Səhifə 9 / 10 · 80%

– Nə fikirdəsən, Çaqqal?

– Necə bəyəm, Maral xanım?

– Bayaqdan görürəm nəyi isə özlüyündə ölçüb-biçirsən?

– Maral xanım, deyiblər ki, yüz ölç, bir biç!

– Bəli, mən də eşitmişəm belə bir məsəli!

– Mən də elə bu müdrik məsələ əməl etmək istəyirəm! İstəyirəm ki, buradan gözəllik xəzinəsi xəsilliyə gedəcək yolumuzu dürüstləşdirim!

– Yəni bu yol belə qorxuludur?

– Ehtiyat igidin yaraşığıdır.

– Bəli, igid Çaqqal, belə bir məsəli də eşitmişəm!

– Buna görə də mən bütün yolu, bəndərgahları nəzərə almaq istəyirəm!

– Əgər, əzizim Çaqqal, o yol belə qorxulusa, onda gəl elə buradaca Güzgü göldə qalaq, axşamları mağaramıza dönüb, gecəmizi keflə keçirək, daha heç bir axar-baxara gedib özümüzü iti-iti qələmələrə pərçim etməyək!

– Bəs bizim Maral xanım özü üçün yenə də gözəllik götürməsin?

– Deyirsən ki, Çaqqal, yəni o axar-baxarda olan xəsillik eləcə bir olmazın gözəllik xəzinəsidir?

– Bəli, Maral xanım, mən deyən xəsillik də “ab-həyat” kimidir! Əbədi olan dirilik suyu! Maral xanım o xəsillikdə doyunca gəzib dolansa, bacardıqca çox görüb-götürsə, heç bir yanda misli-bərabəri olmayan dünya gözəllərinin gözü olacaqdır!

– Necə edək ki, Çaqqal, sonra da dönüb səninlə birlikdə dirilik suyuna gedə bilək?

– Gözəllik xəzinəsi xəsillikdən sonra dirilik suyuna getməyin də yolunu öyrənərik.

– Həm dirilik suyuna getməyin, həm də buraya, bizim Güzgü gölə rəvanca qayıtmağın kəsəcə yolunu, Çaqqal!..

– Bəli, – deyə Çaqqal məmnuniyyətlə xanıma can-başla xidmət etməyə hazır olduğunu bildirdi. – Görünür, sizin nəzərinizdə Güzgü göl əfsanəvi bir güzgüdür! Deyirəm daha dünyada hansı güzgü Maral xanım buyuran sayaqda, onun surətini Güzgü göldə olan kimi, öz əla dərəcəsilə göstərə bilər!

– Düzü, dünyanın heç bir güzgüsü məni beləcə olduğum sayaqda yaraşıqlı göstərə bilməz! – deyə Maral xanım Çaqqalın uydurmalarına inanır, hətta onu gözəllik xəzinəsi xəsilliyə yollanmaq üçün tələsdirməyə də başlayırdı.

– Tez gedək, canım-gözüm Çaqqal! Yoxsa, gözəllik xəzinəsi xəsillikdən hər nə varsa tezcə gəlib götürərlər, daha mənə heçcə bir zad qoymazlar qala!

Bəs bu zaman Qəcələ harada qalmışdı?

Qəribə bu idi ki, Qəcələ yox idi. O neçə vaxtdan bəriyə ac qaldığından Qara göl və Zəli göl tərəfə uçub getmişdi... Orada öz qarnını doydurmağa, taqətdən düşən qanadlarını da qüvvətləndirməyə başlamışdı.

Çaqqal fikir edib kəsdirmişdi ki, indi fürsətdir, heç vaxt bu fürsəti fövtə vermək olmaz! Özü də bir halda ki, Maral xanım gözəllik xəzinəsi xəsillik üçün sinov gedir. Daha necə dayanmaq, necə tay gözünü döyə-döyə durmaq olar?! Cəld tərpənib çox tezcə Maral xanımı Güzgü göldən qoparmaq, Qəcələnin nəzarət altında saxladığı dairədən uzaqlaşdırmaq gərəkdir.

– Deyirsən ki, çıxıb gedək buradan, Maral xanım?

– Gözəllik xəzinəsi xəsilliyə tezcə varıb gedək, Çaqqal! Sən də, əzizim Çaqqal, az-maz özünü düzəltsən, Maral xanıma yaraşsan, heç də bəd olmaz!

– Bəlkə, mən Maral xanımın gözlərinə eybəcər görünürəm?

– Gözümə hər necə və nə təhər görünsən də biryolluq ürəyimə girmisən!

– İlahi!

– İbadət vaxtı deyil, Çaqqal... Yoxsa, o zəhərdil Qəcələ gəlib çıxsa qanımızı qaraldacaqdır! Hələ, bəlkə, tamam-kamal binəva Çaqqalı kor qoyacaqdır! Onda bəs kim Maral xanımı əzəlcə gözəllik xəzinəsinə, sonra da “ab-həyat” çeşməsinə aparacaqdır?

– Bütün dullar vəfadar olmurlar!

– Mən vəfadaram, Çaqqal! Gedək, tələsək, – deyə Maral xanım bir də Güzgü gölə baxdı və döndü: – Haradan gedək, Çaqqal?

– Düz dalımca gəl!

Maral xanım boynu qumrovlu əl quzusuna dönüb, Çaqqalın ardınca addımladı... Çaqqal isə Maral xanımı dağdan keçirib, daşdan aşırdı, dərələrdən-təpələrdən adlatdı, gətirib qayalı təpəyə çıxardı.

– Yorulmadın, Maral xanım?.. Ayaqların ağrımadı, əzizim?

– Yamanca yoruldum, ayaqlarım yamanca ağrayır, Çaqqal!

– Onda bir az yat dincəl, Maral! Bəlkə, bir az aşağıda, göbəyin səmtində yatım, Maral?

– Yox, indi əsla olmaz, Çaqqal! Çünki yamanca yorulmuşam!..

– Demək, Maral xanım dincəlmək istəyir?

– Səninlə, döş-döşə, nəfəs-nəfəsə dincəlmək istəyirəm, Çaqqal! Bəs gözəllik xəzinəsi xəsilliyə hasan?..

– Sabah sübh tezdən çatarıq. Çaqqal tülkü ehtiyatı ilə aşağı düşdü. Pöhrədən-pöhrəyə keçdi, talalardan ötdü, nəzərdə tutduğu xəsilliyə Ay işığına yetişdi. Baxanda ağ-ağnar göydən gümüş səpələnir, xəsillikdə gümüş-gümüş şeh tuturdu. Baxdıqca bu xəsillik Göy gölün ayrılmaz bir hissəsi kimi gömgöy görünürdü. Orada göy ipəyə bürünən Göy göl ləpələnir, onun geyindiyi göy, ipək libası öz zərifliyi ilə öz əynində qıvrıla-açıla, işıldaya-işıldaya bərq verir, Ayın gümüş nuru içində bəzən də gümüşü rəng alır... Çaqqal yorğun düşüb yatan Maral xanımın gözü ilə gözəllik xəzinəsi xəsilliyə baxdıqca baxır, Maral xanımın xoşuna gələcəyinə, onun huşu başından çıxacağına şübhə etmirdi... Axı, hesaba görə gözəllik hərisi olan, öz gözəlliyindən böyük zövq alan, öz gözəlliyini bu dünyada hər nə göz qamaşdıran ləl-cavahirat varsa, hamısından qiymətli sayan Maral xanım istədiyi qədər buradan yenə də gözəllik götürə bilər... Şübhəsiz, bu yaşıl dərya Maral xanımın ürəyinə yamanca yatacaqdır. Buradan Güzgü gölə dönüncə necə öz gözəlliyinin üstünə yenə də gözəllik gətirdiyini görəcəkdi! Amma Çaqqal heç də Maral xanımı bura gətirməmişdi ki, gözəllik götürüb, Güzgü gölə qayıtsın, hey özünə baxsın. Çaqqal da hey çənəsi çıxa-çıxa onu əşar dili ilə bəzək-düzəkli sözlərlə tərifləsin, sonra da göbəyini yalıya-yalıya xoşhallandırsın, bu xanımına hey nökərçilik eləsin. Bic Qəcələ də birdən qırğılaşıb onun sol gözünü də çıxartsın, hansı uçurumdansa uçursun, qurd-quşa qismət eləsin!

Çaqqal asta-asta gəzdi dolandı, nəhayət, xəsilliyin ortasında, nəzərdə tutduğu yerdəcə, torpağın ortasına vurulan möhkəmcə bir tələnin qurulduğunu gördü...

“İndi dünya gözəli, Güzgü gölün Maral xanımı öz əlimdə, öz ixtiyarımda, öz sərəncamımdadır. İndi onu xoşhallandıra-xoşhallandıra buraya gətirmək, göbəyini yalamadan, birdən-birə və birbaşa dartıb dağıtmaq gərəkdi! Yoxsa, gec olacaqdır, yoxsa özüm quyuya düşəcəyəm. Qəcələnin cıqqası mənə qənim olacaqdır”. Çaqqal sağ əlini qaldırıb seyrək bığlarını eşim-eşim eşdi, dayanmadan dönüb üzüyuxarı qayıtdı... Qulaq verdi... Maral xanımı həmincə pöhrəli təpənin üstü yastanada yatılı gördü. O, canavarlaşmaq istəsə də, hələlik tülkülüyünə qayıtdı. Yavaş-yavaş Maral xanımın əl-ayağını yaladı, sonra titrək dilini Maral xanımın göbəyinə uzatdı. Maral xanım gözəllərə xas sərbəstliklə gəməşdi.

– Sənsən?

– Bəli, mənəm.

– Gözəllik xəzinəsi xəsilliyi tapdınmı?

– Tapdım, Maral xanım!

– Haçan gedirik?

– Elə bir azdan! – deyə o, Maral xanımı xoşhallandırıb, sərxoş etmək üçün müşkünü yaladı... Maral xanım da yalana-yalana xoşhallandı, birdəncə yuxuya getdi. Çaqqal istədi buradaca yorğun düşən Maral xanımın işini bitirsin. Ancaq yenə də yalquzaqlaşmaqdan döndü, məqamına qədər tülküləşməyi vacib bildi. – Qoy bu Maral xanım çıxılmaz tələdə öz nazlı canını mən canavara təslim etsin! – deyə xəbisliklə ürəyindən keçirdi. Hələ bir qədər də özünün tülkü sifəti ilə irişdi. – Yoxsa, Maral dik atılıb qalxar, hər necə yaralı olsa da, əlimdən qurtulub qaçar!”

Bunlar burada olsun, görək Qəcələ haradadır?.. O, hələ gün-günorta yerinə gəlməmişdən Qara göldən qarnını doydurub qanadlarına qüvvət qaytarandan sonra uçmağa başlamışdı, Güzgü gölün dörd dövrəsinə dolanmışdı. Qanad açıb bütünlüklə Göy göl ətrafını araq-varaq axtarmışdı. Qəcələ xınalı qayalara qalxmışdı. Qızıl qum təpəciklərinə qonmuşdu, o taylı-bu taylı talalara göz gəzdirmişdi. Maral gölü də gözdən keçirmişdi. Özünə güc verib Kəpəzin kəlləsinə də qalxmışdı. Heç yanda Maraldan bir iz görməmiş, bir nişana tapmamışdı. Qəcələ yenə də geriyə qayıdıb dönə-dönə Güzgü gölə baş çəkmişdi. Güzgü göl Maralı hanı? Güzgü göldən səda çıxmamışdı. Ancaq onun gözlərində kədərli gilələr görünmüşdü. Yoxdu, Maral xanım xeyli zamandı, yoxdu! Qəcələ bilirdi ki, Maral xanım hər haraya getsə tezcə də dönüb buraya gələcək, öz gününün çoxusunu bu Güzgü göldə keçirəcəkdir!

Nə Maral xanım var idi, nə də Qəcələnin cıqqasına and içən taygöz Çaqqal!.. Demək, nə isə vardır, nə isə olubdur, Çaqqal tülkülüklə Maral xanımı tovlayıbdır. Bəlkə, canavarlığını, yalquzaqlığını da işə salıbdır!..

Yer-göy Qəcələnin başına daraldı. O, Çaqqalın bu Qəcələ kimi bic başını aldatmağına nə demək olardı? Qəzəblənən Qəcələ istədi ki, özünü götürüb daşa çırpsın. O, Çaqqal kimi hiyləgər düşməni sağ, Maral xanım kimi gözəli dəstigir qoymaq istəmədi. Qəcələ yenə qanadlandı, yenə gəzib-dolandı, bütün əhvalatı olduğu kimi gördü. Gördü ki, Çaqqal Maral xanımı dümsükləyib güclə oyadır. Maral xanım da güclə gözlərini ova-ova, həm də gəməşə-gərnəşə durur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Məhtaban 13

Yetmiş yaşlı Məmalikin oğlu olmaq xəbəri hər yana yayılıb dədə-baba düşməni həlakulara çatdı. Bu xəbərdən bütün həlakuların böyüyündən kiçiyinə sir-sifəti turşudu. Həlaku ilə Məmalikin böyük nəvələri burunlarını bir qarış salladılar. Xırda nəvələr mırıldandılar. Ərmağan xanım qapandığı otaqdan çıxmadı, qana susayan sifətini göstərmədi.Bu hal qoca Həlakunun xeyli xoşuna gəldi. Yaxşı ki, Məmalik qızı Ərmağan dədə-baba düşməni qayınatasının titrəyən qırışıq sifətini, əsən çal bığlarını, açılıb-yumulan, damarları titrəyən əllərini görmədi. Bəlkə qayınatasının belə övzainə görə Ərmağan xanım inada düşər, adlayıb atasının tayında durar, qoca Məmalikin yetmiş yox, lap yüz yaşı olsun, ona bəraət verər, atasının səngərinə keçərdi. Özü də tərəddud göstərmədən qılınc siyirib, atasının oğul varisinin keşiyində durar, bu gecikən varisin başından bircə tük əskik olmağa qoymazdı. Onda daha məmaliklər mülkü həlakular torpağına qarışmaz, yenə dədə-baba düşməni sicillisinin tüstüsü Savalana ucalar, gələcəyinə həlakular göz açmağa macal tapmazlar. Birdən Pəhləvan Məhəmmədin nəvəsi ana babasına oxşasa, onun qolunu qatlayan kəs nəinki həlakular torpağında bütün məmləkətdə tapılmaz. Birdən bu əcaib uşaq qalxıb, boy atıb qollu-qanadlı Rüstəm-Zal olar, hər hansı düşmən ondan tük salar. Bəlkə bu çağa pəhləvan, sərkərdə olub öz Məmalik əcdadının intiqamını ögey bacısının həlaku uşaqlarından alar, öz qılıncını onlardan əsirgəməz, hamısını ölüm körpüsündən keçirər, həlakuların başlarını nizələrə taxdırıb kəndbəkənd gəzdirər... Quru küləşə düşən qığılcımdan, ya payız xəzanından meşəyə düşən ildırımdan hansı alov desən çıxmaz? Bəli, alov aləmi bürüyər, kənd deməz, oba deməz, hamısını yaxıb-yandırar.

13 dəq
Məhtaban 14

Təvəllüd günündən iki həftə sonra Məhtaban əndərun hamamında yuyundu, ötən günlərini xatırlayıb, qıfıltılı çayın köpüklü gölündə üzən kimi hovuzda üzdü... Soyunub-geyinmək otağında divara vurulmuş güzgü qabağında qumral hörüklərini darayıb hördü, öz gözəlliyinə tamaşa edincə utandı, cəld paltarını geyindi. Bir azdan, Məhtaban, yarlı-yaraşıqlı, zərli-zibalı libasında əzəlkindən də gözəl göründü... Üstü qübbəli qızıl kəmər Məhtabanın belini əzəlkindən də artıq boğdu. Qabarıq sinəsi, doğumundan sonra sifətində peyda olan iztirablı gözəllik Məhtabanı xarici xanımın seyrçi gözlərində xeyli füsunkar göstərdi. O, Parisi, o izdihamlı şəhərdə tanıyıb-bildiyi məşhur gözəlləri gözlərinin qabağına gətirib, Məhtabanla müqayisə etdi, onların hərəsində az-çox qüsur tapsa da, Məhtabanda heç bir qüsur tapa bilmədi.Məhtabanın zoğal dəyənəyi tutan, palaz-paltar yuyan əlləri doğumdan sonra zərifləşmişdi. Onun dür-düyün bağlayan barmaqları da xeyli nazilib uzanmış, dırnaqları şadlıq-şənlik əlaməti kimi xınalanmışdı. Xof-vahimə içində çırpınan Məhtaban sanki bütün ağrı-acısını əndərun hamamında tökmüşdü...

7 dəq
Məhtaban 15

Həlaku xan marıqda duran yalquzaq kimi kənardan göz qoyur, öz əlaltılarını xəlvəti Məmalik mülkünə göndərir, yeni doğulan varisdən sonra baş verən islahat və təbəddülatdan xəbərdar olmaq istəyirdi. Onun göndərdiyi əlaltılar da müəyyən yerləri gəzib-dolaşandan sonra dönüb Həlaku xana Ərdaha kəndlərində, obalarında başlanan əcaib işlərdən danışırdılar. Çalbığ Həlaku gözünü yumub digərini açır, öz casuslarını diqqətlə dinləyir, Məmalikin gözlənilməz əliaçıqlığına, səxavətinə heyran edirdi! Həlaku Məmalik mülkündə görünən əcaib işlərə heç də biganə qala bilmirdi:“Necə yəni itaətdən çıxan rəiyyətə-rəncbərə bu əndazədə güzəştə gedəsən, onları neçə ilin vergilərindən azad edəsən, özünü yaxşı xan kimi qələmə verib, qonşuluğunda olan Həlakunu gözdən salasan? Necə yəni qonşuna, qohumuna badalaq gələsən?.. Obaarası yol çəkdirmək, aca-yalavaca ehsan etmək, çay üstündən körpü saldırmaq, çeşmə düzəltdirmək, özünü adil, qonşusunu zalım deyə dilə-dişə salmaq ki, baxın, görün rəiyyətə-rəncbərə güzəştə getməyinin adına nə deyirlər?..”.

8 dəq
Məhtaban 16

Çapar Məmalik xana xəbər gətirdi ki, Həlaku xan öz əyan-əşrəfi ilə, qızınız Ərmağanla, Ərşad, Gurşaddan başqa xırda nəvələrinizlə bahəm xanzadənin mübarəkbadlığına gəlir. Bu xəbər Məmalik xanın ovqatını qarışdırdı. İndi Məmalik çapara nə desin? Desin ki, birbaş geri dön, öz xanına bildir ki, hansı yolla gəlibsə, o yolla da üztüstə geri dönsün!..Məmalik Həlaku xanı qəbul etməyib, onu öz yüklü dəvələri ilə geri qaytara bilərdi. Bu, aydındı, heç kəsə də dəxli yox idi. Ancaq icma qarşısında özünün yeganə qızını qapıdan qaytarmaq, atasının belindən gələn körpə qardaşının mübarəkbadlığına gələn böyük övladını evinə buraxmamaq müşküldən də müşkül idi!.. Onda Məmalik xan diləağıza düşərdi, deyərdilər ki, qocanın başı doğrudan da xarab olub. Başqa xanlar arasında müxtəlif şayiələr yayılardı! Üstəlik özünün bir cüt xırda nəvələrini də məyus etmək Məmalik üçün qeyri-mümkün idi! Bu xırdalar Həlaku sicillisini daşısalar da, Məmalikin özü üçün də az-azacıq əziz deyildilər! Onlar hələ məsum uşaqlar idi, nə ədəbaz Ərşada, nə də qaradinməz Gurşada bənzəmirdilər. Xırda nəvələr Məmalik babanı Həlakudan da artıq sevirdilər. Onlar Məmaliki az gördüklərindən qəribsəyirdilər. Düzünə qalsa, Məmalik dədə-baba düşməni Həlaku sicillisini sevməsə də, bu xırda nəvələrinin məhəbbətini ürəyində gəzdirməmiş deyildi!.. Bütün həlakuları geri qaytarmaq, Məmalik üçün xırda nəvələrini də qapıdan qovmaq demək idi. “Bəs indi bu müşkülatı necə həll etmək?!”.

6 dəq

Başqa şairlərin şeirləri