Contents
  1. 1. Kolxoz işinin mahir ustası
  2. 2. Vətən qızı Sədaqət
  3. 3. Yeni kənd
  4. 4. İrəliyə baxmaq lazımdır!

Page 2 of 7 · 14%

– Nədir bu inkişafın səbəbi?

Böyük Vətən müharibəsi qələbəmiz ilə qurtarandan, vətənimizdə dinc quruculuq dövrü başlanandan sonra yeni beşilliyin vaxtından əvvəl yerinə yetirilməsi uğrunda hər yerdə geniş xalq hərəkatı başlanmışdı. Rüstəm Əliyev həmişəki kimi mərkəzi və yerli qəzetləri diqqətlə izləyirdi. Ukrayna, Belorusiya kolxozçularının dahi rəhbərə yazdıqları öhdəkarlıq məktubu Rüstəmi həvəsə gətirdi:

– Biz niyə durub baxırıq? Bu işin şərəfi niyə gərək bizə də düşməsin?

Rüstəm kommunist yoldaşları ilə söhbət elədi:

– A Mikayıl, - dedi, - sən cəbhədə çox iş görmüsən, var olasan. Mən də arxada başardığımı eləmişəm. İndi sənin də, mənim də cəbhəm buradır, bax bu gördüyün tarladır! Gəlin biz də rəhbərə öhdəkarlıq məktubu yazaq!

Mikayıl bir az fikirləşdi:

– Yazmaq asandır, gücümüz çatarmı?

– Niyə çatmır! Hektardan altmış verən səksən də verər! Cürət də bir kişilikdir, nə deyirsən?!

Onlar bu fikirdə ikən bütün respublika kolxozçuları adından rəhbərə yazılan məktubun kolxozlarda müzakirəyə göndərildiyini eşitdilər. Bütün Azərbaycan kolxozçuları adından yazılan bu məzmunlu və məsuliyyətli məktub Rüstəm düşünəndən daha geniş, daha müfəssəl idi. Bu məktubu minlərlə kolxozçular imzalayırdı. Məktub Rüstəmin tikdirdiyi kolxoz klubunda oxundu. Onu bir komsomolçu oxuyurdu. O, tribunada dayanıb, bu məsul öhdəkarlıq sənədini oxuyur, kolxozçular diqqətlə qulaq asırdılar. Klubun baş tərəfində böyük rəhbərin əzəmətli şəkli asılmışdı.

"Ulu rəhbərimizə, dahi rəhbərimizə söz veririk!" Bunu oxuyub komsomolçu zalda əyləşənlərə baxdı. Zaldakıların hamısı nəzərlərini böyük rəhbərə tərəf çevirmişdi. Hamının fikrini, zehnini məşğul edən bir duyğu idi:

– Böyük rəhbər, sən bizi istismarçılardan xilas etdin. Sən vətənimizi sosializmin alınmaz qalasına çevirdin. Sən bizim gözümüzü açdın. Əlimizdən tutub mədəni həyata gətirdin, sən bizi faşizm təhlükəsindən qurtardın! Həyatımız, səadətimiz, sevincimiz, bu xoş günümüz sənin əziz adına bağlıdır! Sənin adınla adlanan yeni beşillik plan yolunda carumızı da əsirgəmərik!

Hamı bir duyğu ilə, bir arzu və bir əzmlə qələm götürüb məktubu imzaladı.

Rüstəm hamıdan qabaq əlinə qələm aldı. O da komsomolçu kimi çevrilib rəhbərə baxdı. Ona elə gəldi ki, rəhbər bu saat bütün iclası, adamları görür, hər kəsə diqqət yetirir. Rüstəm ani bir cəldliklə məktuba imza atıb geri çəkildi:

– Buyurun, yoldaşlar, qol qoyun!

Rüstəm məktubu imzalayandan sonra fikri tarlalara, briqadalara, iş sahələrinə getdi. Əsgəri and içib cəbhəyə gedənlər kimi tələsdi. Tələsdi ki, adamlarını başına yığsın. Boynundakı öhdəkarlıq məsuliyyətini bir də adamların başına yetirsin və desin:

– Rəhbər qarşısında imtahan veririk ha!

– İmtahan!

– İmtahan!

Məktub imzalayanların hamısı zehnindəki bu fikir ilə işlərinə getdi:

– İmtahan!

Bu məktub Rüstəmin ömründə imzaladığı ən məsul kağızlardan idi. Ona elə gəlirdi ki, bu məktubdan bütün ölkə, bütün xalq xəbər tutmuşdur. Fəhlədən alimə, kəndlidən torpaq nazirliyi işçilərinə qədər hamı oxuyub bilmişdir ki, Füzuli kəndində filan kolxoz sədri Rüstəm də and içib rəhbərə öhdəkarlıq edir. 1947-ci ildə boynuna filan qədər məhsul verməyi götürür...

Rüstəmə elə gəlir ki, bunu bilənlərin hamısı birdən-birə qayıdıb onun üzünə baxır. Moskvadan, Leninqraddan, daha uzaqlardan, Uzaq Şərq şəhərlərindən, Şimal qütbündən, Baltik sahillərindən hamı ona üz tutub baxır. Azərbaycanın Füzuli kəndindəki kolxoz fəallarının üzünə, lap Rüstəmin üzünə baxırlar. Dənizlər, dağlar, şəhərlər, yollar, düzlər, tarlalar arxasından, min kilometrlərlə məsafə arxasından bir adamı görmək mümkün olmasa da, baxırlar. Rüstəmə elə gəlir ki, yox, onlar məhz görürlər və gördükləri üçün də baxır, mənalı baxırlar. Sanki onlar deyirlər:

– Rüstəm, rəhbərə söz vermisən!

Bu adamlar, sovet vətəninin adlı-sanlı adamları kolxoz ustasının gözündə canlanırlar. Bu adamlar rəhbər qarşısında öhdəkarlıq edib imtahan vermişlər. Dünyada bu adamların görmədiyi hansı nəhəng iş var? Qütbləri açan, inqilablar yaradan, yeri-göyü fəth edən, faşizmi yıxan bunlar deyilmi? Rəhbərə öhdəkarlıq məktubu yazan hər kəsdə bu adamların hünəri olmalıdır. Mənim gücüm çatacaqmı?

Rüstəm bu öhdəkarlığın məna və məsuliyyətini bildiyi üçün həmin axşamın səhəri tezdən tarlaya qaçmışdı:

– Yoldaşlar, - demişdi. - Biz imtahana girmişik. Böyük imtahana girmişik! Bu il bizim işləməyimizə gərək fələk də heyran qala! Çünki biz rəhbərə söz vermişik!

Sanki Rüstəmin və Rüstəm kimi yüz minlərcə fədakar kolxoz fəallarının təşəbbüsünü Sovet hökuməti qabaqlamaq istəyirdi. Kənd təsərrüfatı cəbhəsindəki qabaqcıllara Sosialist Əməyi Qəhrəmanı adı vermək, orden və medallarla təltif etmə qaydaları haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 1947-ci il 29 mart tarixli tarixi Fərmanı çap olunanda Rüstəmin kolxozçuları özlərini lap yığışdırdılar. Onlar bir-bir qəzet axtarırdılar. Hər kəs Fərmanı cırıb götürür: "Nameyi-ə'malım əlimdə olsun", - deyə Fərmanın şərtlərini sətir-sətir oxuyub altına cızıq çəkir, öyrənmək istəyirdi. Rüstəm kolxozunda bu Fərmanın geniş izahını təşkil etdi. Rayondan təşviqatçı çağırıb mühazirə qoydu. Axırda özü bir-bir kolxoz üzvlərindən soruşdu:

– Yoxdur ki? Qəhrəmanlıq şərtlərini bilməyən yoxdur ki?

– Yoxdur!

– Di, uğur olsun, yarış meydanıdır. Sizin üzünüz ağ olsun ki, bizim də üzümüz ağ olsun!

Rüstəm kolxozun, əkin işinin texniki ehtiyaclarını qışdan hazırladı. Adamların hər birinin vəzifəsini müəyyən etdi. Briqadalarda əsgəri intizam yaratdı. Ali Sovetin Fərmanı kolxozlarda yarışın ümumi təşkilatçısı oldu.

1947-ci ildə Rüstəmin kolxozunda işdən qalan, yoruldum deyən olmadı. Hamıdan tez mənzilini tərk edən günəş, kolxozçuları tarlada, su üstündə, traktorda, zəmidə görərdi. Onlar qaranlıqlaşmamış, daha doğrusu, gündəlik iş normalarını bitirməmiş qayıtmazdılar. Bir də görərdin gecə vaxtı kənd üstündə şaqqıldayıb gülənlərin səsi gəlir. Qadınlar tanıyardılar: "Sudan qayıdırlar."

Bir də görərdin dan yeri sökülməmiş, səhərin gözü açılmamış geniş zəmilərdən bir aşıq qoşması yüksəlir:

Ətir, gül, bənəfşə, reyhan gözələ,
Ay qabaq, qaşları kaman gözələ.
Könüldən keçəni qanan gözələ,
Qaş ilə, göz ilə işarət olur!

Zülfü gərdənində əsən zamanda,
Rəqiblə aranı kəsən zamanda,
Yar yardan inciyib-küsən zamanda
Asta eşidilən şikayət olur!

Yar yardan inciməz rəqib sözündən,
Bir xəta çıxmasa yarın özündən.
Nə zaman ki, kənar getsə gözündən,
Əsl məhşər qopar, qiyamət olur!

Bu qoşmanı həyət hasarına söykənən uzunsaçlı qız, cavan traktorçunun Səsinə qurban, Səlim! Səlim, huy!"- deyən istəklisi eşidəndə sərin gecə havasının mənalı sükutunda Səlimin səsində bir səadət, bir sevinc çırpıntısı duyardı.

Cavanlar hamısı belə idi. Dillərdə nə mahnı çağırsalar, fikirləri, əlləri böyük bir iş ilə məşğul idi. Onlar Ali Sovet Fərmanının şərtlərini bir dəqiqə yaddan çıxarmır, günləri sayır, hərgünkü işlərini ölçüb-biçirdilər. Onlar bilirdilər ki, haqq-hesab günü yaxınlaşır. İşə qiymət qoyulanda heç kəsin qaş-gözünə baxmırlar. Zəhmət və zəhmət məhsulu ilə səadət ölçüləcək. Qəhrəmanlıq işə veriləcək!..

– Qələbə öz-özünə gəlmir. Onu fəth etmək lazımdır!

Rüstəm böyük rəhbərin bu kəlamını hamıya - qocaya da, cavana da misal çəkər, təkrar edərdi. Adamlar bu sözün dərin mənasını dərk etdikcə, işə daha çox səy və əzm ilə girişərdilər. Rüstəm onlara deyərdi:

– Qardaş, Ali Sovetin Fərmanı aydın göstərir ki, hər kəs öz taleyinin ağasıdır! Daha burada siyahı-miyahı məsələsi yoxdur. Xətir, hörmət, tərəfkeşlik-filan kimi keçmiş adətlərə yer qalmır. Ancaq qulağınızda qalsın.

– Qələbə öz-özünə gəlmir, onu qazanmaq lazımdır!

Rüstəm iyirmi ilin pambıqçısı, torpağın anasıdır. O, zəmidən əyilib bir ovuc torpaq götürür, kimyagər kimi təhlilə başlayır. Onun ixtiyarında aparat, maşın, laboratoriya yoxdur. Bunların hamısını onun zəngin təcrübəsi və sərraf gözü əvəz edir. O, torpağa diqqətlə baxaraq danışır:

– Bu torpağın gücü nədir, nə yetirər, bu necə su, necə əkin, necə qulluq götürər!..

O, pambıq işinin incəliklərini öz adamlarına öyrətməkdən bir müəllim zövqü duyur. Ali Sovetin Fərmanını 10 manqanın hamısmda dönə-dönə izah etdirirdi. Bu Fərman kolxozçularda işə min qat həvəsi artırırdı. İndi adamlar əmək gününə düşən pul və məhsuldan çox, dövlət mükafatı ilə maraqlanırdılar. Hamının hər şeydən əvvəl öyrəndiyi Sosialist Əməyi Qəhrəmanı adı üçün yazılan şərtlər idi:

– Necəsən, gücün çatırmı? - deyə düşünürdülər. Rüstəm də onların ürəyindəkini deyirdi:

– Atalar deyib "halva demək ilə ağız şirin olmaz, un gərək, yağ gərək!"

– Yüksək məhsul götürmək istəyirsinizmi? Yerə çox gübrə verin! Torpağı daşdan, çör-çöpdən təmizləmək lazımdır. Qardaş, torpağa da canlı kimi baxmalısınız. Bərk sürüb çapmaq istədiyin atın üstünə iki çuval yük qoy, ayaqlarına da ip dola, qaça bilərmi? Əlbəttə, yox! Səni vaxtında mənzilə yetirərmi? Xeyr, əsla! Bəs nə lazımdır? Lazımdır atın yükü təkcə sən olasan, özünün də əl-qolu açıq, kefi kök olsun! Atın kefini kök eləyən arpadır. Yerin də kefini kök eləyən gübrədir! Mən gübrə deyəndə üçillik şirəli peyin deyirəm. Daşlı, qumlu arpa atın dişini qıran kimi, pis gübrə də torpağın gözünü doldurur, onu kor eləyir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets