Vııı şəkil
Səhifə 2 / 2 · 50%
Şah və Vəzir gəlirlər
Axsitan
Şair, tapılmasa Məhəmməd inan,
Özün qabağımda asılacaqsan!
Nizami
Qoy olsun, belədir şahlarda adət,
Mən sizdə görmədim vəfa, sədaqət!..
Cəllad bayaq Məhəmmədin və Hicranın getdikləri tərəfdən gəlir.
Axsitan
De görüm nə oldu, nə oldu, cəllad,
Didir ürəyimi bir acı fəryad!?
Cəllad
Onlar özlərini çaya atdılar!..
Qürur
İgid bir ölümlə kama çatdılar!..
Nizami
(Xaqaniyə)
Ah, görüm zamanın kor olsun gözü.
Oğlumun qəlbində qaldı hər sözü!..
Axsitan
Xah. Xah. Xah. Dastanım bu oldu mənim,
Ölümlə isindi, qızdı bədənim...
İntizar
(şaha)
Yox, sənin dastanın bitməyib hələ,
Xirtdəyin indicə keçəcək ələ!..
Axsitan
İntizar... İntizar... Bu cürət nədir?!
İntizar
Artıq can otağım bir viranədir!
Öldürdün sən mənim məhəbbətimi,
Sulara qərq etdin Məhəmmədimi!..
Axsitan
Məhəbbət!.. Məhəbbət!.. Sən buna bir bax,
Elə bil töküldü üstümə bir dağ!..
Duymuşdum mən sənin bu niyyətini,
Dərbəndi bilirmiş xəyanətini!
İntizar
Mən qurdum tələni qızın Hicrana,
Bu gün mən göndərdim onu Şabrana.
Dedim qoy zindandan çıxsın Məhəmməd
Amma ki, Hicrana olmasın qismət!..
Axsitan
Mənim yazıq balam!.. Məhv oldu Hicran!..
Beynim qan, qəlbim qan, məhəbbətim qan!..
Budurmu sədaqət?! Budurmu vəfa?!
İntizar
Məni cana yığdı verdiyin cəfa
Gündə bir kənizə nəzər saldın sən,
Gecələr dərdimlə yalnız qaldım mən!
Axsitan
Gör kimlər yığılıb mənim başıma,
Bəxt əli qılınclı çıxdı qarşıma!..
İntizar
Mən Xaqan qızıyam!.. Qılıncımı çək!
Axsitan
Nə qədər çirkinmiş səndəki ürək!..
Onlar qılınc çəkib vuruşurlar. Hamı heyrət və həyəcan içindədir.
Qürur
(həyəcanla)
Salın qılıncları... Durun bir anlıq!..
(Onlar yenə vuruşurlar)
Nizami
Qadına yaraşır bu qəhrəmanlıq!..
(Onlar vuruşurlar)
XAQANİ. Qoy görsün o ulduz, qoy görsün o ay,
Can verir müstəbid... dağılır saray!..
Axsitan
Hamı düşmən olub mənim üstümə,
Eşqim, məhəbbətim gəldi üstümə!..
İntizar
Yalandır... özünlə gedəcək bu dərd,
Səndə nə eşq var, nə də məhəbbət!
Onlar yenə vuruşurlar. Nəhayət, İntizar şahı bərk yaralayır. Şah yıxılır və ölür.
İntizar
Gözümdə qoydunsa mənim kamımı,
Mən aldım qılıncla intiqamımı!
Nizami
(Xaqaniyə)
Bilirdim, bilirdim zaman gələcək,
Qanla dövran sürən, qanla öləcək!
(İşıq sönür)
Pərdə
Epiloq
Gəncə. Proloqda olan vəziyyət eyni ilə təkrar olunur. Günortadan keçmişdir...
Nizami, Zaman baba, Məhəmməd, Aydoğdu eyvandan enirlər. Onlar pərişandırlar.
Məhəmməd
(atasına)
Bu yuxu, deyildir, bu bir dəhşətdir,
Sənin gördüklərin bir fəlakətdir!..
Nizami
Hər kəs oğul dərdi görməsin, aman,
Sinəmdə ağlayır sanki bir kaman!..
Yaxşı ki, sarayda yaşamadım mən,
Şan-şöhrət keçmədi əsla qəlbimdən.
Nə xələt istədim, nə dövlət, nə mal,
Var olsun qoy şeir, var olsun amal!
Zaman baba
Elədir... yuxunu unudun getsin,
İnsan zəhmət ilə murada yetsin.
Hər gün dua edək böyük Allaha
Biz möhtac olmadıq vəzirə, şaha!..
Məhəmməd
Qoy uçsun o saray, qoy ölsün o şah,
Biz orda qan töküb etmədik günah.
Haqqı ədaləti unutmadıq biz,
Böyük əməllərlə vurdu qəlbimiz!..
Zaman baba
(Nizamiyə)
Yaxşılıq toxumu səp ürəklərə,
Yaxşılıq şöhrətdir daim bəşərə...
Nizami
İndi İskəndərdir fikrimdən keçən,
Əqlin çeşməsindən odur su içən.
Odur xəyalımda, qəlbimdə müdam,
Bir onun eşqiylə çalxanır ilham!
Ömür vəfa etsə, yorulmasa əl,
Şerim yandıracaq bu yolda məşəl!..
(Məhəmmədə)
Nə bilim, can bala... sözün doğrusu,
Bəlkə son dastanım bu olacaq, bu!
Məhəmməd
Son dastan nə üçün? Belə demə, bil,
Sənin söz xəzinən tükənən deyil!
Nizami
(Zaman babaya)
Sonra bir arzum var... Zaman kişi, sən,
Mənim qərarımı özün bilirsən.
(Aydoğdunu və Məhəmmədi göstərir)
Bunların toyunu ləngitmək olmaz,
Biz də bu dünyada sevinək bir az.
(Onların alınlarından öpür. Aydoğdu utanıb gedir)
Zaman baba
Sən bilən yaxşıdır... o gün olsun sən
Bu bircə oğlundan nəvə görəsən!..
Nizami
Sağ ol Zaman kişi...
Bu vaxt çöl qapısı döyülür.
Zaman baba
Qonaqdır yəqin...
Qapısı açıqdır bizim həyətin?
Nizami
Məhəmməd gör kimdir, de gəlsin ona,
Dağ-dağa arxadır, insan-insana...
Məhəmməd gedir. Bir az sonra yanında Xaqani qayıdır. Məhəmməd qonağın kim olduğunu bilmir.
Nizami
Xaqani!..
XAQANİ. Nizami!..
Nizami
Çox şadam, inan,
Güldü gözlərimdə gül açdı cahan!..
XAQANİ. Çox sağ ol, əzizim... çox sağ ol, qardaş,
Zamanda bir sənsən, könlümə sirdaş!
(Məhəmmədi göstərir)
Yəqin Məhəmməddir?
Nizami
Oğlumdur, bəli...
(Xaqani Məhəmmədin alnından öpür)
XAQANİ. Ona kömək olsun taleyin əli!
Görməsin ömründə bir dərd, bir qada,
Nəsibi xoşbəxtlik olsun dünyada!..
Nizami
Vaxtında gəlmisən... sevinir ürək,
Bu günlər oğluma toy edəm gərək.
XAQANİ. Bəxtiyar olsunlar... Keçdikcə illər,
Xoş günlər görəcək bizim nəsillər.
Kamala yetdikcə dünyada bəşər,
Bir də açmayacaq qapıları şer!..
(Kiçik pauza)
Çoxdan istəyirdim baş çəkim sizə,
Yığışıb köçürəm daha Təbrizə.
Şirvan atamdırsa, anamdır Təbriz,
Təbrizsiz yaşaya bilərikmi biz?
Nizami
Elədir, qardaşım, elədir əlbət,
Bizə ordan gəlir hər dürlü nemət.
XAQANİ. Gəncə də gözəldir!.. Hər tərəf, hər yer,
Bir xoş mənzərədir, bir gözəl şeir.
Bəşər ömrü boyu deyəcək məncə;
Yaşasın Nizami! Var olsun Gəncə!
Pərdə
Son
Kitabxana.az · https://kitabxana.az/works/zeynal-xelil-sairin-yuxusu-viii-sekil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Səhər də, axşam da işlədi bağban,Verdi çiçəklərə diləklərini.
Atılıb yol üstdə qalan bir daşaAtılıb yol üstdə qalan bir daşa,Canlı həyat verdi bir usta əli.
Doğrunun üstünə qışqırdı oğruDoğrunun üstünə qışqırdı oğru:– Bəs hanı həqiqət, böyük həqiqət?!
Başı qırxılmayıb dağlı başı təkRəsul Həmzətova*Başı qırxılmayıb dağlı başı tək,