Contents
  1. 1. Kolxoz işinin mahir ustası
  2. 2. Vətən qızı Sədaqət
  3. 3. Yeni kənd
  4. 4. İrəliyə baxmaq lazımdır!

Page 5 of 7 · 57%

Sədaqətin adı Ali Sovet Rəyasət Heyətinin tarixi Fərmanına düşdü. Bu şərəfli, tarixi siyahıda 33-cü ad Sədaqətindir. O, 5,9 hektar sahənin hər hektarından 86 sentner yarım pambıq məhsulu götürmüşdür.

Sədaqət Mürsəl qızının yüksək mükafat alması pambıqçı qadın və qızlar arasında bayram şənliyinə səbəb oldu.

Cavan bir kənd qızının, komsomolçu Sədaqətin verdiyi məhsul, sənaye dilində bilirsinizmi, nə deməkdir? 50 ton pambıq, 160 min metr bez, qədək, çit, sətin deməkdir. Bu, 55 min dəst paltar deməkdir. Bu, o deməkdir ki, keçmişdə ancaq qapılarda kənizliyə məcbur olan, yaxud qoca tacir və ruhanilərə qul kimi satılan kəndli qızı indi inqilab ölkəsində azad zəhmət sayəsində, birillik əməyi ilə 55 min adamı geyindirir. Bu, o deməkdir ki, Sovetlər İttifaqında ən sadə adamların zəhməti şanşöhrət işidir! Bu o deməkdir ki, bizim vətənimizdə ən adi adam öz zəhməti sayəsində ən yüksək ictimai mərtəbəyə çata bilər. Nəhayət, bu, o deməkdir ki, sosialist kəndi indi artıq tək-tək deyil, kütləvi surətdə qəhrəmanlar yetirməkdədir!

Hələ dünən məktəb skamyasından aralanıb pambıq işinə gələn Sədaqət, Lenin komsomolunda aldığı kommunist tərbiyəsi, ustalarının verdiyi təcrübə, özünün həvəs və rəşadəti, sovet dövlətinin qayğıkeşliyi sayəsində köhnə normaları cəsarətlə vurub ötməkdə, əkinçilik əməyinin ən yüksək məhsul normalarını verməkdədir.

İndi Füzuli kəndində iftixarla gəzən Sədaqətin döşündə Qızıl Ulduz və Lenin ordeni parlayır.

Yüksək mükafatı alıb Bakıdan qayıdanda atası onu sevinc və həyəcanla qarşılamışdı:

– Qızım, dayan, bir ulduzuna yaxşı baxım! - Üstündə oraq və çəkic olan bu qəhrəmanlıq ulduzunu Mürsəl kişi ilk dəfə böyük rəhbərin, ulu Stalinin döşündə görmüşdü. İndi bu yüksək mükafat onun qızına, dünən əlinə dəftər, qələm alıb məktəbə gedən Sədaqətə qismət olmuşdu.

Kəndlilər dəstə-dəstə gəlib Sədaqəti təbrik edirlər. Qəhrəman pambıqçı qonaqlar ilə görüşüb işinə tələsir, onları atasına tapşırır. Atası qızının işlərindən danışanda bir sözü təkrar edir:

– Bizim işlərimiz belədir! Halal zəhmət belədir!

Sədaqətin atası məktəb görməmiş bir kəndlidir. "Bizim işlər" haqqında oxumasa da, öz təcrübəsindən bilir və danışır. Onun savadı olsa, fikrini böyük M.Qorkinin bu sözləri ilə deyərdi: "Bizdə insan hər işə fərəh verir. İnsan hər işə şərəf verir."

Bu mənam o, öz dili ilə deyir və qonşuların təbrikinə cavab verir:

– Bizim işlərimiz belədir! Keçmişdə zəhmət adamı çürüdərdi, ağanın, bəyin ayaqaltısı elərdi. İndi kolxoz zəhməti adamı başıuca, qəhrəman eləyir!

Sədaqət bəzi qəhrəmanlar kimi kürsüyə çıxıb nitq demir. O, çox utancaq böyümüşdür. O, ancaq bunu deyir ki:

– Yaxşı işləmək borcumuzdur!

Mən o qızı görmək istəyirəm. O isə görünmür. "Bakidən gələn qonaqların" gözünə görünmək istəmir. O öz yoldaşları, tanışları arasında özünü rahat hiss edir. Mən, nəhayət, onun harada olacağını öyrənirəm. O, əlində kitab xırda və yeyin addımlarla gəlib ötəndə çağırıram:

– Sədaqət!

O dönüb baxır. Salam verir, ancaq utandığından başını yuxarı qaldirmir. Nə deyəcəyini bilmir. Mən sözümü deyirəm:

– Sədaqət, mən sizin adınızı eşitmişdim, görmək, danışmaq arzulayırdım. Siz nə üçün belə utancaqsınız? Sədaqət, əkin işində köhnə normaları vurub ötən, hektardan 85 sentner pambıq yığan qız siz deyilmisiniz? Bir ildə vətənə 55 min dəst paltarlıq pambıq verən siz deyilmisiniz? Sosialist Əməyi Qəhrəmanı Sədaqət Verdiyeva siz deyilmisiniz?

Siz nə üçün utanırsınız? Qoy sizə təslim və məğlub olan köhnə dünya, köhnə etiqad sahibləri utansınlar. Qoy sizin qüdrətinizə inanmayanlar utansınlar! Qoy sizə "naqis" deyən, qadınları əsrlərcə çadra altında məhkum saxlamaq istəyənlər utansınlar. Qoy sizə ancaq əmtəə kimi baxan, əməyinizi, qüdrətinizi təhqir edənlər qızarsınlar.

Sədaqət, bu qədər tövazö olmaz! Vətənimizdə ən cavan qız qəhrəman sizsiniz! Qaldırın başınızı, qoy hamı görsün. Qoy qadınları zindanda çürüdən qoca, avam Şərq görsün ki, azad zəhmətin nə möcüzələri var və bu möcüzələr harada ola bilər! Qoy ana vətən sənin şərəfli əməyini alqışlasın.

Qaldır başını, Sədaqət!

Qoy ulu rəhbər qayğı və məhəbbəti ilə yetişdirdiyi qəhrəmanlar nəslinə baxıb iftixarla desin:

– Əcəb, çox əcəb!

3. Yeni kənd

Səfərəliyev rayonunun ən cavan kəndlərindən biri Alıuşağı kəndidir. Buranı 1920-ci ildə, Azərbaycanda Sovet hakimiyyəti qurulanda ətraf mülkədarların əlindən həmişəlik xilas olan rəncbərlər salmışlar. Alıuşağı kəndi köhnə kəndlərə oxşamır. Burada əyrim-üyrüm küçələr, dolaşıq yollar yoxdur. Kənd plan ilə salınmış enli küçələrdən ibarətdir. Yol kənarında əkilən cavan qələmə, söyüd, çinar ağacları sıralanıb göyə ıneyil etməkdə və böyüməkdədir. İlk baxışdan bilinir ki, bura zəhmət sevən adamların saldığı təzə bir məskəndir. Kənd Zazalı stansiyası ilə yanaşıdır. Kəndin adamları qatar səslərinə alışmışlar. Onlar həmişə deyirlər:

– Mərkəz və şəhərlər ilə əlaqə işində dəmiryol ilə qonşuluğun mənası böyükdür.

Burada böyük Lenin adına kolxoz 1930-cu ildə qurulmuşdur. Kəndin binasını qoyan təşəbbüskar bir adamı, Allahverdi Sadıq oğlu Bağırovu həmin ildə kolxoza sədr seçmişlər. Allahverdi Bağırov bu gün də Lenin kolxozunun sədridir. Onu indi yalnız Səfərəliyev rayonunda deyil, bütün respublikada tanıyıb, hörmət edirlər.

Allahverdi kolxoz yolunda fədakar işlərinə görə iki dəfə Lenin ordeni və bir sıra hökumət medalları ilə təltif olunmuşdur.

Yenicə tikilmiş, səliqə ilə düzəlmiş bir idarə təsəvvür edin. Divarlarda rəhbərlərin şəkilləri, Respublikanın xəritələri, əkinçilik işinin müxtəlif sahələrinə, vaxtlarına dair cədvəllər var. Yazı stolunun dalında uzunboylu, itibaxışlı, əsgər şinelli, başı qırxıq bir adam oturub naryadları vərəqləyir, qırmızı dəftərçəsinə nə isə qeyd edir. Bu, Lenin kolxozunun sədri Bağırov Allahverdidir. Onun 50 yaşı vardır. Ancaq ilk baxışda ona 40 yaşdan artıq verməzsiniz. O, işində səliqə və aydınlıq sevən, kolxoz barəsində başqalarına danışmağı, məsləhətləşməyi sevən ürəyiaçıq bir təsərrüfatçıdır. Divardakı rəngli diaqramlardan biri 10-12 ildən bəri Lenin kolxozunda götürülən gəlir bölgüsünün inkişafını göstərir. Allahverdi bunları özü düzəltmişdir ki, "gəlib-gedən tez xəbər tuta bilsin".

Diaqramdan görünür ki, Lenin kolxozunda 1935-ci ildə əmək gününə 2,2 kilo taxıl düşmüşdür. 1936-cı ildə 2,7 kilo, 1937-ci ildə 3,58 kilo, 1939-cu ildə 4,7 kilo, 1947-ci ildə isə 5 kilodan artıq düşmüşdür. Kolxozçular hər il bu nisbətdə artan pul qazancı götürmüşlər.

Allahverdi öz otağında məşğuldur.

Aprel ayının ortaları, buralarda yazın oğlan vaxtıdır. Hər tərəfə ətir səpilmiş, quşlar üfüqləri ölçərək yerə mahnı səpirlər. Sağa-sola ötən qatarların pəncərələri sərnişinlər ilə doludur. Onlar yaşıllıqlara baxır, bahar havasından faydalanmaq istəyirlər.

Ancaq Allahverdi kişi məşğuldur. Qaşlarını düyərək qarşısındakı kağız dəftərdə nə isə axtarır.

O da hərdənbir qalxıb qapıya baxır, onun başqa məqsədi var. O, 22 1 indi nə bahar lövhəsini seyr etmək, nə bülbülləri eşitmək üçün çıxır. Onun ayrı məqsədi var. O, üfüqlərə baxır, tez qayıdıb işinə məşğul olur. Üç gündür ki, o, yağışdan şikayətlidir. Pambıq yerləri əkinə hazır vəziyyətdədir. Toxum da, briqadalar da hazırdır. Kolxozçular səpin qarşısındadırlar. Di gəl ki, səpmək olmur. Yağış macal vermir. İndi aprelin 15-dir. Əkin işinin ən məsul və gərgin vaxtıdır. Bu həftə məhsulun taleyini həll edə bilər. Yağış isə əl çəkmir!

Səhərlər durğun, sərin və günəşli yaz havası görünür. Gün əyiləndən sonra bir də görürsən, üfüq qaraldı, qaranlıq içindən bulud çıxdı. Sanki, tapşırıq almış bulud tarlalara, zəmilərə doğru tələsir. Gələndə hətta parovoz kimi xəbərdarlıq da edir, göylərə şaqqıltı salır. Sonra elə şıdırğı yağış tökür ki, quşlar da qaçıb gizlənir. İşini görüb ötən buludlar, sabah yenə həmin qayda ilə gəlirlər.

Allahverdi kişini də əsəbiləşdirən budur: "Axtaranda, - deyir,- gəlməz. İndi mane olur. Bu buludlar vəzifəsini yaxşı başa düşməyib... Ay əlimə keçəydiniz, necə sizi iclasa qoyub başa salardım!"

Allahverdi indi yalnız bir əkinçi deyil. Yalnız kolxoz sədri də deyildir. O, indi respublikanın adlı-sanlı pambıqçısıdır. O, yarışda qalib çıxmış Sosialist Əməyi Qəhrəmanıdır! Onun tarlalarına tamaşa üçün torpaq nazirliyindən, başqa şəhərlərdən gələnlər az olmur. Hələ Özbəkistan pambıqçıları keçən il onun işləri ilə maraqlanmışdılar. Allahverdi kişi sovet Özbəkistanının nümayəndələrini hörmətlə qarşılayaraq öz kəndini, kolxozunu gəzdirmiş, yüksək məhsul üçün gördüyü tədbirlərdən şirin-şirin danışmışdı. Onun danışıqlarını diqqətlə eşidib yazmışdılar.

İndi isə... yağıntılıq ona mane olurdu:

– Səpin geciksə, bilirsənmi nə ola bilər?

O bu sözü deyir, qapıya qaçıb üfüqə baxır, inadkar uşaq kimi, sanki, pambıqçılar ilə oynayan yaz havasının sifətini yoxlayırdı. Allahverdi axırıncı dəfə doluxsunmuş buludları görüb:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets