Üçüncü pərdə
Səhifə 1 / 3
Kərimin həyəti. Ağaclıq, güllük, çiçəklik.
Durna ilə Lalə söhbət edə-edə gəlirlər.
Durna
Lalə, niyə çəkinə-çəkinə gəlirsən?
Lalə
Vallah, xəcalət çəkirəm, Durnacan, mən hər bu qapıdan içəri girəndə özümü bir sayaq hiss eləyirəm. Deyirəm, Kərim dayı, Nisə xala buna nə deyərlər axı.
Durna
Çox nahaq! Heç onlardan utanma. Sən mənim kiçik bacımsan. Artıq sən mənim briqadamdasan, özü də alnın açıq, üzün ağ. Bu ev sənin öz evindir. Daha səni gözümdən irağa qoymayacağam. Cavan, gözəl-göyçək qızsan. Niyə bədbəxt olasan axı!
Lalə
Sağ ol. Durna bacı! Heç bilmirəm, bu yaxşılığının əvəzini nəylə, necə çıxım.
Durna
Heç necə. Sənin xoşbəxtliyin hər şeydən vacibdir. Görmürsənmi, indi hamı səndən danışır. Sən öz səadətini öz əlinin zəhmətilə qazanırsan.
Lalə
O öz yerində, sən bir bacı kimi əlimdən tutmasaydın, bəlkə mən indi belə olmazdım. Deyirəm, keç mənim təqsirimdən, səni çox incitmişəm.
Durna
Eh... məni yox... Sən özünü incitmisən.
Lalə (qəmgin)
On il əvvəl anam ölməsəydi... atam da gedib məni gözümçıxdıya salan başqa bir arvad almasaydı, mən heç vaxt bu həyat yollarında büdrəməzdim. İkinci anam hər gün heçin, puçun üstündə saçlarımdan tutub məni bərk-bərk döyərdi. İki il əvvəl atadan da yetim qaldım. Analığım məni hər kimə olursa olsun ərə vermək istəyirdi. Qonşumuzun o başı batmış oğlu Dursunu da mənimçin analığım gözaltı eləmişdi. Qalanını sən özün məndən yaxşı bilirsən.
Durna
Sən həyata təzədən gəlirsən, Lalə, keçmişi fikrindən, xəyalından çıxart getsin. Uzaq görən gözlərinlə sabaha, gələcəyə bax, sənin bəxtin ordadır, orda. Vaxtı ilə səni bədbəxtliyə, uçuruma sürükləyən o nadanın adını bir daha dilinə gətirmə.
Lalə
Qızıl kimi sözlər deyirsən, Durna! Ancaq bir də o alçağa rast gəlsəm, onu bu əllərimlə salacağam ayaqlarımın altına... Nə yemisən, turşulu aş.
Durna
Onu həyat özü döyüb, sənin döyməyinə ehtiyac yoxdur.
Qəmər tələsik gəlir.
Qəmər
Durnacan, muştuluğumu ver! (Ona məktub verir.)
Durna
Məktubdur.
Lalə
Adamındandır.
Qəmər
Xeyr, Muraddandır.
Lalə
Nə təfavütü, adamındır da.
Durna
Sənin canınçın, Lalə... O mənim istəklimdir. Görək nə yazır? (Oxuyur.) “Çıxışım çox gözəl keçdi. Görünür, bu günlərdə bizi Kremlə qonaq çağıracaqlar. Moskvada bu qoşmam çox bəyənildi”.
Qəmər
Hansı qoşma?
Durna (oxuyur)
İlk bahar görünincə
Könüllər dilə gəldi.
Pərvanələr işığa,
Bülbüllər gülə gəldi.
Nə gözəldir ilk bahar
Dodağında gülüş var.
Düzülüb qatar-qatar
Durnalar gölə gəldi.
Sevin, sevin ey könül,
Başında rəngbərəng tül
Əlində bir dəstə gül
Yar gülə-gülə gəldi.
Sevincim həddən aşdı
Güldüm gözləri yaşlı.
Birdən dilim dolaşdı,
Mənimki belə gəldi.
Lalə
Var olsun, bunu yazan da, yazdıran da!
Qəmər
Yazan, Muraddır. Bəs yazdıran kimdir?
Lalə
Yazdıran bax, bu bəxtəvərdir! (Durnanı göstərir.)
Durna
Buy, gör kağız nə vaxt yazılıb? İndi gərək özü burda olaydı ki...
Lalə
Ürəyin suya dönməsin gəlib çıxar. Durna, daha nə yazır?
Durna
Heç nə.
Lalə
Gizlətmə, hamısını oxu! Yaxşı indi ki, özün oxumursan, ver mən oxuyum. (Məktubu Durnanın əlindən qapır. Durna məktubu geri almağa çalışır.)
Lalə (məktubu oxuyur)
Mən gələndə yenə səni
Üzü gülər görüm, Durna.
O gün olsun saçlarını
Öz əlimlə hörüm, Durna!
Qoy ürəyim səndə qalsın,
Məhəbbətin məndə qalsın.
Hicran bizdən gendə qalsın,
Qurban sənə ömrüm, Durna!
(Məktubu Durnaya qaytarır.)
Durna və Qəmər
Sağ ol, Lalə!
Durna (məktubun gerisini oxuyur)
“Kənd təsərrüfatı sərgisində kolxozumuz birinci yeri tutan qabaqcıl kolxozlar cərgəsindədir. Mənə qızıl medal veriblər”.
Qəmər
Gözümüz aydın! Mən getdim Muradgilə muştuluğa.
Qəmər gedir. Kərim və Nisə gəlir.
Kərim (Durnaya qəzeti göstərir)
Hə, qızım, oxumusan?
Durna
Xeyr, ata!
Kərim
Deyirəm, gözün aydın! Moskvada ondan yazırlar. Kolxozumuzun üzünü ağardıb. (Qəzeti Durnaya verir.) Bu da onun şəkli. Utanma, bas bağrına.
Durna (utanır)
Ata!
Kərim
Deyirəm, qoy bir qayıtsan onunla haqq-hesabı çürüdək. Hə, qızım necə oldu? Kim deyən oldu? İndi kim qabaqdadır. Siz, yoxsa biz?
Durna
Hələlik siz! Amma dediyiniz kimi bu günün sabahı da var. Yarış davam eləyir.
Kərim
Kimi qorxudursan, eləsin də.
Durna
Ata, görürsənmi, nəcəfləri, dursunları özündən uzaqlaşdıran kimi işlərini yenidən qura bildin.
Kərim
Mənə dərs vermə! Mən özüm öz səhvimi düzəltdim.
Durna
Atacan, bu inadından, mənəm, mənəm deməyindən əl çəkəsən! (Əlindəki məktub yerə düşür.)
Kərim
O nədir? (Qaldırmaq istəyir. Durna ondan tez tərpənir.)
Durna
Heç.
Kərim
Necə yəni heç. Daha niyə gizlədirsən? Ondan kağız almısan?
Durna
Bəli, ata almışam.
Kərim
Nə olar almısan, al da. Yaxşı nə yazır? Yoxsa yenə atana gülür?
Durna
Xeyr. O qızıl medal alıb.
Kərim
Oxumuşam. Alsın, nə eybi var ki. Bizim briqada isə Keçici Qızıl Bayraq alıb. Ay Nisə, həyəti başdan-başa çilçıraqban eləyək ki, bir azdan hamı bura tökülüşəcək. Heyf... gərək o da gəlib bizim bu cahcəlalı görəydi. Qızım, de görüm, daha nə yazır? (Yavaşdan zarafatla). Orda evlənib eləməyib ki?
Durna
Ata...
Kərim
Bir sözdür, dedim də. Daha nə yazır?
Durna
Anama salam yazır.
Nisə (sevincək, Kərimə acıq verir)
Mənə salam göndərən sağ olsun! Kişi, mən elə əvvəl gündən sənə deyirdim ki, Murad canlara dəyən oğlandır. Sən deyirdin yox. Min yaşasın mənə moskovski salam göndərən!
Kərim
Mənə necə, salam yazır?
Nisə Durnaya işarəylə bildirir ki, yox desin.
Durna
Xeyr, yox, yazmır.
Kərim
Necə, necə?!. Yazmır, yazmasın. Görünür, kağızdakı başqa əhvalatlar mənə salam yazmağa mane olub. Yəqin kağızda yer olmayıb... heç eybi yoxdur. Gəlib görər ki, Kərimgil burda nə möcüzələr yaradıb.
Nisə
Qızım, ona mənim dilimdən yaz ki, ondan ötəri mən də, sən də, atan da yaman darıxırıq.
Kərim
Arvad, gəl sən mənim dilimdən vəkillik eləmə! Bəlkə, mən darıxmıram.
Nisə
Darıxma kişi, darıxma... Qızım, bir söz yaz ki, bütün kolxozçular onunçün darıxır.
Durna
Ata, bəs sizdən nə yazım?
Kərim
Məndən heç nə. (Durna otağa tərəf gedərkən onu saxlayır.) Yox, dayan, qızım... Ona yaz ki, mənə də salam yazsın.
Durna (gülərək)
Ata, sən ki, onu sevmirsən.
Kərim
Ailəmizdən biri sevir, kifayətdir də!
Durna
Ata!.. (Utanaraq evə gedir.)
Nisə
Vallah, bu kişinin işindən heç başım çıxmır. Gah deyirsən, düşmənim Muraddır, gah da, deyirsən ki, öz qohum-qardaşım. Sənin felindən heç kəs baş çıxartmaz, heç kəs!
Kərim
Yaxşı, yaxşı, baş aparma. Nisə bir məsələ məni yaman çaşbaş eləyib, axı. Sən sandıqda, mən şkafda olanda...
Nisə (gülür)
Yox, a kişi, mən şkafda, sən sandıqda olanda.
Kərim
Hə, hə... hərəmiz birində olanda Durnaya eşq dərsi verən Muraddı, yoxsa o Dursun?
Nisə
Əlbəttə Dursun! Onda biz Dursunu kötəkləmədik?
Kərim
Döyməyinə Dursunu döydük. Ancaq əvvəlcə mənim gözümə Murada oxşayan bir şey dəydi, axı.
Nisə
Dursundu, a kişi, Dursun! Murad qızıl kimi oğlandır.
Kərim
Mənə Muraddan məruzə eləmə. Onu səndən yaxşı mən tanıyıram. Atası yerində dünyagörmüş kişiyəm. Böyük-kiçik saymayıb mənimlə kəllə-kəlləyə gəlir. Nə olar? Mən o dikbaşa kim olduğumu bildirərəm!
Nisə
Səhvin var. O dikbaş deyil, mərddir, mərd. Sən istəyirsən ki, Murad da, qohumun Nəcəf və ona oxşayan bir para adamlar kimi sənə yaltaqlansın? Qabağında ikiqat olsun?
Kərim
Mən elə demirəm.
Nisə
Bəs necə deyirsən?! Onu da bil ki, düz adam, təmiz adam dünyasında heç kimin, padşahın da, Allahın da qabağında boyun əyməz. Muradı mən bu sayaq tanıyıram.
Kərim
Afərin Nisə, afərin!.. Sözlərində həqiqət var. Düz sözə nə deyəsən?
Nisə
Sözün qısası, qızı Murada veririk, ya yox?
Kərim (gülərək)
Yoxsa Moskvadan gələn bürüştə salam saqqızını oğurladı. Qız köçürmək dəm-dəm halvasıdır, məgər? Qoy bir papağımızı qabağımıza qoyub baş sındıraq, görək nə olur.
Nisə Kərimin papağını başından qapıb miz üstə qoyur.
Nisə
Buyur, papağın qabağında... Sındır başını görək!
Kərim hirslənib cəld ayağa qalxır.
Nisə
Utan kişi, heç olmazsa yaşından,
Boş-boş sözlər çıxartma öz başından.
Bir qızım var, bu ellərin gözəli,
Dəyməyibdir əlinə bir yad əli.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-durna-ucuncu-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sevgilim, könlüm sənin heyranın olsun, olmasın!Can deyib, candan keçən cananın olsun, olmasın!
Əksini gördümQəlbimdə yenə saf, ləkəsiz güzgünü gördüm,Mən orda böyük eşqimin öz mülkünü gördüm.
Başına gəlsin!Ey evi gəlinsiz, nəvəsiz qardaş,Nə deyim ki, sənin xoşuna gəlsin!
Ayağım deyilNəcib arzularla doludur könül,Daha qəmxanələr ocağım deyil.
Başqa şairlərin şeirləri
Ey sərvi-səhi, sen gələli seyr ilə bağəSər çəkmədi ər-ər,
GülÇün olur fəsli-bahar, eylər özün izhar gülƏndəlib məstü xabından qılar bidar gül
Əgər dünya budur, bixanü biman olmamız yegdürƏgər dünya budur, bixanü biman olmamız yegdür,Buraqıb işrət əsbabını üryan olmamız yegdür.
FələkƏlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,