Contents
  1. 1. Kolxoz işinin mahir ustası
  2. 2. Vətən qızı Sədaqət
  3. 3. Yeni kənd
  4. 4. İrəliyə baxmaq lazımdır!

Page 3 of 7 · 29%

Rüstəmin kolxozçulara bir mühüm tapşırığı da vaxt məsələsidir:

– A yoldaşlar, atalar deyib hər iş vaxtında. Armud çiçəkləyəndə taxılı sulamadın, vaxtını ötürdün, deməli, uduzdun! Sünbüldən çox dən istəməyə haqqın olmayacaq. Sənin sünbülün südəcər uşaq kimi sısqa olacaq. Birinci şum mütləq gərək payızda ola. Payızın ilkində şum olan yer "quzuluyur", kəltənlər kirəc kimi yağışda həll olunur, torpaq yupyumşaq olur.

Rüstəm dayı toxum haqqında hamının dediyinə yeni şeylər əlavə edir: əkinçilərin həmişə dediyi "cins, təmiz toxum", səliqəli əkinin dərinliyi, səpin şərtləri Rüstəm üçün azdır. O öz elminə inanan cəsarətli aqronom qətiyyəti ilə deyir:

– Yüksək məhsul üçün bu kifayət deyil. Hər yerin xasiyyətinə görə toxumu cürbəcür dərinlikdə səpmək lazımdır. Bir də, səpmək ilə iş bitmir. Səpib qayıdıb evdə rahat olurmaq olmaz. İlk dəfə cücərən bitkilər ilə, o zərif canlılar ilə məşğul olmaq gərəkdir!

Rüstəm kişi səpin günündən zəmini nəzarətsiz qoymaq istəmir.

Bəzən əkini təmir etmək lazımdır.

– Rüstəm dayı, o nə deməkdir?

– Bəli, əkilmiş yeri təmir etmək olar və lazımdır!

– Yerin nəyini təmir edirsiniz?

– Biz cücərmə vaxtını, sürəti və keyfiyyətini cücərmədən qabaq yoxlayırıq. Zəminin bitməyən, seyrək düşən, toxumu qurda-quşa qismət olan hissəsini tapıb o saat təzədən əkirik, necə deyərlər, təmir edirik.

– Bu ucsuz-bucaqsız tarlalarda pambığın pis cücərmiş xarab yerini necə tapırsınız?

Rüstəm kişi bu suala da atalar sözü ilə cavab verir:

– Axtaran tapar!

Rüstəmin pambıq işində öz üsulu, öz vərdişi vardır. Onun fikrincə, toxum torpağa salınan gündən zəminin keşiyində durmaq lazımdır:

– Biz, - deyir, - pambıq kolunun dibini kartof kolu kimi doldururuq. Biz qoymuruq torpaq bitkini sıxsın. Həm də yeri pambıq üçün çox nəm saxlayır. Suvarmanı da şırım və hopdurma üsulu ilə elə aparırıq ki, hamı kollar ədalət ilə, bir dərəcədə su içə bilsin. Pambığa suyu selləmə buraxmaq düz deyil! Belə su tarlam yuyub, toxumu yerindən didərgin salar.

Kolxoz sədri tarla qırağında bitən ot-ələfi məhv etməyi də adamlarına bərk tapşırır. Həmin ələfiyyat əkin içinə toxum salır, alaq göyərdir. Əkin mərzi gərək su arxı kimi bitkidən tərtəmiz olsun.

Rüstəm Əliyevin ustalığı çoxlarına nümunə olmuşdur. Manqalar bir-birilə yarışa girərək bu qaydada əkin işini təşkil edir və qalib gəlirlər.

Rüstəm müharibədən əvvəl üç il dalbadal Moskvaya Kənd Təsərrüfatı Sərgisinə getmişdir. Öz məhsulu ilə diplom, 10 min manat mükafat, bir maşın almışdır. Rüstəm Əliyev orada Sovet İttifaqının hər tərəfindən gələnlərə cins pambıq nümunəsini, məhsuldarlıq cədvəlini göstərir, izah edirdi. O, Moskvadan nə öyrəndiyini böyük bir həvəs və iftixarla danışır. Vətənimizin paytaxtı onun işinin, zəhmətinin, kolxozda xidmətinin qiymət və əhəmiyyətini ona bir daha başa salmışdır. Dünyanın hər yerindən tamaşaçılar gələn o böyük sərgidə Rüstəm kimləri görməmişdir?!

Partiya və hökumət rəhbərləri, vətənin adlı-sanlı adamları, alimlər, fəhlələr, generallar, təyyarəçilər gülər üzlə Rüstəmin pavilyonuna yaxınlaşıb Azərbaycan dilində "Salam" deyir, tanış olur və onun əlini sıxır, təcrübəsi ilə maraqlanır, müvəffəqiyyət arzulayıb ötürdülər.

Rüstəm Moskvada özünü əziz qonaqlar qarşılayan ev sahibi kimi duyur, başını uca tutur, qəlbində deyirdi:

– Bunlara layiq mətah gətirmək hər oğulun hünəri deyil!

Rüstəm yüksək məhsul diaqramını ildən-ilə artıra bilirdi. O zaman hektardan 32,5 sentner pambıq vermək hünər sayılmışdı. İndi həmin Rüstəm hektardan 85-90 sentner verir, yüzün də iddiasındadır, O günləri yada salanda, sanki Rüstəm uzaq keçmişini xatırlayır:

– Təcrübə belədir, - deyir. - İldən-ilə ustalaşırsan. Ustalaşdıqca məhsulun çoxalır. İndi bizdə elə dul arvad var ki, pambıq işində zəhməti ilə yaxşıca varlanmışdır. Məhsuldan, ərzaqdan əlavə 10 camışın pulunu alır...

Rüstəm bunu sevinclə, bir az da ucadan deyir:

– Təklik dövründə özgənin camışını otaranlar, indi kolxoz sayəsində ildə on camışın pulunu alırlar. Kollektiv əməyin gücünə baxırsınızmı?..

Rüstəm özü kimi adamlarını da işgüzar öyrətmişdir. Keçmişdə kəndlilərin çubuq çəkib qiybət qırdığı doqqazlar, möminlərin hədis eşitdiyi həyətlər indi yoxdur. Azad zəhmətin yeni üsul ilə təşkili sayəsində böyükdən kiçiyə hər kəs işini, vəzifəsini bilir və icra edir. Kimsə taleyindən şikayətlənib göyə baxmır, salavatdan səadət gözləmir. İndi kənd adamları püxtə təsərrüfat sahibləri olmuşlar. Onlar dəqiqənin də qədirqiymətini bilirlər. Zəhmət onların hər birinə şan-şöhrət yolu olmuşdur. Yoldaş-yoldaşdan, qardaş-qardaşdan irəli getmək istəyir. Yarış həvəsi hamıya ilham və qüvvət verir. Hər kəs bildirki, dünənki qayda və normaları vurub ötməyə çalışır. Bir briqadada, manqada ləngimə duyuldumu, bütün diqqətlər oraya çevrilir. Kolxozun bir manqasında işin 10 zəifləməsi sabah bütün kolxozun işlərində əks olunacaqdır. Bunu hamı gözəl bilir, axsayanların qolundan tutmağı unutmurlar. "Geridə qalanlara kömək et!" Yarışanlara rəhbərin tapşırığı belədir!

"Füzuli" kolxozu haqqında kəndlilərin ağzında mahnı gəzir:

"Füzuli"nin kolxoz sədri,
Əllərində buğda fətri,
Hər yerdə əzizdir xətri.

İşlərinin üstü yoxdur,
Taxılı, pambığı çoxdur,
Əyni təzə, özü toxdur...

Dünyada halal zəhmətin bəhrəsini götürməkdən ləzzətli nə var?! Zəhmət adamları nə üçün köhnə dünyaya dərin nifrət bəsləyirlər? Nə üçün o dövranın adını çəkəndə kəndlilər səs-səsə verirlər?

– Qardaş, getsin, gəlməsin! Zülm zamanəsini yada salma!

"Zülm zəmanəsində" adamlar zəhmətinin bəhrəsindən məhrum idilər. Böyük şair Sabir o zaman üçün odlu həsrətlə deyirdi:

Zəhmət əkənin, güc öküzün, yer özününkü,
Bəyzadələri, xanları neylərdin, ilahi?!

O dövranları görən və görmək istəməyən yaşlı kolxozçular, Allahverdi, Həzrətqulu, Rüstəm kimi çalışqan kolxozçuların tarladan götürdükləri məhsula, halal zəhmətlərinin bəhrəsinə baxıb sevinir, tayalara vurulan taxıla, çardaqlara yığılan pambığa baxıb ürək rahatlığı ilə deyirlər:

– Şükür, zəhmətimiz pis bəhrə vermədi!

Cavanların çətin duyduğu bir hissi onlar dərindən hiss edirlər:

– Bala, - deyirlər, - siz hazırma gəlmisiniz. Gözünüzü açıb torpağı, suyu, traktoru əlinizdə görmüsünüz. Sağ olsun Sovet hökumətini, keçmişdən xəbəriniz olsaydı, bilərdiniz bir qarış torpaq üçün necə həsrət çəkirdik. Getsin o zamanlar, gəlməsin! O dövranı görməyənin ömrü uzun olar.

Bu il "Qırmızı Oktyabr" kolxozunun məhsuldarlıq işində, dövlət planlarını ödəmək sahəsindəki müvəffəqiyyətləri iclaslarda deyilir, qərarlarda yazılır, qəzetlərdə təriflənirdi. Ancaq kolxozçular hələ tamam rahat deyildilər. Onlar Ali Sovetin rəyini, qiymətini, Fərmanını aramsız gözləyirdilər.

Martın 10-da sevincli bir xəbər ildırım sürəti ilə bütün kəndlərə yayıldı. Axşam Rüstəm rayondan təzəcə qayıtmışdı. Maşını yola salıb şinelini soyundu, həyətə, təzə tikdirdiyi ev üçün gətirilən dam saxsılarını yoxlamaqla məşğul oldu. 14 yaşlı oğlu İsrafil pəncərədən atasını səslədi:

– Qağa, radioda təltif siyahısı oxuyurlar!

– Nə siyahı?

– Deyəsən, kolxozçulardır!

– Azərbaycan kolxozçuları...

Rüstəm tez özünü evə saldı.

– Dayan bir görüm. Haradan danışır?

– Azərbaycan rayonlarını deyir!

– Səfərəliyev rayonu deyilmədi ki?

– Mən də indicə qulaq asırdım.

Rüstəm əlini ağzına aparıb sükut işarəsi verdi. Bütün vücudu ilə qulaq kəsilib, "Vətən" aparatına yanaşdı.

Deyəsən, İsrafil düzünü deyirdi. Diktor uca və ahəngdar səsilə sayırdı:

– "Yüz üç: Zeynəb Kərim qızı Yusifovaya - Zəngilan rayonu...

Yüz dörd: Cahangir Məhəmməd oğlu Yaqubova - Qazax rayonu..."

Diktor Fərmanın imzasını oxuyanda Rüstəm evdən çoxdan çıxmışdı.

Mikayılı səsləyib deyirdi:

– Fərman çıxıb, mən getdim!

Raykoma çatmamış Rüstəmi təbrik etdilər:

– Sosialist Əməyi Qəhrəmanına təbriklər!

İlk dəfə bu sözü Rüstəm eşidəndə gözləri alacalandı, bütün kainat onun nəzərində şəfəq rəngində görünüb oynadı. Sanki işıq onun gözünü qamaşdırdı. Rəngi qızardı. Dili quruyan kimi oldu. Qəlbində qaynayan sevinc onu elə tutub yarpaq kimi silkələdi ki, kişinin danışmağa taqəti olmadı. Bir müddət o, yoldaşlarının, dostlarının əlini sıxaraq baxa-baxa qaldı.

Raykom katibi Ədilin başına yığılanları görüb yüyürdü. Ədili qucaqladı, bərk-bərk öpüşdülər:

– Birgə əməyimizə yüksək qiymət verən hökumətimizə minnətdarıq!

Raykomda Fərmanın surətini almışdılar.

– Yüz dörd nəfər!

Hamı fəxr ilə bu sözü təkrar edirdi:

– Yüz dörd nəfər!

Rüstəm rayondan səkkiz, öz kolxozunun üzvlərindən üç nəfərin bu yüksək mükafata nail olduğunu bilib, hökumətə, rayon partiya təşkilatına təkrar-təkrar minnətdarlığım bildirdi:

– Ədil, - dedi, - hökumətimiz bizim boynumuza böyük haqq qoyub. Bu ad sahibi ömrünü kolxoz yolunda qoysa, yenə azdır! Bu gündən sonra biz gərək... nə bilim! Kişi ürəyini dolduran həyəcana söz tapmırdı.

– Gərək 48-ci ilimizi 47-ci ildən əskik eləməyək!

– Gərək artıq eləyək!

– Yüksək mükafat həm bunu tələb edir, həm də buna əsas verir!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets