Vay, yüz min vay kim, qoydu fələk tənha məni,Künci-qəmdə axtara bir kimsə yox qəta, məni,Düşmüşəm bir dərdə kim, eylər görən haşa, məni,Saldı getdi, bivəfa ol şahidi-əla, məni,Eylədi rüsvayi-aləm aqibət sevda məni.

Ruzigarım qoymadı beş gün keçə bir tövr ilə,Hər görəndə vurdu zəxmi zəxmin üstə cövr ilə,Təzələndi günbəgün rişi-dərunum qovr ilə,Eylə bədhalü pərişanəm cəfayi-dövr ilə,Rəhm edib əhvalıma ağlar görə tərsa, məni.

Ləşkəri-dərdü bəla almış könül piramənin,Sındırıb səngi-sitəmlə xaçeyi-dil rövzənin,Atəşi-hirmanə yandırdı nəşatım xormənin,Sərsəri-əyyam tarac etdi ömrüm gülşənin,Çaldı, çapdı dönə-dönə, eylədi yoğma məni.

Seydi-şahbazi-qəza oldum, özüm şəhbaz ikən,Qalmışam makisifət bibalü pər, pərvaz ikən,Simbər növrəslər ilə həmdəmü həmraz ikən,Mütribü saqi, müğənnilər belə dəmsaz ikən,Dərdü qəm tapdağı etdi dəhri-dun, dorda məni.

Şad könlüm oldu axır dərdü möhnət mənzili,Səbz ikən dağıtdı bərgi-eyşimi ahım yeli,Qərqi-dəryayi-bəlayəm, hiç yoxdur sahili,Badə verdim qətreyi əşkimlə bünyadi-dili,Eylədi barani-qəm göz-göz, hübabasa, məni.

Netmişəm, bilməm ki, munca zülm edir dövran mənə,Yağdırır tiri-məlamət hər tərəf, hər yan mənə,Öylə naşadəm ki, olmuş ruzü şəb yeksan mənə,Süd yerinə mədəri-giyti içirdir qan mənə,Zalimi-naməhriban çöldən tapıb guya məni.

Zakira, ləhvü ləəblə keçdi övqati-şərəf,Bivəfa həmdəm yolunda eylədin ömrü tələf,Neylədin, netdin, nədir nəfin, görək, ey naxələf,Gəl tutaq ixlas əlilə damani-şahi-Nəcəf,Qartara rəncü inadən bəlkə ol mövla məni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale