Eşqin məni döndərdi, gülüm, bülbülə sənsiz,Könlüm tutulur, baxsam əgər bir gülə sənsiz.

Zülfün ucu göstərdi mənə eşq kəməndin,Düşdüm yenə Məcnun kimi dildən-dilə sənsiz.

Gördüm üzünü fikri bir ay qaldı sərimdə,Gözlərdən iraq döndü keçən bir ilə sənsiz.

Leylası üçün dözmədi bir möhnətə Məcnun,Haqq aşiqiyəm, dözmüşəm hər müşkülə sənsiz.

Hər aşiqin öz yarınadır meyli, mənim dəMeylim gülə yoxdur, həvəsim sünbülə sənsiz.

Sən görsən əgər Vahidi rəhmin gələr, ey gül,Biçarə edir ahü fəğan bir belə sənsiz!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq