Bu gün yüz naz ilə sərvim çıxıb seyrə həvas ilə,Mübarək məqdəmin basmış gül üzrə iltimas ilə,Qaçıb bir küncdən nərgis baxar xovfü həras ilə,Əyib qəddin bənövşə səcdayə həmdü sipas ilə,Deyər: kimdir, xudavənda, gələn bu asü bas ilə!

Dəmadəm bir nigarın zülfi ruyin yad edər könlüm,Gecə ta sübh olunca nalevü fəryad edər könlüm,Yıxıb bünyadi-səbri ah ilə bərbad edər könlüm,Cigər qanilə hər dəm əşkimə imdad edər könlüm,Necə kim, tifli mədər aldadır gülgun libas ilə.

Gözüm ta görməyə balinim üzrə çeşmi-şəhlanı,Əlim ta tutmaya dəsti-lətfi-şuxü rənanı,Ona ta etməyəm təqrir cövri zülmi-hicranı,Yəqin bil, ey əcəl, yoxdur sənə can vermək imkanı,Çəkib təblü-ələm gəlsən əgər yüz min əsas ilə.

Nə müddətdir dili-şeyda səri-kuyində sakindir,Əlindən qəmzeyi-məstin bəsi naşadü qəmgindir,Qaşından söyləmə, hər yerdə əyri olsa pürkindir,Gözü mərdümlərilə eyləmək rəftar mümkündür,Olur asan dolanmaq mərdümi-mərdümşinas ilə.

Pərişan eyləmiş badi-səba zülfi-siyahkarı,Pərişan görmüşəm hər qanda olsa qovmi-tərrarı,Ağarmaz gecə-gündüz, gər çalışsa mərdümazarı,Əhatə eyləyib zülfi-siyəh ətrafi-rüxsarı,Təmənnası budur, bərqi tuta köhnə pəlas ilə.

Bulunmaz, nuri-çeşmim, səndən ayrı xab çeşmimdə,Töküldü, qalmadı bir qətrə su bitab çeşmimdə,Olubdur qərq aləm sərbəsər girdabi-çeşmimdə,Sanır göz mərdümün hər kim görə seylabi-çeşmimdə,Keçib bəhri iki hindu, çıxıb Rumə kolas ilə.

Yolun düşsə səba, öz başın üçün, sərvi-azadə,De kim, biçarə Zakir künci-qəmdə qalmış üftadə,Neçin yad eyləməzsən kəmtərinin, ey mələkzadə?!Kimi tüngi-şəkər der ağzına, kim qönçə kim badə,Bilən yoxdur, xülasə danışır hər kəs qiyas ilə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq