendə də ona, buna qısılmaz,
Sonevi də özgə yerdə qazılmaz,
Tanrı andı özgə dildə yazılmaz,
Yaraqlının dədəsidir yarağı.
Dedi, mənəm ağ başrağı Turların,
Babil, Qobu, Çinçay, Parsel yurdları,
Mənəm şahı adamların, qurdların,
Pars, sak, uru, Darvid, Hindel, surların,
Yaraqlının dədəsidir yarağı”.


Tunq gördü ki, kimsə durub yol üstə,
Yolda durma, yol üstündə dayanma.
Paltarları əzik, saçı pırtlaşıq,
Yolda durma, yol üstündə dayanma.

Öz özündən sanki nəsə soruşur,
Ürkülüdür dayanışı, duruşu,
Saçı qara, saqqalısa sarışın,
Yolda durma, yol üstündə dayanma.

O, Tunqəri, Çilçil atı saymayır,
Öz-özüylə danışmaqdan doymayır,
Yaraqlını yaxınına qoymayır,
Yolda durma, yol üstündə dayanma.

Başəydisi, əlöpdüsü görünmür,
Onda səsdən qorxu, ürkü yaranmır,
Qoşquatlar yürüşündən qorunmur,
Yolda durma, yol üstündə dayanma.

Kiminləsə o danışır, deyişir,
Əl-qol atır, kiminləsə döyüşür,
Birdən-birə susur, lapdan dəyişir,
Yolda durma, yol üstündə dayanma.

Çıxır onun qabağına Eldəbir,
Deyir: – Kimsən, tək gəzirsən, söylə bir,
Əlindəki cızmaqara, de, nədir,
Yolda durma, yol üstündə dayanma.
– Məni gərək tanıyaydı Tunq ata,
Mən gedirəm doğma yurda, Elata,
Tək-tək gəzər həm Anakar, həm qartal,
Yolda durma, yol üstündə dayanma.

Tunqər deyir: – Yurddur sənə Mindiyar,
Sən şairsən, tanıq adın Anakar,
Mənim sənə, sən şairə sözüm var,
Yolda durma, yol üstündə dayanma.


Şair deyir: – Mən heç kiməm, hər nəyəm,
Hərdən-birdən hər nə çıxır heç nədən.
Heç nə idim mən anadan olanda,
Hərdən-birdən hər nə çıxır heç nədən.

Mənim ölkəm Türklər, Turlar diyarı,
Yer üzünü tutub yarıbayarı,
Başrağımız dalğalanır ağ-sarı,
Hərdən-birdən hər nə çıxır heç nədən.

Şahlığımdan danışarsam mən bir az,
Baş-başadır Qoşaboğaz, Buzboğaz,
O yan buzlaq, bu yan isti, gün, ayaz,
Turlarındır dəniz, dağ, daş, dik, dayaz,
Hərdən-birdən hər nə çıxır heç nədən.

Turlar “Turan” olub, daha yaxşıdır,
Parsel, Çinel, Hindel ona qonşudur,
Ancaq təkcə Parsel bizə qarşıdır,
Hərdən-birdən hər nə çıxır heç nədən.

– Sən bunları hardan belə bilirsən,
De, Anakar, hardan belə gəlirsən,
De, Turqərdən nə istəyib dilərsən,
Hərdən-birdən hər nə çıxır heç nədən.

– Varındırsa mənə bir az çörək ver,
Mən də olum öz yurdumda yerbəyer,
İki yurdun oğuluyam, sən də bil,
Şah oğluyam, bunu hamı düz deyir,
Hərdən-birdən hər nə çıxır heç nədən.

Tunqər deyir, Anakara at verin,
Yəhərinin üstə ipək çit sərin,
Çadır açın Anakardan ötəri,
Yüksək olsun gərək şair dəyəri,
Qoşqu verin ona ikitəkərli,
Hərdən-birdən hər nə çıxır heç nədən.

Şair güldü, saçlarını daradı,
Ayağının şişlərini sarıdı,
Yüzbaşılar ona boş yer aradı,
Dedi: – Tunqər harda, yerim ordadı,
Hərdən-birdən hər nə çıxır heç nədən.

Bunca şair yaxın oldu Tunqərə,
Onla getdi döyüşlərə, hər yerə,
Mahnı qoşdu, şeir yazdı ellərə,
Hərdən, birdən hər nə çıxır heç nədən.


Turq buyurur, bir az danış özündən,
Keçmiş günlər öyüd dolu nağıldır.
– Mən nağılam, iki ölkə nağılı,
Keçmiş günlər öyüd dolu nağıldır.

Iki dildə danışıram, yazıram,
Yazıda yox, bu yollarda azıram,
Deyingənəm, ancaq burda susuram,
Keçmiş günlər öyüd dolu nağıldır.

Şairlikdən əl çək, deyir, anamgil,
Minellisən, deyir mənə atamgil,
Iki üzlü qruşam mən elə bil,
Keçmiş günlər öyüd dolu nağıldır.

Bal dilim var, ancaq bu dil ikidir,
Daş ürəyim çəkişmədə çəkidir,
Həm də məni bu iki dil bərkidib,
Keçmiş günlər öyüd dolu nağıldır.

Dediyimi orda alıb yazıllar,
Bir yox, mənə iki sonev qazıllar,
Həm sevirlər, həm də məndən bezirlər,
Keçmiş günlər öyüd dolu nağıldır.

Bir boyada, heydə iki torpağım,
Ikisi də ata, ana qucağı,
Bura ata, ora ana oymağım,
Iki gözüm, iki əlim, ayağım,
Keçmiş günlər öyüd dolu nağıldır.

Həm orada, həm burada qonağam,
Iki yerə doğma deyil, yamağam,
Otdan uca qalxan vecsiz alağam,
Iki ağzı iti olan bıçağam,
Iki yeri birləşdirən sancağam,
Keçmiş günlər öyüd dolu nağıldır.

Atam orda, anam burda evlənib,
Mənə ikidamar oğlan söylənib,
Yolum bağlı olub, gözüm püflənib,
Keçmiş günlər öyüd dolu nağıldır.

Orda duyğu, burda uyğu gözəldir,
Orda sayqı, burda qayğı gözəldir,

Orda alqı, burda satqı gözəldir,
Keçmiş günlər öyüd dolu nağıldır.

Orda bilmək, burda ölmək yaxşıdır,
Orda görmək, burda sevmək yaxşıdır,
Orda alqı, burda satqı yaxşıdır,
Keçmiş günlər öyüd dolu nağıldır.

Ta nə deyim, böyük Tunqər bağışla,
Alınyazım, öyləmələr, qarqışlar,
Məni ya öy, ya da pislə, alqışla,
Keçmiş günlər öyüd dolu nağıldır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri