Contents
  1. 1. Kolxoz işinin mahir ustası
  2. 2. Vətən qızı Sədaqət
  3. 3. Yeni kənd
  4. 4. İrəliyə baxmaq lazımdır!

Page 4 of 7 · 43%

Bir neçə gün sonra Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin çargül xalça kimi gözəl, yaraşıqlı salonunda Rüstəmi və qəhrəman yoldaşlarım bütün Vətən təbrik etdi. Ali Sovet sədri Rüstəmin əlini tutub, Qızıl Ulduz nişanım və Lenin ordenini təqdim edəndə Rüstəm ömründə yaşamadığı dərin və odlu həyəcan keçirirdi. Onun sinəsi söz ilə dolu idi. O, çoxdan belə bir səadət arzusunda idi. İndi, budur, şərəfli zəhmət sayəsində fəth olunan səadət ona gülür, onu qucaqlayırdı. Bu yerdə Rüstəm çox şeylər deməlidir. O, ürəyini, ürəyini dolduran sevinc və səadəti açıb hamıya söyləmək istəyir. Buradakılar kimi şirin, ədəbi danışmasa da, o, öz dililə hamısını deməlidir. O, varlı kolxozundan, hətta orada sədaqətli çalışan və bu gün burada əyləşən qəhrəmanlardanmı desin, gündən-günə abadlaşan kəndindənmi, evini dolduran, sovet məktəbi sayəsində elm, sənət öyrənən bəxtiyar uşaqlarından - Ədilədən, Davuddan, İsrafildənmi... ikiyaşlı çiçək kimi açılan körpə Sonadan, sonbeşik balası Solmazdanmı desin... Necə etsin ki, hamısını deyə bilsin?

Rüstəm hamısından, hər şeydən danışmaq istəyir, ancaq nədənsə sinəsini dolduran sözlər boğazında dayanıb qalır, çıxa bilmir: sanki, o, ürəyinin mətləblərini, ömrünün səadətini adi danışıq ilə, söhbət ilə yox, bir söz ilə, ancaq bircə kəlmə ilə bildirmək istəyir. Deyəsən, bunu oturanlar da duymuşlar. Təntənəli salonu dolduran şəhər və kənd adamları, qəhrəmanlar, nazirlər, dövlət və partiya nümayəndələri, ziyalılar, diqqət və sükutla Rüstəmə baxanların hamısı başa düşmüşdür. Hamısının nəzəri onda, Səfərəliyev rayonundan gələn bu ucaboylu, sağlam və iti baxışlı, məğrur duruşlu, iti yerişli kolxoz ustasının tunc kimi möhkəm simasına dikilmişdir. O, baxdıqca alqışlar şiddətlənir. Alqışlar dayandıqca diqqətlər gərginləşir, salonda dərin və mənalı sükut yaranır. Rüstəm əlindəki ulduzu və ordeni göyə qaldırır, birdən yada düşən mühüm xəbəri söyləyən kimi ucadan deyir:

– Mənim hünərim deyil, bu onun hünəridir!

O, əlilə Stalin yoldaşın şəklini göstərib sözünü bitirir:

– Yoldaşlar, dünənki çobanı qəhrəman eləyən o kişidir. Xaraba kəndi laləzara döndərən odur! Bizə ağ gün gətirən odur! Var olsun səadət günəşimiz!

Salonu alqış gurultuları doldurur. Rüstəm Əliyevin sözünə və sevincinə bütün Vətən şərik olur!

2. Vətən qızı Sədaqət

Sədaqət Mürsəl qızı Verdiyevanı görmək istəsəniz, onu tarlada, iş başında qolu çirməkli, əli "silahlı" görərsiniz. O, manqa başçısıdır. Öz 214 manqasında yaş və boyca kiçik olsa da, hörmət və nüfuz cəhətdən üstündür. Onun sözünü usta sözü kimi eşidirlər, qiymət qoyurlar. Keçən il kolxozlar arasında yarış hərəkatı yayılanda, SSRİ Ali Sovetinin 29 mart tarixli Fərmanı oxunanda Sədaqət bütün diqqəti ilə dinləmişdi. Lakin bu bəs deyildi. Sədaqət "Kommunist" qəzetini alıb bir kənara çəkildi. Qəhrəmanlıq üçün qoyulan şərtləri bir-bir nəzərdən keçirdi. Hökumətin tələbləri və təkliflərini dərindən öyrəndi və oturub fikirləşdi:

– Bizim torpaq bu məhsulu verər!

Sədaqət öz səhvinə güldü:

– Torpaq verməz, gərək ondan alasan!

– Sosialist Əməyi Qəhrəmanı!

Vətənimizdə ən yüksək fəxri ad olan bu söz Sədaqətin zehnində bütün şərəf və hörməti ilə səsləndi. Bu kəlmələr onun gözündə çıraq kimi yandı. Bu ad rəhbərə verilmiş addır. Bu, sovet dövlətinin qocaman xadimlərinə, Molotova, Kalininə, Voroşilova və başqa partiya, hökumət rəhbərlərinə verilən addır. Sosialist zəhməti dünyada yeni və ən şərəfli zəhmətdir. Bu zəhmət insanları işıqlığa çıxarmaq, bəşəriyyəti köhnə dünyadan xilas etmək üçün çəkilən zəhmətdir. Bu zəhmətin qəhrəmanı yeni dünya, yeni həyat yolunun qəhrəmanıdır! Bu böyük ada böyük adamlar layiqdir!

İndi isə Sədaqətin qarşısında tamamilə sadə, onun gündəlik işindən, peşəsindən ibarət olan əkinçilik şərtləri dururdu. Bu şərtləri ödəyən kolxozçulara qəhrəman adı veriləcəkdi!

Əvvəlcə Sədaqətə xəyal, əlçatmaz bir arzu kimi görünən bu ad Ali Sovet Rəyasət Heyətinin Fərmanından sonra müqəddəs bir vəzifə kimi göründü:

– Necə ola bilər ki, sabah qonşu rayon pambıqçıları, lap bu kəndin pambıqçılarından qəhrəman adı alanlar sırasında Sədaqətin adı olmasın?!

Axı Sədaqət komsomolçudur. O, ittifaqa daxil olanda nəzərinə çatdırırdılar:

– Yoldaş Sədaqət, komsomol qabaqcıl gənclərin təşkilatıdır ha!

Sədaqət bu sözə kəskin cavab vermişdi:

– Bunu mən çoxdan bilirəm.

– Bilmək azdır.

– İşdə də görünər!

Sədaqət Fərmanın şərtlərini bir də oxudu, öz gücünü və imkanlarını yoxlamağa başladı. Gördü ki, bu şərtlər onun üçün xəyal deyil:

– Artıq da almaq olar! Bu şərt ilə ki...

Sədaqət öz şərtlərini manqasının üzvlərinə dedi:

– Yoldaşlar, biz Fərmanın tələb etdiyi məhsulu verə bilərik, bu şərtlə ki...

– Nə şərt ilə?

– Əsl şərt budur ki, artıq səy lazımdır. Burada kirdar lazımdır, burada həqiqi zəhmət lazımdır! O ki hökumətimiz sosialist zəhmətinin qəhrəmanı deyir ha, gərək qəhrəman kimi zəhmət çəkək. Bizim şumumuz, səpinimiz, suvarmamız, alağımız mən deyən kimi, dümdürüst olsa, Fərman deyən məhsul dinməz çıxacaq!

Manqa üzvləri də Sədaqətə sədaqətli oldular. Pambıq işinin bütün mərhələlərində onun dalınca getdilər. Cavan qızdır, dedilər, sabah yaryoldaş içində dili qısa olmasın!

Sədaqət yeddi ildir pambıq cəbhəsində çalışır və günü-gündən işdə püxtələşir. Hələ məktəbdə oxuyanda o, əməli işə, təcrübi dərslərə artıq həvəs göstərirdi. Hesab onun sevdiyi dərs idi. Müəllim çətin məsələ verəndə saatlar ilə oturardı. Başqasından kömək almağı sevməzdi:

– Görüm axı bu niyə çıxmır?

Məsələ həllinin üsulunu dəyişər, rəqəmləri diqqətlə izlər, çıxmanı, bölməni, cəmi, tamı, kəsri... Hamısını bir-bir yoxlardı. Nəticədə aldığı rəqəmi məsələnin kitabdakı cavabı ilə düz görəndə fərəhindən bilməzdi neyləsin. Bu son fərəh onun bütün zəhmətlərini unutdurardı. Dəftərini alıb müəllimin yanına qaçardı...

Sədaqət həyatda da belə diqqət sahibi oldu. Hələ pambıq işinə gəldiyinin ilk günlərindən onda səliqəsizlik görən olmayıb. Onun səliqə və diqqətində, zəhmətə olan yeni və fəal əlaqəsində çox böyük tərbiyəçilərin əməyi var. Onu yalnız sovet məktəbi yox, həm də komsomol böyüdüb. Yalnız komsomol yox, həm də kolxoz ustaları böyüdüb. "Qırmızı Oktyabr" kolxozunda bütün kolxozçular Sədaqəti öz doğma qızları kimi tanıyır, əzizləyirlər. Onun işləri həmişə iftixara səbəb olmuşdur. Adlı-sanlı pambıq ustası Bəsti, Manya onun sevib izlədiyi adamlardır. Sədaqət Bəsti haqqında yazılanları oxumuş, onun pambıq təcrübələrini öyrənmək istəmişdi. O, bəzən Bəstini öz tarlasında, döşündə önlük qabağa düşüb pambıq yığan və qızları dalınca çağıran görürdü.

– Belə, bax, belə!

O, öyrədirdi. Sədaqət isə hamıdan tez öyrənirdi. Hər kəsin bir şeyə eşqi olar. Sədaqətin həvəsi pambıq işinədir. Bu iş ona şirin, doğma, üstün görünür. 16 yaşında ikən qollarını çirməyib böyüklər kimi pambıq tarlalarına çıxanda, adını briqadalar siyahısında, özünü tanınmış adamlar cərgəsində görəndə kənd qızının qəlbi sevinclə dolmuşdu... Xoş yaz səhərində o, sığırçınlar kimi tezdən qalxaraq öz sahəsinə gedir, Qoşqar və Kəpəzdən axıb gələn dağ havası onun sinəsinə dolduqca qız fərəhlənir, qanadlanır, pambıq mahnısını zümzümə ilə təkrar edərək gedirdi:

A yoldaşlar, gəlin əlbir çalışaq.
Açılsın vaxtında gülü pambığın.
Ağarsın qozalar zəmilər boyu.
İpəyə bəzənsin teli pambığın.

Bol məhsul götürək əməyimizdən,
Şəhər fayda görsün köməyimizdən,
Vətən razı qalsın həmişə bizdən,
Bərəkətli gəlsin ili pambığın...

Sədaqət pambıq işində öz ustasından, ata hörməti bəslədiyi Rüstəm dayıdan çox şey öyrənmişdir. Rüstəm dayı artıq məhsul götürmək üçün pambığa necə xidmət lazım gəldiyini adamlarına öyrətmişdir, onun bu sözü Sədaqətin heç yadından çıxmaz:

– Kətmənləmə yerin üzünü cırmaqlamaq deyil, kətmən 12-15 santim dərinə işləməsə, alağın kökü kəsilməz! Kökü qırılmayan azar həmişə bədənə ziyan vura bilər!

Sədaqət bütün fəsillərdə öz tarlasını diqqət və qayğı ilə izləmişdir. O, bəzən məktəbli yoldaşlarını tarlalara salaraq sovka toxumlarını qabaqcadan tapıb məhv edir. Öz zəmisini öz həyəti kimi daşdan, kəltəndən təmizləməyi lazım bilir. Atası həmişə deyr: "Bu qızın ki pambığa belə həvəsi var, bir iş sahibi olacaq!" Sədaqət əkdiyi pambığın qeydiqayğısı ilə yaşayır. Tarlaya çıxanda, sanki, qızın biləklərinə pəhləvan qüvvəti gəlir. Onun ketmən vurmağı rayonda məşhurdur. O, ketməni 18 sm dərinə vurur. Onun zərbəsi dəyən yerdə alaq otlarından əsər qalmır.

Pambıq zəmisinin hər qarışına, cücərən hər pambıq koluna Sədaqət dönə-dönə diqqət yetirir, torpağın tələblərini ödəməyə çalışır. Bütün bu işlər üçün həvəsdən, bilikdən başqa vaxt da lazımdır. Sədaqət bu vaxtı tapır. O öz vaxtına qızıl kimi qiymət qoyur, saatını boş keçirmək istəmir. Bu cəhətdən çoxlarından ayrılır.

Bu il Sədaqətin zəhməti çox müstəsna nəticə verdi. Elə bir nəticə ki, yalnız aqronom və rayon rəhbərləri deyil, hər eşidən də Sədaqətin işindən danışmağa başladı: "Dünənki uşağın hünərini görürsənmi?"

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets