Səhifə 3 / 3 · 67%

Mehman danışdıqca burada olan müqəssirlər başlarını aşağı salır, rüşvətə cuman Murtuzovun daha kəsərdən düşdüyünü hiss edir, öz cinayətlərini göz qabağına gətirib vahiməyə düşürdülər. Mehmanın axırıncı nəzəri mamırlı adamla toqquşdu, o qayıdıb geriyə döndü, qapı bağlandı. Bayaqdan dilini uzadan mamırlı adamın, əvvəlkindən fərqli olaraq, canında bir üşütmə gəzirdi... O, iki əlini qoynuna gətirdi, sanki qara torpaq qabardı, yer onu öz dərin qatlarına çəkdi.

Mehman getdikcə daha artıq həyat təcrübəsi kəsb edir, işə ciddiyyətlə girişirdi. O, sübh tezdən prokurorluğa gedir, evə gec qayıdırdı. Züleyxa darıxır, deyinir, ayrıldığı gəzinti, əyləncə günlərini, şənlik çağlarını xüsusi bir həsrətlə xatırlayırdı. O, gündüzləri pəncərə qabağında dayanıb, sanki azad uçuşdan tutulub qəfəsə salınmış bir quş kimi yalyamaca, dağ-daşa boylanırdı:

– Bu Mehman niyə belə buza dönüb, öz yuvasından soyuyur? – deyə bəzən Züleyxa qısqanmağa başlayırdı. – Bəlkə bir iş var, mən bilmirəm?.. Bəlkə bu sakit oğlan bir fasonlu qıza, ya kənd yerinin bir işvəkar gəlininə uyub xəlvəti-xəlvəti saman altdan su yeridir!..

Züleyxanın səbri tükənir, daha o, axşamları prokurorluğa zəng etməyə başlayırdı. Bu zənglərin bir çoxuna ya telefon dəstəyini götürən olmur, ya da cavab gəlirdi ki, prokuror idarədə yoxdur... Belə bir vəziyyətdən darıxan Züleyxa tablaşa bilmədən öz dərdini qonşuluqda olan bağça müdirəsi Zərrintac Sərrafzadəyə açmağa başlayırdı:

– Ay qız, xanım bacı, buralarda lap adamın ürəyi ağzına gəlir ki, – deyə o ah-zar eləyirdi. – Adamın ürəyi elə qısılır ki, deyəsən bəs bir daş qəfəsə düşübdür?..

Zərrintac bu sözlərə göydəndüşmə bir qızıl alma kimi baxırdı. O, öz növbəsində dönüb Züleyxanın qızlığına girir, onu öz evinə dartmağa başlayırdı. Zərrintac Sərrafzadə prokurorun arvadı Züleyxanı mürəbbəli çaya qonaq edir, gülüb danışır, ona xoş sifət göstərirdi.

– Ay Züleyxa xanım! Burada bir gediş-gəliş yerin olmasa, lap qulaqdan qut olarsan, – deyə o, Züleyxaya həmdəm olduğunu bildirdi.

– Özüm də neçə vaxtdır kənardan da olsa göz qoyub baxmışam, sənin o qayınanan çox yamanca arvaddır... Adam dalınca boylanandır... Mənim də bir elə boylananım var idi, çox çək-çövürdən, dava-dalaşdan sonra bir gün oğluna dedim ki, bu evdə ya o, ya mən!.. Olmadı, qarı öz boylanmaq xasiyyətindən əl çəkmədi, axırda oğlu ona yol göstərdi, o da qoyub getdi öz doğma qızının yanına! Vallah, bu qayınanalar gəlinlərini o qədər qısqanırlar, az qala istəyirlər ki, özləri, ayıb olmasın, öz oğullarına ərə getsinlər! Bunlar günüdən min qat pis olurlar... Təlx, acı, turş!.. Özü də gəlininə göz verib işıq verməyən bir gözüdar, donqabel, heyvərə ha!.. Baxır arvad ayna qabağında torbalanmış üzünün qırışına, baxır gəlininin alma yanağına, qarının cini vurub çıxır kəlləsinə, bu çöllülər demiş, keçiləri toplanır başına bu heyvərənin! Daha qarı qalır şıllağa, huygir qatır kimi qoşa təpikdən çırpır adamın sinəsinə!.. Dayanmaq olmur, durmaq olmur, o sapsarı sifəti görmək, biri bir batman gələn sözü udmaq olmur, olmur!..

Züleyxa Zərrintacın bu yanıqlı sözlərini kədərli-kədərli dinləyir, onun da gözündə qayınanası Xatun arvad yamanlaşmağa başlayırdı. Züleyxa hər bir söhbətdən evə dönüncə Xatuna qarşı çəpəki baxır, daha dodaqaltı deyinir, öz kəm taleyindən şikayətlənirdi.

Mehman bu vəziyyəti sezsə də, hələ ki, üzdə açılışmır, öz işi-gücü ilə məşğul olur, ucqar kolxozlara gedir, işləri yoxlayır, dərindən-dərinə istintaq aparır, haqqı nahaqdan ayırd edir, günlərlə oralarda qalırdı.

Bu vaxt Xatun sabaha kimi yatmayıb ürək döyüntüsü ilə oğlunun yolunu gözləyirdi. Külək qapını taqqıldadanda belə o cəld ayağa durur, əsə-əsə qapıya yaxınlaşırdı:

– Kimsən?..

Bir səs gəlmir, Xatun qapı ağzında dayanıb dinləyir, sonra titrəmiş yerinə dönürdü. Bu vaxt səsə oyanan Züleyxa, öz çarpayısında ağır-ağır o tərəf-bu tərəfə çevrilir, özlüyündə dodaqaltı mırıldanırdı.

– Bir çimir eləməyi də bu arvad bizə çox görür, ha, “Mehman gəlmədi, Mehmana yolda nə oldu?”. Daha demir, bəlkə oğlan rayonun dərin yerinə girib, görəsən nə kef çəkir, bu saman altdan su yeridən?..

Bir an keçmədən Züleyxanın şirin mışıltısı başlayır, Xatunun yuxusu göyə çəkilir, o gözlərini pəncərəyə zilləyir, sabahın açılmasını gözləyirdi. Getdikcə Züleyxa Zərrintacgilə getməyi daha artıq vərdiş edir, bu aranı su yoluna döndərirdi. Zərrintac isə brilyant sırğalarını, qiymətli üzüklərini, qızıl saatlarını Züleyxaya göstərirdi. Züleyxa baxır, onun ağzı sulanır, tamahı qılınc kimi itilənirdi:

– Ay qız, nə əcəb bunları toplamısan?

– Neçə ildir ki, bəs bu bağçalarda niyə can çürüdürəm? Deyirsən yəni bu bir-iki dənə də şey-şüyümüz olmasın? – Zərrintac pörtə-qızara cavab verdi. – Sabahdan əlimiz bir dara düşəndə yetim quzu kimi hansı düşmən qapısında öz boynumuzu burub, məliyək, hə?

– Hamısını özün düzəltmisən, bu parıltılı şeylərin hamısını?.. Bu ki, Şah Abbas xəzinəsidir, bacı!

– Düzü bir az qabaqkı kişidən qalıb. O da sənin ərin kimi prokuror idi. Bir az da oyan-buyandan!.. Belə də!..

– Bəs o prokuror oğlanla aranız niyə dəydi?

– Gördüm ki, gecələr arvad danışdırır...

– Nə olar ki?.. Bəlkə müqəssirdir? Ya da şahiddir? – Züleyxa qısqansa da üstünü vurmur, hələ ki, öz vüqarını yuxarı tuturdu.

– Əgər fikri düz idisə, arvadları gündüz danışdıraydı, kişiləri də gecə, – deyə Zərrintac yırğalanırdı. – İndi bəs o prokuror oğlan haradadır?

– Deyir haradasa şorgözlük üstündə dolaşıbdır! Şorgözlükdə o, dünyaya tək gəlmişdi. Qız, məndən sənə əmanət, – deyə Zərrintac danışdıqca pörtürdü. – Kişinin yaxasını heç zaman öz əlindən buraxma!.. Beynini ye, qoy gözü açılmasın! Özü də öz üst-başını daş-qaşını düzəlt!.. Həmişə özünü bax bir qarış yuxarı, kişini isə bir qarış aşağı tut! Qoy sənə baxanda ağzı sulansın! Yoxsa sən ona hörmət eləsən, deyəcək bəs sən ondan qorxursan?!. Vur özünə tumarı, alış gün kimi yan, qoy gözləri qamaşsın! Dünyada adama heç bir şey verməzlər, hamısını almaq lazımdır, qız! Qamarlamaq, almaq gərəkdir, balası!..

– Haradan qamarlamaq, almaq, ay bacı? – deyə Züleyxa köks ötürdü.

– Bizim anamız quru çörəkdən də bizi qoruyur, həmişə: “Oğul, artıq tamah baş yarar”, – deyə toyuq kimi bir ayaq üstə durur. Qoymur heç o Mehmanı öz donluğuna da bir düz-əməlli qol çəkə, barı!

– Qadam onun kaftar ağzına, – deyə Zərrintac iki əlini qoşalaşdırıb buradan oraya Xatunun başına “ala ee” deyir, Züleyxaya öyüd-nəsihət verirdi. – Bu dünya yeyənə quyruqdur, qız, ağlayana yasxana! Sən işində ol, qız, özünə bir gün ağla, balası! Sabah bu dünyadan sənin gözəlliyin gedəndən sonra, bu gündən o qırışan qocalığa hansı yadigar qalacaqdır?.. Bəlkə daş-qaşın olsun ki, birtəhər özünə bəzək-düzək verib o zaman qarılığın üstünü örtəsən!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

X

Ancaq bu qaralıq elə bir qara hiyləgər cilddə gizlənmişdi ki, Şükran görə bilmirdi. Onun gözlərinə qaranlıq çökdüyündən, heç nəyi görməyi, seçməyi bacarmırdı. Hər necə olsa da, daha Şükran üçün döndü yox idi. Hər necə qaralıq çəksə də, o görürdü ki, Ulduz çox yamanca dolaşıqdadır. O yıxılmaq, boğulmaq, ölmək təhlükəsindədir. O, gözə görünməyən qara qüvvənin əlində əsirdi. Yox, buradan dönmək, qara daşın daldasından çəkilmək olmazdı!..Şükran sağ əli ilə gözlərini bərk-bərk sildi, sanki qara pərdələr azazacıq da olsa çəkildi, Şükranın gözləri ayazıdı, nə isə atası Göyalı, anası Qaratel, yeddi bacı, yeddi bacının balaları göz qabağına gəldi. Sanki onlar hamısı birdən səsləndi, birdən qışqırışdı: “Özünü bəladan qoru! – dedilər. – Şükran, özünü şeytan işinə qurban vermə, Şükran, bizi ağlar qoyma!..”

2 dəq
XI

Şükranın ölüm xəbəri ildırım itiliyilə hər yana, Göyən oymaqlarının hər yerinə yayıldı. Eşidən, bilən dizinə döydü. Hamı yanıb-yaxıldı. Yaylağa qalxmayıb Göylər oymağında qalanlar çox tezcə Göyalı ilə Qaratelin görünməzin müsibətinə şərik oldular. Onlar Göyalı külfətinə qarışdılar, uşaqlı-böyüklü qara daşın dibinə tərəf axışdılar. Yelqanadlı, ağçuxalı, gümüş xəncərli, qırmızı məsli Şükranı yerdə sərili gördülər. Şükranın papağı kənara düşmüş, ancaq onun şəvə saçları səliqəsini pozmamışdı. Şükranın anası Qaratel oğlunun bir kənara düşən təpəsi güləbətinli ağ papağını götürüb bağrına basdı, sonra da papağı oğlunun sinəsinə atıb öz qırışıq üzündə sağ-islahat qoymadı. Ağqoyunluların adətincə ərgən igid öləndə anası üzünü öz dırnaqlarıyla didişdirməli idi. Ancaq Qaratel üzünü didişdirməklə qalmadı. O, sifətini sivirib sinəsinə tökdü. Haraya yetirən bacının heç biri bədbəxt anadan geriyə qalmadı. Bir an içində onlar öz gözəlliklərini tək qardaşlarına qurban verdilər. Göyalının oğlan, qız nəvələri, ucaboylu-ucaboylu yeznələri də bir-birinə qarışdı. Göyalı özü bir an içində büküldü, kişinin beli doqqalandı. Kəmfürsət qocalıq öz qılıncını çəkib kişinin boynuna qoydu. Şükranın ölümü xoşbəxt ailəni birdən-birə bədbəxtliyə düçar edib, yetimləşdirdi. Başqaları da yetimləşən külfətə qoşuldu. Elə bil ki, hamının bir tək oğlu, ya qardaşı qəflətən öldürülmüşdü. Bu hadisə bir tək Göyalı ailəsi üçün deyil, bütünlüklə Göyən obaları, Ağqoyunlu eli üçün bir müsibət kimi səslənməyə başladı. Ağqoyunluların aranı, dağı az müddət ərzində bir-birinə dəydi. Ayağı yer tutan yola düşdü. At-dəvə belinə qalxan daşlanıb Göylər kəndinə gəlməyə başladı.Qara daşın dibindən götürülən, Göyalının eyvanında qoyulan Şükranın cənazəsi dövrələndi, dam-daş əhatə olundu. Adamlar çoxaldıqca dalğa-dalğa genişləndi, baş-başa verən, çeşmə üstündə ucalan qollu-qanadlı çinarların altı adamlarla doldu. Başbilən Ağqoyunlu ağsaqqalları uşaq kimi ağlaşdılar. Öz ömürlərində çox toy və yas görən kişilər belə tablamayıb, hönkürüb hönkürüşdülər. Hər tərəfdən dəstələnib gələn qara geyimli ağıçı arvadların ağıları sümükləri sızıldatdı. Ağıçılar hələ də üzünə qara yaylıq çəkilməyən Şükranı bir qəhrəman igid kimi oxşadılar. Onlar nəinki indiyə qədər el içində yaranan ağıları yaraşdırdılar, özləri də Şükranı oxşayan ağılardan qoşdular, ağladılar. Axı, heç kəs Şükranın öz Ulduzunun belindən belə yarımçıq yerə salınmasına qıymırdı. Yaxın da, uzaq da Şükrana ürəkdən göynəyirdi, ürəkdən sızlayıb, ürəkdən ağlayırdı.

7 dəq
XII

Yuxarı dağlardan yük-yük buz gətirdilər, Şükranın dəfni Ağqoyunlu adətinin ziddinə olaraq üçüncü günə saxlanıldı. Nə Göyalı ailəsi, nə də Ağqoyunlu eli bu gözəl-göyçəklikdə oğlanı tezcə torpağa tapşırmaq istəyirdi.Alnından axan qana baxmayaraq, sanki Şükran həyata dönmək üçün yuxuya getmişdi. Baxan adama elə gəlirdi ki, Şükran ayılacaq, ayağa duran kimi gözlərini silə-silə Ulduzu soruşacaq, əhvalatı eşidincə Ulduzun əfv olunmasını diləyəcəkdir: “Hər nə olubsa, keçibdir” – deyə bu ağır cinayətin üstündən ötəcəkdir... Axı, adətə görə ağqoyunlularda doğruçu dostlar bir-birinin yolunda başlarından keçmişdilər. Dost dostu düşmən girinə verməmək üçün ölümə getmişdir. Şükranla Ulduz da belə dostlardan deyildilərmi? Heç bir kəs təfsilatı bilməsə də, Şükran bilməmiş olmazdı və doğrudan da bilmişdi, necə də qara mozalan bu aranı qarışdırdı, necə də o öz qəsdinə çatmaq üçün Ulduzu acıda-acıda özündən çıxardı, Şükranın özünü də belə qəzəbləndirdi. Axı mozalan qəsdən çovurdu, öz qəsdinə görə Ulduzun dəmir nallı təpiyini Şükrana tuş elədi. Özü də Ulduzun bu hərəkəti çox yamanca bir müsibət gətirdi. Elə bil ki, qəflətən ox kamanından çıxdı, qardaşın oxu qardaşın ürəyindən keçdi.

7 dəq
XIII

Axı Şükranın ölümü heç də adi ölüm deyildi. Bu müsibət idi, faciə idi, qəhrəman ölümü idi. Şükranın qəhrəmanlığı yol kəsənlikdən, baş kəsənlikdən, basqın etməkdən, qan tökməkdən ibarət deyildi. Şükranın qəhrəmanlığı tamam xeyirxah, nəcib insan qəhrəmanlığı idi. Şükran at ötüşlərində, cıdır çapışlarında ardınca ağçuxalılar, ulduz atlılar dəstələri gətirməkdə, toy-nağaranı gücləndirməkdə, Göyən yallılarını genişləndirməkdə birinci idi, başbilən idi, başçı idi! Şükran öz hərəkəti, öz rəftarı, öz cəsarəti və çevikliyi ilə adamları yaxşılığa, bir-birini sevməyə səsləyən insanpərvər idi, insan idi. Şükranda yaxşılıqdan istənilən qədər tapmaq mümkün olduğu halda, onun pisliyindən, pis əməllərindən heç bir, cüzi də olsa, tapmaq mümkün deyildi, çünki Şükran pis olmamışdı, heç kəsə də pislik etməmişdi. O vaxt at ötüşlərində möcüzələr göstərən Şükrana el-oba mərhəba deyirdi, Sevgili də gəlinbacısı ilə Şükranla toy etməkdən danışırdı, sevinirdi, yerə-göyə sığmırdı.Bəs indi? İndi ulu Tanrı gör nə edibdir? Qara libasa qərq olan Sevgili indi nə deyirdi? Sevgilinin qonşusu həmin gəlinbacı – oğlunu Şükranın özü qucağına alan, Ulduzun belinə qaldırılıb gəzdirilən Gülnaz nə deyirdi? O, Şükranın matəminə heyifsilənə-heyifsilənə gəlməmişdimi? Bəli, heyifsilənməkdən artıq yana-yana gəlmişdi. Gülnaz oxu daşa dəyən Sevgilinin nə çəkdiyini bilirdi. Sevgili tək bircə kəlmə də olsa Şükranla kəsməmişdi. İndi tabutda uzanan, yanlarına buz yığılan Şükranı nə dindirmək, nə də ona Sevgili barəsində bir işarə etmək olardı! Misilsiz şuxluq və cəsarət, çevikliklə Ulduzun belində oynayan oğlana indi nə söyləmək olardı? Sevgili ürəyindən keçirirdi: “Mən qara saçlarımı ağ hörəcəyəm! – deyə and içirdi. – Heç bir yana getməyəcəyəm, heç bir oğlanın üzünə baxmayacağam. Mən səni sevmişdim, Şükran! Yenə, torpaqda da səni sevəcəyəm. Sən öz sevgini qurd ağızlı torpağa apardığın kimi, mən də öz sevgimi elə bu torpağa aparacağam!”

2 dəq

Başqa şairlərin şeirləri