Səhifə 2 / 3 · 33%

Milisioner

Mən sizin qadın olmağınıza hörmət edirəm, yoxsa anam...

Dünya

Necə, necə anam?

Milisioner (yumşaq)

Xanım.

Dünya

Get, mən sən deyənlərdən deyiləm.

Milisioner

Bu nə danışır canım. (Dünyaya) Vətəndaş, iftira xanım. (Fit verir.) Karnaval gecəsi el bağını zibillədiyinə görə 3 manat cərimə.

Dünya

Necə, necə, cərimə? Bağ elin, karnaval ərimin, sənə nə hay düşüb? (Tum çırtlayır.)

Milisioner (cibindən dəftərçəni çıxarır)

Onda mən akt bağlamalıyam.

Dünya

Nə dedin? Yenə akt? Görünür dərsin yaxşı verməmişəm. Gözünü aç, mənə yaxşı bax! (Müqəvvanı qaldırır, milisioner onu tanıyıb diksinir.)

Milisioner

Bu sizsiniz?

Dünya

Bəli mənəm. Niyə duruxdun? Bağlasana aktını.

Milisioner (kənara)

Bağışlayın xanım. Bağda təmizlik nümunəsi göstərdiyinizə görə sizə bizim milis idarəsi tərəfindən təşəkkür. (Gülərək gedir.)

Dünya

Vallah məndən nə milis naçalniki çıxar. (İki barmağını ağzına salıb milisionerin dalınca fit çalır.)

Nadir əlində gül, Gülaranı axtararaq gəlir.

Nadir

Bu Gülara hara getdi? Eh qızlar, qızlar!..

Dilavər (gəlir)

Aha, Nadir, niyə bikefsən?

Nadir

Heç...

Dilavər

Yox dostum, dərdini bilirəm, sənə ürəkdən acıyıram.

Nadir

Gülaranı görməmisiniz ki?

Dilavər

Niyə görməmişəm, görmüşəm. Onun əli böyüklər ətəyindədir.

Nadir

Uzatmayın, hardadır?

Dilavər

Bağın tənha bir guşəsində Qorxmazovla şirin-şirin söhbət eləyir.

Nadir

Qorxmazovla?

Dilavər

Bəli, doğrudur, Qorxmazov bizim dostumuzdur, amma nişanlı bir qıza yaraşmaz axı. Götürək elə bu uşaq məsələsini...

Nadir

Nə uşaq məsələsi?

Dilavər

Əşi biri deyir səndəndir, o biri deyir özgəsindəndir. O biri də deyir ki...

Nadir

Bu sözü kim çıxarıb, kim?

Dilavər

Uşağın özü, doğrudur hələ uşaq dil açmayıb, ancaq onu saxlayanın min dili var.

Nadir

O kimdir?

Dilavər

Dəmirov.

Nadir

Sizin başınıza hava gəlib nədir, bu uşaq söhbəti hardan çıxdı, canım?!

Dilavər

Qorxmazovun otağından.

Nadir

Əl çəkin yaxamdan.

Dilavər

Biz əl çəkirik, lakin uşaq əl çəkməyəcək. (Gedir.)

Nadir

Uşaq nədir? Bu sözlərin mənası nədir? Niyə Gülaranın haqqında belə söhbətlər olsun axı. Təqsir özündə. Kim bilir bəlkə, burda həqiqətə yaxın bir şey var, varsa onda eh...

Gülara (tələsik gəlir)

Nadir, hardasan, bayaqdan səni axtarıram.

Nadir

Məxfi söhbətinizi qurtardınızmı?

Gülara

Kiminlə?

Nadir

Qorxmazovla.

Gülara

Bu nə sözdür?!

Nadir

Sözdür də...

Gülara

Boş sözdür. Görmədin iclasda ona nə toy tutdum.

Dəmirov (gəlib ağac dalından onlara qulaq asır. Kənara)

Qulaqlarım da tutulmağa vaxt tapdı. (Qulağını ovur.)

Nadir

Mən bir neçə dəfə sənə ciddi demişəm ki, ondan uzaq, uzaq...

Gülara

Mən ondan necə uzaq ola bilərdim ki, o hələlik...

Nadir

Əlbəttə uzaq ola bilməzsən, çünki bağlar möhkəmdir.

Gülara

Sən uşaq olmusan nədir?

Nadir

Bəli, uşaq olmağına olub, ancaq atası mən deyiləm.

Gülara

Nə ata, nə uşaq?

Nadir

Sən yaxşı bilirsən. (Əlindəki gülü yerə çırpıb gedir.)

Gülara

Heç başa düşmürəm nə olub. Nadir, bir dayan! (Dalınca gedir.)

Dəmirov gülü yerdən götürüb iyləyir,

Qorxmazov, Dilavər, Bayramalı gəlir.

Qorxmazov

Adə, Dəmirov, Dünya bu aralarda yoxdur ki?

Dəmirov

Xeyr... görməmişəm.

Qorxmazov

Qorxuram bu qəşəng gecəni mənə haram eliyə.

Dəmirov

İndicə Gülara ilə şekilçəkən cavan...

Qorxmazov

Qarğaturist?

Dəmirov

Hə, hə, bu ağacın altında.

Qorxmazov

Aha, öpüşürdülər?

Dəmirov

Xeyr a... vuruşurdular.

Qorxmazov

Nə üstə?

Dəmirov

Uşaq üstə.

Qorxmazov

Sonra, sonra?

Dəmirov

Şey, Nadir dedi ki, uşağı al boynuna. Gülara almadı və Nadiri qovdu. Sonra o dedi ki, bu gülü mənim tərəfimdən verərsən Qorxmazova.

Qorxmazov (gülü qoxulayır)

Can qısqanclıq, can! Afərin mənim bu başıma. Gör a... qız birdən nə dəyişdi. Məndən zəhləsi gedirdi. İndi mənə gül göndərir. Can! Can!

Dilavər

Bütün bunlar nazdır, naz!

Qorxmazov

Deməli, cananın mənə axotu var?

Dilavər

Bəli, var. Çün piş əz vaxt bərayi-məlumat, sizi möhkəm tənqid etməsi də nazdır, naz!

Bu deyil tənqidi-şəxsi, bu olur tənqidi-nazi,
Məni qoyma, ey gözəl qız, o camalına tamarzı.

Odur, müqəvvafüruş xanım gəlir.

Qorxmazov

Maska satan qız? Deyirsən biz də maskalanaq?

Dilavər

Əlbəttə, bərayi-ehtiyat...

Qorxmazov

Ay qız, maskaları bura gətir görək. (Qız gəlir.) Hansını taxsam yaxşıdır?

Qız

Maskalar püşk ilə satılır.

Qorxmazov

Qoy elə olsun, ya bəxt! (Torbadan nömrə çıxarır.) Nömrə 7-ni ver.

Qız (ona ayı müqəvvası verir)

Buyurun!

Qorxmazov

Boyunu yerə soxum belə bəxt! (Hamı maska taxır. Musiqi çalınır.) Mən ölüm ora baxın, yenə aləm qarışdı bir-birinə.

Rəqs edənlərin arasında bir qız oxuyur.

Canan! Bütün aləm bilir eşqimdə düzəm mən,
Məndən uzaq olsan belə üstündə gözəm mən.
İşdir sən əgər özgəni sevsən, onu bil ki,
Od parçasıyam, yandıraram, sanki közəm mən.
Gördüm səni qarşımda dünən, söylədim ey bəxt
Alqış sənə cananla yenə üzbəüzəm mən.
Sənsizliyi az bilmə, gülüm rəngimə bir bax,
Hicranın ilə gör necə solğun bənizəm mən.
Yox, yox, dözərəm dərdinə, hicranına canan,
Hicran seli neylər mənə, coşqun dənizəm mən.
Gəl sanma özün tək bu Süleymanı vəfasız,
Qarşında yenə körpə uşaq tək təmizəm mən!

Dünya Nadirlə söhbət edə-edə gəlir.

Dünya

Sözümü kəsmə, mənə qulaq as, zəmanə yaman dəyişib. Biz də qız olmuşuq, belə qələtlər eləməmişik... Ərimin pamoşniki Gülaranı deyirəm ey... Kişini yoldan eləməyib?

Nadir

Buraxın bu dolaşıq söhbətləri.

Dünya

Bizi dolaşığa o salıb... gecə yarıya kimi evimizə zəng olur.

Nadir

Nə dediniz? (Fikri dağınıqdır.)

Dünya

O gecə yuxusunda Gülara, Gülara deyib gur-guruppaz kravatdan endi yerə... Mən də nə yemisən – turşulu aş, o ki döyməliydi döydüm onu. İndi də bütün aləm deyir ki, bir bala doğub verib Dəmirovgilə saxlamağa... Guya körpəni Dəmirovun əliuşaqlı gəlini əmizdirir.

Nadir

Uşaq?! Dəmirovgildə!..

Dünya

Hə, hə, başına çarə qıl, cavan oğlan!

Nadir (pərişan)

Çarə, əlbəttə çarə. (Dağınıq fikirli yavaşdan bu şeri deyir)

Bir körpə uşaq tək məni əyləndirib oynat,
Aldat məni, aldat məni, aldat məni, aldat.
Mən könlümü verdim sənə, heyhat! Dedin azdır.
Rüşvət deyil əlbəttə könül, sən məni azdır.
Hər doğru sözüm oldu yalan söz nəzərində,
Aldandın əzizim yenə sən öz nəzərində.
Vaxtilə tutardın məni dünyalara üstün,
Anlat mənə, məndən niyə qaçdın, niyə küsdün?

(Gedərkən Dünya gəlməkdə olan Gülaranı görüb Nadirə süni mehribanlıq göstərir.)

Gülara

Mən nələr görürəm!

Dünya

Gedək, Nadir, sənə sözüm var.

(Gedirlər.)

Gülara

Gedin, artıq mən sizə mane olmuram.

Mən söyləmərəm boş yerə cananə vəfasız,
Axır məni saldın yenə sən qanə, vəfasız,
Var məndə vəfa, səndə, gülüm, zərrə vəfa yox,
Gəl söyləmə sən bir də Gülaranə vəfasız.

Qorxmazov (tələsik gəlib özünü Gülaraya yetirir)

Ay qız!

Gülara (diksinir.)

Bıy, bu kimdir?

Qorxmazov

Napras yerə qorxursan, mənəm, Qorxmazov.

Gülara

Çəkilin... rica edirəm.

Qorxmazov

Gülara, daha bağışlayıram səni. (Gülü iyləyir.) Sənin tənqidinin mənasını indi başa düşürəm.

Bu deyil tənqidi-şəxsi, bu olur tənqidi-nazi,
Məni qoyma, ey gözəl qız, o camalına tamarzı.

Gülara

Deyəsən tənqid sizi şair eləyib.

Qorxmazov

Bəs nə, bu gül məni bir sayaq eləyib ey...

Gülara

Təbiətin sirri böyükdür.

Qorxmazov

Təbiət, məhəbbət... Deməli siz də sevirsiniz...

Gülara

Əlbəttə sevirəm, bu gizli deyil. Lakin vəfasız məni...

Qorxmazov

Vallah mən də sevirəm, vəfasız zad deyiləm. Bir hə de, gör səninçin neyləyirəm, nə!..

Gülara

Ona nə edə bilərsən ki?

Qorxmazov

Qovaram eşqimizə meşat eləyən biganələri.

Gülara (gülür)

Mən nə hayda, siz nə hayda...

Qorxmazov (fikirləşir)

Belə sənin maskanı yeyim, maskanı... Gülara, özün görürsən ki, rəhbərliyi necə bacarıram. Ancaq bu şoqərib qalstuk bağlamağı bacarmıram ki, bacarmıram. (Cibindən bir qalstuk çıxarır.) Al keçirt boynuma, bağla məni...

Gülara (başını bulayıb gülür)

Ver görüm. (Qalstuku Qorxmazovun boynunda bağlayır.)

Nadir (gəlir)

Bağışlayın, mane oldum.

Qorxmazov

Çalağanturist!

Gülara

Yoldaş Qorxmazov, rica etdi qalstukunu bağlayım.

Nadir (əsəbi)

Bərk bağla, qırılıb əlindən qaçmasın. (Gedir.)

Qorxmazov

Adə, heyvan-zadam ki, kəndiri qırıb qaçam?! (Gülara Nadirin dalınca getmək istərkən Qorxmazov əlindən tutub dartır.) Bivəfadır, qoy getsin! Gəl oynayaq, gör nə qəşəng havadır. Bunu yazanın barmaqlarına əhsən!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri