Page 1 of 2

MƏCLİS - ƏHLİ

Faiqəfəndi – Müəllim
ƏsədƏhmədzadə

} – Səyli şagirdlər

SadayHəsənzadə
İsmayıl – Tənbəl və nadinc şagird.
Dadaş – Əsədin atası.

Məclis məktəbin müəllimlər otağında əmələ gəlir. Faiq əfəndi sandalyada oturub
qəzet oxuyur. Həyətdə uşaqların oynamaq səsi gəlir. İsmayıl döşü açıq, üzü mürəkkəb
ilə qaralanmış içəri girir. Gözlərini vəhşi kimi açıb-yumub çığıra-çığıra danışır və
getdikcə səsini yavaşıdır.

İsmayıl (ağlaya-ağlaya). Müəllim əfəndi, Saday Həsənzadə dərs oxuduğum yerdə gəlib başıma bir yumruq çırpdı ki, ağlım başımdan çıxdı. Bir baxınız, yeri şişibdir (göstərir).

Faiqəfəndi. Mən səni də tanıyıram, Sadayı da (çeşməyini düzəldir). Saday heç vaxt elə iş etməz.

İsmayıl. Müəllim, hamıdan xəbər alınız, mən heç nə etmirdim. Öz yerimdə oturub dərsimi oxuyurdum. O neçə dəfə məni vurub, amma mənim yazığım gəldiyi üçün gəlib sizə şikayət etməmişəm (əlini başına aparıb yalandan deyir). Of... Of... Necə ağrıyır.

Faiqəfəndi (Baxıb görür ki, döşü, qarnı açılmış, pencəyi düymələnməmişdir). Bu nədir? Qarnın açıq, təkbəndsiz. Döşünü düymələmək də bilmirsənmi? Ədəbsiz!.. O nədir, üzün qapqara qaralmışdır? Məgər sən üzünü yumursan?

İsmayıl (ağlaya-ağlaya). Yuyuram, müəllim (özünü elə göstərir ki, guya utanır).

Faiq Əfəndi. Bu qara nədir, üzünü-gözünü bulamısan?

İsmayıl. Qara pisdir, müəllim əfəndi, yayılır.

Faiqəfəndi. Necə qara pisdir, yayılır? Üzünə yazmırsan ki.

Bu vaxt Əsəd Əhmədzadə içəri girir

Əsəd. Müəllim əfəndi, bu İsmayıl Sadayı elə vurdu ki, yazığın burnundan qan bulaq kimi axır.

İsmayıl bunu eşidəndə Əsədə qaş-gözlə acıqlanıb hədələyir və özünü elə göstərir ki.
guya ağlayır

İsmayıl. Müəllim, hamı şagirdlər mənimlə düşməndirlər. Hamısı gəlib yalandan sizə şikayət edir ki, siz mənə tənbeh edəsiniz.

Faiqəfəndi. Ey nadinc, elə bunun üçün qabaqca şikayətə gəlmişsən?

Saday (üzü yuyulmuş içəri girir). Müəllim əfəndi, mən bilmirəm bu İsmayıla nə etmişəm? Dünən bir uşaqla küçədə savaşırdı, mən də gedib aralaşdırdım. İndi məndən razılıq etmək əvəzinə vurub burnumu qanatdı.

İsmayıl (ağlaya-ağlaya). Müəllim əfəndi, yalan deyir, siz də onun sözünə inanırsınız.

Əsəd. Bax odur, alnını da dünən uşaq vurub.

Faiqəfəndi. Ay yaramaz, bəs deyirsən Saday səni vurmuşdur?

Saday (təəccüblə). Mən səni nə vaxt vurdum?

İsmayıl (ağlaya-ağlaya). Hə, sən vurdun da...

Faiqəfəndi. Səsini kəs, ədəbsiz! Nadinclik etdiyin bəs deyil, gəlib bir böhtan da deyirsən?! Bu gün bir saat naharsız qalarsan. Get!

İsmayıl (ağlaya-ağlaya). Müəllim əfəndi, mən nə eləmişəm?

Faiqəfəndi. Daha nə edəcəksən? Min dəfə sənə tapşırmışam ki, dinc ol, savaşma, küçə uşaqları ilə gəzmə. Amma mənim sözlərim heç sənə təsir etmir.

İsmayıl (ağlaya-ağtlaya). Müəllim əfəndi, dükanımızın qabağında yazıqca-yazıqca oturmuşdum, heç kəslə işim yox idi...

Faiqəfəndi (sözünü kəsib). Hə, yazıqca-yazıqca, doğru deyirsən. Çox yazıq oğlansan, maşallah.

İsmayıl. Bəli, yazıqca-yazıqca oturmuşdum. Birdən qonşumuz bir uşaq gəlib başıma vurdu, qaçdı. Mən də durub onu vurdum.

Faiqəfəndi. Sənin dükanda nə işin var idi?

Əsəd. Müəllim əfəndi, hər gün məktəbdən çıxıb dükana yüyürür.

İsmayıl. Mən getmirəm, anam yollayır.

Faiqəfəndi (yan tərəfə). Taxsır bunların ata-anasındadır, övladlarına tərbiyə vermək əvəzinə küçə-bazarın canına salırlar. Uşaq zay olur, gedir. Bundan sonra bunlardan adam olarmı? Tərbiyəsizlik, ədəbsizlik bunlarda kök bağlamışdır (İsmayıla). Mən sənə deməmişəmmi ki, dükana getmə? Dünən atanı çağırıb ona demədimmi? İtil burdan! Saat üçəcən naharsız qalarsan!

İsmayıl. Daha getmərəm, müəllim əfəndi, bu dəfəlik məni bağışla. Uşaqlar hamısı mənimlə düşməndirlər.

Faiqəfəndi. Səni min dəfə bağışlamışam. Amma əsla halına təfavüt etməmişdir. Get!.. Əsəd, sən dayan, səninlə sözüm vardır.

İsmayıl və Saday gedirlər. Otaqdan çıxan vaxt İsmayıl Sadayı dürtmələyir və
qayıdıb gözaltı müəllimə baxır.

Faiqəfəndi. Əsəd, hərçənd çox zəhmət çəkdim, amma şükürlər olsun ki, zəhmətim itmədi. Qori darülmüəlliminində olan pansiona bir nəfər şagird qəbul etmək üçün verdiyimiz ərizəni oranın müdiri qəbul etmişdir. Sənin çalışqan və səyli olmağına görə qərar qoymuşuq ki, oraya göndərək. Görürsən ki. səyli olmaq nə qədər yaxşıdır. Sən çalışqan və səyli olmasaydın, bu gün bu xoşbəxtlik bir başqa şagirdə qismət olacaq idi. İndi get, ata-anana xəbər ver ki, sabah səni Qoriyə göndərəcəyəm. Əzizim, orada çalış, səy et. Qoy müəllimlər səni sevsinlər. İnan ki, üç ildən sonra bir alim və kamil insan olub vətəninə qayıdacaqsan. O vaxt millət və insaniyyətə xidmət edərsən.

Əsəd (Bəşaşət ilə). Əfəndim, təşəkkürlər edirəm. Sizin yaxşılıqlarınızı mən heç vaxt unutmaram.

Faiqəfəndi. Get evinizdə de ki, paltarlarını hazırlasınlar. Sabah gərək gedəsən.

Əsəd gedir. Faiq əfəndi qəzet oxumağa başlayır. Bu halda Saday içəri girir və bir
tərəfdə qəmgin dayanır. Müəllim onu görmür. Bir azdan sonra müəllim başını qaldırıb
görür və onu çağırır

Faiqəfəndi. Saday, buraya gəl görüm, nə üçün ağlayırsan?

Saday. Əfəndim, məgər mən çalışqan deyiləm? Məgər mən tənbələm?

Faiqəfəndi. Necə? Sənə kim deyir ki, tənbəlsən?

Saday. Bəs Qoriyə Əsədi göndərirsiniz, məni nə üçün göndərmirsiniz? Onun ata-anası var, mən yetiməm, onun üçünmü? Müəllim əfəndi, təvəqqe edirəm, məni göndəriniz. Söz verirəm ki, gecə-gündüz çalışıb çox yaxşı oxuyaram. Oranın müəllimlərindən soruşarsınız, əgər pis oxusam, yenə məni geri qaytararsınız.

Faiqəfəndi. Saday, paxıllıq etmə! Paxıllıq çox yaman sənətdir. Doğrudur, Əsədin atası var. Amma onlar da fəqirdirlər. O qədər varlı, pullu deyillər ki, uşaqlarını elm oxumağa göndərsinlər. Yenə təkrarən deyirəm, paxıllıq yaxşı xasiyyət deyildir. Sən də çalış, onun kimi olasan. Səni də allah qoysa, gələn il göndərərəm. İndi hələ balacasan.

Saday. Əfəndim, inanız ki, artıq səy edəcəyəm. İndi Əsəddən bir az geri qalmağımın səbəbi odur ki, xalamın evində nökərçilik edirəm. Pansiona girəndə dərsdən başqa heç bir işim olmayacaqdır. O vaxt mən çox yaxşı oxuya biləcəyəm. Mən heç bir sinifdə qalmaram.

Faiqəfəndi. Mən sənə inanıram. Amma sən də inan ki, indi daha onu qoyub səni göndərmək olmaz. Qoridə də bilirlər ki, biz oraya kimi göndərəcəyik.

Saday. Əfəndm, çox təvəqqe edirəm ki, mümkün olsa...

Faiqəfəndi. Gələn il, allah qoysa, səni göndərərik. Get xatircəm ol! (Saday gedir). Ax, nə olaydı ki, qüdrətim olaydı, bu uşağı ağlamağa qoymazdım. Göndərib öz xərcimlə oxudardım. Həm qabil, həm səyli və həvəsli bir uşaqdır.

Dadaş kişinin səsi gəlir. Bayırdan kəndli dili ilə çığırır

Dadaş. Mollaxana buradır?

Faiqəfəndi. Buyurunuz, buyurunuz!

Dadaş Əsədin əlindən tutub içəri girir və ayaq üstə durur

Dadaş (çığıra-çığıra). Salam-əleyküm, molla! Necəsən, yaxşısanmı? Allaha şükür biz yaxşıyıq.

Faiqəfəndi. Əfəndim, buyurunuz, əyləşiniz.

Dadaş. Elə belə də yaxşıdır, rahatdır. Sağ olasan, ay mollacan! Axır sən bu uşağı lap zay etdin, getdi ha... Bu gün bu mənim əhvalımı pozub xarab eləmişdir.

Faiqəfəndi (gülümsünür). Nə olub məgər?

Dadaş. A kişi, mən nə bilim, yaxamdan tutub deyir ki, Ğarıdurmu, Ğurudurmu, nə zəhirmardır, deyir oraya gedəcəyəm. Bıy a!.. Ağlını qara aparıb dəli olub. Axır, bilmirəm, bundan axund olacaq, əfəndi olacaq? Axır nə olacaq, görək?

Faiqəfəndi. Nə üçün, Dadaş dayı? Oxuyar, müəllim olar. Bəs sən istəmirsən ki, uşağın oxuyub kamil bir adam olsun?

Dadaş. A kişi, mənim uşağım bir az siyahı-səriştə başa düşdü, çoxdur. Daha çox oxusa, vecdən çıxar. İndi heç bilmirəm bunu sən necə başdan çıxartmısan? Axır bunun nə dediyidir?

Faiqəfəndi. Dadaş dayı, bəs biz dörd-beş ay bundan irəli Əsəd barəsində danışmadıqmı və sən də mənə söz vermədinmi ki, Əsədi göndərək getsin oxusun? İndi bəs nə üçün razı olmursan? Görürsən ki, bir növlə çara tapmışıq. Nə üçün zəhmətimiz hədər olsun?

Dadaş (yaltaqlıq ilə). Sənə qurban olum, mən nə vaxt söz verdim?

Faiqəfəndi. Necə nə vaxt söz verdin? A kişi, bəs dörd-beş ay bundan irəli ağsaqqalların yanında gəlib bizdən razılıq etmədinmi?

Dadaş. A başına dönüm, o vaxt sən mənə bir yəqin söz demədin. Ancaq dedin ki, yazaq, nə bilim daha nə dediniz. Mən də bir kəlmə dedim, hə yaxşı... Bı, a!.. Qələt etmədim ki! Vay... Oda-oyuna düşdük, a kişilər...

Əsəd (atasına yavaşca). Yavaş, a kişi, yavaş! Bir az qayda ilə danış.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets