Fikrindəmi bir gün, gözəlim, biz sizə gəldik?Sizdən qayıdıb, sonra bərabər bizə gəldik.

Güldük və danışdıq gecəni, sübh açılınca,Bir qönçə gül üstündə sizinlə sözə gəldik.

Kef çəkdiyimiz xatirələr varmı yadında?Gülşəndə, bir aydın gecədə üz-üzə gəldik.

Xeyli dolaşıb seyr elədik güllər içində,Bir-birmizə çox işvəli, çox baməzə gəldik!

Biz ki, gözəlim, can deyərək, can eşidərdik,Bəs indi nə oldu bizə, yoxsa gözə gəldik?

Nə səndə var ol mehrü məhəbbət, nə də məndə,Söndük, yanan ulduz kimi son mərkəzə gəldik.

Vahid, o keçən günləri bilmərrə unutduq,Lakin yeni dünyaya biz indi təzə gəldik.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar