Güzgü göl əfsanəsi
Səhifə 1 / 10
Qədim zamanlarda Kəpəz dağının aşağı sinəsində, Göy gölün yuxarı yaxasında, yamyaşıl meşənin içində, ağ qayaların əhatəsində bir Güzgü göl qaynayırdı. Bu gölün o biri tərəfində mağarada bir maral, bir də bir Qəcələ olurdu. Qəcələ mağaranın içərisinə uzanan vələsin qanadına qonub gecələyir, Maral isə bir tərəfdə daş döşəmənin üstündə yatırdı. Maral sübh tezdən durunca yatdığı yeri qabaq ayaqları ilə eşib-eşib gül kimi təmizləyirdi, üstünə bir toz qonmağa qoymurdu. Kəpəz dağından başlayıb gələn, Göy göl diyarını tez-tez tutan bu yerlərin ağ-ağ yağışlarında Maral yuyunur, yuyunduqca da gözəlləşirdi. Payızdan başlayıb yağan qar isə ağacların qol-budaqlarından Maralın üstünə səpələnir, onun saç-saçağını darayırdı. Dünyanın gözəl guşəsində yaşayan, Göy göldən gözəllik götürən, özü də Göy gölə gözəllik verən Maral düyməçəli-düyməçəli maralotulardan yeyir, doyunca dönüb özünü Güzgü gölə yetirir, bu gölün pul-pul olub dairələnən gümüş suyundan içə-içə öz surətinə tamaşa edir, öz-özünə tamaşa etməkdən hədsiz-hesabsız dərəcədə zövq alırdı. Bir gün deyil, beş gün deyil, bir də il də deyildi, belə idi. Maralın ümdə işi-peşəsi, hey gümüşlənə-gümüşlənə qaynayan Güzgü gölün qarşısında durmaq, öz-özünü süzmək idi. Bu Maralın qəşəngdən-qəşəng qara gözləri özünə o qədər xoş gəlirdi ki, başını Güzgü gölə əyib, gümüş sudan içə-içə birdən də öz gözlərindən öpüş götürməyə çalışırdı. Maral geriyə çəkilib gərdənini baxa-baxa öz duruşuna tamaşa edir, “Maral, ay Maral” deyə oxunan havaya qulaq asır, Kəpəz dağından qayıdan əks-sədanın fasiləsiz gəldiyini güman edirdi. Ancaq Maralı yaxın dostu Qəcələnin anlaşılmaz hərəkəti odsuz-közsüz yandırırdı. Axı heç zaman Qəcələ Güzgü gölü gərəyincə qiymətləndirmir, hey Zəli göl, ya Qara göl tərəflərə uçur, baxanda bu gün bu gölün, sabah o biri gölün, zığ-zımırığında eşələnir, qarnını doldurub, yenə də axşamına həmin daş dama dönür, vələsin çöldən içəriyə uzanan qanadına qonurdu. Maralla Qəcələ nə qədər üzdə dostluq edib bir mağarada gecələsələr də, yenə də onların söz-söhbəti tutmur, tez-tez ixtilaf baş verir, deyişmələr davam edirdi:
– Nə qədər Güzgü gölə baxmaq olar, ay Maral?
– Bəs haraya baxım, Qəcələ?
– Bir yol Qara gölə, bir yol da Zəli gölə baxsan nə olar?
– Yox, Qəcələ, məndən ötəri nə Qara göl, nə də Zəli göl?
– Ancaq nə bəs, nazlı xanım? Ancaq və ancaq Güzgü göl, Qəcələ!
– Güzgü göldə nə görmüsən, ay Maral?
– Ancaq özümü, Qəcələ!
– Bəs başqası nə təhər?
– Qoy başqası da Güzgü gölə gəlsin, özü özünü görsün!
– Onda bəs Maral xanım niyə özünün “Maral göl”ünə bunca belə bərk-bərk bənd deyildir?!
– Çünki Maral göl özü də gözəlliyimi bu Güzgü göl kimi düzgün göstərmir!..
– Bəyəm sən belə nəsən?
– Mən Maralam, Güzgü göl maralıyam!
– Onda üç gündə bircə dəfə də olsa aşağı en, Göy gölə bax! Axı, Göy göl Kəpəz dağının ətəyində olan bütün göllərin başıdır!
– Bəli, başıdır, bilirəm. Ancaq mən Güzgü gölü bütün göllərdən artıq sevirəm! Ona görə ki... – Maral dönüb umu-küsüyə başladı. – Düzünə qalsa nə vaxtdan sən Qəcələ ilə mən Maral bir daş damın altında oluruq. Ancaq heç bir zaman dilinə düz söz gəlməyibdir!
– Necə? – Qəcələ biz-biz soruşdu. – Nə təhər dilimə düz söz gəlməyibdir, Maral xanım?
– Güzgü göl kimi düzə düz deyəsən!
– Yəni hey səni tərifləyim, eləmi?
– Tərifləsən canın çıxmaz ki?!
– Canım da çıxar, hələ desən uzaq görən bir cüt gözüm də!
– Niyə belə dargözsən, cənab Qəcələ?
– Çünki hədsiz tərif dostun evini yıxar, Maral xanım! Hədsiz tərif dostun başının altına yumşaq yastıq qoyub, onu aldadar, ayıq salmaq əvəzində, onu qəflət yuxusuna verib, uçuruma salar.
– Bəlkə bunlar hamısı paxıl Qəcələnin quraşdırmasıdır?
– Onda daha biz niyə bunca müddət ərzində bir daş damın altında oluruq?
– Əlacım nədir?.. Qəcələ də olsan, yenə də bir nəfəssən!
– Bir başqa nəfəs də vardır! – Qəcələ çevrilib o biri yanı göstərdi. Qəcələ çevrilib o biri yanı göstərdi. – Bax, orada gizlənibdir, Maral xanım! Nə vaxtdan da marıqda durub səni gözləyir.
– Hamı elə başqa bir nəfəs, Qəcələ?
– Bax, odur, bir sarı Çaqqal!
Qəcələ mamırlı daşın daldasında gizlənib bu deyişməyə qulaq verən Çaqqalı çağırdı. Çaqqal daha gizlənmədən, mamırlı daşın daldasından çıxıb gəlməyə başladı.
– Niyə, nə vaxtdan bəriyə belə sapma-supma gəzirsən, Maral xanımın gözlərinə görünmürsən?
– Çünki yemirəm, içmirəm, Maral xanımın xətti-xalına, gül camalına tamaşa edirəm!
– Demək, sən Çaqqal bizim Maral xanıma məftunsan?
– Sözsüz, Qəcələ!
– Bəs niyə özünü göstərmirsən, nə vaxtdan bəri öz vücudunu bu xanımnaza bildirmirsən?!
– Çünki Güzgü gölün qabağında dayanan, heyran-heyran özünə baxan Maral xanıma tamaşa etmək ayrı bir aləmdir. Neçə ildir ki, yaz, yay, payız, qış bu Maral xanım Güzgü göldə, surətinə tamaşa edir, mən də Maral xanıma!
– Bəs belə heyranlıq içərisində yemək-içməyin necə keçir, Çaqqal?
– Ərz etdim ki, Maral xanımın Güzgü göldə əksini tapan gözəlliyi mənim üçün həm ləzzətli yemək, həm də şirin-şərbət içməkdir, Qəcələ!
– Demək, sən meşə Çaqqalı bu Göy göl Maralının belə bir məcnunu olmusan?
– Belədir, nə gizlədim, Qəcələ!
– Çaqqalda belə bir uca eşq?
– Məgər bu dünyada Çaqqal da canlı xilqət deyildirmi, Qəcələ!
– Axı, deyirlər ki, “Çaqqal var gödən çıxarır, qurdun adı bədnamdır?”
– Qəcələ haqqında da min cürə söz deyirlər!
– Məsələn nə deyirlər, Çaqqal?
– Qurd-quş yeyən Qəcələ!
– Hər necə olsa da, bütün bicliklərdən baş çıxaran, bu dünyada yaşamağın qədrini-qiymətini yaxşıca bilən Qəcələ!
– Yaşamaq ancaq qarın üçün deyildir, Qəcələ!
– Bəs daha nə üçündür, tülküləşən Çaqqal!
– Qədir də gərəkdir, Qəcələ!.. Gərəkdir Göy göl Maralının qədrini, qiymətini bilən də olsun!
– Hər halda belə məcnuni-eşq sənin kimi bir meşə Çaqqalına yaraşmır!
– Əgər sən deyən Çaqqal Maral xanıma məftunsan, onun dünya gözəlliyinə səcdə edirsə?
– Bəlkə Maral xanımın yağlı göbəyi Çaqqalın ağzını sulandırır?
– Əsla, Qəcələ!.. Bicdən bic Qəcələ!
– Bəlkə Çaqqal çevrilib imam olubdur?
– Mətləb imamlıqda da deyildir, Qəcələ!
– Bəs nədədir, Tülkü dayısından hiyləgərlik dərsi alıb tülküləşən Çaqqal!
– Gücüm Tülküyə çatmaz, Qəcələ! Tülkü dayı qədər zirək deyiləm ki, toyuq-cücə çalım?
– Bəs onda belə nə ilə yaşayırsan?
– Tör-töküntü ilə!.. Doluya, çovğuna düşən quşların əti ilə, Göy göl dalğalarından atılıb qum üstünə düşən balıqların başı ilə!
– Demək, Çaqqala hazır ruzu gəlir?
– Bəli, Allah göydən nə qismət göndərsə...
– Bəs göndərməsə necə?
– Göndərməsə də göndərməsin!
– Bəs onda səni yaşadan nədir?
– Bir də, iki də, üç də, dörd də ərz edim ki, Maral xanımın gözəlliyi, dünyaya meydan oxuyan, Göy gölü gözəlləşdirən ilahi gözəlliyi!
Bu söz-söhbətə qulaq verən Maralın canına Çaqqalın tərifi sarı yağ kimi yayıldı, Maral xanım gərdənini çəkə-çəkə gərnəşdi:
– Düz danışmaqda dostumuz Qəcələnin dilinə özü boyda bir yaman çıxıbdır!
– Dilinə özü boyda bir yaman çıxsaydı, heç bu Qəcələnin dili belə olardımı? – Üzə çıxan Çaqqal addım-addım Marala yaxınlaşdı, öz tamaşa duruşu ilə dayanan Maralın müqabilində gözlərini göyərdə-göyərdə başını əydi. – Zir-zibildə eşələnən bic Qəcələdən necə ürəyə yatan bir söz gözləmək olar?
Maral xanım nazlana-nazlana hirslənib söylədi:
– Hə də, bu Qəcələ düz olsa bircə kərə də düzünü deyər!.. Bircə kərə deyər ki, bizim Maral Güzgü gölə, Güzgü göl də Marala yaraşıq verir... Daha məni Zəli gölə, ya da Qara gölə dartmaz ki, oralarda mən qapqara qaralam, özüm də özümə əyiş-üyüş görünəm!
– Yox-yox, – deyə Çaqqal dad-amana başladı, – bizim Maral xanımın güzərgahı ancaq-ancaq Güzgü göldür!
– Bəs sənin güzərgahın necə, Çaqqal? – Qəcələ qanad çaldı. – Bəs sənin yerin necə, gödən çıxaran?
– Sən bunca təhqiri biryolluq burax, bic Qəcələ!
– Bicliyə də əqil gərəkdir! Sən Maral xanımı tülkü dilinə tutub çıxılmaz tələyə salmaq istəyirsən!
– Allah eləməsin, bir tək Allah özü belə bir günü göstərməsin!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rehimov-guzgu-gol-efsanesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yetmiş yaşlı Məmalikin oğlu olmaq xəbəri hər yana yayılıb dədə-baba düşməni həlakulara çatdı. Bu xəbərdən bütün həlakuların böyüyündən kiçiyinə sir-sifəti turşudu. Həlaku ilə Məmalikin böyük nəvələri burunlarını bir qarış salladılar. Xırda nəvələr mırıldandılar. Ərmağan xanım qapandığı otaqdan çıxmadı, qana susayan sifətini göstərmədi.Bu hal qoca Həlakunun xeyli xoşuna gəldi. Yaxşı ki, Məmalik qızı Ərmağan dədə-baba düşməni qayınatasının titrəyən qırışıq sifətini, əsən çal bığlarını, açılıb-yumulan, damarları titrəyən əllərini görmədi. Bəlkə qayınatasının belə övzainə görə Ərmağan xanım inada düşər, adlayıb atasının tayında durar, qoca Məmalikin yetmiş yox, lap yüz yaşı olsun, ona bəraət verər, atasının səngərinə keçərdi. Özü də tərəddud göstərmədən qılınc siyirib, atasının oğul varisinin keşiyində durar, bu gecikən varisin başından bircə tük əskik olmağa qoymazdı. Onda daha məmaliklər mülkü həlakular torpağına qarışmaz, yenə dədə-baba düşməni sicillisinin tüstüsü Savalana ucalar, gələcəyinə həlakular göz açmağa macal tapmazlar. Birdən Pəhləvan Məhəmmədin nəvəsi ana babasına oxşasa, onun qolunu qatlayan kəs nəinki həlakular torpağında bütün məmləkətdə tapılmaz. Birdən bu əcaib uşaq qalxıb, boy atıb qollu-qanadlı Rüstəm-Zal olar, hər hansı düşmən ondan tük salar. Bəlkə bu çağa pəhləvan, sərkərdə olub öz Məmalik əcdadının intiqamını ögey bacısının həlaku uşaqlarından alar, öz qılıncını onlardan əsirgəməz, hamısını ölüm körpüsündən keçirər, həlakuların başlarını nizələrə taxdırıb kəndbəkənd gəzdirər... Quru küləşə düşən qığılcımdan, ya payız xəzanından meşəyə düşən ildırımdan hansı alov desən çıxmaz? Bəli, alov aləmi bürüyər, kənd deməz, oba deməz, hamısını yaxıb-yandırar.
Məhtaban 14Təvəllüd günündən iki həftə sonra Məhtaban əndərun hamamında yuyundu, ötən günlərini xatırlayıb, qıfıltılı çayın köpüklü gölündə üzən kimi hovuzda üzdü... Soyunub-geyinmək otağında divara vurulmuş güzgü qabağında qumral hörüklərini darayıb hördü, öz gözəlliyinə tamaşa edincə utandı, cəld paltarını geyindi. Bir azdan, Məhtaban, yarlı-yaraşıqlı, zərli-zibalı libasında əzəlkindən də gözəl göründü... Üstü qübbəli qızıl kəmər Məhtabanın belini əzəlkindən də artıq boğdu. Qabarıq sinəsi, doğumundan sonra sifətində peyda olan iztirablı gözəllik Məhtabanı xarici xanımın seyrçi gözlərində xeyli füsunkar göstərdi. O, Parisi, o izdihamlı şəhərdə tanıyıb-bildiyi məşhur gözəlləri gözlərinin qabağına gətirib, Məhtabanla müqayisə etdi, onların hərəsində az-çox qüsur tapsa da, Məhtabanda heç bir qüsur tapa bilmədi.Məhtabanın zoğal dəyənəyi tutan, palaz-paltar yuyan əlləri doğumdan sonra zərifləşmişdi. Onun dür-düyün bağlayan barmaqları da xeyli nazilib uzanmış, dırnaqları şadlıq-şənlik əlaməti kimi xınalanmışdı. Xof-vahimə içində çırpınan Məhtaban sanki bütün ağrı-acısını əndərun hamamında tökmüşdü...
Məhtaban 15Həlaku xan marıqda duran yalquzaq kimi kənardan göz qoyur, öz əlaltılarını xəlvəti Məmalik mülkünə göndərir, yeni doğulan varisdən sonra baş verən islahat və təbəddülatdan xəbərdar olmaq istəyirdi. Onun göndərdiyi əlaltılar da müəyyən yerləri gəzib-dolaşandan sonra dönüb Həlaku xana Ərdaha kəndlərində, obalarında başlanan əcaib işlərdən danışırdılar. Çalbığ Həlaku gözünü yumub digərini açır, öz casuslarını diqqətlə dinləyir, Məmalikin gözlənilməz əliaçıqlığına, səxavətinə heyran edirdi! Həlaku Məmalik mülkündə görünən əcaib işlərə heç də biganə qala bilmirdi:“Necə yəni itaətdən çıxan rəiyyətə-rəncbərə bu əndazədə güzəştə gedəsən, onları neçə ilin vergilərindən azad edəsən, özünü yaxşı xan kimi qələmə verib, qonşuluğunda olan Həlakunu gözdən salasan? Necə yəni qonşuna, qohumuna badalaq gələsən?.. Obaarası yol çəkdirmək, aca-yalavaca ehsan etmək, çay üstündən körpü saldırmaq, çeşmə düzəltdirmək, özünü adil, qonşusunu zalım deyə dilə-dişə salmaq ki, baxın, görün rəiyyətə-rəncbərə güzəştə getməyinin adına nə deyirlər?..”.
Məhtaban 16Çapar Məmalik xana xəbər gətirdi ki, Həlaku xan öz əyan-əşrəfi ilə, qızınız Ərmağanla, Ərşad, Gurşaddan başqa xırda nəvələrinizlə bahəm xanzadənin mübarəkbadlığına gəlir. Bu xəbər Məmalik xanın ovqatını qarışdırdı. İndi Məmalik çapara nə desin? Desin ki, birbaş geri dön, öz xanına bildir ki, hansı yolla gəlibsə, o yolla da üztüstə geri dönsün!..Məmalik Həlaku xanı qəbul etməyib, onu öz yüklü dəvələri ilə geri qaytara bilərdi. Bu, aydındı, heç kəsə də dəxli yox idi. Ancaq icma qarşısında özünün yeganə qızını qapıdan qaytarmaq, atasının belindən gələn körpə qardaşının mübarəkbadlığına gələn böyük övladını evinə buraxmamaq müşküldən də müşkül idi!.. Onda Məmalik xan diləağıza düşərdi, deyərdilər ki, qocanın başı doğrudan da xarab olub. Başqa xanlar arasında müxtəlif şayiələr yayılardı! Üstəlik özünün bir cüt xırda nəvələrini də məyus etmək Məmalik üçün qeyri-mümkün idi! Bu xırdalar Həlaku sicillisini daşısalar da, Məmalikin özü üçün də az-azacıq əziz deyildilər! Onlar hələ məsum uşaqlar idi, nə ədəbaz Ərşada, nə də qaradinməz Gurşada bənzəmirdilər. Xırda nəvələr Məmalik babanı Həlakudan da artıq sevirdilər. Onlar Məmaliki az gördüklərindən qəribsəyirdilər. Düzünə qalsa, Məmalik dədə-baba düşməni Həlaku sicillisini sevməsə də, bu xırda nəvələrinin məhəbbətini ürəyində gəzdirməmiş deyildi!.. Bütün həlakuları geri qaytarmaq, Məmalik üçün xırda nəvələrini də qapıdan qovmaq demək idi. “Bəs indi bu müşkülatı necə həll etmək?!”.
Başqa şairlərin şeirləri
Ağalar, biwəfa yardanMən dönərəm, könül dönməz
Gəraylı: Ellər yaylaqdan qayıtdıEllər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım
Hər kimin müsahibi yoxdur gəlməsin meydan araHər kimin müsahibi yoxdur gəlməsin meydan ara,Ona yol yoxdur gəzib seyr eyləyə ümman ara.
YazıqdırHavayı həvəsə ciyərin yaxma,Ərənlər verdiyi gözə yazıqdır.