Vaqif

Salıbdı fitnə iki gözlərin cəhanə yenə,
Dəyibdi bir-birinə mərdümi-zəmanə yenə.

Vahid

Güman ki, xar ilə gül kəsməmişdir ülfətini,
Çəməndə bülbüli-şeyda gəlir fəğanə yenə.

Seyid Zərgər

Xəyalı var o qara gözlərin ki, naz oxuna,
Kaman qaşınla edə sinəmi nişanə yenə.

Vahid

Nə müddət idi, sənin həsrəti-cəmalın idim,
Edibdi zülfünü dil mürği aşiyanə yenə.

Seyid Zərgər

Tərəhhüm eylə, əya, mahi-cəhrə, sal yadə,
Gəlibdir aşiqi-dilxəstə ələmanə yenə.

Vahid

Təvafi-Kəbəyi-kuyin xuda nəsib eləsin,
Ki, bir də üz qoyum ol xaki-asitanə yenə.

Fəraqın atəşinə könlümü düçar elədin,
Xəyali-vəslin ilə dil dönübdü qanə yenə.

Əgərçi kəc baxasan bir nigahi-tünd ilə,
Qəsəm o caninə, aşiq gəlir fəğanə yenə.

Vəfalı olduğumu yüz yol imtəhan etdin,
İnanmasan, gözəlim, gəl çək imtəhanə yenə.

Vüsali-dilbərə, Vahid, yetərdi bir dəm əlim,
Düzəldə bilsə idim əldə bir bəhanə yenə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq