Səhifə 3 / 3 · 67%

Gülara

Belə axmaq zarafatları heç də xoşlamıram. (Onu itələyir, Qorxmazov yıxılır.)

Qorxmazov

Bu havanı yazan, görüm barmaqların qırılsın! (Ayağa qalxır.) Bu qarğaturist nə yaman vaxtda gəldi. (Qalstuku öpür.) Sənə canan əli dəyib, canan... Ədə, görəsən bu dostlar yenə niyə pərən-pərən düşdü? (Bu dəmdə arxadan gələn Dünyanı görür.) Aha, bu nazənin kim ola? Əcəb bürüştə yerişi var. (Dünya da skamyada oturub tum çırtlayır.) Əcəb quşdur, özü də gəlib qonub mənim məhəbbət ağacımın şah budağına. Padxod eləyək görək başımıza nə gəlir. Malağankalar kimi simişkə çırtlaması bir az məni şübhələndirir. Birdən domarabotnitca-zad olar a!..

Dünya

Görəsən bu oğlan kimdir? Mənə nə həsrətlə baxır. Bəs niyə yaxınlaşmır. Eh, hamı bizim kişi kimi sırtıq olmaz ki...

Qorxmazov

Ehtiyat igidin yaraşığıdır. Səsimi dəyişməliyəm. Yoxsa Dünya iyimi duyub gəlib üstümüzə çıxar.

Dünya

O mənimlə tanış olmaq istəyir. Səsimi dəyişim. Tanıyan-falan olmasın.

Qorxmazov (başqa səslə)

Xanım, müqəddəs yanınızda oturmaq olar?

Dünya

Niyə olmur ki.

Qorxmazov

İcazənizlə... (Yanında oturur.)

Dünya (kənara)

Nə tərbiyəli oğlandır.

Qorxmazov

Nə üzüyola xanımdır... (Dünyaya) Xanım inci, mirvari dişlərinizə heyfiniz gəlmir ki, tum çırtlayırsınız?

Dünya

Dərddən çırtlayıram, dərddən.

Qorxmazov (kənara)

Deyəsən bu da mənim kökdədir. (Dünyaya) Xanım, bu bağı cənnətdə kimi gözləyirsiniz?

Dünya

Heç kimi, bəs siz?

Qorxmazov

Mən də heç kimi.

Dünya

Bəs arvadınız?..

Qorxmazov

Həm var, həm yox. Kaş dünən öləydi bu gün ikinci günü olaydı.

Dünya

Mən də ərim haqqında siz deyəni deyə bilərəm. Sizinki gözəldirmi?

Qorxmazov

İfritədir. Ata atsan at yeməz, itə atsan it... Bəs sizin əriniz necə?

Dünya

Üzünə baxsanız qusmağınız gələr.

Qorxmazov

Pah atonnan, bəxtimiz beləymiş xanım. Mənim nəzəri noxtamca buna çarə tapmalıyıq.

Dünya

Nə çarə?

Qorxmazov

Deyirəm indi ki, ikimiz də bir dərddəyik, gəlin yaxından dost olaq.

Dünya

Nə deyirəm ki...

Qorxmazov

Xanım, sənin o illahi gözəlliyin məni çəkib apardı eşqimin detski malçik dövrünə... (Dünyanın əllərini ovuşdurur.) Can, pambıqdır, pambıq. Yoxsa bizim arvadın əlləri kimi, elə bil mişardır-mişardır...

Dünya

Ehtiyatlı olun.

Qorxmazov

Eşqə, məhəbbətə nə ehtiyat canım. Sən mənim canımsan, ciyərimsən.

Dünya (kənara)

O nanəcibdən, ərimdən belə şirin söz eşitmədim. (Qorxmazov) Nə buyurdunuz, cavan oğlan?

Qorxmazov

Heç. (Kənara) Nə həyalı arvaddır! (Dünyaya) Xanım, gərək bizim bu dostluğumuz ömürlük, yəni pastayannı olsun. Odur ki, bir insafa gəl, götür maskanı, ta o ay camalının nuru mənim tomnı qara qəlbimi çadrovı küçəmiz kimi işıqlandırsın.

Dünya

Əvvəlcə siz götürün...

Qorxmazov

Yox, əvvəlcə sən aç.

Dünya

Olmaya arvadınızdan qorxursunuz?

Qorxmazov

Kişi də arvaddan qorxar? Bəlkə sən ərindən...

Dünya

Necə, necə, arvad da kişidən qorxar?..

Qorxmazov

Onda niyə uzadırıq axı.

Tez ol aç o gül camalını,
Görüm üzündəki xalını,
Soruşum sənin əhvalını.

Dünya

Saxla, onda gəl ikimiz də birdən açaq.

Qorxmazov

Açaq qadası, açaq. Bax, mən üç deyən kimi ikimiz də birdən mübarək üzümüzü açırıq. Sayıram... bir... iki... (kənara) ürəyim nə yaman döyünür. Allah əliyə Dünya zalımın qızı üstümüzə çıxmaya. (Dünyaya) iki... iki...

Dünya

Uzatmayın görək.

Qorxmazov

Bir, iki, bir, iki...

Dünya

Ürəyim suya döndü ki, tez!

Qorxmazov

Can, bu da sənə üç!..

Hər ikisi müqəvvasını çıxarır. Hər ikisi lapdan yerə yıxılır.

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri