Vardır indi, gözəlim, başqa məlahət Bakıda,Gəl edək şövq ilə hər yanı səyahət Bakıda.

Gələcək nəslə bu tarixi şərafətdir ki,Görürük özgə səfa, özgə lətafət Bakıda.

Bu gözəl ölkə işıqlandırır hər bir tərəfi,Gülür insan üzünə nuri-səadət Bakıda.

Çıx tamaşaya, xüsusən Xəzərin sahilinə,Baği-cənnət, daha tərifə hə hacət Bakıda.

Get-gedə qalmayacaq köhnə binalardan əsər,Tikili, gör, yeni minlərcə imarət Bakıda.

Hansı bir sahə olursa, vətən oğlanlarının,Borcudur, göstərə hər işdə məharət Bakıda.

Əsrlərdir, qocaman Qız qalası qalmışdır,Göstərir xalqa vüqar ilə iqamət Bakıda.

Bakıdır yurdumuzun mərkəzi, Şərqin qapısı,Haqlıdır, xalqımız eylərsə fəxarət Bakıda.

Daha bundan belə öz ölkəmizin məhsuliEdəcək xəlqə məramınca kifayət Bakıda.

Sülhə doğru nə çətinlik, nə fəlakət var isə,Onu dəf etməyə var bizdə cəsarət Bakıda.

O gün olsun ki, bütün düşmənimiz xar olsun,Eyləyək şadlıq ilə gündə ziyafət Bakıda.

Vahidəm, mən də bu yurdun, bu elin şairiyəm,Artırır zövqümü artdıqca təravət Bakıda.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən