O qarə zülfün əlindən bəlalıdır könlüm,Batıb qəmə, elə bil ki, əzalıdır könlüm.

Bu eşq aləminin bilmirəm nədir sirri,Əsiri-eşq olalı laübalıdır könlüm.

Görəndə sevgilisin qönçə gül kimi qızarır,Ədəbli bir qıza bənzər, həyalıdır könlüm.

Ölüncə çəkməz əlin nazənin nigarından,Rəqibə hərgiz inanmaz, vəfalıdır könlüm.

Fələk o zülmü mənə etməyib, rəqib etdi,Yazılsa dərdü qəmim, macəralıdır könlüm.

Şikəstə ney kimi yarından ayrılan gündən,Nəvayə həmdəm olub, san yaralıdır könlüm.

Mənim də dərdimi, Vahid, deməzsən ol şuxə,Deyəndə qanə dönər, iddialıdır könlüm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq