Üçüncü pərdə
Səhifə 3 / 3 · 67%
Dursun
Yəni allahın Laləsi də mənə gəlməz?
Kərim
Gəlməz. Çünki indi siz ayrı-ayrı adamlarsınız.
Dursun
Əşi, özü mənə min dəfə deyib, toyumuzu eləməsən zorla gedib girəcəyəm atan Nəcəfin xarabasına. Bir də məndən başqa kimdir o zəhər tuluğunu alan?!
Lalə (pilləkəndən aşağı enir)
Kimə deyirsən zəhər tuluğu, ay gic-gici!
Dursun
Boy Laləsi...
Lalə
Rədd ol, həyasız!
Şərəf (onun üstünə cumur)
Mənim balama deyirsən həyasız? Hara qaçırsan? Dayan görüm!
Lalə həyətdən çıxır.
Dursun
Öyrədiblər... İşin yoxdur.
Kərim (Dursuna)
Oğlum, bir bura gəl! Səndə təqsir azdır.
Dursun
Alıram boynuma.
Kərim
Doğru deyiblər ki, balıq başdan qoxuyar. (Nəcəfi göstərir.)
Nəcəf
Nə? Balıq! Gedək oğlum! Heç eybi yoxdur! Mən bir də sənin bu qapından içəri girsəm, nakişiyəm, nakişi.
Kərim
Bu təntənəli günümüzdə qanımızı qaraltmayın, görək. Xoş gəldiniz! Yol açıqdır.
Şərəf (şeylərini yığışdırır)
Gedək, heç eybi yoxdur.
Gedə-gedə deyinirlər.
Dursun
Məməsi, dədəsi, gedək.
Şərəf
Heç eybi yoxdur. Örkən nə qədər uzun olsa yenə gəlib doğanaqdan keçəcək. Bundan qabaq xoruz yoxdu, sabah açılmırdı?
Dursun
Qədrimi bilmədilər, heyf məndən, itirdiniz məni.
Gedirlər.
Nisə
Boy başıma xeyir!.. Dursunu qınama, kişi. Bu qocalarda həyadan, abırdan əsər-əlamət yoxmuş, yox.
Kərim
Gedək, ay arvad; ara yerdə xörəyimiz soyudu. (Otağa getmək istərkən, kolxozçular gəlirlər.)
Kərim
Xoş gəlmisiniz! Xoş gəlmisiniz!
Xor
Sağ ol Kərim, var ol Kərim!
Biz heyranıq qüdrətinə.
Bizim ellər qiymət verir
Bu mənalı zəhmətinə.
Dost ellərin qüvvəti var
Bükülməyən qollarında.
Alnın açıq, üzün ağdır
Qalibiyyət yollarında.
Kolxozçular
Sizi ürəkdən təbrik eləyirik!
Kərim
Mən də sizi təbrik eləyirəm. Bundan da xoş günləriniz olsun.
Qəmər (qaçaraq gəlir)
Gəlirlər, gəlirlər... O da gəlir.
Nisa
Başa düşmədik. Gələnlər kimlərdir? O gələn kimdir?
Qəmər
Durnadan soruşun, desin sizə. Onu hamıdan yaxşı o tanıyır.
Səhnə arxasından Muradın səsi eşidilir.
Durna
Odur, o...
Kərim
Qızım, utanma, çıx qabağına.
Nisə
Kişi, gələn... Moskovdan mənə salam göndərən oğlandır.
Murad bir dəstə kolxozçu ilə gəlir. Görüşürlər.
Murad
Salam, yoldaşlar!
Nisə
Niyə belə gec?
Kərim
Onu qınama. Sən Moskovaya pay-piyada gedib-gəlməyi asan bilirsən?
Murad
Salam, Kərim dayı!
Kərim
Salam! Nisə, axır mən də öz Moskov salamımı aldım. Murad, oğlum, qızıl nişanını da ürəkdən təbrik eləyirəm... haqqındır, almısan.
Durna
Orda heç bizi yada salırdınmı?
Kərim (gülərək)
Bizi niyə, məni desənə!
Murad
Kərim dayı, sizi də, onu da.
Kərim
Daha mənə yox da. Bizi də ona görə.
Murad
Kolxozumuzda nə var, nə yox?
Kərim
Onlardan soruş.
Lalə
Niyə, işlərimiz çox yaxşıdır.
Murad
Boy, Lalə!
Lalə
Kərim dayının briqadası hamını ötüb.
Murad
Çox şadam!
Durna
Lalə indi başqa qızdır. O, indi bizim briqadamızda işləyir.
Murad
Çox gözəl! Kərim dayı, daha məndən incik deyilsən ki?
Kərim
İncik idim... Daha yox. A Hilal, niyə dayanmısan? Tez keç evin dalındakı qoçu kəs, yaxşı bir kabab yeyək.
Hilal
Baş üstə! (Gedir.)
Lalə
Kərim dayı, qoy Murad bizə Moskvada gördüklərindən danışsın.
Kolxozçular
Danışsın, danışsın.
Murad
Bu gözlərim üstə!
Ona saz verirlər.
Gözəl Moskvada məhəbbətlə mən
Gəzib addım-addım hər yeri, gördüm.
Ellər paytaxtında, doğma şəhərdə
Gülür insanlığın səhəri, gördüm.
Sülhün beşiyidir torpağı, daşı,
Hər zaman göylərə ucalır başı.
Doğma Bakımızın böyük qardaşı
Paytaxtlar paytaxtı şəhəri gördüm.
Kütləvi rəqs başlanır.
Xor
Sülhün xoş nəğməsilə açılır hər gün səhər,
Vətənin bayrağına yazılır sonsuz zəfər.
Təbiət dəyişir, qüdrətimizlə,
Həyat gözəlləşir, zəhmətimizlə.
Sevinir nəsillər, gülür candan, ürəkdən
Var olsun bu ellər, var olsun azad vətən
Günəşi salamlayır kəndi, şəhəri,
Gülür kommunizmin al şəfəqləri.
Hamı rəqs edir.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-durna-ucuncu-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sevgilim, könlüm sənin heyranın olsun, olmasın!Can deyib, candan keçən cananın olsun, olmasın!
Əksini gördümQəlbimdə yenə saf, ləkəsiz güzgünü gördüm,Mən orda böyük eşqimin öz mülkünü gördüm.
Başına gəlsin!Ey evi gəlinsiz, nəvəsiz qardaş,Nə deyim ki, sənin xoşuna gəlsin!
Ayağım deyilNəcib arzularla doludur könül,Daha qəmxanələr ocağım deyil.
Başqa şairlərin şeirləri
Ey sərvi-səhi, sen gələli seyr ilə bağəSər çəkmədi ər-ər,
GülÇün olur fəsli-bahar, eylər özün izhar gülƏndəlib məstü xabından qılar bidar gül
Əgər dünya budur, bixanü biman olmamız yegdürƏgər dünya budur, bixanü biman olmamız yegdür,Buraqıb işrət əsbabını üryan olmamız yegdür.
FələkƏlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,