Ey gül, yanıram qeyrilə sən həmdəm olanda,Bülbül alışar xar ilə gül məhrəm olanda.

Çoxlar olub ol zülfi-pərişanın əsiri,Yığ, topla bu Məcnunları fikrin cəm olanda.

Tər qətrəsi vermiş üzünə başqa lətafət,Gül yarpağı ziynətli olur şəbnəm olanda.

Təklikdə cəhənnəm keçir eşq əhlinə hər yer,Yar ilə ona cənnət olur bahəm olanda.

Canana ürək sirrini dəmsiz demək olmaz,Hal əhli cəsarətli olurmuş dəm olanda.

Düşmən ola dünya qədəri, onlara batmaz,Hərgah iki dostun arası möhkəm olanda.

Bir naz ilə can qoymadı məndə hələ gəl, görAləm nə olur ortada yüz çəm-xəm olanda.

Qiymət verər ol qaşı hilalın sənə, Vahid,Başın ağarıb onda ki, qəddin xəm olanda.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq