Səhifə 2 / 6 · 17%

Dəmirov (gəlir)

Salaməleyküm...

Qorxmazov

Zəhrimar salaməleyküm, hər içəri girəndə adam salam verər! Bayramalı nə oldu?

Dəmirov

İndicə gələr... (Diqqətlə Qorxmazovu süzür.) Yoldaş Qorxmazov, rənginiz niyə əhəng kimi ağarıb?

Qorxmazov

Heç, malareyam var. (Uşaq ağlaması)

Dəmirov

Bu nə səsdir, yoldaş Qorxmazov?

Qorxmazov

Aha, səs yan otaqdan gəlir. Deyəsən orda siçan var.

Dəmirov

Necə? Siçan?!

Qorxmazov

Adə birdən parçaları çeynəyib tökərlər, düşərik qana, tez gir otağa, qov siçanları.

Dəmirov

Xeyr atam... mən uşaqlığımdan siçandan qorxuram. Qoy həyətdən pişik çağırım tutsun, piş-piş... piş...

Qorxmazov

Xərifləmə... Tez ol, özün tut.

Dəmirov

Ya həzrət Fatma, ya həzrət bibi... (Qorxa-qorxa otağa girir, uşağı gətirir.) Nə zorba siçandır...

Qorxmazov

Bu nədir, adə...

Dəmirov

Möcüzədir, möcüzə.

Qorxmazov

Bu sənin kələyindir, əclaf! Hamıdan qabaq sən burda olmusan.

Dəmirov

Vallah xəbərim yoxdur.

Qorxmazov

Tez ol, al uşağı boynuna!

Dəmirov

Boynuma alım?

Qorxmazov

Əlbəttə, boynuna.

Dəmirov

Baş üstə. (Uşağı boynuna qaldırır.)

Qorxmazov

Qoy yerə... Mən vicdanının boynuna deyirəm, öküz boynuna yox...

Dəmirov

Aləm bilir ki, mən sonsuzam... İnsaf yaxşı şeydir axı...

Qorxmazov

Yaxşı, bəs onda bunu mənim otağıma kim qoyub, kim? (Fikirləşir.)

Dəmirov

Nə bilim, səhər tezdən Gülara burda qurdalanırdı...

Qorxmazov

Aha, tapdım, tapdım!

Dəmirov

Kim qoyub?

Qorxmazov

Bunu bir sən bil, bir də mən...

Dəmirov

Sən bilirsən ki, mən sirr dağarcığıyam.

Qorxmazov

Bu Gülaranın işidir, Gülaranın. O, bizə şər atmaq istəyir. Öz körpəsini atıb bizim üstümüzə. Bu yaxında kurorta getməsi də fırıldaqdır.

Dəmirov

Görəsən kimdəndir?

Qorxmazov

Allah bilir, hələlik səs-küy qoparmaq lazım deyil. Başa düşdün? Bu bizə gələcək üçün lazım olacaq. Tez əyalını, o Fatma xalanı çağır görüm.

Dəmirov (pəncərədən Fatmanı səsləyir)

Ay qız, Fatma!

Qorxmazov

Yaxşı Gülara...

Fatma (gəlir)

Salaməleyküm!.. Bıy, bu körpə kimindir?

Qorxmazov

Onu sonra sənə Dəmirov deyər. (Dəmirov Fatmanın qulağına pıçıldayır.) Deyin görüm ikiniz ər-arvad mənim rəhbərliyim altında nə qədər maaş alırsınız?

Dəmirov

120 manat.

Qorxmazov

Sizə bir o qədər də mən Qorxmazov verərəm. Oldu? (Dəmirova pul verir.) Çox da bəzi atalar, tfu, atalar yox, analar vicdansızlıq eləyib öz gül kimi körpələrini atırlar çölə. Bəs bizim namusumuz harda qaldı?! Bu günlərdə nəvəniz olmuşdur. Qoy gəlin bu körpəyə də baxsın. Bunun tərbiyəsini sizə tapşırıram. Hələlik bir siz bilin, bir də mən...

Dəmirov və Fatma

Arxayın olun!

Qorxmazov

Aparın!

Fatma

Sizə bir kəlmə sözüm vardır.

Qorxmazov (diksinir)

Nə söz?

Fatma

O söz ki, mən qocalmışam, mənə yazığınız gəlsin. Siz idarəni yaman zibilləyirsiniz. Bir az... (Yerdən papiros kötüklərini yığır.)

Qorxmazov

Artıq danışma, get!

Dəmirov və Fatma gedir.

Qorxmazov

Malades sənə Qorxmazov. Bu tələ, kimin ağlına gələrdi?! Məni məğlub eləyən hələ anadan olmayıb. (Ayna qabağında sifətində gah ciddi, gah mülayim hərəkətlər göstərir. Sonra stol arxasında oturub əl və sifət hərəkəti ilə məşq eləyir.) Yaxşı Gülara, görüm əlimdəki bu canlı dakumentin qabağına necə çıxacaqsan?

Bayramalı (gəlir)

Salam, yoldaş Qorxmazov. Gəldim ki, sizi xəbərdar eləyim ki, siz rəhbərliyə gələn gündən bağçılıq işlərimiz öz yoluyla gedir. Deyirəm vallah təbiətin də özünə görə qanacağı var. Sizin mərhəmətinizlə bostanımızda xiyarımız da, pomidorumuz da, badımcanımız da xeyli tərəqqi etmişdir. Bircə buyurun baxın! (Portfeli açıb meyvəcatı stolun üstə tökür.)

Qorxmazov

Əhsən... Bəs qovun-qarpızımızın kefi necədir?

Bayramalı (qulağına pıçıldayır)

On-on beş pud nübarlıq göndərmişəm.

Qorxmazov

Malades. Bax varam belə can yandıran çesni rabotniklərə.

Bayramalı

Buyurun, bu kağızlara qol çəkin.

Qorxmazov

Bəri ver... (Kağızlara qol çəkir.) Bostanımızın inkişaf və tərəqqisini təsdiq edirəm. Aha, yaxşı yadıma düşdü... Qorxuram mən evə gedənəcən Dünya xanım qovunları qonşulara göndərə.

Bayramalı

Rəfiqəniz elə qadınlardan olmasın gərək.

Qorxmazov

Elədir, elədir! Azadsan...

Bayramalı

Hörmət və ehtiram. (Gedir.)

İçəri iki qadın girir.

Dəmirov

Analar qırğom, bacılar qırğom.

Müştəri qadın

Ağıllı danış. (Qorxmazova) Yoldaş direktor, mənim şikayətim var.

Qorxmazov

Necə, mənim rəhbərliyim altında şikayət?

Müştəri qadın

Burda da üz gördülük? Siz allah baxın görün usta onunçün necə tikib, mənimçin necə? (Ayna qabağında fırlanır.)

Aktrisa

Yoldaş direktor, mən aktrisayam. Bu paltarı öz zövqümə görə tikdirmişəm. Bu qadın yapışıb yaxamdan, deyir ki, gəl bu saat gedək müdirin yanına, sən nəçisən ki, üz görüb səninçin belə qəşəng paltar tikiblər. Daha nə bilim nələr, nələr...

Qorxmazov

Heç bir şey başa düşmürəm.

Müştəri qadın (güzgü qabağında əda ilə öz fiqurasını nümayiş etdirir)

Siz allah mənimkinə də baxın, onunkuna da...

Usta (Qorxmazovun qulağına pıçıldayır)

Günah məndə deyil.

Qorxmazov

Ay arvad, nahaq, napras yerə skandal eləyib şum salma... Aldığım sveji məlumata görə sizdə yerli-dibli fiqura yoxdur.

Müştəri qadın

Necə, məndə fiqura yoxdur... (Güzgü qabağında fırlanır.) Bəs bu nədir?

Qorxmazov

Canım, mən demirəm ki, usta deyir də...

Müştəri qadın

Aha, başa düşürəm... O, aktrisadır-nədir, ustanı razı salıb, odur ki, o da onun xeyirə-şərə yaramaz fiqurasına tərəfdar çıxır. Mən ustaya artıq bir şey vermədiyimçin mənim gül kimi fiquramı yerə vurur. Belə də haqsızlıq olar?

Qorxmazov

Yoldaş fiqura, siz lap qranitsanı keçdiniz ha... Mənə Qorxmazov deyərlər. Qəprizbazın biri qəprizbaz... Təvəqqe eləyirəm bayıra...

Dəmirov

Anam qırğom, xalam qırğom.

Müştəri qadın

Mənə xala deyirsiniz! Heç eybi yoxdur... Ərimin qeyrəti olsa, gəlib öz arvadının fiqurasını müdafiə elər. (Hirslə gedir.)

Telefon zəng vurur, Qorxmazov telefon dəstəyini götürür.

Qorxmazov

Allo, guya biz fiqura-zad görməmişik. (Telefona) Necə? Bağışlayın, əşi... səninlə deyiləm? Necə, necə, mən yatmışam? Dünən Nadirlə Gülaranın nişanı olub? Sən də ordaydın. Adə mən onların direktor müdiri ola-ola mənim bu dəm-dəsgahdan xəbərim olmasın? Bəli, bəli, burda olacağam. Sənə nə növbə axı... Əla parçadır. Arvad-uşağa da? O da bu gözlərim üstə... Dediyim o orden əhvalatını bir yoxla görək, sağ ol! (Dəstəyi asır.)

Nadir əlində eskizlər gəlir.

Nadir

Salam, yoldaş Qorxmazov!

Qorxmazov

Yoldaş, rəssam yenə padpolnı işləyirsiniz ha... Rəssam olanda nə olar ki, adam öz rəhbərini saymaz?

Nadir

Nə deyim, elə birdən oldu. Yanınızda xəcalətliyəm.

Qorxmazov

Heç bilirsən sənin üstündə başıma nələr gəldi? Deyirlər ki, ştatda belə bir vəzifə yoxdur. Dilavərə poladdan keçən bir əmr verib keçirtdim səni öz ştatıma. İndi sən də gərək elə paltar nümunələri düzəldəsən ki, görənlərin gözləri dəvə gözü kimi açılsın.

Nadir

Buyurun, çəkmişəm. (Eskizləri göstərir.)

Qorxmazov (diqqətlə baxır)

Bax bu yaxşı, bu yaramaz. Bu yaramaz. Bu da yaramaz. Məni qana salma... Əl çək bu köhnə əks-inqilabi modalardan, canım... Deyirsən ki, butulka balaq şalvarı Nikolay vaxtı burjuylar da geysin, inqilabdan sonra bu gün bizim adamlar da?.. Yox, yox, yenilik lazımdır, yenilik! Qoy bizim şalvarların balağı ürəyimiz kimi şiroki olsun. Qoy başqa atelye modalar da bizdən ibrət götürsünlər. Çalış cavan oğlan, özünü göstər!

Nadir

Çalışarıq.

Qorxmazov

İndi keçək məsələnin əsasına. Onu bilirsən ki, ayın 13-də parkda atelye modaların böyük sərgisi olacaq?

Nadir

Bilirəm.

Qorxmazov

Onu da bilirsən ki, ya orda mənim də çıxışım var. Dalı da karnaval, dəm-dəsgahı!

Nadir

Bilirəm.

Qorxmazov

Tikdiyimiz kostyumların, paltarların göz çıxaracağına min faiz əminəm. Əsil mətləb orasındadır ki, sənə tapşırdığım bəzək şəkillərini vaxtında qurtarasan.

Nadir

Çoxdan qurtarmışam.

Qorxmazov

Afərin, bəs o biri işimiz necə olsun? Onu yarımçıq qoydun axı...

Nadir

Şəklinizmi?

Qorxmazov

Əlbəttə.

Nadir

Ancaq, indi bir vacib işim var.

Qorxmazov

Adə, bundan da vacib iş olar. Bu gün-sabah anadan olan günümdür axı. (Qorxmazov ayna qabağında özünü düzəldib, sonra oturur. Barmağını gicgahına qoyub ciddi vəziyyət alır.)

Nadir (üzü divara söykənmiş şəkli çevirir. Fırçanı rəngə batırıb işə başlayır.)

Yoldaş Qorxmazov, sizi təkrar bir məsələdən xəbərdar etməliyəm ki, mən janr etibarilə karikaturistəm.

Qorxmazov

Necə-necə, qarğaturist?.. İstəyir lap çalağanturist ol... ancaq...

Nadir

Nə qarğaturist, nə də çalağanturist. Karikaturist.

Qorxmazov

O nə deyən sözdür?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri