Cəhalət səmərəsi yaxud bir yetimin xoşbəxtliyi
Page 2 of 2 · 50%
Faiqəfəndi. A qardaş, mən səni cəbrən oğlunu göndərməyə vadar etmirəm ki... Mən sənə ancaq yaxşılıq edirəm. Daha oda-oyuna nə üçün düşürsən? Uşağını müftə oxumağa göndərirlər. Sən gərək razılıq, təşəkkür edəsən.
Dadaş. Yox, mollacan, sən olasan o Allah, bizim uşağın yaxasından əl çək. Mən ölməmişəm ki, o, çöldən-çölə, dağdan-dağa düşsün, özgələrin qapısında nökər olsun. Məgər mənə eyib deyil? Axır mən də özüm üçün bir adamam.
Faiqəfəndi. A qardaş, nə sözlər danışırsan? Bir kəlmə başa düş və anla! Biz sənin uşağını göndərmirik ki, gedib nökərçilik eləsin. Biz göndəririk ki, gedib oxusun, adam olsun, mədəni bir insan olsun.
Dadaş. Pah, bu nə sözdür? Bədəni olsun? İndi mən oxumamışam, bədənim yoxdur? Adam deyiləm? (tərəfə). Kişilər, görünüz bircə nələr danışır, bişmiş toyuğun da gülməyi tutur.
Faiqəfəndi. Yaxşı adamsınız, Dadaş dayı, amma elminiz olsaydı, lap gözəl olardı.
Dadaş. Necə yəni burun-qulağımı dəyişdirərdim?
Əsəd. Ata, mən getmək istəyirəm, sən allah qoy gedim.
Dadaş (oğluna). Kəs səsini, heyvan! (Başına bir qapaz vurur).
Faiqəfəndi. Dadaş dayı, qulaq as, gör nə deyirəm. Nahaq yerə uşağını bəxtsiz etmə. Belə iş mindən bir uşaq üçün mümkün olur.
Əsəd qabil və səyli uşaqdır. Ona mənim hayıfım gəlir. Yəqin bilirəm ki, bir neçə il Qoridə oxuyandan sonra çox kamil bir müəllim olar.
Dadaş. Mollacan, sən olasan allah, bu xatanı mənim başımdan rədd et! Bilirəm, sizdən bir uşaq istəyiblər, bir yetimdən-zaddan tapınız, göndəriniz. Daha mənim oğulcuğazumu əlimdən almayınız. Mollacan, ver, əlini öpüm. Allah xatirinə, məni bu oddan-alovdan qurtar, uşaqcığı da evdən-eşikdən hürkütmə. Avara etmə, dərəyə-təpəyə salma. Sən allah, mənə yazığın gəlsin.
Əsəd (yavaşca). Nə üçün qoymursan gedim, ay dədə, bircə de görüm? Sən allah qoy, mən getmək istəyirəm.
Dadaş. Sən çox qələt eləyirsən! Heyvərə, axmağın biri!..
Əsəd. Ay dədə, belə çığırma! Bu cür bərk danışmaq ayıbdır.
Dadaş. Adə, demirəm səsini kəs! Axmaq-axmaq danışma! Bu saat dərini boğazından çıxardaram!
Faiqəfəndi. Qardaş, bəlkə sən başqa cür fikir eləyirsən. Bu qədər bil ki, Qoridə bir böyük məktəb var. Mən də orada oxumuşam. Sənin oğlunu da oraya göndərirəm.
Dadaş (təəccüblə). Pi... a... Mən o qədər axmaq deyiləm ki, anlamayım.
Faiqəfəndi. Di yaxşı, atan rəhmətlik, biz də istəyirik sənin oğlun gedib orada oxusun. Elmli, kamallı, mədəni insan olsun.
Dadaş (tərəfə). Yavaş ye, boğazında qalar. Buna bax, məni aldatmaq istəyir (müəllimə). Axır, mollacan, eyib olmasın. Əsədin anası deyir ki, mən uşağımdan bir saat da ayrılmaram. İstəyirsən gedək bizim evə, gör anası nə qiyamət qopardır.
Faiqəfəndi. Həqiqət bilmirəm sizin bu işlərinizə nə ad qoyum?
Dadaş. Mollacan, istəyirsən məni burda tut bir yaxşıca kötəklə, lap dur başımı da yar. Ancaq məni bu tələdən qurtar. Allah xatirinə, məni bu xatadan azad et.
Faiqəfəndi. Dadaş dayı, sonra peşiman olarsan. Amma daha o vaxt çarə olmaz, vaxtı keçmiş olar.
Dadaş. Nə üçün peşiman oluram. Uşağımdan əl çəkmişəmmi?
Faiqəfəndi (tərəfə). A kişilər, lap mən təəccüb edirəm ki, dünyanın bu işıqlı vaxtında, XX əsrdə belə də qəribə, nadan avam olurmuş!
Dadaş (tərəfə). Ax... bu mollalar nə danışırlar ha... Ay bunlar uzunçu olur ha... (müəllimə) Doğrusu, mən sənə uşaq vermərəm. Mən uşağımı küçədən tapmamışam ki... Yumşaqlıq ilə deyirəm, görürəm qanmırsan. Görünür ki, məni axmaq tapmısan. Bilirsən ki, nə elərəm?..
Faiqəfəndi. Bundan artıq daha nə edəcəksən? Siz də deyirsiniz ki, biz də atayıq, adamıq. Ay maşallah!
Dadaş (lovğalandığı halda oturduğu yerdən qəzəbli qalxır). Mən kimdən əskiyəm? Səndən əskiyi it yesin. Yəni sən bu kağızın ağınıqarasını qandın, adam oldun?.. Biz heyvan olduq?.. (tərəfə) Buna bax, gör nə danışır.
Faiqəfəndi. Qardaş, mənim vaxtım yoxdur ki, səninlə savaşam. Səninlə danışmaq vaxtı tələf etmək, vaxtı öldürməkdir.
Dadaş. Necə? Məni öldürmək! Sən nəçisən ki, məni öldürəsən?! Ölkənin yiyəsi sənsən? Güc deyil ki! Mən uşağımı vermirəm də!..
Faiqəfəndi. Qardaş, sən tarı get başımdan ol. Səninlə danışmağa mənim vaxtım yoxdur.
Dadaş. Hə, hər ildə üç-dörd dəfə bir-iki vərəq çərəkələrini uşaqlara verib pul alanda vaxtın olar?!
Əsəd (atasına). Ata, bir az ədəbli danış, ayıbdır.
Dadaş (oğluna). Səsini kəs, axmaq! Uzun danışma! Düş qabağıma gedək (qayıdır müəllimə). Sən də qalmayasan, məktəbin də (sonra oğlunu boynunun ardından itələyir). Sür gedək, nadan.
Bunlar çıxandan sonra səhnənin arxasında uşaq ağlaya-ağlaya atasına deyir
Əsəd. Ata, nə üçün belə qilü qal edirsən?
Dadaş (oğluna). Ada, demirəm səsini kəs, yoxsa, yoxsa lap təpəni əzərəm. Axmağın biri!
Faiqəfəndi (yalnız). İndi gəl belə adamlar üçün həqqi-səy elə, zəhmət çək. Axırda bu da aldığım muzd. Doğrusu, bizim müsəlmanlar üçün müəllim olmaqdan çətin əzab olmaz. Çalış, vuruş, zəhmət çək, əziyyətdə qal, buna yalvar, ona yaxar, bunun üçün iş düzəlt, axırda razılıq əvəzinə, buyur, söyüş eşit. Ah, bilmirəm, biz nə vaxt öz xeyir və şərimizi qanıb, dost-düşmənimizi tanıyacağıq.
Bu halda İsmayıl ağlaya-ağlaya içəri girir
İsmayıl. Müəllim əfəndi, mən oturub dərsimi oxuyurdum, lap nahaq yerə Saday gəlib mənə bir təpik vudu. Az qalmışdı ki, lap yıxılıb qolum sınsın.
Faiqəfəndi. İtil, cəhənnəm ol, nadürüst! Mən tanıyıram sən nə yuvanın quşusan!
İsmayıl (ağlaya-ağlaya). Elə siz həmişə Sadayın sözünə inanırsınız.
Faiqəfəndi. Döşünü düymələ, paltarını düzəlt, biədəb. Bu nədir qarnını, döşün açıq, gəlib qabağımda dayanmısan. Get Sadayı buraya çağır (İsmayıl gedir. Səhnənin arxasında ucadan deyir). Saday, Saday!
İsmayıl. Buyur, buyur, indi sən də mənim kimi naharsız qalarsan.
Saday (Saday qorxa-qorxa gəlir və dayanır qapı ağzında). Müəllim əfəndi, inanız ki, mən heç bir şey etməmişəm. İsmayıl özü...
Faiqəfəndi (onun sözünü kəsib). Saday, qulaq as, dinlə. Sən yetim olduğun üçün Allah-taalanın sənə rəhmi gəldi. Sən Əsəddən xoşbəxt oldun. Daha Qoriyə onu göndərməyəcəyəm. Get, hazırlan, sabah Qoriyə səni göndərəcəyəm.
Saday şadlığından özünü itirmiş bir halda oyan-buyana baxır
Faiqəfəndi. Nə üçün mat-məəttəl qalmısan? Sabah yəqinən gedəcəksən. Get, hazırlan, vəssalam!
Saday. Mənim qiymətli və sevgili müəllimim! Siz bu gün məni əhya etdiniz, mənə dirilik verdiniz. Allah sizdən razı olsun. Bilmirəm nə növ ilə sizdən razılıq edim.
Faiqəfəndi. Get, əzizim! Ümidvaram ki, az bir vaxtda kamil bir insan olub öz vətəninə qayıdarsan. Vətən və millətinə xidmət edərsən. Get, elmin nuru ilə işıqlan və bu qara camaata qandır ki, elm və mədəniyyət insanın xoşbəxtliyidir. Get, Allah sənə kömək olsun!
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/sehhet-cehalet-semeresi-yaxud-bir-yetimin-xosbextliyi
Use ← → keys to move, R for a random poem
More by this author
Tutalım çox ağıllı tacirsən,İş aparmaqda xeyli mahirsən.
Yay gecəsiAxşam oldu, gün batdı, şamlar yandı,Ta səhərdən axşamacan durmadan.
Yay səhəriƏkinçilər, – yay gecəsiydi kənddə –Yorğun, arğın yeni çimir etmişdi.
QışBir az əvvəl sağa-sola uça-uça fırlanan,Parça-parça qarlar indi yavaş-yavaş düşüyor.
Poems by other poets
Görən, bilən, eşidənlər yansınlar,Gör nə yaman oldu halı Gəncənin,
EllərəMüshəf açdım, əlif gəldi falımız,Dal oldu gedəlim bizim ellərə,
O bir gün...İki ömür yolu...Bir dəmir yolu...
Qəzəl: Həbibim qəddi-mövzunun əlifdir dal arasındaHəbibim, qəddi-mövzunun əlifdir dal arasındaVücudun Həzrəti-Haq saxlasın iqbal arasında