Contents
  1. Doqquzuncu şəkil
  2. Onuncu şəkil
  3. On birinci şəkil
  4. On ikinci şəkil

Page 4 of 5 · 60%

On ikinci şəkil

Səhnə yenə Salehin həyatını təsvir edir. Bəzəkli bir otaq. Xidmətçi kimi geyinmiş Güllü xala ilə Bilal kişi vedrədə su gətirirlər, səhnədən keçib o biri otağa gedirlər, sonra boş vedrə ilə qayıdırlar. Dekolte paltar geyinmiş Şəlalə səhnəyə çıxır.

Güllü

A kişi, üzünü yana çevir, gəlin çılpaqdır.

Şəlalə

Vəhşi olmayın, dəb belədir. Yayda gərək qadınların bədəni nəfəs alsın.

Bilal

Alsın da... Sözümüz yoxdur ki...

Güllü

Su kifayət eləyər?

Şəlalə

Yox, yenə gətirin, çiməcəyəm. Cəld olun, gedəsi yerim var. (O biri otağa keçir)

Bilal

Üzümü çevirə bilərəm?

Güllü

Çevir, çevir. Gərək yenə su dalınca gedək. (Yorğun halda otururlar)

Bilal

İndi ki, su verməyəcəklər, bu təzə evləri niyə tikirlər? Həyətdən beşinci mərtəbəyə su daşımaq, bu kənddə yaşayıb o biri kəndə su dalınca getmək kimi bir şeydir.

Güllü

Saleh bilsə ki, gəlin başımıza bu oyunu açır, dünyanı dağıdar.

Bilal

Heç nə eləməz. Bu arvad Salehin öz başında qoz sındırır. Haradan tapdı, gətirdi bu bəlanı?

Güllü

Bu cür bəlalar özləri gəlib adamı tapırlar.

Bilal

Bilirsən nə var, Güllü? Oğula-zada etibar yoxdur, çıxaq gedək kəndə...

Güllü

Acıq eləyib getsək, uşaq dərdə düşər...

Bilal

Salehə deyərik, guya havamızı dəyişmək istəyirik, guya burada yeyib harınlamışıq, könlümüzə gəzmək düşüb.

Güllü

Pis gəlinin zülmünü düşmənim də görməsin.

Şəlalə içəri girir, ikisi də ayağa qalxıb hazır dayanırlar.

Şəlalə (hirsli)

Bəs nə oldu, niyə getmədiniz? Marş buradan bu saat. Mən bir deyəndə, vedrələri götürün, iki deyəndə, qapıdan çıxın. Cəld tərpənin. Bir-iki. (Bilal kişi ilə Güllü xala vedrələri götürüb çıxırlar) Belə ha... söz deyəndə o saat yerinə yetirmək lazımdır.

Tərlan xanım içəri girir.

Tərlan xanım

Şəlalə! Ərin bu gün yenə məni qapıdan qovdu. Neçə gündür əlləşirəm, bir şey çıxmır. Heç dəxli var, sən Allah, arvadına acığı tutdu, məni işdən çıxartdı.

Şəlalə

Sən də qanımın qara vaxtında dəqiqədə bir “ər-ər” deyib məni dilxor eləmə. Sən onu caladın boğazıma...

Tərlan xanım

Səninçün yaxşı ərdir. Yedirdir, geyindirir, yaxşı maaşı...

Şəlalə

Quru maaş, vəssalam. Deyirdin, bazalar, anbarlar... hanı? Bir çöp də görmürəm. Ağzımı açan kimi külbaş namusdan, qeyrətdən, həqiqətdən danışır. Mən isə belə şeyləri sevmirəm. Başımı birtəhər dolandırıram.

Tərlan xanım

Birtəhər baş dolandırırsan, hə? De görüm, ərindən xəlvət əmanət kassasına nə qədər pul qoymusan?

Şəlalə

Bir qəpiyim də yoxdur.

Tərlan xanım

Ağız, çantandakı əmanət kitabçasını öz gözümlə görmüşəm. Hamıya yalan, mənə də yalan?

Şəlalə

Bura bax, Tərlan xanım, sənin vaxtın çoxdan keçib, indi mənim dövranımdır, əlimə-ayağıma dolaşma.

Tərlan xanım

Ey, ey, mənə deyirsən, əl-ayağıma dolaşma? Açaram sandığı, tökərəm pambığı.

Şəlalə

Nə, nə, neyləyərsən? Sandığı açarsan? Hansı sandığı? Yoxsa Mantaşovun evindən gətirdiyin sandığı?

Tərlan xanım

Kəs səsini, bihəya! Bilirsən mən kiməm?

Şəlalə

Bilirəm, niyə bilmirəm? Milyoner məclislərinin yaraşığı, İsrail bəyin sevgilisi...

Tərlan xanım

Ələ salırsan?

Şəlalə

Nə olar ələ salanda?.. Sən ki, bütün dünyanı yalanla doldurmusan.

Tərlan xanım

Kimə, mənə yalançı deyirsən?

Şəlalə

Sənə deyirəm. De, de görüm, nə vaxt gimnaziyada oxumusan? Nə vaxt ballarda vals oynamısan? Atan bəy olub ki, “Muxtar bəy, Muxtar bəy” deyib, dad eləyirsən? İsrail bəy kimdir, özündən uydurmusan? Vur-tut ikicə il fransujenka dərzinin yanında qulluqçuluq eləmisən, oradan da səni oğurluq üstündə qovublar.

Tərlan xanım (ağlayır)

Mənim elədiklərim sənin gözündən gəlsin, Şəlalə!

Şəlalə

Neyləmisən? De görüm, neyləmisən? Köhnə, çürük parçaları birə-beş qiymətə mənə satmısan, onu deyirsən? Aslanla məni kim tanış elədi, istəməyə-istəməyə məni ona kim verdi? Bəs Salehlə məni kim tanış elədi? Mən onu sevirdim? Niyə yalandan gedib kişiyə demişdin ki, “bacım qızı ölür dərdindən?” Yaxşı eləyib səni qovub.

Tərlan xanım

Şəlalə, səni görüm yanasan! (Ağlayır)

Bilal kişi ilə Güllü xala su gətirirlər.

Bilal

Fransanın nümayəndəsi ağlayır.

Güllü

Gəl, qarışma. (O biri otağa gedirlər)

Tərlan xanım

Mənim səndə nəyim varsa, yığışdır ver bura!

Şəlalə

Yeri, yeri!

Tərlan xanım

Pul borclusan, onu da qaytar.

Şəlalə

Yeri! Bir də ayağın mənim evimə dəyməsin.

Tərlan xanım

Mən bu evə bir də gələcəyəm, amma tək yox, milislə birlikdə. (Gedir)

Şəlalə (çağırır)

Bilal! Güllü!..

Bilal kişi ilə Güllü xala gəlirlər.

Güllü

Bizi çağırırsınız?

Şəlalə

Bu evdə ayrı Bilal, ayrı Güllü var?

Bilal

Allah heç bir Bilala, heç bir Güllüyə bu cür ev göstərməsin.

Şəlalə

Amin. Mən gedirəm, vannanı doldurun, xörəyi hazırlayın, sonra da ev-eşiyə əl gəzdirin, bu saat qayıdıram. (Gedir)

Bilal (onun arxasınca baxır, kədərlə)

Görəcəkli günlərimiz varmış.

Güllü

Vedrələri götür, gedək.

Bilal

Heç yerə gedən deyiləm. Bəsdir. Telefon elə, Saleh bu saat bura gəlsin. Ona sözümü deyib, bu şəhərdən baş götürüb gedirəm. (Oturur)

Güllü

Körpənin ürəyini bir tərəfdən bu arvad üzür, bir tərəfdən də biz üzək? Bircə balanı öldürmək istəyirsən? Dur ayağa!

Bilal

Durmuram. Belə ləyaqətsiz, həyasız arvada nökərçilik eləməyəcəyəm.

Saleh içəri girir.

Saleh

Nə olub? Bu vedrələr nədir?

Bilal

Bu vedrələr mənim atalıq haqqımdır, vermisən qoltuğuma!

Güllü

A kişi, ağzını yum!

Saleh

Mən heç nə başa düşmürəm. Siz niyə su daşıyırsınız?

Güllü

Bu günlük. Gəlin xahiş elədi ki...

Bilal (onun sözünü kəsir)

Yalan danışma, Güllü! Bazara da biz gedirik, xörəyi də biz bişiririk, yuxarıya su gəlməyəndə, suyu da biz daşıyırıq.

Saleh

Bəs niyə mənə deməmisiniz?

Güllü

Hamısı birdən olmayıb ki? Yavaş-yavaş artıb da...

Bilal

Kənddə xam atları öyrədəndə görməmisən? Əvvəlcə belinə yəhər qoyurlar, sonra ağzına cilov keçirdirlər, axırda da minirlər.

Saleh

Mən evdə olanda belə şey hiss eləmirəm. Həmişə anacan, atacan, buyur, filan-feşman.

Güllü

Onunçün biz həmişə sənə deyirik ki, evə tez gəl.

Saleh

İclaslardan macal olub ki? Onsuz da onun əlindən zara gəlmişəm, indi daha lap xirtdəyə çatdı. Özü haradadır?

Güllü

Çıl-çılpaq getdi.

Bilal

Parçaya qənaət eləyir, nədir?

Saleh

Bunun bir əlacı var. Əməliyyatı-cərrahiyyə.

Bilal

Nə deyir?

Güllü

Evimiz yıxıldı, altı-beş vurur.

Saleh

Həkimlər deyir, insanın ki, bədənində yara əmələ gəldi, ən yaxşısı budur kəs, at.

Güllü

Beləsini bıçaq kəsməz.

Bilal

Bu yara deyil, zəlidir. Ondan yaxa qurtarmaq çətindir.

Saleh

Qaçmaq, atam, qaçmaq, elə siyasətlə qaçmaq ki, dünyanı axtarıb tapa bilməsin. (Yavaşdan) Mən bu gün işimi təhvil verdim, ayrı yerə təyin olundum.

Bilal

Böyütdülər?

Saleh

Yox, bir az balacalanmışam, öz xahişimlə...

Bilal

Öz xahişi ilə böyük qulluqdan çıxıb balaca qulluğa gedən adam birinci dəfədir görürəm.

Saleh

Ata, insanın böyük-kiçikliyi onun qulluğundan asılı deyil.

Bilal

İşdən çıxarılan bütün məsul işçilər özlərinə bu cür təsəlli verirlər.

Güllü

Körpəmə sataşma, ey, özü bilən yaxşıdır.

Saleh

Birdən gələr, sözüm yarımçıq qalar. Mənim təzə iş yerimdən xanımın xəbəri yoxdur. İndi, əvvəlcə gərək sizi yola salam, dalınızca da özüm gəlim. Bura zəhmət çəkin! (Onları səhnənin qabağına çağırır)

Bilal

Vedrəni götürək?

Saleh

Yox, sözüm var. O gələn kimi guya mən sizə hirslənəcəyəm, deyəcəyəm gözüm sizi görməsin, gedin kəndə, filan-feşman... Siz də o biri otaqdan öz paltarlarınızı, mənim paltarlarımı yığışdırıb düşərsiniz aşağı, bir taksi tutub gedərsiniz İçərişəhərə. Həbibüllahın evini ki tanıyırsınız, onun birinci mərtəbəsində Rəfiqə adlı bir qadın var, ona qonaq olun, mən də gələrəm.

Bilal

Sonra yağışdan çıxıb yağmura düşərik ha...

Güllü

Ay bala, təzəsi?

Saleh

Təzəsi yox, köhnəsi, birincisi. Neyləyim, mələyi qoydum gözüyaşlı, şeytanı güldürdüm. (Ayaq səsləri eşidilir) Yavaş, deyəsən gəlir, vedrələri götürün əlinizə...

Bilal

Bir, vedrələri götürdük.

Şəlalə içəri girir.

Saleh (guya, Şəlalənin gəldiyini bilmir)

Sizə Şəlalə xanım tapşırmayıb ki, su daşıyın? Bəs, niyə sözə baxmırsınız? Vedrələr niyə boşdur?

Şəlalə

A, mən onlara nə vaxt su daşıyın demişəm?

Saleh

Şəlalə, gəlmisən? Pəh, pəh, pəh... Bu paltar sənə necə də yaraşır? Niyə elə uzun tikdirmisən? Bir az da qısa eləyəydin də...

Şəlalə

İnpoşiv sözümə baxır ki.

Saleh

İnpoşivin müdirini elə günü bu gün qovacağam.

Şəlalə

Bəs deyirdin səni dəyişmək istəyirlər, nə oldu, qaldın?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Nəfəs pulu

Əsgər ağa konyak butulkasını boşaltdıqdan sonra qolunun bütün qüvvəti ilə bağın aşağısına doğru fırlatdı və ayağa durub donuq gözləri ilə o yan-bu yana baxmağa başladı.Uzaqdan qulağına incə bir zarıltı gəldi.

19349 min
Çiy ət

Tədarük anbarının müdiri Məmməd Qəribov səhər tezdən yerindən qalxıb tələsik geyinməyə başladı.Arvadı təəccüb qaldı:

19444 min
Ceyran

Atalar deyirlər ki, söz vaxtına çəkər. Elə keçən il bu vaxt, bizim məhəllədəki Əhməd evləndi. Əhmədin atası Qənbər kişinin bizim tərəflərdə tanımayan az tapılar. Böyük bir idarənin anbar müdiridir. Evi də düz anbarın yanındadır. Qapıbir qonşudular. Çox rica edirik ki, bu, sizin ağlınıza pis-pis fikirlər gətirməsin, Qənbər kişini hələ bu vaxta kimi əliəyrilikdə tutan olmayıb. Düzdür, bir az qohumbazlığı var, məsələn, oğlu müavinidir, arvadı tədarükçü adı ilə məvacib alır. Ancaq bunların işə heç bir təsiri yoxdur. Anbar düpbədüz, aptek tərəzisi kimi işləyir. Söhbət bunda deyil, söhbət Əhmədin toyundadır. Bir toy oldu ki, gəl görəsən. Zurna çalan kim, şabaş yığan kim, tar dəstəsi gətirən kim, müxtəsər, Əhməd gözəl qız aldığına o qədər sevinmişdi ki, qırx gün, qırx gecə toy çalsaydı yenə ürəyi soyumazdı.Əhmədin öz savadı yediillikdən yuxarı deyildisə də, qız ali məktəbdə oxuyur, adı Ceyrandır. Həqiqətən adına layiq qızdır... Yeriyəndə min can alır, danışanda elə bil bülbül oxuyur, güləndə ətrafa sanki gül səpələnir. Qərəz, toyda oturanlara elə gəlirdi ki, Ceyran nağıl kitablarının səhifələrindən çıxıb bir baş bu toya gəlib.

19565 min
Altı qızın atası

Arvad xəstəxanaya gedəndə Pirəliyə sarı dönüb zırıltılı səslə dedi:– Uşaqlardan muğayat ol!

19577 min

Poems by other poets