Həqiqi olsa idi, sevgilim, məhəbbətimiz,Sevinc ilə yaşadardı bizi həqiqətimiz.

Səbəb nə oldu, deyirlər, o güldən incimisən,Səbəb budur ki, müvafiq deyil təbiətimiz.

Gərək deyil bizə cənnət, nə cənnət huriləri,Vətən gözəlləri huri, Vətən də cənnətimiz!

Vətən məhəbbəti olmazsa, məhv olub gedərik,Vətənlə daim olur eşqi-zövqə rəğbətimiz.

Ol ahu gözlü hələ düşməyir kəməndə yaxın,Neçin ki, bizdən onu hürküdür qiyafətimiz.

Vətən gözəlləri artdıqca xəlqimiz sevinir,Var indi öz gülümüz, özgədən nə minnətimiz?

Murada yetdi rəqib, ey fələk, xərab olasan!Nə vaxtadək qalacaq könlümüzdə həsrətimiz?

Bu sevgidən gərək indi biz istifadə edək,Cavan ikən nə qədər əldə vardı fürsətimiz.

Biz aşiqik, gərək eşq aləmində nalə edək,Neçin ki ruzi-əzəldən bu oldu qismətimiz.

Görəndə Vahidi dərd əhlidir, çox incitmə,Bizim də var ona, ey gül, bir azca hörmətimiz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq