Ey əhli-dərdlər, dinləyin məni,Əqlimi başımdan aldı bu ceyran!Sağalmaz dərdlərə günahsız yerə,Neyləmişdim, məni saldı bu ceyran!

Göz-qaşla oynayır özü-özüylə,Məni gözdən salıb özgə sözüylə,Bu quzu könlümü sərxoş gözüylə,Şahmar ilan kimi çaldı bu ceyran!

Aslanlar yurdudur şərəfli yurdum,Çox ceyran qovlayıb, hürkütdüm, yordum,Eşqin tələsini hər yanda qurdum,Kəməndə düşməmiş qaldı bu ceyran!

Bu sözlə eylərəm mən təfaxiri,Vəfasız gözəlin olmaz axırı,Vahid, deyirlər ki, aşıq ŞakiriEşqin bəlasına saldı bu ceyran.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq