Nigara, aşiqin sənsiz qalıb avarə qürbətdə,Necə gör hicrin etmişdir günümü qarə qürbətdə.

Düşəndə yadına zülfün olur daim gözü giryan.Gecələr sübhədək əşkin tökər rüxsarə qürbətdə.

Fələk qıldı cüda səndən məni, ey şuxi-məhparə,Tikibdir aşiqin sənsiz gözün yollarə qürbətdə.

Vətən avarası oldum, həbibim, sevgilim, rəhm et,Düşübdür aşiqin Məcnun kimi kuhsarə qürbətdə.

Olub sənsiz ənisim qəm, nigara, munisim nalə,Bu dərdi-hicrə yox ölməkdən özgə çarə qürbətdə.

Tərəhhüm qıl, nigara, Vahid olmuş eşqdən xəstə,Ləbin dərlər dəva, ey məh, məni-bimarə qürbətdə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq