Səhifə 2 / 2 · 50%

Züleyxa bir tərəfdən, öz yaxasını Şəhla xanımın bu dəhşətli təsirindən qurtarmağa çalışsa da, o biri tərəfdən acizlik göstərmişdi. Buna görə də Mehman saat barəsində aydın bir şey bilməsə də, şübhəyə çoxdan düşmüş, Züleyxadan müəyyən dərəcədə soyumuş, bu hal isə Züleyxanı üzməyə başlamışdı. Mehmanın ürəyini gəmirən şübhə artıq onun üçün açılmışdı. Qaloşlu adamın pıçıltılı sözləri Mehmanı qətiliyə çağırırdı. “Udmaqmı, açmaqmı?” Gizləmək, üstünü örtmək, basdırmaq, Mehmanın mənəvi aləmi üçün nə qədər də yad və biganə idi!.. Mehman göz açıb ağlı kəsdiyi gündən öz təvazökar, sadə ailəsində heç bir şeyi başqa cür, ikiləşmiş görməmişdi. O, hər şeyi olduğu kimi görmüşdü. Ona daim təmizlikdən, sədaqətdən danışılmış, ona yüksək mənəvi təlim verilmiş, belə hisslər onun qanına aşılanmamışdı... İndi Mehman gözlənilmədən bir dolaşığa düşmüş, onun şübhəsi belə bir istənilməz, acı nəticə verməyə başlamışdı. Bəlkə Mehman ciddi ölçülər götürsəydi, Züleyxa heç də belə bir hörümçək toruna düşməzdi?.. Demək, iş və həyat təcrübəsi Mehman üçün azlıq etmiş, o, bu gün xoşlamadığı acı bir hadisə qarşısında dayanmışdı. – “Bəs nə etmək?” – deyə Mehman öz fikrini toplamağa, indi öz beynini ayazıtmağa çalışırdı. – “Bəs, bir prokuror kimi, necə etmək?.. Doğrusunu hərəkət etmək, heç bir tərəddüdə yol vermədən, bir prokuror kimi, düzünə, qanuni ölçü götürmək!” – deyə Mehman həyətə girib, qısa pilləkəni tarap-turupla başa çıxdı, dartıb qapını açdı. Mehmanın avazımış sifətini görən Şəhla xanım özünü irəliyə verib:

– Yəqin yoruldun, oğlum, hə? – deyə Mehmanı dərin bir nəzərlə süzdü, – yoxsa çox incidin!..

Mehman Şəhla xanımın sorğusuna cavab vermədiyindən, dərin həyəcanlar keçirən, pərişan bir-hala düşən Züleyxa:

– Məruzən necə keçdi, Mehman? – deyə titrək səslə soruşdu.

– Çox pis keçdi, Züleyxa xanım!

– Niyə pis? – Züleyxa titrək əlini stulun söykənəcəyinə atdı, – niyə sənin məruzən pis olsun?

– Niyəsi də, pisi də budur ki, ləkəli adamlar, heç bir zaman təmizlikdən danışa bilməzlər, Züleyxa xanım!

– Yoxsa o komsomolçular alt-üst vurdular? – deyə Züleyxa öz doğru hisslərinin əleyhinə hərəkət etmək, qorxunc hisslərini özündən uzaqlaşdırmaq istədi. – Elə ona görə də mən də məktəbdə, bu komsomolun qapısını bir kərə də olsun heç açmadım!

– Komsomol elə onda xoşbəxt olubdur!

– Mən də heç bədbəxt olmamışam, – deyə Züleyxa, gözü anasında cürətsiz cavab verdi, Şəhla xanım əsəbiliklə göz basıb, “ud! ud!” işarəsini etdi.

– Saatı haradan almısan? – deyə Mehman birdən Züleyxanın üstünə düşdü. – O saatı, o qızıl saatı!

– Dedim ki, – Züleyxa çəkinən səslə cavab verməyə başladı, – dedim ki, anam gətirmişdir. – Züleyxa dəhşətlər içərisində yenə də yalan deməyə başladı. – Anam özü gətirmişdi dedim!..

– İndi düzünü de, o saatı haradan almısan? Bir zaman Füzulinin eşq divanından gözüyaşlı danışan Züleyxa xanım! – Mehman heybətli bir səslə bağırdı, onun boğazındakı damarlar şişib gömgöy göyərdi. – Saatı haradan almısınız, cənabi Mamayevalar!!.

Şəhla xanım astalıqla stəkanı su ilə doldurub:

– İç, hövsələn yatsın, oğul! – dedi: – Züleyxa bir ilə yaxındır ki, Atamoğlanovadır!..

Mehman dolu stəkanı qapıb bütün gücü ilə divara çırpdı:

– Düzünü de, saatı haradan almısan, Züleyxa Mamayeva!

Şəhla xanım bu bağırtılı səsin küçəyə çıxmasından çəkinərək:

– Oğul, eyibdir, – deyə pəncərələrin taxtasını içəridən bərk-bərk örtdü. – Mən də axı bir adamam!.. Mədəni adamlar öz evlərində heç bir zaman belə bağırtı salmazlar!..

– Deyin görüm, bu sarı saatı haradan almışsınız, “mədəni adamlar?!”

Şəhla xanım acıq edib o biri otağa keçərək mırıldandı: “Qız oğlan bəyənib?.. Lapçınlı Xatun arvaddan da ancaq belə mərifətdə oğul çıxar?!”

– Saatı sənə kim veribdir, Züleyxa? – prokuror müqəssirdən bütün ciddiyyəti ilə düzünü deməyi tələb edir, onun sifəti kinlə dolurdu.

– Düzünü de, ürəyimə soxulan bu saatı!..

– Mehman!

– Aç, əmr edirəm, aç!.. Cinayətkar, xəyanətkar!..

– Mehman, axı...

– Aç, aç, qolunda qıvrılıb yatan sarı ilanı!.. Cinayətkar yastığında xain bir ürəklə yaşamaq, hər hansı ilanlı-əjdahalı uçuruma düşməkdən dəhşətlidir!..

Şəhla xanım o biri otaqda kağız kimi ağardı, Züleyxa yıxılıb özündən getdi. Mehman əyilib saatı Züleyxanın qolundan açınca, Şəhla xanım gəlib çıxdı, bu mənzərə qarşısında o, ömründə birinci dəfə kal və qart səslə:

– Oğul, barı bir həkim! – deyə hönkürüb ağladı. – Barı ana bətnində yenicə çırpınan öz balana rəhmin gəlsin!.. Axı, bu qız səni sevirdi?..

– Axır ki, sən onu uçuruma apardın! – deyə Mehman Züleyxanı yerdə sərili qoyub birbaş evdən çıxdı. – Kürəyimə xəyanətin sarı zəhərli xəncərini saplayan Şəhla xanım Mamayeva!..

Gecənin zil qaranlığında Mehmanın öz evindən hirsli-hikkəli çıxıb getməsi Şəhla xanımın ürəyinə zağlı bir xəncər kimi saplandı. Qızı Züleyxanın boşalan qollarını ovdu, onu birtəhərlə özünə gətirdi. O, Züleyxaya bir piyalə su içirdib ayağa qaldırdı, kürsüdə əyləşdirdi. Züleyxanın sifətində bir damcı da qan qalmamışdı. Qızının düşdüyü vəziyyətdən, bu işin son rüsvayçılığından xofa düşən Şəhla xanım öz paltarını toqqalı çamadanlarına tələm-tələsik yığdı, sonra da qızının geyim-kecimini onun öz çamadanlarına doldurdu. Hamısını birbəbir sürütləyib qapı ağzına düzdü.

– Gedək, xanım, gedək! – Şəhla xanım dönüb qızının yoğun biləyindən yapışdı. – Ayağı lapçınlı Xatuna gəlin olmaqdansa, sən qaragünlüyə dilənçi olmaq min pay yaxşıdır!

– Mən gedə bilməyəcəyəm! – deyə Züleyxa tir-tir titrədi, bir daha yıxılıb yerə sərilməmək üçün kürsüdən ikiəlli tutdu. – Mən heç zaman, heç yana getməyəcəyəm!

– Demək, qorxursan?.. Qorxursan ki, Xatunun oğlu əmr edib, fərman yaza, səni tüfəng-tapançalı milisionerlə geriyə, qanun qabağına qaytardı?!

– İndi mən daha Mehmandan qorxmuram!

– Onda sən bu böyük dünya üzündə bəs nədən, kimdən qorxursan, ay lapçınlı Xatunun nazəndə gəlini?

– Yalandan!?.. Yalan söyləməkdən, yalan danışmaqdan!

Şəhla xanım qızının çiyinlərindən yapışıb, onu var gücü ilə dartışdırdı. Züleyxa qırraşıb yerində qaldı.

– Mən müqəssirəm, küll-kainat qarşısında müqəssirəm! – deyə Züleyxa birdən özü ayağa qalxdı, burada duruş gətirə bilmədən yan mətbəxə keçdi, qapını çəkib sürütməsini sürdü, özünü qırmızıpipik Şəhla xanımın cəngindən xilas etmək istədi. – Mən, ancaq mən günahkaram! Mən, ancaq mən müqəssirəm! Mən, ancaq mən yalançıyam!..

Şəhla xanım boş otağın içində gic-gic gicəlləndi, dönüb dövrəsinə dolandı. O, nə qızından əl çəkmək, nə də qalıb burada sabahı açmaq istəyirdi.

– Gedək bu evdən, bu xarabadan! – deyə Şəhla xanım bağlı qapını hər iki əli ilə yumruqladı: – gedək, qoy Mehman olsun, bir də anası, lapçınlı Xatun!

– Mən heç zaman, heç yana yollanmayacağam! – deyə Züleyxa anasına bağladığı, qırraşıb asıla qaldığı qapı arxasından cavab verdi:

– Mən heç bir yana getməyəcəyəm.

– Mehman da səni məsuliyyətə alacaqdır, qız!

– Alsa da məsuliyyətə, almasa da, mən düz birbaşa ancaq onun məhkəməsinə gedəcəyəm! – Züleyxa boğula-boğula əlavə etdi: – Gözətlədiyimiz övladı da mən ancaq Mehmanın əllərinə tapşıracağam!

– Uşağı özümüz saxlarıq, – deyə Şəhla xanım qapını dartışdırıb çəmkirdi. – İtdən küçük tutmuş olsaq da, yazıq körpəyə özümüz göz olarıq!

– Özümüz göz ola bilmərik, Şəhla xanım!

– Onda sənin lapçınlı Xatunun göz olar, eləmi?

– Xatun körpəyə yaxşı göz olar! – deyə qapıdan sallaşa qalan Züleyxa hıçqırdı: – Xatun öz oğlu Mehmanın balasına yaxşı göz olar!

– Mən də göz olub görürəm ki, sən bu görməmişlərə elə bitişmisən ki, heç pəhləvan da qapını açıb səni qopara bilməz! – Qıpqırmızı qızaran, sönməz qəzəblə dolan, sifəti get-gedə qapqara qan ləkələri ilə xaldarlanan Şəhla xanım dönüb çamadanlarından yapışdı. – Bir qız olmasın, yüz qız olsun, – dedi, – əbəsdən əbəsə dul oturub kefimin lələsinə korluq çəkdirmişəm!

O, pilləkəni tarap-turupla düşdü, qaranlığı yara-yara yeridi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

V

Gümüş saçlı Qaratel belə sevinc içində ola-ola hansı ecazkar ana ürəyi ilə öz sabahının qara günlərini görüb belə qorxuya düşürdü? O öz övladının başı üstündə qovlanacaq qəza qılıncını necə gördü? Ana ürəyinin kövrəkliyi, həssaslığı iləmi?Bəlkə belədir: xilqətdən ata ürəyi sərtdir, daşdır? Axı ata ürəyi ana ürəyi qədər yumşaq, kövrək olmasa da, daş da deyildir! Ata ürəyi də öz övladını atəşin bir hərarətlə sevir, istəyir, övladının üstündə tir-tir əsir... Ancaq ata ürəyi öz iztirablarını gizlətməyə cəhd edir, çox zaman dost-düşmənini göz qabağına gətirir, öz ürəyini gizlətməyi də bacarır. İndi bəs burada Bəyalı oğlu Göyalının ürəyi necədir? O arxayındırmı? Ana ürəyinin iztirablarına qarşı biganədirmi? Göyalının ürəyi də içəridə titrəməyə, Şükranın üstündə əsməyə başlayır. Ancaq belə baxanda burada nə var idi? Hər şey öz yerində, öz qaydasında, öz axarında deyildirmi? Belə anlaşılmaz qaraltı qarşısında Şükranı Ulduzun belindən düşürüb, onun şəhpərini sındırıb bir qırağa atmaq olardımı? Şükranı Ulduzdan ayırıb Ulduzu dəyər-dəyməzinə satmaq, Göyən düzənliklərindən ilin yay aylarında yaylağa qalxan zaman ala yaylaqlardan, güllü-çiçəkli çəmənlərdən, qaynar gözlü, buzlu bulaqlardan məhrum edib, bu aralardan ilim-ilim itirmək olardımı? Belə olsaydı, onda Şükranın şəhpəri sınmaz, qanadları qırılmazdımı? Bir də bəzən belə olurmu, insan durduğu yerdə, elə ciddi səbəb olmadan öz-özünə qaralsın, qaraltılı-qorxulu şübhələrə düşsün? Bəlkə burada gümüş saçlı Qaratel öz aşıb-daşan xoşbəxtliyinin, Şükrana görə özünün hədsiz sevincinin içindən bir bədbəxtliyin çıxa biləcəyindən vahiməyə düşür? Üzdən baxanda nə deyib, nə etmək olardı? Kim Qaratelin, Göyalının yerində olsaydı, günün, güzaranın bu yerində nə edə bilərdi? Bu halda, Ulduzun belində qanada qalxan tək oğlunun qanadlarını necə qırardı? Onu əfsanəvi Ulduzun belindən düşürüb piyada edərdi, Göyən düzənində qoyun sürülərinin qaldırdığı yay tozlarının içinə tullardı?

7 dəq
VI

Göz qoyub baxanda Şükranla onun Ulduzu arasında elə bir ülfət, elə bir görünməzin dostluq başlamışdı ki, daha çox çətin ki, bunları bir-birindən ayırmaq olardı. Görünürdü Şükran Ulduzsuz, Ulduz da Şükransız nəfəs ala bilmir, onlar bir-birindən ayrı dura bilmirlər. İnsanla insan arasında ülfət, dostluq, bir-birinə bağlılıq, sədaqət, səmimiyyət – əsil insani keyfiyyətlərdəndir. Ancaq insanla at arasında olan ülfət-dostluq da dünya üzündə yox deyildi. Ancaq bu dostluq ki, Şükranla Ulduz arasında başlamışdı, misli-bərabər nəinki Göyəndə, Qaraqoyunlu oymaqlarında, bəlkə də bütün mahalda, yaxud bütün dünyada yox idi. Sanki bu dostluq insanla Ulduz adlanan at arasında deyil, çox nəcib, əsil insanla insan arasında idi. Sanki bunlar bir-birinin dilini tamam-kamal bilir, bir-biri ilə əməlli-başla dillənib danışırdılar. Birdən də ərklə bir-birindən küsür, üstündən az ötüncə barışırdılar. Bu vaxt hər ikisinin gözləri gülür, sevincləri öz yerinə qayıdıb kefləri durulurdu. Elə bil ki, bunların hərəsi itirdiyi dünyanı bir də təzədən tapırdı. Elə bil bunlar ikisi bir can, bir qəlb idi. Birisi bikefdirmi, o birisi də bikefləyirdi; birisinin kefi kökəldimi, o birisinin də kefi kökəlirdi. Şükran nəşələnib nəğmə oxuyunca Ulduz şuxlaşır, öz qəribə kişnərtisi ilə düzü-dünyanı doldururdu. Bəli, Şükranla Ulduz bir-birini ifrat dərəcədə sevir, bir-birinə nəzakət göstərib hörmət edir, bir-birinin xidmətində dururdu. Bir də elə bil ki, birisinin ürəyindən keçəni o birisi bilirdi. Onlar bir-birinin ürəyini sındırmaqdan çəkinirdilər, qorxurdular. Bu iki xilqətin arasında elə bir ülfət yaranmışdı ki, müqayisə mümkün deyildi. Ulduz Şükranı öz qızılı-gümüşü yəhərinin içində daha mənalı görürdü. O, Şükranı qanadları üstündə uçurunca, nəinki ayrı-ayrı adamlar, hətta oymaqlar, obalar, ellər, tayfalar, bir də elə bil ki, bütün çöllər, dərələr, təpələr, çaylar, çeşmələr tamaşaya çıxıb heyran-heyran baxırdılar. Göyalı ilə Qaratel bu oğlanın qüdrəti və sehrilə sevinirdilər.Doğrudur, Ulduz öz qabaqkı yerində, Ərdəhan elində azmı-çoxmu məşq görüb, təlimlənmişdi. Ancaq Şükranın misilsiz saf ürəyi, sevgisi, məhəbbəti Ulduzu ecazkar dərəcəyə gətirib çatdırmışdı, yetirib yetişdirmişdi. Ürəklə olan ürək istəyən kimi olur. Şükranın böyük insan ürəyi Ulduzu da böyük ürək sahibi etmişdi və getdikcə bu ürəklərin hər birisi böyüyür, getdikcə bunların bir-birinə olan məhəbbəti güclənir, aşıb-daşır, bunlar bir-birinə qulluq göstərib xidmət etməkdən yorulmurdular, bir-birinə olan xidmətlərindən son dərəcədə zövq alırdılar, nəşələnirdilər, bir-birinin gözündən öpürdülər. Şükran Ulduza xidmət etməyi başqa bir kəsə tapşırmır, Ulduzu yedirib-içirməyi heç kəsə arxayın olmurdu. İlin isti aylarında Ulduzu yumaq, at ipəklə-qumaşla qurulamaq ilin soyuq aylarında Ulduzu üfürə-üfürə tumarlamaq Şükranın öhdəsində idi.

5 dəq
VII

Ulduz doğrudan da Ulduz idi. O, göylərin ulduzlarından da artıq yerin – bu gözəl aləmin Ulduzu idi, onun qaçarağından ağ-ağ şölələr saçılırdı. Elə bil ki, Şükran atdan da artıq Ulduzu minib uçurdu. Axı ta qədimlərdən bəriyə “su – aydınlıq, at – muraddır” deyiblər. Əgər yuxuda su görmüsənsə, aydınlıq olacaq, at görmüsənsə, muradına çatacaqsan. İndi Şükran həqiqətən murada çatmışdı. Ona belə ecazkar qanad, qanaddan da artıq vəfalı dost qismət olmuşdu. Özü də bu vəfalı dostluğun nəcib və gözəldən gözəl rəmzi olaraq ulduzlu oğlanlar əmələ gəlməyə, cavan Şükranın çoxlu-çoxlu şagirdləri yaranmağa başlamışdı. Baxanda bütün Göyən oymaqlarında yeniyetmə cavanlar Şükranı təqlid edir, Ağqoyunlu elində ulduzların sayı çoxalır, az qala bu ulduzların sayı yüzdən yuxarıya qalxırdı. Bu hal Ağqoyunlu elinə olmazın fərəh gətirir, olmazın dərəcədə bu elin qürurunu artırır, başqa-başqa ellər içində ağqoyunluların başını uca edirdi. Bu ulduz atlılar hər yerdə xeyir işə kömək edir, şəri-şeytanı dəmir nallarla tapdayıb keçirdilər. Bu yeniyetmələr yolda yorulanlara kömək əlini uzadır, Şükran sayağı at belinə qaldırıb mənzilə çatdırırdılar. Ancaq bütün ulduzların içində yenə də həmin-həmin Şükranın Ulduzu birinci idi, baş idi, necə ki, özü də Ağqoyunluda birinci idi, baş idi!Xoşbəxtliyin belə süd kimi ağ-çağ çağında birdən-birə qara milçək çıxmağa, süd içindən çıxan qara milçək kimi ürək bulandırmağa başladı. Ürək bulandıran ölü milçəyi qırağa atarlar, ya da ölü milçək düşən süd qabını bir kənara boşaldıb özünü də yaxşı-yaxşı qumla sürtə-sürtə yuyub, yaxalayıb, salavatlayıb bir qırağa qoyarlar; bir azdan da bu qara milçəyin ağ süd içinə necə düşüb-düşmədiyini də unudarlar. Ancaq burada peyda olan elə də adəti qara milçək deyildi, çox yekə, çox da qara bir mozalan idi. Bu mozalan başqa yana da yox, Ulduzun canına ariz olmağa başlamışdı... Ağqoyunlu elinin qoyun sürüləri Ziyarət dağının yan-yörəsindən keçib, yuxarılara, alayaylaqlara yol aldığı zamanda, hələ elin dalı Göyəndən üzülmədiyi bir vaxtda, yaz yaya yaxınlaşdığı günlərdə, qızmarlaşdığı dəmlərdə bu mozalan da qızırdı, qızışırdı, ara-ara Ulduzun üstünə düşürdü. Mozalan Ulduzu dişləyirdi, oradan-buradan çalırdı, Ulduzun qanını sorub-sümürürdü. Əvvəlcə Şükran bu qara mozalanı görə bilmədi, nə qədər göz qoyub, göz gəzdirdisə də, bu qara mozalanı tapa bilmədi. Şükran Ulduzun yaralarını yudu, onun canını qandan təmizlədi, qayıdıb yaralı Ulduzun gözlərindən öpdü, qıdıqlayıb tərpətdi. Ulduzun könlünü aldı, birtəhər köhlənin kefini açdı.

7 dəq
VIII

Görünür bu dünyada xeyir iş, xoşbəxtlik olunca şər də qıraqda durmur, öz gücünü göstərir.Göyalı ilə Qaratel Ziyarət dağının göy gurultusunda necə vahiməyə düşüb, necə güclü gürşaddan gizlənə-gizlənə hər necə yaxşıyamı-yamanamı yozsalar da, görünür, bu mozalan da Ulduzun canına qəsdən ariz olmuşdu. Görünür qara mozalanın göz qamaşdıran Ulduza qəsd etməyi heç də qərəzsiz deyildi. Mozalanın qərəzi ancaq Ulduza deyildi, həm də ən ümdəsi Ulduzdan da artıq Şükrana idi. Elə bil ki, harada, hansı uzaq-yaxında gizlənən, üzə çıxa bilməyən qara şərpaxıllıq bu qara mozalanı öz şeytan bətnindən doğurub vücuda gətirmişdi. Ulduzun və Ulduzla canbir qəlb olan Şükranın üstünə göndərmişdi. Buna görə də mozalan öz qara işindən qalmırdı, öz bildiklərini Ulduza edirdi. Özü də dönüb Ulduzun öz bədənində, ya da başqa bir ağlagəlməyən yerində gizlənirdi. Elə ustalıqla gizlənirdi ki, nəinki bir tək Şükran, bir çox adam öz iki gözünü dörd etsə də, yenə də mozalanı girinə keçirə bilməzdi, qan sorub, qan axıtdığı yerdə onu tutub yox edə bilməzdi. Mozalan elə bicliklə hərəkət edirdi ki, elə bil ki, adəti mozalan deyildi, şər-şeytan idi, bunların cəmi-cümləsi idi! Özü də uçurub-dağıtmaqdan, yıxıb-yaxmaqdan nəşələnən bir düşmən idi. Girəvəçi mozalan hirslənən, qəzəblənən Ulduzun gözündə birdən də böyüyürdü. Mozalanın kinli gözləri şişirdi, dombalanırdı, qamı da şişib-şişib zəhər tuluğuna çevrilirdi. Elə bil ki, bir neçə gürzənin zəhəri mozalanda toplanmışdı. Mozalan hər dəfə Ulduzun girəvəsini alıb onu sancınca, Ulduz çırpınırdı, gömgöy göynəyib yanıb-yaxılırdı ki, qanad alıb düzü-dünya boyu uçduğu Şükranı da öz qanadları üzərində uçurduğu, külli-aləmə səs saldığı zamanda yenə də mozalan onun ovqatını təlx edib, qanını zəhərləyirdi. Ancaq Şükran nə qədər göz qoyub baxsa da, mozalan Şükranın şahin gözlərinə görünmürdü. Hansı sehrləsə mozalan özünü sağ-salamat saxlayır, Ulduza bildiklərini edir, ondan heç bir fənalığını əsirgəmirdi. Qara mozalan öz qara cildinə girib birdən zəhərli ilana, birdən də qara bir əjdahaya çevrilirdi. İndi nə etmək olardı? Necə Ulduz bu mozalandan öz canını xilas edə bilər, öz əvvəlki nəşəsini qaytarıb, öz vəziyyətini düzəldə bilər, yenə də öz kişnərtisi ilə Göyən düzənlərini doldura bilərdi? Necə Ulduz yenə də ağqoyunluların gözündə parlaya bilər, Göyalı ilə Qaratelin, bunların oğul-uşağının – bütünlüklə Göylər obasının tütək çalan çobanlara qədər hər kəsi güldürə bilərdi? Necə Ulduz öz parlaqlığı ilə görəneşidən kəslərin ürəklərini aça bilərdi? Bir halda ki, bu qara mozalan, elə bil ki, qara bir məşum kölgə, dəhşətli bir kabus idi və öz dəhşətilə də Ulduzun başının üstünü almışdı, girəvəsini kəsmişdi, onu baş qaldırıb göz açmağa qoymurdu. Qara mozalan nəinki Ulduzun, Ulduzdan da artıq Şükranın ovqatını təlx edib qanını qaraldırdı, özü də Şükrandan ötüb Göyalını vahiməyə salırdı ki, gümüş saçlı Qaratelin ürəyinə hey qara damcılar damızdırırdı. Elə belə fikirləşəndə qara mozalan göz qabağında idi. Ancaq əslində heç də göz qabağında deyildi. Aydın idi ki, Ulduzu çalan, Ulduzun damarlarından yapışıb onun qanını axıdan, canına öz zəhərini yeridən heç bir ilan-əqrəb deyildi, qaraca bir mozalan idi. Əgər bu qaraca mozalan adicə mozalansa, canına şər-şeytanın qaraca nəfəsi dolmayıbsa, niyə bəs çəkilib getmir, niyə rədd olub uzaqlaşmır? Demək, qara mozalanın işi, qəsdi bu növrağı pozmaq idi, bu xanimanı dağıtmaq idi, bu müqəddəs nəşəyə zəhər qatmaq idi. Göyalı nəslinin çörəyini zəhərlə yoğurmaq idi, bəxtəvər ailəni ağlatmaq idi, ağqoyunluları qara yasa batırmaq idi. Şükranı doğan gümüşsaçlı, xoşbəxt Qarateli bədbəxt etmək idi. Bəs ayrı cür isə onda niyə bir küləkdə qayaların birinə çırpılmasın, yaxud Ulduzun qaça-qaça qopardığı toz-tozanağın içində itib-batıb qalmasın? Hey, hər yandan sağ-salamat çıxsın, diribaşlıq göstərib yaxa qurtarsın, alçaq qəsdini yerinə yetirməyincə, Ulduzun ürəyinə sağalmaz dağ çəkməyincə bir yanda qopub qalmasın?! Qara mozalan bu növrağı hey pozmaqdan, Göyalı ailəsinin sinəsinə dağ çəkib düyün qoymaqdan zövq alsın?! Baxanda bir qara dombagöz nə idi ki, Şükranın, ya Ulduzun ayaqları altına düşüb məhv olmasın? Amma nə edəsən ki, qar mozalan nə əl verir, nə də bunlardan hər birisinin ayaqları altına düşürdü. Getdikcə mozalan həyasızlaşır, sırtıqlaşır, öz zəhmlənən qara sir-sifətilə Göyalı külfətinin gününü göy əsgiyə düyürdü. O, Ulduzun şəhpərini qırıb Şükranın şöhrətini yox etmək istəyirdi. Şükranın köşək gözlərini söndürmək, Göyalının yurdculunu yoxa çıxarıb, onun ocağını keçirmək istəyirdi. Qara məqsədindən üzülməyən, qara qəsdinin yolunda yorulmaq bilməyən qara mozalan getdikcə daha da qatilləşirdi. Ulduzun qanını gündən-günə tez-tez sormaqdan, zəhərləməkdən başqa bicliyə, hiyləyə də keçirdi.

9 dəq

Başqa şairlərin şeirləri