Məşuqə gərçi aşiqənazü itab edər,Aşiq şikayət eyləməz, hər cövrə tab edər.

Min dəfə cövr edib mənə bu mahparələr,Bir dəfəsi yazılsa əgər, yüz kitab edər!

Mən aşiqəm, dedim, dedilər: – Ey əsiri-eşq,Bir dərdə düşmüsən ki, əlacın şərab edər.

Bir an şərabım olmasa, dərd öldürər məni,Hər kim bu dərdə çarə edə, min səvab edər.

Dağlarda lalələr qədəhi doldu jalədən,Gülgün şərabə qəmli könüllər şitab edər.

Cana, ləbindən eylə bu dərdin əlacını,Əğyarə sirr söyləməyə dil hicab edər.

Ya al bu canı, ya ki, düzəlt ehtiyacımı,Bu həsrət atəşi məni, yoxsa kəbab edər.

Vahid, o şuxə dərdini de cami-vəsl ilə,Bir lütf göstərərsə, səni feyziyab edər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq