Xeyli vaxtdır ayrılmışıq yar ilən,Gördük, amma tanışmadıq, ayrıldıq.Qaldı canda gizli-gizli dərdimiz,Bircə kəlmə danışmadıq, ayrıldıq.

Qərib-qərib durduq biganələr tək,Soyuq-soyuq baxdıq divanələr tək.Dönmədik başına pərvanələr tək,Eşq oduna yanışmadıq, ayrıldıq.

Yarım saat bir arada qalmadıq,Eşq atəşin canımıza salmadıq,Yalvarıban yarın könlün almadıq,Elə getdi, barışmadıq, ayrıldıq.

O zaman ki, aşnalığı tərk etdik,Cüda düşdük, xeyli ciyər bərkitdik.Aralıqdan könül quşun ürkütdük,Bir-birilə qonuşmadıq, ayrıldıq.

Vaqif sevdi bir iqrarsız bivəfa,Bada getdi tamam çəkdiyi cəfa,Görüşübən eyləmədik xoş səfa,Qucaqlaşıb sarışmadıq, ayrıldıq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq