Vııı şəkil
Səhifə 1 / 2
Sıldırım dağlar arasında bir düzənlik. Axşam üstüdür. Dar ağacı qurulmuşdur. Dar ağacının yanında iki məzarçı bir məzar qazır. İş qurtarmaq üzrədir. İkinci və üçüncü saray əsgərləri gəlirlər.
İkinci Əsgər
Tez olun!.. Tez olun!
Üçüncü Əsgər
Şah gələcəkdir,
Bunlara sevinib, o güləcəkdir!..
Birinci Məzarçı
(mənalı) Ölümlə sevinməz insan ürəyi!
İkinci Əsgər
(acıqlı) Qəlbində qalmasın şahın diləyi
Bu onun əmridir!..
İkinci Məzarçı
Bilirik, bəli.
Üçüncü Xidmətçi
Qoy bunlar gəlməsin sizə gülməli,
Tez olun!.. Tez olun!..
Birinci Məzarçı
Biz sənətkarıq.
Şah hara əmr etsə, biz orda varıq.
(Əsgərlər gedirlər. Məzarçılar öz işləri ilə məşğul olurlar)
Birinci Məzarçı
İndi çəkiləcək Məhəmməd dara,
Daş ürək veribdir Tanrı şahlara.
O, şahın qonağı olsa da belə,
Həmişə yaxşılıq etmişdir elə...
İkinci Məzarçı
Kəndlinin xətrini çox istəyərdi,
Vəzirə, onlar da candır, deyərdi.
Qoymazdı vergilər çoxalsın, artsın,
Hər yetən kəndlini bir yana dartsın.
Birinci Məzarçı
Nə bilim belədir... cavandır yazıq
Zəhrimar axşam da yetişir artıq.
İnsan ot kimidir, göyərir, solur,
Hamı torpaqdandır, torpaq da olur...
Şahın özünə də gələcək növbət,
O da bir kəsəyə dönəcək əlbət.
İkinci Məzarçı
Biçarə Hicranın nədir günahı?
Titrədir yerləri, göyləri ahı.
Şahın qəzəbinə o qurban oldu,
Tez yanıb tez sönən bir şamdan oldu!..
Birinci Məzarçı
Qurtardıq, gəl gedək... nə işimiz var,
Bizə bir qanundur, gələn fərmanlar.
II MƏZARÇI. Fərmanla yatdıq biz, fərmanla durduq,
Ömrü bu peşəylə biz başa vurduq.
(Gedirlər. Nizami və Xaqani gəlirlər)
Nizami
Qoy onu son dəfə görüm mən barı,
Əziz Afaqımın ilk yadigarı
Bu gün veriləcək bu soyuq yerə,
Dərdliyəm, fəryadım çatmır göylərə!..
O da mənim kimi görmədi bir gün,
Uçdu, arzuları dağıldı bütün...
XAQANİ. Nizami, bağrımı dağlama sən də,
Tökülür çiçəklər xəzan əsəndə!..
Nizami
Övlad ayrılığı yamandır, qardaş,
Əgər mən çəkəni çəksəydi bu daş
Buz kimi əriyib, inan, axardı,
Onun dərya qədər kamalı vardı!..
Səni də, səni də məhv etdi saray,
Başımda tufan var, qəlbimdə haray!..
Bu zaman əzan səsi gəlir. Nizami sakit dayanıb bu səsi dinləyir.
Nizami
(Xaqaniyə) Bir zaman dinləyib onun səsini,
Şer tək sevərdi hər kəlməsini.
Şahlara ədalət istərdim ondan,
Görünür çox zaman yanılır insan!
Ah, indi qəlbimdə şübhələr vardır,
Ömrümün sarayı nə tanımardır!..
(səs gələn tərəfə)
Artıq mənasızdır sözün, söhbətin,
Sən ilk düşmənisən bəşəriyyətin!..
XAQANİ. Dini pərdə sanıb insan gözünə,
Mən də inanmadım onun sözünə!..
Əzan səsi kəsilir. Şah, Vəzir, II və III əsgərlər gəlirlər.
Axsitan
(III əsgərə) Cəllada deyin ki, gətirsin onu,
Qoy bilsin şahların kim olduğunu!..
Gözlərim qan görsün, ürəyim vursun,
Dünya bir qul olub önümdə dursun!
Üçüncü Əsgər
Baş üstə, bu saat böyük hökmdar...
(Baş əyib gedir)
VƏZİR. (kinayə ilə)
Şairdə yenə də bir əzəmət var...
Axsitan
(dar ağacını göstərir)
Bax budur inaddan doğan nəticə,
Çökmüşdür üzünə qara bir gecə.
Nizami
Gecə bir anadır, övladı səhər,
Onunla işığa yetişir bəşər!..
Axsitan
Sənin ki, övladın öləcək indi?
Nizami
Onu yer vermişdir... gedir, yerindir!..
XAQANİ. Məhəmməd ölsə də dastanlar qalır,
Əsərsiz qəlbləri dumanlar alır,
Bu şöhrət, bu mənsəb kor etdi sizi,
Kor etdi qan içən ürəyinizi!..
Nizami
Bayquş cəlalıdır bu cəlalınız,
Görüm daşa dönsün bu iqbalınız!
Ədalət deyərək mən qələm çaldım,
Ədalət görməyib vaxtsız qocaldım.
Dünya eşitdisə mənim adımı,
Eşidən olmadı bu fəryadımı!..
VƏZİR. (Xaqaniyə)
Biz nahaq buraxdıq zindandan səni!..
XAQANİ. Sən kiri, kim sayır de insan səni?
O, ləldir. Olmadı dünyada sərraf,
Qəlbi saf, sözü saf, məhəbbəti saf!..
Cəllad tontimiş halda gəlir.
Cəllad
Fəlakət üz vermiş, şahım, fəlakət!
Axsitan
De görüm hardadır, hanı Məhəmməd?!
Nizami
Mənim tərlan oğlum nə oldu, cəllad!
Cəllad
(şaha)
Onu buraxdırıb gizlincə Hicran,
Sonra hər ikisi çıxmış aradan!..
Axsitan
Demək ki, qaçmışlar?!
Cəllad
Qaçmışlar, bəli.
Axsitan
Gərək qan-qan desin cəlladın əli!
Ah, qızım! Ah, Hicran! Ah, südü murdar!
VƏZİR. Bu bir xəyanətdir, böyük hökmdar?!
Axsitan
Əmr edin qoşuna, yayılsın çölə
Onlar keçməlidir bu saat ələ!
Deyin qılınc çəkib şah gəlir özü,
Tökülsün torpağa, xainin gözü!..
VƏZİR. Səbr edin. Kəndistan qalxar ayağa.
Axsitan
Yağış yox, qan yağsın gərək torpağa!
Kəndistan od tutub odlarda yansın,
Qoy dağlar, dərələr qana boyansın!
Saxlaya bilmirsə bir el başını,
Kəsin, it başı tək atın başını!..
Şah qılınc çəkir. Onlar gedirlər. Göy qaralır, külək əsir.
Nizami
Nə canda güc qaldı, nə qolda hünər,
Uçdu qəlb otağım yandı sərasər;
Nə ürək dayanır, qurtarsın həyat,
Nə dövran fikrimə verir bir qanad,
Nə əlim iş tutur, nə qaçır işdən,
Bədbəxt doğulmuşam bu dünyada mən!
Orda bir xaqan var, burda bir xaqan,
Gəncə bir zindandır, Şirvan bir zindan!
Kim bilir nə oldu, qaçdımı onlar?
Ömrümün nə ağır macərası var!
XAQANİ. Gəl gedək axtaraq... kim bilir bunu,
Kim bilir bu dərdin nə olduğunu!..
Onlar gedirlər. Səhnədə müxtəlif səmtə qaçan saray əsgərləri görünürlər. Göy guruldayır, şimşək çaxır, Məhəmməd başıaçıq Hicranla gəlir.
Məhəmməd
Yoruldun, əzizim... gəl bir az dincəl.
(Dar ağacını göstərir)
Çəkib qılıncını durmuşdur əcəl!..
Hicran
(onun sinəsinə sıxılır)
Ürəyim döyünür... yaxlaşır ölüm...
Məhəmməd
(onun başını sığallayır)
Ölüm də bir sayaq həyatdır, gülüm!
Biz kamsız getsək də, bir kamdır o da,
Məhəbbət yaşayır, ölmür dünyada.
Gələcək şairlər anacaq bizi,
Şer yaşadacaq bu sevgimizi!..
Hicran
Sel kimi yayılıb çöllərə əsgər,
Səni asacaqlar tutulsan əgər?..
Budur dar ağacı, bax bu da məzar!
Məhəmməd
Saray bunun üstə tutubdur qərar.
Bundadır onların hər ixtiyarı,
Bundadır şahların dövləti, varı.
Bunlardır yaşadan o xanımanı,
Bunlardı məhv edən yazıq insanı!..
Atam da ədalət axtarır müdam,
Varmı ədalətli görək bir adam?
Sən qayıt, əzizim... Barı sən yaşa,
Sənin həyat eşqin dəyməsin daşa!
Hicran
Mən hara qayıdım? Gedərmi Hicran?
Qoy udsun da o qar, o boran.
Məhəmməd
(kimlərinsə gəldiyini görür)
Kimdir o gələnlər? Danışma, dayan!..
Hicran
Ölsəm də, səninlə öləcəm, inan!
Məhəmməd
Atamın yanında asılmaram mən,
Ölüm istəyirəm o kor fələkdən!..
(belindəki kiçik xəncəri çəkir, sonra yenə qına qoyur)
Hicran
(adamların gəldiyi tərəfə baxır)
O şahdır... yanında Qürur və cəllad!
Məhəmməd
Tarixə ləkədir dediyin o ad,
Gəl burda gizlənək.
Hicran
Nə bilim, görək!
Az qala sinəmdə partlasın ürək!..
Onlar iri bir daşın dalında gizlənirlər. Şah, Qürur və Cəllad gəlirlər.
Axsitan
Yəqin özlərini atdılar çaya,
Burda bir qaladır hər daş, hər qaya!..
Cəllad
Göyə də uçsalar tapacayıq biz!
Axsitan
Hər şeyə qadirdir bu şah nəslimiz!
Olmasa, Nizami qoy gəlsin bura,
Oğlunun yerinə çəkilsin dara!..
Qürur
Şahım, bu dərd olar Azərbaycana,
Yayılıb şöhrəti, adı hər yana?!
Axsitan
Qəlbimi bir şübhə yeyir, doğrusu,
Bəlkə İntizarın hiyləsidir bu?!
Yoxsa mənim qızım belə etməzdi,
Pis işlər dalınca əsla getməzdi!
(Cəllada)
Hər daşda, qayada qurun bir tələ,
Onlar quş da olsa keçəcək ələ!..
Gedirlər. Dalda Qürur qalır
Qürur
Nə oldu biçarə, nə oldu görən?
Təkmi qalacağam bu sarayda mən?!
Eşqi, məhəbbəti tutuldu xara,
Qaçdı həyat deyə düşdü dağlara!..
(Qürur onlar gizləndiyi daşın dalına gedərkən,
Məhəmməd daşın dalından çıxır)
Məhəmməd
Ah, sənsənmi Qürur?!
Qürur
Dostum, Məhəmməd.
İçimi qurd kimi parçalayır dərd!
Sizi axtarırlar, tez qaçın, qardaş!..
Məhəmməd
Bizə qala oldu gördüyün bu daş,
Söylə ki, Gəncəyə qayıtsın atam,
Məhəmməd ölsə də ölməsin ilham!..
Di sağ ol, qardaşım!..
Qürur
Yaxşı yol sizə,
Görüm çatasınız niyyətinizə!..
Onlar sıldırım dağlara tərəf gedirlər. Səhnədə yenə də o tərəfə – bu tərəfə qaçışan əsgərlər görünürlər. Cəllad siyirmə qılıncla səhnədən keçir. Qürur təkdir. Nizami və Xaqani pərişan halda gəlirlər.
Nizami
(Qürura)
Can oğul, onlardan bir xəbər varmı?
Heç mənim dərdim tək bir dərd olarmı?
XAQANİ. Döşündə c[?]lmasa fırtına, tufan,
Durulmaz bir dəniz, durulmaz ümman.
Böyük Firdovsini salsana yada,
Bir gün görməmişdir o da dünyada!
Qürur
Mən gördüm onları...
Nizami
Nə dedi oğlum,
Nə dedi Məhəmməd, qurbanın olum?
Qürur
Dedi ki, Gəncəyə qayıtsın atam,
Məhəmməd ölsə də, ölməsin ilham!..
Nizami
Ah, onu bir dəfə görəydim barı,
Töküldü üstümə dağların qarı!..
Yox, ümid şeirədir, şeirədir ancaq,
Mənim qisasımı şeir alacaq!..
Kitabxana.az · https://kitabxana.az/works/zeynal-xelil-sairin-yuxusu-viii-sekil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Səhər də, axşam da işlədi bağban,Verdi çiçəklərə diləklərini.
Atılıb yol üstdə qalan bir daşaAtılıb yol üstdə qalan bir daşa,Canlı həyat verdi bir usta əli.
Doğrunun üstünə qışqırdı oğruDoğrunun üstünə qışqırdı oğru:– Bəs hanı həqiqət, böyük həqiqət?!
Başı qırxılmayıb dağlı başı təkRəsul Həmzətova*Başı qırxılmayıb dağlı başı tək,