Contents
  1. Doqquzuncu şəkil
  2. Onuncu şəkil
  3. On birinci şəkil
  4. On ikinci şəkil

Page 3 of 5 · 40%

Saleh (alıb baxır)

“Yalan”. Sən bunu haradan tapmısan?

Fərman

Trolleybusdan. Bu saat haranı axtarırsan, şeir, pyes tapırsan.

Saleh

Göydə axtarırdım, yerdə tapmışam. Əsər əldən-ələ keçib, gör nə kökə düşüb.

Aslan

Bütün yalanların axırını mən belə gördüm.

Rəfiqə gəlir.

Rəfiqə

Bir qonağın da gəlib ki. Bu saat sizə yemək verim.

Saleh

Rəfiqə, gəl bəri, “Yalan” tapıldı. Oturun, sizə oxuyum, görün, mənim müsibətim burada necə yazılıb.

Hamı oturur. Saleh pyesi oxumağa başladıqda səhnə qaranlıqlaşır.

On birinci şəkil

Səhnədə yenə keçmiş hadisələr təsvir olunur. İdarə. Tərlan xanım makinada yazır. Nisbətən gənc Saleh ayaq üstə gəzişərək diqtə eləyir.

Saleh

İndi, axırıncı cümləni yazın. Bütün bu rəqəmlər onu göstərir ki...

Tərlan xanım (yaza-yaza təkrar eləyir)

Onu göstərir ki...

Saleh

Rəhbəri olduğum idarə yarımillik planı yerinə yetirə bilməmişdir.

Tərlan xanım

Hamı yazır bilmişdir, amma siz yazırsınız bilməmişdir.

Saleh

Mən düzünü yazıram.

Tərlan xanım

Düz söz çılpaq şəkildə çox çirkin olur. Ona gərək yalandan paltar geyindirəsən ki, bəzəkli görünsün.

Saleh

Mən yuxarıdakıları aldadan, yalan məlumat verən müdirlərdən deyiləm.

Tərlan xanım

Aldatmasanız, o stolun dalında çox otura bilməzsiniz. “Bilmişdir” yazım, “bilməmişdir”?

Saleh

Bilməmişdir. Qocalmısınız ha, Tərlan xanım, sözü bir dəfə deyəndə başa düşmürsünüz.

Tərlan xanım

Məni bu zəmanə qocaltdı.

Saleh

Mənim təbabətdən başım çıxır. İstəyirsiniz, bir dərman verim, cavanlaşın.

Tərlan xanım

İstəmirəm.

Saleh

Lap əlli il cavanlaşdırım, olun yeniyetmə, yumurta kimi bir qız.

Tərlan xanım

İstəmirəm. Tutaq ki, elə bir dərman var, mən də içdim, əlli yaş cavanlaşdım, nə olsun? Cavanlıq dövrümüzün zinəti olan o zəmanəni, o dövlətliləri, o milyonçuları, Mantaşovu, Nağıyevi, İsrail bəyi geri qaytara bilməyəcəksiniz ki? Eh, Saleh yoldaş, zalım həyat onları məhv elədi, mənim isə axırımı bağladı bu makinaya.

Saleh

Aha, belə denən. Deməli siz, Tərlan xanım, bizim çörəyimizi yeyib, o mənfur dövrü geri qaytarmaq xülyasilə yaşayırsınız?

Tərlan xanım (qorxur)

Nə danışırsınız, Saleh yoldaş, mənim o dövrdən zəhləm gedir.

Saleh

İnanmadım. Zəhləsi gedənə oxşamırsınız.

Tərlan xanım

Vicdanıma and içirəm. Nədir onun adı? O qabağıma çıxsa, bu əllərimlə boğaram.

Saleh

Kim?

Tərlan xanım

Adı birtəhərdir ey... hə, hə, kapitalizm. Mən kapitalizmə nifrət eləyirəm.

Saleh

Lap əcəb eləyirsiniz. Bu sözdən sonra sizə lap inandım.

Tərlan xanım

Quru inanmaqdan nə çıxar? Bu sözdən sonra gərək mənim maaşımı artırasınız.

Saleh

Kapitalizmə pul ilə nifrət eləyən eşitməmişəm. Maaş barədə sonra danışarıq. Siz o təliqəni yaxşı-yaxşı yazın, bazaya baş çəkib beş dəqiqəyə qayıdıram.

Tərlan xanım

Ləngiməyin. Bacım qızı indicə bura gələcək.

Saleh (böyük həyəcanla)

Şəlalə xanım? Bura gələcək? Bəs niyə mənə demirdiniz? Bayaqdan başlamısınız İsrail bəy, filan-feşman... (Özünü səliqəyə salır) Kostyumum necədir?

Tərlan xanım

Mənim bacım qızı kostyuma, bəzəyə-düzəyə fikir verən qızlardan deyil. Elə saje e entilijan.

Saleh

Lap yəni, elə?

Tərlan xanım

Bəs necə? İnsanın daxili aləmi yaxşı olsun.

Saleh

Mənim daxili aləmimə söz ola bilməz.

Tərlan xanım

Elə ona görə də qız məni bir dəqiqə dinc qoymur. Saleh yoldaş, Saleh yoldaş... Sizi bircə dəfə görüb, dəli kimi olub.

Saleh

Yəni məhəbbət, filan-feşman?..

Tərlan xanım

Ağzımda söz deyirəm: Setre det alon, no!..

Saleh

Mən ölüm hə, onda qoyma getsin, mən indicə qayıdıram. (Gedir)

Tərlan xanım (pəncərədən baxır, Şəlaləni səsləyir)

Gəl yuxarı, gəl ey, heç kəs yoxdur, təkəm.

Şəlalə içəri girir.

Şəlalə

Nə yaxşı təksən? Böyüyün yoxdur?

Tərlan xanım

Böyüyümün başına kül. Səni bir dəfə görüb, dəli-divanə olub, düşüb ortaya. Şəlalə, Şəlalə.

Şəlalə

Kim bilir, neçə arvad alıb, boşayıb.

Tərlan xanım

Heç evlənməyib, subaydır. Əlinin altında cürbəcür anbarlar, bazalar...

Şəlalə

Anbar, baza sonrakı işdir. Sən adamlığından danış.

Tərlan xanım

Adamlıq axtarma, tapa bilməzsən. Kişilərin hamısı zibildir.

Şəlalə

Xala, elə sözlər danışırsan ki... Parça tapşırmışdım, nə oldu?

Tərlan xanım

Hələ gətirməyiblər. (Yavaşdan) Saleh indicə gələcək. Səni görmək istəyir.

Şəlalə (həyəcanla)

Necə geyinmişəm?

Tərlan xanım

O geyimə-zada fikir verən adamlardan deyil, yalnız daxili aləm ilə maraqlanır.

Şəlalə

Boy, nə biədəb kişidir.

Tərlan xanım

Qadın kişiləri yalnız paltarlarla yox, dil ilə, hiylə ilə, fənd ilə özünə cəlb eləməlidir. Nə qədər qəşəng geyinirsən geyin, kişilər səni görən kimi öz fikirlərində əynindən bütün paltarları çıxardırlar.

Şəlalə

Ay xala, ətimizi tökmə, sən Allah!

Tərlan xanım

Gəlir. (Pıçıltı ilə) Ərin olduğunu gizlət. Aslanı soruşsa, deyərsən qonşumuzdur, məni istəyir, əl çəkmir.

Saleh içəri girir.

Saleh

Dünya yaranandan bu günə qədər bizim idarəyə bu qədər əziz qonaq gəlməyib. Salam!

Şəlalə

Salam, yoldaş rəis. Sizi işdən qoymuram ki?

Saleh

Əksinə, kömək eləyirsiniz, ilham verirsiniz. Tərlan xanım, orada xəbər verin, bu gün daha heç kəsi qəbul eləməyəcəyəm. Soruşsalar ki, neyləyir? Deyin əlinə gözəl kitab düşüb, onu mütaliə eləməklə məşğuldur.

Tərlan xanım

Baş üstə. (Şəlaləyə məhəbbət dolu gözlərlə baxır, yalandan ağlamsınıb çıxır)

Şəlalə

Siz tez-tez kabineti xəlvət eləyib kitab oxumaqla məşğul olursunuz?

Saleh

Xeyr, həyatımda birinci dəfədir. Bu vaxta qədər əlimə bu qədər gözəl şeir kitabı düşməmişdi. Mən sizə baxanda əlimə saz alıb aşıqlıq eləmək istəyirəm.

Şəlalə

Niyə?

Saleh

Çünki siz başdan-ayağa gözəlliksiniz.

Şəlalə

Siz qadınlara kompliment deməyi haradan öyrənmisiniz? Yəqin çoxları ilə gəzmisiniz, hə?

Saleh

Qətiyyən yox. Çünki eşq olmayıb. Ancaq deyəsən indi ürəyimin budağına nə isə qonub, yavaş-yavaş oxuyur.

Şəlalə

Nə tez? Bir dəfə görməklə?

Saleh

Mən sizi bir dəfə həyatda görmüşəm, yüz dəfə yuxuda. Siz necə, heç məni yuxunuzda görmüsünüz?

Şəlalə

Yox, hələlik görməmişəm.

Saleh

Görün, xahiş eləyirəm. Mən istəyirəm ki, bizim mühasib demişkən, bizim debetimizlə kreditimiz bir-birinə düz gəlsin. Kredit qudurub debeti yeməsin.

Şəlalə

Arxayın olun, yeməz. Ancaq hələlik üzr istəyirəm, getməliyəm. (Getmək istəyir)

Saleh (onun qabağını kəsir, getməyə qoymur)

Dayanın, bir sualım var. Keçən səfər mən sizi görəndə yanınızda bir kişi vardı. O kimdir?

Şəlalə

Qonşumdur...

Saleh

Məhəbbət, filan-feşman?

Şəlalə

Onun tərəfindən bəli. Bizim tərəfdə sakitlikdir. Ancaq lap zara gətirib. Nə başınızı ağrıdım, doqquz b-dir.

Saleh

Başa düşdüm, psixiçeski. O ki, hirsləndi, gərək dərindən nəfəs alsın, sonra nəfəsini bayıra buraxanda başlasın saymağa: bir, iki, üç, dörd. Deyin, mütləq belə eləsin.

Şəlalə

Dərdim qurtarıb.

Saleh

O da düzdür. Qonşuları müalicə eləmək bizə qalmayıb ki? Çox gözəl, indi müzakirə olunan məsələlərin ikinci maddəsinə keçmək istəyirəm.

Şəlalə

Yox, iclası bağlayaq, mən evə tələsirəm. Sağ olun. (Çıxır)

Saleh (Şəlalənin arxasınca həsrətlə baxdıqdan sonra birdən çağırır)

Tərlan xanım! (Tərlan xanım içəri girir) Tez əmr yazın, sizə təşəkkür elan edirəm.

Səhnə qaranlıqlaşır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Nəfəs pulu

Əsgər ağa konyak butulkasını boşaltdıqdan sonra qolunun bütün qüvvəti ilə bağın aşağısına doğru fırlatdı və ayağa durub donuq gözləri ilə o yan-bu yana baxmağa başladı.Uzaqdan qulağına incə bir zarıltı gəldi.

19349 min
Çiy ət

Tədarük anbarının müdiri Məmməd Qəribov səhər tezdən yerindən qalxıb tələsik geyinməyə başladı.Arvadı təəccüb qaldı:

19444 min
Ceyran

Atalar deyirlər ki, söz vaxtına çəkər. Elə keçən il bu vaxt, bizim məhəllədəki Əhməd evləndi. Əhmədin atası Qənbər kişinin bizim tərəflərdə tanımayan az tapılar. Böyük bir idarənin anbar müdiridir. Evi də düz anbarın yanındadır. Qapıbir qonşudular. Çox rica edirik ki, bu, sizin ağlınıza pis-pis fikirlər gətirməsin, Qənbər kişini hələ bu vaxta kimi əliəyrilikdə tutan olmayıb. Düzdür, bir az qohumbazlığı var, məsələn, oğlu müavinidir, arvadı tədarükçü adı ilə məvacib alır. Ancaq bunların işə heç bir təsiri yoxdur. Anbar düpbədüz, aptek tərəzisi kimi işləyir. Söhbət bunda deyil, söhbət Əhmədin toyundadır. Bir toy oldu ki, gəl görəsən. Zurna çalan kim, şabaş yığan kim, tar dəstəsi gətirən kim, müxtəsər, Əhməd gözəl qız aldığına o qədər sevinmişdi ki, qırx gün, qırx gecə toy çalsaydı yenə ürəyi soyumazdı.Əhmədin öz savadı yediillikdən yuxarı deyildisə də, qız ali məktəbdə oxuyur, adı Ceyrandır. Həqiqətən adına layiq qızdır... Yeriyəndə min can alır, danışanda elə bil bülbül oxuyur, güləndə ətrafa sanki gül səpələnir. Qərəz, toyda oturanlara elə gəlirdi ki, Ceyran nağıl kitablarının səhifələrindən çıxıb bir baş bu toya gəlib.

19565 min
Altı qızın atası

Arvad xəstəxanaya gedəndə Pirəliyə sarı dönüb zırıltılı səslə dedi:– Uşaqlardan muğayat ol!

19577 min

Poems by other poets