Könüllər qan olur sənsiz güli-həmrayə baxdıqda,Gözəllər yad edər xurşidi-ruyin ayə baxdıqda.

Dəhanın gərçi söz yox, nöqteyi-elmi-müəmmadır,Vəli, bu barədə çox şərh var mənayə baxdıqda.

Gözümdə tifltək oynar dəmadəm əksi-ruxsarın,Xəyali-arizinlə hər zaman dəryayə baxdıqda.

Qiyamət macərasından məni qorxutma, ey zahid,Qiyamətdir mənə ol qaməti-rənayə baxdıqda.

Tapılmaz dəhrdə təşxis edən əlavü ədnani,Hərə öz fəhminə məğrurdur dünyaya baxdıqda.

Əgər gül ləblərin mey məclisində keçsə xatirdən,Əlimdə qan olur badəm meyi-minayə baxdıqda.

Fəzayi-eşqdə divanəlikdən başqa şey yoxdur,Birər əfsanədir Məcnun ilə Leylayə baxdıqda.

Mənim aşiqliyim Məcnundan artıqdır, bilir aləm,Onu yad eyləməz hər kim məni-rüsvayə baxdıqda.

Təbiətdə nə gizli sirlər var, indi zahirdir,Qalır heyrətdə insan hər büti-zibayə baxdıqda.

Səni gülzar içində gül görərkən yad edər ellər,Məni xatırlayarlar bülbüli-şeydayə baxdıqda.

Məhəbbətsiz, gözəlsiz gün keçirmək heç nədir, Vahid,Yenə sevmək, sevilmək yaxşıdır dünyaya baxdıqda.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana