Tale mənə yar olmasa, mən neyləyə billəm?Zövqümcə nigar olmasa, mən neyləyə billəm?

Bir ahu baxışlı gözələ çoxdan əsirəm,Ahimlə şikar olmasa, mən neyləyə billəm?

Mərdliklə, sədaqətlə gözəl dost yolunda,Bir can ki, nisar olmasa, mən neyləyə billəm?

Yüz il yaşayıb, bircə gün ömrümdə fələkdənKamimcə mədar olmasa, mən neyləyə billəm?

Mən bir gül üçün yalvarıram xarə həmişə,Güldən o kənar olmasa, mən neyləyə billəm?

Məhparələrin cövrünü çəkməkliyə, Vahid,Könlümdə qərar olmasa, mən neyləyə billəm?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq