Güzgü göl əfsanəsi
Səhifə 3 / 10 · 20%
Baxanda bic Qəcələ nə özünü ac qoyur, nə də bir qəribə aşiq-məşuqun bir-biri ilə rəftar və hərəkətini gözdən qaçırıb, qulaqlarından qırağa qoyurdu. Qəcələ oynaq gözlərini bic-bic qıyıb gizlindən-gizlinə qanadlarının altından baxırdı, eşq alovlarından çıxıb gələn aşiqanə sözləri dinləyirdi.
Qəcələ Göy göl diyarının Maralsız qala biləcəyindən qorxurdu. Qəcələyə görə bu dağların Maralı getsə, bu yerlər Çaqqala qalsa, nəinki bir tək Güzgü göl, bəlkə də bütün göllər gözündən batar, bu dağlar öz gözəlliyini itirər. Qəcələ fikrə gedib düşününcə Maral xanımın heç bir fəlakət-faciəsinə razı ola bilmirdi. Axı, bu Maralın bir baxışı yüz min Çaqqala dəyər! Göy göl necə Çaqqala qala bilər? Çaqqalın yeri qızdırmalı bataqlıqdır, qarğı-qamışlıqdır, çəyəndir, ilğındır, orada-burada tülkü hiyləgərliyi ilə gəzməkdir, yeri düşəndə fərədən-beçədən qapıb qaçmaqdır. Maral isə ayrı aləmdir, füsunkar təbiətin vüqarla dayanan gözəlidir. Heç zaman belə bir Maral meşənin bir yanıq Çaqqalına qismət ola bilməz... Maral öz xoş taleyini arayıb tapmalıdır. Çaqqalın tülkü dilinə aldanıb özünü ona təslim etməməlidir! Qəcələ qorxurdu ki, Çaqqalın tərifində uyan Maral xanım birdən özünü daha da artıq unudar, heç müşk-ənbər göbəyinin bu sarı Saqqalın dişlərində necə didildiyinə də fikir verməz, belə mübaliğədən mübaliğəli mədhlərin məstedici sərxoşluğu içində yuxuya gedən kimi, məhv olub gedər. Qəzələ qanad çala-çala vələslərin başında dövrə vurub düşündü, qeyrətinə sığışdırmadı ki, bəs belə bir gözəli bir hiyləgər aldada, nəticədə bu füsunkar dağlar, bu dəniz dalğalı meşələr, bu aynalı Güzgü göl Maralsız qala... Maralsız bu diyarın nə diyarlığı?! Onda bu füsunkar diyarı qalın-qaranlıq bir kölgə basıb-bürüməzmi?.. Yox, Maral xanım mütləq yaşamalıdır, bu əfsanəvi aləmi öz füsunkar gözəlliyi ilə gözəlləşdirməlidir! Ancaq necə etmək ki, Maral xanımı Çaqqaldan uzaqlaşdırmaq mümkün olsun?
Çaqqal bu nazəndə mələyin göbəyini də, qara gözlərini də yemək istəyir. Hətta qənaət edib uzun bir müddətdə bu Maralı özünə ruzu etmək istəyir. Yox, tezcə tərpənmək gərəkdir! Ayrı cür gec olacaqdır, özü də çox-çox gec olacaqdır! Narahatçılığa başlayan, böyük bir təşvişə düşən Qəcələ bir-birinə vurulan aşiq-məşuqə yaxınlaşdı. Gördü ki, gərək necə olsa da Maral göl tərəfə səyahətə çıxaq. Oranın da gözəlliyindən götürəsən, gözəlliyin üstünə daha artıq gözəllik gətirəsən.
– Yəni deyirsən ki, əzizim Çaqqal, o yanlara yol eləsək, daha gözəlləşərəm, eləmi?
– Bəs necə? Bəs Maral göl məhz Maral xanıma oylaq deyilmi?
– Ancaq mən göz açandan bu Güzgü gölə müştağam!
– Onu əcəbdən-əcəbə görürəm də, bilirəm də!
– Görürsənsə, bilirsənsə bəs niyə Maralı bu yandan qoparıb o yana dartırsan, Çaqqal?
– Deyirəm ki, Maral xanım Maral göldə də gözəlləşsin!
– Yəni, Çaqqal, Maral göldən gözəllik götürmək mümkündürmü?
– Bəli, tamam mümkündür, Maral xanım!
– Axı, sən bunu nədən bilirsən?
– Ondan bilirəm ki, bu Göy göl diyarında Maral göl ayrıca bir gözəllik dastanıdır.
– Bəs mənim Güzgü gölün necə?
– Sənin öz Güzgü gölün həmişəlik Maral xanımın ixtiyarındadır, istəyən zaman dəyirmi bir güzgü kimi cibindədir!
– Yəni Güzgü göl ancaq və ancaq Maral xanıma məxsusdur?
– Əlbəttə, başqa bir yana səfər etsək, sənin üçün Güzgü gölü də götürüb gedə bilərik!
– Deyəsən, bu, başabatan məsləhətdir, Çaqqal!
– Belə bir səfər, belə bir səyahət Maral xanımın yaraşığını çox yamanca artıracaqdır!
– Haradan bircə iynə ulduzunca gözəllik götürmək olsa, oraya da getmək gərəkdir, Çaqqal!
– Mən də elə bunun üçün təkid etmirəmmi?
Maral xanım quzu kimi qabağa düşdü, özünə xas nazla Maral gölə tərəf addımladı.
Çaqqal isə itiləşən dişlərini qıcayıb sarımtıl gözlərini qıyınca Qəcələ qırğı çevikliyi ilə üstünü aldı, kəlləsinə qondu, o yandan-bu yandan öz qanadlarını gətirib Çaqqalın hər iki gözünü örtdü. Çaqqal çapaladı:
– Kimdir belə ərkyana zarafat edən?
– Gərək özün tapasan!
– Qanadlarından duyuram ki, dostum Qəcələsən!
– Dostun yox, düşmənin Qəcələ!
– Görünür, qırğıya dönən Qəcələ Güzgü gölün Maral xanımını çox yamanca qısqanır!
– Qısqanmaqdan da artıq qorqanır!
– Qanadlılara göy, biz ayaqlılara da yer verilməyibmi?
– Bizə göy də, yer də verilibdir!
– Nə olar, qoy yer sizin də olsun... Biz Qəcələ kimi dargöz deyilik!
– İndi mən səni tamam gözsüz qoyacağam!
– Hansı ədalətə görə? – deyə Çaqqal başını o yan-bu yana fırlasa da Qəcələ qopmadı. Çaqqal atılıb-düşdü, kol-kosun arasından keçdi, nəfəsini dərincə yenə də həmincə sayaqda Qəcələnin bir qırğı kimi kəlləsinə qonduğunu, qanadları ilə bərk-bərk gözlərini tutduğunu gördü, əlacsız halda dayanıb durdu.
– İndi məndən nə istəyirsən, qırğılığa qurşanan Qəcələ?
– Bu Göy göl diyarından bir yolluq rədd olub uzaqlaşmağını istəyirəm!
– Onda haranı mənə məskən buyurursan, cənab Qəcələ?
– Aşağılarda bir qamışlığı, bataqlığı, şoranlığı, yovşanlığı, ilğınlığı!
– Görünür, məni qovub bu Kəpəz dağının hökmdarı olacaqsan!
– Yox, mən Qəcələ olub bu diyarda beləcə Qəcələ də qalacağam!
– Bəs onda sənin belə bir dargöz xəyanətinə nə ad vermək olar?
– Xain sənsən, sən özünsən, Tülkü dayısından dil öyrənən, Çaqqal!
– De görüm belə yanıqlı danışdığın yerdə sənə nə xəyanət etmişəm, Qəcələ?
– Mənə yox, Marala xəyanət edirsən, yalquzaq Çaqqal!
– Əgər Maral xanım özü xoşallanırsa, öz göbəyini mənə yalatdırırsa, onda bəs necə?
– Sən vəsflərində Maralı aldadırsan, Çaqqal!
– Mən hansı görkəmimə görə onu aldada bilərəm, insafsız, mürvətsiz Qəcələ!
– Ovsunlu dilinlə!
– Tutaq ki, belədir, sənə nə dəxli var?
– Mənə dəxli çox-çoxdur, Çaqqal!
– İşdir, Maralın göbəyini yalaya-yalaya gödəni sökülərsə, sənə də bir qismət düşəcəkdir, deyilmi?
– Bəs indiyəcən deyirdin mən xain deyiləm, mən Maral xanıma məftunam?! Mən olmazın eşq alovları içində yana-yana məftunam, məcnunam, dəliyəm, divanəyəm!
– Bəli, mən Maral xanıma məftunam, məcnunam, onun pərəstişkarıyam, onun ülvi gözəlliyinin dəlisiyəm, divanəsiyəm!
– Ancaq-ancaq yağlı göbəyinə görə!
– Tutaq ki, bircə anlığa belədir!
– Onda indicə bircə an içində mən səni gözsüz qoyacağam! – deyə Qəcələ hirslə, qəzəblə öz iti dimdiyini işə saldı, Çaqqalın sağ gözünü çıxarıb yerə atdı. Çaqqal çöm oturdu.
– Məni yerli-dibli kor etmə, Qəcələ!
– Yox, mən səni tamam-kamal kor qoyacağam.
– Günahımdan keç, Qəcələ!.. Yalvarıram! And içirəm, Qəcələ!
– Nəyə and içirsən, Çaqqal?
– Böyük Qəcələnin hökmdar başında günəşdən rəng alıb, günəşə rəng verən zərrin cıqqasına.
– Qəcələnin belə təmtəraqlı nə cıqqası ola bilər, Çaqqal?
– Qəcələnin mənim bu tək gözümdə par-par parlayan şah tacına ürəkdən and içirəm!
– Ay yağlı dil! – deyə bu təmtəraqlı təriflərdən az-az da olsa əqli çaşan Qəcələ başına buladı. Çaqqal isə hələlik bir tay gözünün üstündən keçib tək canını xilas etməyə can atdı:
– Sənin böyük şahanə cıqqana qəsəm qılaram ki, nə sənə, nə də Maral xanıma qarşı heç bir xəyanətə getməyəcəyəm!
– Bəs dediyim sayaqda buradan biryolluq rədd olub getməyin necə?
– Böyük hökmdarın verdiyi bu ağır cəza özü də mən biçarə Çaqqala bəs deyilmi?
– Necə ağır cəza? – deyə huşu az-az qayıdan Qəcələ Çaqqalı dolamağa başladı. – Hansı cəza, ay Çaqqal?
– Taygözlük cəzası, böyük Qəcələ!
– Demək, öz dərsini qandın?
– Ömrümdə belə bir dərsi unutmaram, böyük hökmdar!
– Unutsan o biri gözünü də çıxmış bil, Çaqqal!
– Ancaq böyük tacdardan tək bircə xahişim vardır!
– Desin görüm, nədir taygöz Çaqqalın xahişi?
– Onda qəti söz versin, tacdar!
– Söz verirəm, Çaqqal!
– And içsin əlahəzrət!
– Nəyə, necə and içsin, sənin yaltaqlandığın “əlahəzrətə”?
– Öz cıqqasına, tacına and içsin!
– Sənin bu yağlı dilin məni də yox-yox, beləcə-beləcə mürur-mürur yumşaldır. Tülkü dayısını geridə buraxan Çaqqal!
– Görünür, düz sözün istəməsən də sənə təsir edir, tacdar!
– Onda söylə görüm mətləbin nədir, Çaqqal?
– Məni bu diyardan uzaqlaşdırıb Maral xanımın müqəddəs surətindən, Güzgü göl tamaşasından məhrum etmə!
– Maral xanıma qəfləti xəyanət etməzsən ki?
– Mən hökmdar tacına and içmədimmi?
– Andını unutmazsan ki, Çaqqal?
– Heç zaman, əlahəzrət!
– Bəlkə bu iltimasçı cildinə girməklə, məni tərifin zərli tozanağına basmaqla girəvəmi əlinə keçirib məndən öz gözünün intiqamını almaq istəyirsən?
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rehimov-guzgu-gol-efsanesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yetmiş yaşlı Məmalikin oğlu olmaq xəbəri hər yana yayılıb dədə-baba düşməni həlakulara çatdı. Bu xəbərdən bütün həlakuların böyüyündən kiçiyinə sir-sifəti turşudu. Həlaku ilə Məmalikin böyük nəvələri burunlarını bir qarış salladılar. Xırda nəvələr mırıldandılar. Ərmağan xanım qapandığı otaqdan çıxmadı, qana susayan sifətini göstərmədi.Bu hal qoca Həlakunun xeyli xoşuna gəldi. Yaxşı ki, Məmalik qızı Ərmağan dədə-baba düşməni qayınatasının titrəyən qırışıq sifətini, əsən çal bığlarını, açılıb-yumulan, damarları titrəyən əllərini görmədi. Bəlkə qayınatasının belə övzainə görə Ərmağan xanım inada düşər, adlayıb atasının tayında durar, qoca Məmalikin yetmiş yox, lap yüz yaşı olsun, ona bəraət verər, atasının səngərinə keçərdi. Özü də tərəddud göstərmədən qılınc siyirib, atasının oğul varisinin keşiyində durar, bu gecikən varisin başından bircə tük əskik olmağa qoymazdı. Onda daha məmaliklər mülkü həlakular torpağına qarışmaz, yenə dədə-baba düşməni sicillisinin tüstüsü Savalana ucalar, gələcəyinə həlakular göz açmağa macal tapmazlar. Birdən Pəhləvan Məhəmmədin nəvəsi ana babasına oxşasa, onun qolunu qatlayan kəs nəinki həlakular torpağında bütün məmləkətdə tapılmaz. Birdən bu əcaib uşaq qalxıb, boy atıb qollu-qanadlı Rüstəm-Zal olar, hər hansı düşmən ondan tük salar. Bəlkə bu çağa pəhləvan, sərkərdə olub öz Məmalik əcdadının intiqamını ögey bacısının həlaku uşaqlarından alar, öz qılıncını onlardan əsirgəməz, hamısını ölüm körpüsündən keçirər, həlakuların başlarını nizələrə taxdırıb kəndbəkənd gəzdirər... Quru küləşə düşən qığılcımdan, ya payız xəzanından meşəyə düşən ildırımdan hansı alov desən çıxmaz? Bəli, alov aləmi bürüyər, kənd deməz, oba deməz, hamısını yaxıb-yandırar.
Məhtaban 14Təvəllüd günündən iki həftə sonra Məhtaban əndərun hamamında yuyundu, ötən günlərini xatırlayıb, qıfıltılı çayın köpüklü gölündə üzən kimi hovuzda üzdü... Soyunub-geyinmək otağında divara vurulmuş güzgü qabağında qumral hörüklərini darayıb hördü, öz gözəlliyinə tamaşa edincə utandı, cəld paltarını geyindi. Bir azdan, Məhtaban, yarlı-yaraşıqlı, zərli-zibalı libasında əzəlkindən də gözəl göründü... Üstü qübbəli qızıl kəmər Məhtabanın belini əzəlkindən də artıq boğdu. Qabarıq sinəsi, doğumundan sonra sifətində peyda olan iztirablı gözəllik Məhtabanı xarici xanımın seyrçi gözlərində xeyli füsunkar göstərdi. O, Parisi, o izdihamlı şəhərdə tanıyıb-bildiyi məşhur gözəlləri gözlərinin qabağına gətirib, Məhtabanla müqayisə etdi, onların hərəsində az-çox qüsur tapsa da, Məhtabanda heç bir qüsur tapa bilmədi.Məhtabanın zoğal dəyənəyi tutan, palaz-paltar yuyan əlləri doğumdan sonra zərifləşmişdi. Onun dür-düyün bağlayan barmaqları da xeyli nazilib uzanmış, dırnaqları şadlıq-şənlik əlaməti kimi xınalanmışdı. Xof-vahimə içində çırpınan Məhtaban sanki bütün ağrı-acısını əndərun hamamında tökmüşdü...
Məhtaban 15Həlaku xan marıqda duran yalquzaq kimi kənardan göz qoyur, öz əlaltılarını xəlvəti Məmalik mülkünə göndərir, yeni doğulan varisdən sonra baş verən islahat və təbəddülatdan xəbərdar olmaq istəyirdi. Onun göndərdiyi əlaltılar da müəyyən yerləri gəzib-dolaşandan sonra dönüb Həlaku xana Ərdaha kəndlərində, obalarında başlanan əcaib işlərdən danışırdılar. Çalbığ Həlaku gözünü yumub digərini açır, öz casuslarını diqqətlə dinləyir, Məmalikin gözlənilməz əliaçıqlığına, səxavətinə heyran edirdi! Həlaku Məmalik mülkündə görünən əcaib işlərə heç də biganə qala bilmirdi:“Necə yəni itaətdən çıxan rəiyyətə-rəncbərə bu əndazədə güzəştə gedəsən, onları neçə ilin vergilərindən azad edəsən, özünü yaxşı xan kimi qələmə verib, qonşuluğunda olan Həlakunu gözdən salasan? Necə yəni qonşuna, qohumuna badalaq gələsən?.. Obaarası yol çəkdirmək, aca-yalavaca ehsan etmək, çay üstündən körpü saldırmaq, çeşmə düzəltdirmək, özünü adil, qonşusunu zalım deyə dilə-dişə salmaq ki, baxın, görün rəiyyətə-rəncbərə güzəştə getməyinin adına nə deyirlər?..”.
Məhtaban 16Çapar Məmalik xana xəbər gətirdi ki, Həlaku xan öz əyan-əşrəfi ilə, qızınız Ərmağanla, Ərşad, Gurşaddan başqa xırda nəvələrinizlə bahəm xanzadənin mübarəkbadlığına gəlir. Bu xəbər Məmalik xanın ovqatını qarışdırdı. İndi Məmalik çapara nə desin? Desin ki, birbaş geri dön, öz xanına bildir ki, hansı yolla gəlibsə, o yolla da üztüstə geri dönsün!..Məmalik Həlaku xanı qəbul etməyib, onu öz yüklü dəvələri ilə geri qaytara bilərdi. Bu, aydındı, heç kəsə də dəxli yox idi. Ancaq icma qarşısında özünün yeganə qızını qapıdan qaytarmaq, atasının belindən gələn körpə qardaşının mübarəkbadlığına gələn böyük övladını evinə buraxmamaq müşküldən də müşkül idi!.. Onda Məmalik xan diləağıza düşərdi, deyərdilər ki, qocanın başı doğrudan da xarab olub. Başqa xanlar arasında müxtəlif şayiələr yayılardı! Üstəlik özünün bir cüt xırda nəvələrini də məyus etmək Məmalik üçün qeyri-mümkün idi! Bu xırdalar Həlaku sicillisini daşısalar da, Məmalikin özü üçün də az-azacıq əziz deyildilər! Onlar hələ məsum uşaqlar idi, nə ədəbaz Ərşada, nə də qaradinməz Gurşada bənzəmirdilər. Xırda nəvələr Məmalik babanı Həlakudan da artıq sevirdilər. Onlar Məmaliki az gördüklərindən qəribsəyirdilər. Düzünə qalsa, Məmalik dədə-baba düşməni Həlaku sicillisini sevməsə də, bu xırda nəvələrinin məhəbbətini ürəyində gəzdirməmiş deyildi!.. Bütün həlakuları geri qaytarmaq, Məmalik üçün xırda nəvələrini də qapıdan qovmaq demək idi. “Bəs indi bu müşkülatı necə həll etmək?!”.
Başqa şairlərin şeirləri
Ağalar, biwəfa yardanMən dönərəm, könül dönməz
Gəraylı: Ellər yaylaqdan qayıtdıEllər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım
Hər kimin müsahibi yoxdur gəlməsin meydan araHər kimin müsahibi yoxdur gəlməsin meydan ara,Ona yol yoxdur gəzib seyr eyləyə ümman ara.
YazıqdırHavayı həvəsə ciyərin yaxma,Ərənlər verdiyi gözə yazıqdır.