Səhifə 2 / 3 · 33%

Kərim

Deyirsən ki, qızı verək Murada
Sən yaxşı ol, mən pis olum arada?
Sonra gülüb deməzsən ki, aldatdım,
Öz fikrimdən çəkilmərəm bir addım.

Nisə

Qız mənimsə mən razıyam ürəkdən,
Əl çək, kişi, mənəm, mənəm deməkdən.

Kərim və Nisə

Biz nəçiyik sevişirsə könüllər,
Xoşbəxt olsun qoy bu azad nəsillər!

Hilal və bir neçə kolxozçu həyətə gəlir.

Onlar da Nisəyə və Kərimə qoşulub oynayırlar.

Hilal

Salam, Kərim kişi, arvadla həyətdə yaman meydan açmısan ha.

Kərim

Salam, Hilal!.. Belə bir gündə oynamayıb bəs havaxt oynayacağıq.

Hilal

Yaxşı, qonaqları qəbul eləməyə hazırsan? Kolxozçular səni təbrikə gələcəklər.

Kərim

Gəlsinlər, gəlsinlər.

Hilal

Eşitdiyimə görə rayon mərkəzindən və qonşu kolxozlardan da gələnlər olacaq.

Kərim

Ay arvad, sən get işini, gör!

Hilal

Doğrudur. Bir də gördün, aləm axışıb töküldü bura... sonra...

Nisə

Göz üstə, buyurub gəlsinlər... Bir də, ay Hilal, kimi qorxudursunuz... Bütün el-oba yığışıb gəlsə yenə də süfrəmizdə hamıya duzçörək tapılar.

Kərim

Sağ ol, ay arvad!

Hilal

Deyirlər, Murad da bir az əvvəl gəlib çıxıb.

Nisə (sevincək)

Nə yaxşı oldu? Lap yerinə düşdü.

Kərim

Yaxşı, yaxşı, baş aparma. Get işlə məşğul ol! Hilal, buyurun içəri, bir çay içək!

Hilal

Yox, yaxşısı budur. Biz də gedək kəndin kənarında qonaqları pişvaz eləyək.

Kolxozçular gedirlər. Kərim və Nisə evə keçirlər.

Dursun əlində saz oxuya-oxuya həyətə girir.

Dursun

Sən haralısan haralı, Lalə!?
Uca dağların maralı, Lalə!
Dursun əlindən yaralı, Lalə!
Yaralı, maralı, haralı Lalə!

Lalə səsə çıxır. Dursunu görüb əsəbiləşir.

Lalə

Yenə həyəti nə götürmüsən başına?

Dursun

Hava alıram özümçün.

Lalə

Havanı xalqın həyətində niyə alırsan?

Dursun

Buranın havası döşümə düşür, onunçun.

Lalə

Boş-boş danışma, çıx get! Kərim dayı da evdədir.

Dursun

Lalə, qadası, məni qovursan?

Lalə

De görüm, kimi istəyirsən, kimi?

Dursun (sazı kökləyib çalır və oxuyur)

Laləni, Laləni,
Nazlı, mazlı baləni,
Ürəyimi çaləni,
Məni dərdə saləni.
Buy, buy, buy
Buy, buy, buy....

Lalə

Ulamağın öz başına düşsün. Sənə rədd olub, get dedim.

Dursun

Birminci məhəbbətini qovursan?.. Ay qız, imarət tamamkamal tikilib qurtarıb ey!

Lalə

İmarətin görüm başına uçulsun! (Səs eşidilir.) Dursun, evin doğrudan da yıxıldı. Dədən, nənən gəlir.

Lalə otağa keçir.

Dursun

Paho, bu heç yaxşı olmadı ki... Yəqin mənimçin elçiliyə gəliblər. Xəlvəti qulaq asaq, görək nə deyirlər, axı? Harda gizlənim, harda? (Çaşbaş olur. Nəhayət, otağın altındakı toyuq hininə girir.)

Nəcəflə Şərəf gəlir. Şərəfin qoltuqları hədiyyə ilə doludur: qucağında qarpız, başında böyük bir zənbil var. Onların hay-küyünə Kərim və Nisə həyətə çıxır.

Kərim

Aha, sizsiniz!

Nəcəf

Əlbəttə, salam-əleyküm, əmioğlu!.. Həmişə şadlıqda olasınız!

Kərim (könülsüz)

Salam!

Nisə

Salam, ay Şərəf xala!

Şərəf (qəhqəhə çəkir)

Ayıbdır səninçin. Qızın yerindəyəm, mənə xala deyirsən.

Nisə

Necə, mən sənin qızın yerindəyəm?

Şərəf

Bəs necə, bərkə çəkərsən, deyərəm lap nəvən yerindəyəm. Mənciyəz Nəcəfə adaxlı olanda, sənciyəz iki qarın doğub o biri dünyaya göndərmişdin. Halal süd əmmiş şahidlərim var.

Nisə

Boy, başıma xeyir! Barı bu kişilərdən utan!

Gedib hinin yanındakı ağac altında otururlar.

Nəcəf

Ay əmioğlu, qohum-qardaş, can-cigər, aramızda niyə kinküdurət olsun, axı!

Kərim

Nə kin-küdurət?! Başa düşmürəm.

Nəcəf

Dursun barədə deyirəm də. Onu sənin, mənim düşmənlərimiz gözdən salır. Canınçün canlara dəyən oğlandır. Ağıllı, kamallı.

Şərəf

Bu barədə mənə çəkib. Kiş-kişlər olsun, atasına çəksəydi, heyvərənin biri olacaqdı.

Nəcəf

Arvad, yum!

Şərəf

Deyirsən, deyirəm. Demə, deməyim, desən deyəcəyəm.

Nəcəf

Düzdür! Sənə çəkməsəydi, canım-ciyərim Kərimlə onun üstündə üz-göz olmazdıq.

Şərəf

Başın batsın, belə oğul! Mən Şərəf hara, qapı-qapı təvəqqeyə getdi hara!

Dursun hinin gözündən sazın ucuyla Şərəfi vurur.

Şərəf qorxudan yerə sərilir.

Şərəf

Vaxsey, məni cin vurdu!

Nəcəf (Şərəfin yanına cumur)

Sənə nə oldu, ay arvad?!

Şərəf

Vay... məni cin vurdu!

Kərim

Cini də cin vurar! Bu saat!

Kərim hinin ağzını açır. Dursunu bayıra dartır.

Dursunun üst-başı toyuq tüküylə doludur.

Dursun (bir ağız xoruz kimi banlayır)

Boğulmuşdum ki.

Nəcəf

Dursun, ay səni öküz vursun! Şərəf, özünə gəl, səni vuran, cin deyil, oğlundur.

Kərim

Ay zatı qırıq! Sən bu hinə haçan, hardan gəlib girdin ki, biz görmədik.

Dursun

Yeraltı gəlmişəm, Kərim dayı!

Şərəf

Səni görüm hinə yox, qara yerə girəsən belə oğul.

Dursun

Çox oğul-oğul deyib lovğalanma. Sən imanın, adamı bu sifətdə doğarlar.

Nəcəf

Xamuş!

Dursun

Nə? Camış?

Şərəf (Nisəyə)

Kişi ki, camış dedi, yadıma düşdü. Söz vaxtına çəkər, Nəcəfcanı, bir gün elə bax, bu vaxtlar naxır çöldən qayıdanda heyvancigəzim yapışır camışın quyruğundan dart, ha dart! (Nisənin qolunu dartır.) Camış da eləmə tənbəllik bir buynuz ilişdirir balamın ombasına. (Bir yumruq Nisəyə vurur.) Biz dedik uşaq öldü.

Dursun

Heyf deyiləm.

Şərəf

Sən demə, allahın nəzəri üstündəymiş. Hə, sonra nəzirniyaz, pir, çıldaq, nə başınızı ağrıdım, balamın yeddi canı varmış, ölmədi.

Dursun

Sən nə danışırsan, itəm, pişiyəm ki, yeddi canım olsun.

Kərim

Ölsəydi, böyük itki olardı.

Nəcəf

Əlbəttə!

Nisə (istehza ilə)

Heç birinizə göz dəyməsin, heyfsiniz, heyf.

Şərəf (hirsli ayağa qalxır)

A kişi, düş qabağıma gedək! Görmürsən ki, öz qohumunuz evində yad qızı bizi adam yerinə qoymur.

Nisə

Xeyr, mən elə demədim.

Kərim

Bir sakit olun, görək Nəcəf nə istəyir?

Nəcəf

Onu deyirəm ki, qohumluq, dostluq xatirinə Dursunu bağışla getsin. Bilirəm, özünü bir qədər yaxşı aparmayıb, neyləyəsən, uşaqdır da.

Kərim

Uşaqdır?

Nəcəf

Bəs necə?.. Bu dəfəlik keç günahından! Bir qələtdir eləyib. Daha eləməz.

Kərim

Eləməz? Bu sözü sizdən min kərə eşitmişəm.

Şərəf

Nə olar? Bir də eşit, olsun min bir kərə. Kərim kişi onun günahını bağışla bu əmigəlininə... Bu axır vaxtlarda balaciyəzim özünə çox yaxşı bir peşə tapıb.

Kərim

Nə peşə?

Şərəf

Qoy o olsun aşıq Murad, bu da aşıq Dursun. Baxıb görərik kimdir əsil aşıq.

Kərim

Aşıq?

Nəcəf

Bəli, bəli aşıq... Biz onu imtahandan keçirmişik. Biz də özümüzə görə bir şey qanırıq, ya yox. Canınçın evdə şəbih çıxarır ey... uzun işdir! Kefi gələndə bilirsən nə şədd eləyir. Oğlum, bir ağız de, Kərim əmin də görsün şücaətini.

Dursun

Görsün də.

Şərəf

Başla, dünən oxuduğunu.

Dursun

Zakaz-makaz lazım deyil. Özüm biləni oxuyacağam. Dədəsi, tez ol züy tut görək!

Nəcəf

Bu saat! (Cibindən balaban çıxarıb, çalır.)

Dursun

Bir barmaq aşağı, yox, bir barmaq yuxarı. (Meydan sulayır, gah qabağa, gah dala gedir.)

Nəcəfin başına bax,
Şərəf tək yoldaşına bax,
Kərim dayı orden alıb
Dursunun yaddaşına bax.

(Boğazı tutulur.) Bir yumurta.

Şərəf hindən bir yumurta götürüb sındırır və Dursuna içirir.

Dursun

Şərəfin başına bax!.. (Yenə səsi tutulur.) Məmə, birini də...

Nisə

Yox, bu olmadı.

Şərəf

Uşağım evdə də yumurtasız oxumur. Hindəki yumurtaların hamısı onun boğazına gedir.

Kərim

Onda, gərək hər aşıqdan ötəri bir toyuq ferması açılsın ki.

Nəcəf

Uşaq səndən utanır ey... yoxsa evdə bir şəbeh çıxarır ki.

Kərim

İnanıram, inanıram.

Nəcəf

Yaxşı, Dursun sabahdan qayıdır kolxoza?

Kərim

Yox, sabahdan Dursun qayıtmır kolxoza. Nahaq təvəqqeyə gəlmisiniz. Lap nahaq! Mənciyəz xalq, dövlət işində qohum-filan tanımıram. Dursun kimilərə kolxozda yer yoxdur.

Dursun

Kərim dayı, heç mənsiz də kolxoz olar?

Kərim

Görürsünüz ki, olur. Götürək elə o Laləni... Onu kim yoldan eləmişdi? Dursun. Onu kim o kökə salmışdı? Dursun! Nəcəf! Sənin bu xeyrə, şərə yaramaz oğlun iş adamı deyil.

Dursun

Deyirsən, Lalə iş adamıdır?

Kərim

Nə qədər ki, səninlə oturub-dururdu yaxşı işləmirdi. Amma indi onu heç tanımaq olmur.

Nəcəf

Yaxşı, bu başıbatmışa nə çarə eləyək?

Kərim

Mən həkim deyiləm.

Nəcəf

A Kərim ey, deyirəm gedəni evləndirək, bəlkə ağlı başına gələ.

Kərim

O özünü saxlaya bilmir, arvadı necə saxlayacaq?

Dursun

Danışdı da... Alsınlar, gör necə saxlayıram. Dədəm Nəcəfin, nənəm Şərəfin zapasına nə gəlib.

Durna otaqdan çıxıb pilləkən üstə dayanır. Söhbətə qulaq asır.

Kərim

Başında ağlı olan qız ona getməz!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri