Səhifə 4 / 10 · 30%

– Nə intiqamı bundan sonra?

– Çıxarılan gözünün intiqamını!

– Məncə çıxan göz çıxıbdır, sənsə mənə bu qalan sol gözümü bəxş edirsən!.. Mən çıxan gözümə görə intiqam almaq deyil, qalan gözümə görə sənin böyük mərhəmətinə, bassan da axıra qədər kəsməyən, biryolluq məni hər iki gözdən canaqlama kor qoymayan igidlik mərhəmətinə minnətdaram!..

Az əvvəl Güzgü göldən aşağı düşən Maral xanım Göy gölün yaxası yuxarı qalxdı, Maral gölə sarı yol aldı. Tumurcuqlardan yeni-yeni çıxan yaz meşəsinin yaşıllığı anbaan artdı, əkslərini Göy gölə saldı. Baxanda bu yaşıl-yaşıl ağaclar Göy göldə üzürdü. Kəpəz dağının aşağı ətəyində yamyaşıl meşələrin əhatəsində qıvrıla-açıla dalğalanan Göy göl Maral xanıma görünməzin yaraşıq verirdi. Lakin Maral xanım hər necə Göy gölə baxsa da, Güzgü göldə görünən sayaqda öz gözəlliyini görə bilmədi. Nədən ki, Maral buradan bir növ göyərmiş və göyümtül görünürdü. Güzgü göldə görünən sayaqda öz gözəlliyini hər hansı bir təfərrüatına qədər ayırd edib seçə bilmirdi. Maral xanım orada Güzgü göldə olan sayaqda Göy göldə öz-özünə aludə ola bilmirdi... Bəlkə, Göy gölün özünə xas əfsanəvi gözəlliyi Maral xanıma üstün gəlirdi? Ya Maral xanımın xudpəsəndliyi Göy gölün gözəlliyini olduğu kimi yaxşı-yaxşı görüb seçməyə imkan vermirdi? Ya iki gözəllik ilahəsi bir-birini inkar edirdi? Bir də gözəllər nə qədər bir-biri ilə rəqabətdə olsalar belə yenə də baxanda, qıraqdan tamaşa edəndə öz duruşları ilə bir-birinə yaraşıq vermirlərmi? Baxanın, tamaşa edənin gözlərini doyurmurlarmı?.. Dünya başdan-başa gözəllə dolu olsa yaxşı idi, yaxud belə təzadlı və müxtəlif? Bəlkə də, təbiətin ahəngi ilə birlikdə təzadı olmasaydı, gözəl ilə qeyri-gözəl fərqlənib seçilməzdi?

Maral xanım Göy göl sahili boyu ensiz cığırla nazlana-nazlana addımlayır, addımladıqca da sanki Göy göl Maral xanıma, Maral xanım da Göy gölə naz satırdı. Sanki Maral xanımın seçib bəyəndiyi, özünə güzgü etdiyi o Güzgü göl, öz əsrarlı əfsanəsi ilə özündən min-min dəfə böyük olan dalğalı, ləpəli Göy gölə qarşı çıxıb meydan oxuyurdu! Baxanda ləl-cavahirat da az tapılır. Düzə səpələnən düz olar. Maral xanım Göy gölə naz sata-sata boylanır, yuxarıda Kəpəzin gərdəninə qardan da ağ duman zolaqları dolanır, at-ağ buludlar da Göy gölün şırımlanan səmasında hərəkət edir, Kəpəzin zirvələrində bahar günəşinin qızıl telləri Göy göl diyarına nur səpələyib, əfsanəvi behişt dünyası yaradırdı. Əlvan çiçəklər də oyanmış torpaqdan baş qaldırırdı.

Ağ papaqlı göbələklər də tala-tala ağarırdı. Kəpəzin döşündə eynən buz, qar suya dönür, üzüaşağı şır-şır axırdı. Bütün şırlanlar şırıldaya-şırıldaya Göy gölə tökülürdü. Maral xanım yenə də üzünü ulduza qaldırıb Göy göllə rəqabətə girirdi:

– Mənim Güzgü gölüm hara, bu özünü çəkə-çəkə, qıvrıla-qıvrıla qalan Göy göl hara?

Maral xanım hər necə xudpəsəndlik etsə də, bu dünya gözəlliyinin gözü Göy göl barəsində çox-çox şeyi xatırlayırdı... Xatırlayırdı ki, bir zaman onun anası öz qızı bu Marala necə də Göy gölün əmələ gəlməyindən danışmışdı. O nəql etmişdi ki, necə bu dağlar dəhşətli zəlzələyə məruz qalmışdırlar!.. Necə də aləmi sarsıdan, dağları qapaq kimi atıb-tutan zəlzələ nəticəsində, belə təbii bərkinti içində bu Göy göl əmələ gəlmişdir. Ağ suyun yuxarılarından, Maral göldən atlana-atlana, ağara-ağara gəldiyini də, bu Göy gölə töküldüyünü də demişdi... Demişdi ki, necə də Göy gölün ayaq tərəfindən, nəhəng qayaların altınca bir çay axıb gedir. Ancaq nə edəsən ki, Maral Güzgü göl məftunu idi. Çünki Güzgü göl Maral xanımın istədiyi kimi göstərirdi. Çünki Güzgü göl Maral xanımın gözəlliyinə heç bir göy kölgə salmırdı. Belə olanda iki gözəl bir-birinə qısqanır və naz satırdı:

“ – Keç get, Maral xanım!”

“ – Sən də yat qal, Göy göl!”

“ – Mən yatmıram, hərəkətdəyəm, mənim ağ-çağ suyum səndən yüz qat artıq məsafəni qət edir, Maral xanım”.

“ – Ötüşə bilməzsən mənsiz, Göy göl!”.

“ – Yox, Göy göl Marala görə mahnıya düşübdür”.

“ – Görünür, sən özünə çox aludəsən, Maral xanım!”

“ – Sən məndən də artıq özünə aludəsən, Göy göl!”

“ – İndi bu savaş nə üçündür, Maral xanım?”

“ – Deyirəm ki, gərək hər necə kəc dursaq da, düz danışaq, Göy göl!”

“ – Yəni hey Maral xanımı tərifləyək?”

“ – Yox, düzünü deyin!”

“ – Düzü budur ki, sən özünü çaqqal-çuqqal tərifindən gözlə!”

“ – Necə çaqqal-çuqqal?”

“ – Özün əcəbini bilməmiş deyilsən, Maral xanım!”

Maral xanım dönüb geriyə baxdı, Çaqqalın onun ardınca gəlmədiyini müəyyən etdi.

“ – Bu Çaqqal harda qalmış olsun?” – deyə Maralın gözü məddahını axtarırdı. O, addımların yeyinlədib tutaş meşəyə girdi, Göy göllə deyişməkdən öz canını qurtardı. Meşə, nə meşə? Şiv-şiv vələslər göyə ucalır. Ağcaqayınlar, vələslər bir-birinə qarışır... Bir kökün üstündə bəzən beş, bəzən on vələs durur. Onlar da öz gözəlliklərini Maral xanıma göstərib deyirdilər: “Biz də özümüzə görə bir tamaşayıq! Heç də sən Göy göl diyarında tək gözəl deyilsən!” Maral xanım gözəllərə xas köşək gözlərini odlu-odlu göz yaşları ilə doldurub deyirdi:

“ – Qəcələdən tutmuş, Göy göldən bəri siz gövdəli vələslərə qədər niyə bir tək mənim üstümə düşürsünüz?”

“ – Necə üstünə düşürük, Maral xanım?”

“ – Belə də, beləcə, bax bu iynə-iynə dil ilə!”

“ – Biz Maralsız qalmaq istəmirik!”

“ – Onda niyə bu iynə-iynə diliniz bir tək mənim üstümə uzanır?!”

“ – Biz hamımız səni ayıq-sayıq salmaq istəyirik, Maral xanım!”

“ – Nə barədə belə, vələslər?”

“ – O barədə ki, sən Maral xanım tülküdil Çaqqala inanmayasan, öz qılça-paçanı ona arxayın olmayasan, yağlı göbəyini Çaqqala yalatmayasan, hərdənbir də dişlətməyəsən!”

“ – Yəqin ki, bu xəbəri sizə o zəhərdil Qəcələ çatdırıbdır?”

“ – Bəli, bu xəbəri Qəcələ çatdırıbdır”.

“ – Çaqqal ya qeyri Çaqqal, hər nə edirəmsə, o mənim öz işimdir, vələslər!”

“ – Yox, Maral xanım bizim hamımız üçün eyni dərəcədə əzizdir, bəlkə də əzizdən əzizdir!”

Maral xanım sehrli Çaqqalın başına bir qəzanın gəldiyini, bic Qəcələninsə binəva aşiqin başına bir cəncəl açdığını gümanına gətirsə də, vələslər aləmindən də aralandı, sanki bütün təbiət, bütün gül-çiçək, bütünlüklə Kəpəz və Göyü göl beyni yeyilən Maral xanımı xəbərdar etdi, onu utandırıb qızartmaqla Çaqqaldan çəkindirmək istədi. Ancaq Güzgü göl Maralı alışdığı tərifçinin əlindən çıxarmaq, özündən uzaqlaşdırıb qaçırmaq istəmədi. Öz dünya gözəlliyi barəsində gündə min-min mədhnamə yazılmağını arzu edən Maral xanım üçün bu yoldan dönüb qayıtmaq nəinki çətin idi, hətta qeyri-mümkün idi. Necə yəni Maral xanım onun gözəlliyini rəvan, cazibəli dil ilə mədh edənin mədhini eşitməsin, qulaqdan kar olub dursun! Yox, bunlar hamısı bic-bicəngə Qəcələnin dargözlülüyündən gələn xəbərçilikdir ki, hər yana yayılıbdır.

Belə qəribə və mürəkkəb vəziyyətə düşən özü özlüyündə küsüb-küskünləşən Maral xanım dərindən ah çəkə-çəkə Maral gölə tərəf addımladı. Onun ah-zarı meşənin içində gizlənib qalan, lakin yaz günəşinin təsirindən çəkilməyə başlayan dumanlara qarışdı. – Sən bu xəbərçi bicəngə Qəcələni görürsənmi? – Maral xanım hirs-hikkə ilə söylədi. – Kimin nə borcuna ki, Maral xanımın müşk-ənbər ətri verən dairə göbəyini bir Çaqqal yaladı, ya yalamadı?..

Maral xanım Göy göl meşəsinin arasınca küskün-küskün gedirdi... Bu küskünlük özü də Maral xanıma əlavə gözəllik gətirirdi. Bu halında Maral xanımın qəlbinə dəymək onun gözəllik güzgüsünü sındırmaq çətin, Çaqqalın yağlı-yağlı tülkü dilinin müqabilində Maral xanımı arxayınlıqla özbaşına buraxmaq da çətin idi!

Acıdil Qəcələ istər xəbərçilik etsin, istər etməsin, bütünlüklə Göy göl diyarı dilə gəlib deyirdi, sən ey öz gözəlliyinə aludə olan Maral xanım, özünü sərvqəd saxla, sənə yalmanan, zəif damarını tutub sənə qəsidə qoşan tülküdil Çaqqaldan özünü qoru! Sən özünü Göy göl diyarı üçün, Kəpəz dağı üçün sağ-salamat və ləkəsiz saxla. Bəli, bu aləmdə olan füsunkar gözəllik, bu diyara qədəm qoyan füsunkar baharın özü də Maral xanımın başından bir tük əskik olmağını istəmirdi!.. Burada nə qibtə, Maral xanım barəsində hansı məqsədlə başqa bir qibtə ola bilər?! İnsafla baxanda Maral xanım bu diyara, bu diyar da Maral xanıma gözəllik, yaraşıq verirdi. Maralsız necə Güzgü göl və ya Göy göl diyarı?! Göy göl diyarı olmadan necə Maral xanım?..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Məhtaban 13

Yetmiş yaşlı Məmalikin oğlu olmaq xəbəri hər yana yayılıb dədə-baba düşməni həlakulara çatdı. Bu xəbərdən bütün həlakuların böyüyündən kiçiyinə sir-sifəti turşudu. Həlaku ilə Məmalikin böyük nəvələri burunlarını bir qarış salladılar. Xırda nəvələr mırıldandılar. Ərmağan xanım qapandığı otaqdan çıxmadı, qana susayan sifətini göstərmədi.Bu hal qoca Həlakunun xeyli xoşuna gəldi. Yaxşı ki, Məmalik qızı Ərmağan dədə-baba düşməni qayınatasının titrəyən qırışıq sifətini, əsən çal bığlarını, açılıb-yumulan, damarları titrəyən əllərini görmədi. Bəlkə qayınatasının belə övzainə görə Ərmağan xanım inada düşər, adlayıb atasının tayında durar, qoca Məmalikin yetmiş yox, lap yüz yaşı olsun, ona bəraət verər, atasının səngərinə keçərdi. Özü də tərəddud göstərmədən qılınc siyirib, atasının oğul varisinin keşiyində durar, bu gecikən varisin başından bircə tük əskik olmağa qoymazdı. Onda daha məmaliklər mülkü həlakular torpağına qarışmaz, yenə dədə-baba düşməni sicillisinin tüstüsü Savalana ucalar, gələcəyinə həlakular göz açmağa macal tapmazlar. Birdən Pəhləvan Məhəmmədin nəvəsi ana babasına oxşasa, onun qolunu qatlayan kəs nəinki həlakular torpağında bütün məmləkətdə tapılmaz. Birdən bu əcaib uşaq qalxıb, boy atıb qollu-qanadlı Rüstəm-Zal olar, hər hansı düşmən ondan tük salar. Bəlkə bu çağa pəhləvan, sərkərdə olub öz Məmalik əcdadının intiqamını ögey bacısının həlaku uşaqlarından alar, öz qılıncını onlardan əsirgəməz, hamısını ölüm körpüsündən keçirər, həlakuların başlarını nizələrə taxdırıb kəndbəkənd gəzdirər... Quru küləşə düşən qığılcımdan, ya payız xəzanından meşəyə düşən ildırımdan hansı alov desən çıxmaz? Bəli, alov aləmi bürüyər, kənd deməz, oba deməz, hamısını yaxıb-yandırar.

13 dəq
Məhtaban 14

Təvəllüd günündən iki həftə sonra Məhtaban əndərun hamamında yuyundu, ötən günlərini xatırlayıb, qıfıltılı çayın köpüklü gölündə üzən kimi hovuzda üzdü... Soyunub-geyinmək otağında divara vurulmuş güzgü qabağında qumral hörüklərini darayıb hördü, öz gözəlliyinə tamaşa edincə utandı, cəld paltarını geyindi. Bir azdan, Məhtaban, yarlı-yaraşıqlı, zərli-zibalı libasında əzəlkindən də gözəl göründü... Üstü qübbəli qızıl kəmər Məhtabanın belini əzəlkindən də artıq boğdu. Qabarıq sinəsi, doğumundan sonra sifətində peyda olan iztirablı gözəllik Məhtabanı xarici xanımın seyrçi gözlərində xeyli füsunkar göstərdi. O, Parisi, o izdihamlı şəhərdə tanıyıb-bildiyi məşhur gözəlləri gözlərinin qabağına gətirib, Məhtabanla müqayisə etdi, onların hərəsində az-çox qüsur tapsa da, Məhtabanda heç bir qüsur tapa bilmədi.Məhtabanın zoğal dəyənəyi tutan, palaz-paltar yuyan əlləri doğumdan sonra zərifləşmişdi. Onun dür-düyün bağlayan barmaqları da xeyli nazilib uzanmış, dırnaqları şadlıq-şənlik əlaməti kimi xınalanmışdı. Xof-vahimə içində çırpınan Məhtaban sanki bütün ağrı-acısını əndərun hamamında tökmüşdü...

7 dəq
Məhtaban 15

Həlaku xan marıqda duran yalquzaq kimi kənardan göz qoyur, öz əlaltılarını xəlvəti Məmalik mülkünə göndərir, yeni doğulan varisdən sonra baş verən islahat və təbəddülatdan xəbərdar olmaq istəyirdi. Onun göndərdiyi əlaltılar da müəyyən yerləri gəzib-dolaşandan sonra dönüb Həlaku xana Ərdaha kəndlərində, obalarında başlanan əcaib işlərdən danışırdılar. Çalbığ Həlaku gözünü yumub digərini açır, öz casuslarını diqqətlə dinləyir, Məmalikin gözlənilməz əliaçıqlığına, səxavətinə heyran edirdi! Həlaku Məmalik mülkündə görünən əcaib işlərə heç də biganə qala bilmirdi:“Necə yəni itaətdən çıxan rəiyyətə-rəncbərə bu əndazədə güzəştə gedəsən, onları neçə ilin vergilərindən azad edəsən, özünü yaxşı xan kimi qələmə verib, qonşuluğunda olan Həlakunu gözdən salasan? Necə yəni qonşuna, qohumuna badalaq gələsən?.. Obaarası yol çəkdirmək, aca-yalavaca ehsan etmək, çay üstündən körpü saldırmaq, çeşmə düzəltdirmək, özünü adil, qonşusunu zalım deyə dilə-dişə salmaq ki, baxın, görün rəiyyətə-rəncbərə güzəştə getməyinin adına nə deyirlər?..”.

8 dəq
Məhtaban 16

Çapar Məmalik xana xəbər gətirdi ki, Həlaku xan öz əyan-əşrəfi ilə, qızınız Ərmağanla, Ərşad, Gurşaddan başqa xırda nəvələrinizlə bahəm xanzadənin mübarəkbadlığına gəlir. Bu xəbər Məmalik xanın ovqatını qarışdırdı. İndi Məmalik çapara nə desin? Desin ki, birbaş geri dön, öz xanına bildir ki, hansı yolla gəlibsə, o yolla da üztüstə geri dönsün!..Məmalik Həlaku xanı qəbul etməyib, onu öz yüklü dəvələri ilə geri qaytara bilərdi. Bu, aydındı, heç kəsə də dəxli yox idi. Ancaq icma qarşısında özünün yeganə qızını qapıdan qaytarmaq, atasının belindən gələn körpə qardaşının mübarəkbadlığına gələn böyük övladını evinə buraxmamaq müşküldən də müşkül idi!.. Onda Məmalik xan diləağıza düşərdi, deyərdilər ki, qocanın başı doğrudan da xarab olub. Başqa xanlar arasında müxtəlif şayiələr yayılardı! Üstəlik özünün bir cüt xırda nəvələrini də məyus etmək Məmalik üçün qeyri-mümkün idi! Bu xırdalar Həlaku sicillisini daşısalar da, Məmalikin özü üçün də az-azacıq əziz deyildilər! Onlar hələ məsum uşaqlar idi, nə ədəbaz Ərşada, nə də qaradinməz Gurşada bənzəmirdilər. Xırda nəvələr Məmalik babanı Həlakudan da artıq sevirdilər. Onlar Məmaliki az gördüklərindən qəribsəyirdilər. Düzünə qalsa, Məmalik dədə-baba düşməni Həlaku sicillisini sevməsə də, bu xırda nəvələrinin məhəbbətini ürəyində gəzdirməmiş deyildi!.. Bütün həlakuları geri qaytarmaq, Məmalik üçün xırda nəvələrini də qapıdan qovmaq demək idi. “Bəs indi bu müşkülatı necə həll etmək?!”.

6 dəq

Başqa şairlərin şeirləri