Yox bu cahanda dilbəri-ziba sənin kimi,Firdövsidə məgər ola hura sənin kimi.

Aşubi-dəhr, fitneyi-dövran, bəlayi-əsr,Çeşmi-zəmanə görməyib əsla sənin kimi.

Şamü səhər dərində fəğan eylər əhli-dərd,Ey şux, varmı talibi-qovğa sənin kimi?

Yüz nəqdi-canı bir oxa alsan əcəb degil,Aləmdə kimdi mahiri-sövda sənin kimi.

Abi-həyat çeşməyi-ləli-ləbindədir,Olmaz bəqayi-Xizrü Məsiha sənin kimi.

Başdan əyağə pərtövi-ənvarsən, KəlimHaşa ki, göstərə yədi-beyza, sənin kimi.

Bir Yusif adlı Misirdə, derlər ki, sabiqaXəlq eyləyibdi xaliqül-əşya sənin kimi.

Bangi-dəhəl gəlir xoş iraqdan, inanmazam,Növi-bəşərdə hüsn ola haşa sənin kimi.

Kuyində xəstə Zakirə bir yer binası qıl,Yoxdur behiştdə mənzilü məva sənin kimi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq