Jalil Mammadguluzadeh · Prose
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
Bakı*Pyes qeyri-adi bir müvəffəqiyyət qazandı. Ağzına qədər dolu olan teatr hər fasilədə müəllifi gurultulu alqışla təbrik edirdi. Tamaşadan iki min beş yüz manat hasil olub. Bu günlərdə Aşqabada gedirəm. Hamıya salam.
Həmidə! (12 iyul 1916)Bu gün iyulun 12-də Həştərxandan gəmi ilə Petrovska yola düşürəm. Oradan Vladiqafqaza da dəyəcəyəm. Avqustun əvvəli üçün Şuşaya gəlmək fikrindəyəm. Ev üçün bərk darıxıram.Sənin, uşaqların və Ələkbərin kefi necədir? Mənə Vladiqafqaza, İran səfirliyinin adresinə kağız yaz.
Məmmədəli! (23 ya 24 fevral 1917)Bakıdan Məhəmmədəli Rəsulzadə, Abdulla Heydərzadə, Abdullayev – ki, Vrangelski küçədə olur – və bir də “Sabir kitabxanası” sahibi Abbasov məndən teleqrafla jurnal istəyirlər satmağa. Bəlkə sən onlarla yollaşasan ki, onlar da sənə kömək edələr. Və bir də mənim balaxanılı dostlarımın adresini mənə yaz, onlara jurnal göndərim; Xeyrulla və yoldaşını deyirəm və Əmirhacıyan dostumuzu.“Sabir kitabxanası” əlli manat göndərmişdi qabaqca. Bu gün geri göndərirəm pulunu.
Həmidə! (11 iyun 1917)Tiflis*Məktubunu aldım. Uşaqlar salamatdırlar, nigaran qalma. Ələkbərə yazmışam ki, arabanı sazlasın. Hazır olan kimi, dərhal Xankəndinə gedib, oradan da kəndə baş çəkəcəyəm. Jurnalımız çıxır. Sənə abunə kitabçaları göndərmədim. Axı, hələlik sənin abunə ilə məşğul olacaq halın yoxdur. Elə ki, lazım bildin, göndərərik. Buralar sərindir, yağış yağır. Nə üçün fikir çəkirsən, Həmidə? Bil ki, hər zaman sən lazım bilən kimi, mən sənin yanına gəlməyə hazıram. Tez-tez özün haqqında yaz. Mən hələlik Tiflisdəyəm. Jurnal 1500 nüsxə çıxır və hamısı satılır. Səhhətin və əlin necədir? Əziz Həmidəm, səni xəyalən bağrıma basıram. Hələlik, sağ ol.
Əzizim Həmidə! (14 sentyabr 1917)Yaxın günlərdə türk qoşunlarının Əsgərana hücumu gözlənilir. Onlara kömək üçün bu gün atlıların siyahısı tutulur. Mən gəlmişəm əlimdən gələn köməyi göstərim və qoşunlarla birgə döyüşdə iştirak eləyim. Bu gün Ağdamda deyirlər ki, Şuşada aclıqdır. Bu məni yaman pərişan eləyib. Dünən, bu gün Ağdama dalbadal türk qoşunları gəlir. Axmaq ermənilər doğrudanmı müqavimət göstərəcəklər? Heydərin harada olduğunu və onların bazar günü yazdığım xəbərləri sənə çatdırıb-çatdırmadıqlarını bilmirəm. İndi Şuşadan nümayəndə heyəti gəlmişdi, baxırdılar görsünlər ki, bütün bu işlər necə qurtaracaq. Bu gün sənə poçtla pul göndərə bilmədim, çünki cümə günü olduğuna görə bu gün tacirlərin heç biri yerində deyil. Bazar günü üç araba un göndərəcəyəm, qoy uşaqlar sənin üçün [... ] hazırlasınlar. Özümsə imkan olan kimi gələcəyəm. Sənin təsərrüfat işlərin hamısı öz qaydasındadır.Cəlil
Müzəffər! (6 sentyabr 1922)Deyirlər Həmidə xanım indiyəcən Şuşadadır. Halbuki bu gün sentyabrın 6-sıdır. Uşaqlar isə 15-indən gec olmayaraq burada olmalıdır. Yaxşı olardı ki, bir az tez gəlsinlər ki, dərs vəsaiti və pal-paltarlarını hazırlayaq. Sən Allah, uşaqları ləngitməyin və vaxtında gətirin. Qoy Həmidə xanım da uşaqlarla gəlsin.Cəlil
Həmidə! (7 noyabr 1922)Bakı*Kağızını alıb sənin və uşaqların naxoşlamağından bərk təşvişə düşdüm. Odur ki, qət elədim gəlim Kəhrizliyə. Sənin üçün fayton və istədiyin bütün şeyləri almışam. Yolda atları da alacaq və elə güman eləyirəm ki, hazır faytonla gələcəyəm. Amma bu vacib işlər gəlməyimi ləngidir: 1) Kəhrizlilərin işi. 2) Dəzgahların, yunun və pambığın sənə qaytarılması və 3) Dəyirmanı təmir eləmək üçün 10 dənə taxta verilməsi. Bütün günü bu işlər üçün idarələri dolaşıram. Bilirsən də, bizdə iş necə daşdan çıxır. Hamımız sağ-salamatıq və Müzəffər universitetə gedir. Əsədin oğlunu tez yola salmağa tələsir və məktubu bu ümidlə qurtarıram ki, yaxın günlərdə görüşəcəyik.
Əzizim Həmidə! (15 noyabr 1922)Dünən Komissar Qədirli ilə Münəvvər barəsində danışdım. Mən yazmaq istəyirdim ki, Münəvvər Bakıda işləməyə gəlsin. Amma Qədirli məsləhət görür ki, bir neçə ay Ağdam xəstəxanasında təcrübə keçsin. Söz verir ki, sonra orada onu işə düzəltsin. Əgər Münəvvər bunu istəməsə, onda qoy gəlsin Bakıya, burada işə düzəlsin.Dünən Qulam Axundov vasitəsilə sənə kağız göndərdim. Sən nahaq yerə orada oturmusan. Uşaqlar sənin üçün darıxırlar.
Həmidə! (18 mart 1923)Əbdülkərimin oğlu Misir Bakıda imiş və yoldaşı ilə birlikdə mənim yanıma gəldi. Bu fürsətdən istifadə eləyib sənə bir neçə sətirlik məktub yazırıq. Bu günlərdə bayramdır. Uşaqlar sevinirlər. Uşaq uşaqdır da. Onlar üçün əsl bayram səliqəsi düzəldirəm. Lakin hey deyirlər ki, anamızı istəyirik. Mən onları inandırıram ki, bir də görəcəksiniz ananız gözlənilmədən gəldi. Əgər gələ bilməsən, onda ay yarımdan sonra onlar dərsləri qurtarıb kəndə gələcəklər. O vaxtadək orada tut, gül-çiçək, ərik və çoxlu yumurta da olar.Müzəffər neyləyir? Sənin yun emalatxanan necədir? Çalış ki, şallar daha zərif və daha tünd olsun. Göndərdiyin şaldan Teymur üçün şalvarlıq kəsib götürdüm, qalanını Minaya verdim.
Cəlil (22 mart 1923)Hər şeyi atıb şəhərə köçməyə ürəyim gəlmir. Burada da mənim üçün dözülməz, ağır şərait yaranmışdır. Burada bir neçə idarə vardır, biri o birinin qərarını rədd edir, camaatı bir-birinin canına salırlar. Lap hərc-mərclikdir.Bütün ili kəhrizləri icarəyə götürmədim, nəticədə sökülüb dağıldılar, su kəsildi, kənddə yoluxucu xəstəliklər törədi. Kəndlilər açıqdan-açığa boyunlarına aldılar ki, kəhrizlərdən istifadə edə bilmirlər. Buna görə də nahiyə icraiyyə komitəsinin iştirakı ilə belə qərar çıxardılar ki, kəhrizliləri köhnə sahiblərinə qaytarsınlar. O biri tərəfdən də mərkəzdən bu haqda su mühəndisi Petrova gələn sərəncamda deyilirdi ki, əgər fevralın birinə kimi kəndlilər kəhrizləri təmizləməsələr, onda o, kəhrizləri inanılmış adamlara verə bilər.
Əzizim Həmidə! (7 iyun 1923)Yevlaxdan vurduğun teleqramı sən gedən günün ertəsi saat 6-da alıb xatircəm oldum. Bilmirəm yolun qalan hissəsini necə getdiniz və indi kefiniz necədir?Bu gün, cümə axşamı Yusifxanla qəbiristanlığa gedib qəbir üstə gül apardıq. Yusifxan kimi məni də qəm-qüssə götürüb, amma onu yalqız qoymuram. Bu saat o bizdə oturub. Səndən xahiş eləyirəm, sənə yalvarıram ki, necə olur-olsun, başını bir işə qat, özünü ələ alıb səbr elə. Belə eləsən, mən səni daha artıq istəyəcəyəm. Kiçicik bir fürsət olan kimi gələcəyəm. Kəhrizlidə çox qalma və dağlıq yerlərdən birinə get. Özünü heç bir təsərrüfat qayğısı ilə əziyyətə salma, cürbəcür rüşvətxorların törətdikləri murdar işlərin fikrini çəkmə və Blaqovidovanın nağıl etdiklərini xatırla. Fikirləş ki, sovet hökumətindən gizlənən rüşvətxorların işinə qarışmaq nə qədər çətin məsələdir.
Əzizim Həmidə! (26 iyun 1923)Səndən 10 iyun tarixli bircə məktub və adamların həbs edilmələri və at barəsində teleqram almışam.Mən hələ Bakıda sənə məsləhət görmürdüm ki, Qarabağa gedəsən. Bilirdim ki, oradakı cürbəcür xoşagəlməz əhvalatlar səni əsəbiləşdirəcək. Sən gedəndən sonra burada – Mərkəzi Komitədə keçmiş mülkədarların torpaqlarını əllərindən almaq barədə qərar çıxarılmışdır. Hərçənd mən bilmirəm hansı torpaqlardan söhbət gedir, çünki axı, heç kəsdə torpaq-zad yoxdur. Bununla səni xəbərdar etmək istəyirəm ki, dedi-qoduya yol verməməkdən ötrü torpaq şöbəsindən qətiyyən torpaq icarəyə götürməyəsən. Çünki sənin niyyətin nə qədər xeyirxah niyyət olsa da, axırda pis qələmə veriləcəkdir. Ümumiyyətlə, səndən çox-çox təvəqqe edirəm ki, birdəfəlik Bakıya köçüb gəlməyi qət eləyəsən. Burada nəinki yalnız uşaqların tərbiyəsi üçün sənin öhdənə çoxlu təklif düşür, həmçinin, istəsən mənim işlərimə də kömək edərsən. Əgər işləmək istəsən, bir neçə gün bundan qabaq Ağamalıoğlu məndən xahiş elədi sənə yetirəm ki, o səni ürəyin istədiyi işə qoya bilər.
Əzizim Həmidə! (14 iyul 1923)Cəlal və Lida indi sənin yanına gəlirlər, odur ki, sənə bu kağızı yazıram. Mən hələ də səndən hadisələr, teleqramlardakı (sənin və Cəmilin) xəbərlər haqqında təfsilat gözləyirəm. Lazım olan adamlarla danışmışam və ümidvaram ki, tutulanların hamısı azad olunacaqdır. Sən lap nahaq kəndə getdin. Mən, çox güman ki, oraya yayın ortalarında gələcəyəm. Münəvvərin alətlərini yaxın günlərdə poçtla göndərərəm. Uşaqlar necədirlər? Sən özünü naxoşluqdan gözlə. Cəlal dəyirmanın üstündə dayana bilər. Doğrudanmı çəyirtkə bütün əkinləri yemişdir?Ənvər üçün darıxıram. Yusifxan hər gün gəlib mənimlə görüşür.
Əzizim Həmidə! (30 iyul 1923)Şuşadan göndərdiyin kağızı və teleqramı aldım. Uşaqlarla birgə Lısoqorskda olduğunu biləndə çox şad oldum. Orada əməlli-başlı dincəl, çalış sentyabrın ortalarına qədər qalıb, oradan kəndə baş çəkmədən birbaşa Bakıya gələsən; çünki Lısoqorskdan sonra Kəhrizlidə yaşamağa dəyməz. Mən, çox güman, indi... işdən ayrılıb, Lısoqorska gələ bilməyəcəyəm. Bir də axı ora uzaqdır.Yusifxan Tiflisdə yollar müfəttişi işinə düzəlib və çoxdan Tiflisə gedib orada mənzil axtarır. Mənzil tapan kimi dərhal ailəsi ilə oraya köçəcək (fikri var ki, yay qurtaranda uşaqları da Tiflisə aparsın). Bu çox yaxşı vəzifədir, ona bu işdə Xudadad bəy çox kömək elədi. Mən, Müzəffərə də məsləhət görərdim ki, Tiflisdə yaşayıb ya oxusun, ya işləsin. Kənddə lazım olsa, mən də hərdənbir gedib təsərrüfat və dəyirman işlərini yoxlaya bilərəm. Doğrusu, bizim günlərdə, yaranmış vəziyyətdə əyalətdə fitnə-fəsad və böhtandan özünü qorumaq, habelə, hamının səndən razı qalmasına nail olmaq çətindir. Hamısı birdir, kimsə narazı qalacaq; illah sənin qəşəng atın olduğuna görə, yainki buna oxşar bir şeyə görə.
Əzizim Həmidə! (12 avqust 1923)Bakı*Səndən iki məktub almış və cavab yazmışam. Poçtla Şuşaya Müzəffərin adına 10 girvənkə qənd, bir girvənkə çay və üç cüt corab göndərmişəm. Kənd yerində geyəcəyin üçün bahalı corab almadım.
Həmidə! (16 oktyabr 1923)Bir az bundan əvvəl sənə yazmışdım. Sonra sənin Midhətə məktubun və Müzəffərin yenə onun adına məktubu gəldi. Çatmayan divar kağızlarını srağa gün poçtla yola saldım. Alətlərə gəldikdə, daş yonmaq üçün alət də poçtla göndərildi (onu Teymur ucuz qiymətə aldı, qonşumuz Qrişa deyir ki, bekara şeydir). Yaramasa, təzəsini, daha yaxşısını göndərərəm. Alətlər, azı, 50 manata başa gələcək, onları mən tədricən alıb göndərərəm, hamısını birdən göndərə bilmərəm. Çünki təzə dərs ili başladığına görə dörd məktəbli uşağın işini yoluna qoymaq, onlara paltar, çəkmə, dərs kitabı almaq, yeməklərini düzəltmək, oxumaq xərclərini vermək mənim üçün asan deyil (təkcə Ənvərin xərci 40 manat eləyir).Bu qanqaraldan şeyləri sənə yazmaq istəməzdim; xüsusən ona görə ki, sizin də kənddəki dolanacağınız çox asanlıqla keçmir. Buna baxmayaraq, sən gərək fikir çəkib ruhdan düşməyəsən, çünki bir balaca bərkə düşsən, dərhal mən buradakı var-yoxumuzu səninlə bölməyə hazıram. Axı, bu müvəqqəti haldır. Burada da darısqallıqdır, orada da, sənin yanında da; burada da, orada da elə ürəkaçan bir şey yoxdur. Mən, Midhət və Ənvər imkan tapan kimi necə olur-olsun Kəhrizliyə baş çəkmək həsrətindəyik.
Həmidə! (28 noyabr 1923)Uşaqlar hamısı sağ-salamatdır və heç azarladıqları olmayıb. Təkcə Teymur hərdən yüngülvarı qızdırır. Bizlərdə heç bir yenilik yoxdur. Bu gün poçtla Müzəffərin adına bir qutu şey yola saldım:1. Bir cüt çəkmə, Nina özü üçün sifariş vermişdi. 2. Dörd cüt yaxşı corab, bunlardan iki cüt isti corab sənin, iki cüt şəffaf corab – Münəvvərin. 3. İki parça əl-üz sabunu. 4. İki paçkada 10 girvənkə xüsusi sifarişlə gətirilmiş seçmə çay (yarmarkadan tanış bir İran taciri gətirmişdi). 5. Bir paçka kakao. 6. İki girvənkə Moskva konfeti. 7. İki paçka açıq ingilis çayı və beş dənə limon. Qutuda, deyəsən, Ənvərin məktubu da var.
Əzizim Həmidə! (18 dekabr 1923)Nina Antonovnanın əri Rzayev mənə dedi ki, sən Qəmərlə (Əlişin qızı) Bakıya gəlməyə yığışırsan. Uşaqlar çoxdan səbrsizliklə gözləyirlər. Burada havalar yaxşı keçir. Uşaqlar qiymət vərəqələrini gətirdilər, bütün dərslərdən yaxşı qiymət alıblar. Ancaq Midhət alman dilindən geri qalır. Onun üçün köməkçi müəllim axtarıram. Velosiped uşaqlara ləzzət verir, Ənvərin isə öz xizəyi vardır. Uşaqların hamısı artıq velosiped və xizəkdə gəzə bilir.Rzayev, Münəvvərin xəstəxanaya təyin olunması barədə kağızı gətirir, amma Münəvvər xəstəxanada müvəqqəti təcrübə keçməlidir.
Əzizim Həmidə! (2 fevral 1924)Yanvarın 27-də yazdığın kağızı mənə İsmayıl bəy gətirdi. Aptekçidən də kağız aldım.Bir neçə gün bundan əvvəl sənə özümün və uşaqların məktubunu göndərmişdim.
Əzizim Münəvvər! (7 fevral 1924)Məktubunu aldım və sənə iki cüt fitil, 15 dənə limon, Həmidə xanıma isə bir girvənkə qəhvə, iki paçka sikori göndərdim. Limonun bir neçəsini də ona göndər.Bu yaxınlarda mən Həmidə xanıma kağız yazıb Bakıya gəlməsini xahiş eləmişdim, çünki uşaqlar onun üçün çox darıxırlar.
Həmidə! (6 mart 1924)Əgər sən buraya bayramdan qabaq, yaxud bayramdan sonra gəlsən, onda (... ) axırında biz hamımız kəndə yığışıb, oradan Lısoqorska gedərik. Uşaqlar səni gözləyəcək. Heydər Naxçıvandan gəlib, bizdə qalır. O tamam dəyişib. Sakit, qıvraq və güclüdür. Midhətlə birgə qalmalı və onunla fransız dilindən məşğul olmalıdır. Günlərimiz xoş keçir. Səni gözləyəcəyik.Cəlil
Əzizim Həmidə! (2 iyul 1924)Georgi məktubu mənə verdi və indiyəcən onu görmədiyimə görə sənin tapşırdığın şeyləri poçta iki bağlamada təhvil verdim: birinci bağlamada 1 put seçmə sədri düyü, o birində isə – 10 girvənkə qənd, 1 girvənkə çay, sənin üçün qaloş, Münəvvər üçün tənzif və paltodur.Sən indi uşaqlarla haradasan və yayda qalmağa haraya gedəcəksən? İşim çox olduğuna görə, mən, deyəsən, heç yerə tərpənə bilməyəcəyəm.
Əzizim Həmidə! (2 sentyabr 1924)Sənin otkrıtkanı aldım. Boğazın barədə müəyyən bir qərara gəlmək lazımdır, bu işdə başısoyuqluq eləmək olmaz və başqa bir qərar ola bilməz. Sentyabrın on dördündə uşaqlarla bərabər Bakıya yola düş, o vaxta qədər 50 manat yol pulu alacaqsan. Burada mütəxəssislə – həkimlə məsləhətləşərik, dəniz sahilində (yəqin Qara dənizin sahilində) olmağın lazım gəlsə, dərhal oraya gedərik, tamam sağalınca orada qalarsan. Söz verirəm, sənin üçün bunu kənddən kömək almadan düzəldim. Amma eyni zamanda bu barədə Müzəffərə yazıram ki, sən kənddə olmayanda təsərrüfat və dəyirman işlərinə kömək eləsin və pul cəhətdən mümkün qədər sənə əl yetirsin. Çünki, axı, məhz indi əməlli-başlı müalicə etdirmək və başqa xərclər üçün sənə çoxlu pul lazımdır.Mütləq yumşaq vaqonda yer alın. Yevlaxa qədər isə yəqin ki, öz faytonumuzla gələcəksiniz, hərçənd onun rezinləri artıq sürtülüb gedib. Müzəffərə yazıram ki, sən yola düşəndən sonra özün gəlincəyə və Bakıdan təzə rezin gətirincəyə qədər faytonu (işlətməyib) söksün (burada dal çarxı üçün rezinin cütü 40 manatdır). Allah qoysa sən yaza qədər mütləq rezin alıb apararsan, çünki mən istəmirəm sən faytonsuz qalasan.
Həmidə! (8 sentyabr 1924)Başa düşmürəm səndən nə üçün mən bir dənə də məktub almıram. Buraya gələni sənə bir sifarişli məktub yazmışam, iki dəfə poçtla 50 manat pul göndərmişəm, bir dəfə də uşaqlar barədə teleqram vurmuşam ki, gəlməsinlər.Dünən Midhət imtahan verib, o biri sinfə keçdi. O gündə iki dəfə müəllimin yanına, bəzən də habelə Blaqovidovanın yanına gedirdi. Amma çox arıqlayıbdır və indi dincəlir. Mən onun yemək-içməyinə diqqət yetirir, süfrəsinə zövqünə və arzusuna uyğun şeylər düzürəm.
Əziz oğlum Midhət! (Ufa, 1 oktyabr 1924)Buradan Kazana yola düşürük. Ümidvarıq ki, oktyabrın 10-u üçün Bakıda olaq. Bilmirəm anan Bakıya gəlib, ya yox. Əgər gəlməyibsə, mənim bu məktubumu ona göndər. Yəqin sən və Ənvər, sözsüz, məktəbə gedirsiniz. Bilmirəm Teymur imtahan tuta bildi, ya yox. Əliş (Süleymanın oğlu) necə oldu, məktəbə girə bildi, ya yox? Səmədi qəbul elədilərmi? Güzəranınız necə keçir? Hər bir şeyiniz var, ya yox? Yəni paltar, dərs kitabları, yemək xərci və i. a. Jurnalın idarəsindən Polina sizə xərclik verməli idi.Əgər Səmədi qəbul eləməyiblərsə, onda Əliş bəyin oğlanlarından birini Bakıya gətirmək yaxşı olardı.
Midhət! (Orenburq, 9 oktyabr 1924)8 oktyabr (1924)*Bu gün gedirik Ufa şəhərinə, on gündən sonra ola bilər ki, gələk Bakıya. Mamandan yana nigaranam, bilmirəm gəlibdirmi Bakıya və əhvalı necədir? Əgər Səmədi gətirməyiblərsə, lazımdır Əliş bəyin oğlanlarının birini gətirmək Bakıya. Gələrəm, danışarıq.
Əzizim Həmidə! (Moskva, 9 oktyabr 1924)Biz artıq Moskvadayıq. Krım – Moskva – Daşkənd – Orenburq – Ufa – Yekaterinburq – Kazan şəhərlərində olub, srağa gün yenə Moskvaya qayıtdıq. Daim evdən nigaran qaldığımı nəzərə almasaq, bu səyahətin bizim hamımız üçün nə qədər maraqlı olduğunu təsəvvür edə bilərsən.Mənim yola düşməyim sənin üçün gözlənilməz oldu, sənin gəlməyini gözləyə bilmədim, odur ki, evə aid tapşırıqların hamısını Polinaya verdim.
Əzizim Həmidə! (24 yanvar 1925)Mən heç başa düşmürəm ki, nə olub. Neçə vaxtdır ki, səndən kağız yoxdur. Bir də, axı, Bakıya gəlməyə hazırlaşırdın, axı, ləngiməyinə səbəb nədir? Uşaqlar sənin üçün yaman darıxırlar və bu, onların dərsinə də, səhhətinə də pis təsir eləyə bilər.Naxoş deyilsən ki? Bir şeyə ehtiyacın yoxdur ki? Səbrsizliklə səndən xəbər gözləyirəm.
Həmidə! (22 avqust 1925)Sağ-salamat gəlib çatdıq. Midhət avqustun 16-sından alman dili dərsinə getməyə başlamışdır. Blaqovidova da qayıdıb gəlib və Midhətin dərslərinə rəhbərlik edir.Bura çox istidir. Mən iki gün Buzovnada qaldım və dənizdə çimdim. Fikrim var Midhəti də iki günlüyə oraya aparım. Elə yaxşı olar, yolda o, Sabunçunu, Balaxanını, Ramananı (neft aləmini) da görər.
Möhtərəm yoldaş! (27 yanvar 1926)Keçən il fevral ayında sizin isminizə çatdırmaq üçün beş ədəd “Ölülər” kitabçası göndərildi. İndi sizdən xahiş olunur satılanların pulunu, satılmayanların özünü göndərəsiniz (25 faiz, əlbəttə, çıxılmaqla).Qaldı kitabçalar söhbəti: noyabr ayında iyirmi beş (25) ədəd “Sirkə”, dekabrda 25 “Molla Fəzləli”, yanvarda 25 “Baqqal Məşədi Rəhim” və 25 “Şer bülbülləri” göndərildi. Bəlkə də bu zəhmətlər sizin üçün əlverişli deyil, amma ümidvarıq ki, bunu siz maarif naminə vəzifə hesab edib və bu zəhmətə qatlaşıb mürur ilə kitabçalardan satdırasız və həmçinin pullarını öz vaxtında göndərəsiniz.